Həyat insanı hər şeyə məcbur edir! Bu ifadənin kimə məxsus olduğunu dəqiq deyə bilmərəm, elə ona görə də bəzən özümə aid etmək məcburiyyətində qalıram. Bu cümləni tez-tez təkrar edib özümə doğmlaşdırmışam. Çətin vəziyyətə düşəndə köməyimə yetdiyi anlar da olub. Həqiqətən də, həyatın yazılmamış qanunları, yazılmış qanunları elə ustalıqla pozur ki, heç kimin ruhu da incimir.
Şahidi olduğumuz hadisələrdə, baxdığımız filmlərdə, oxuduğumuz kitablarda dəhşətə gəldiyimiz məqamlar olub və həmin məqamları sonralar tez-tez xatırlayırıq. Xüsusən də insanların, obazların birdən-birə yüz səksən dərəcə dəyişməsinə heyrətlənməyə bilmirəsn. Olub ki, hər hansı bir yazıçının romanında personajın qəfildən öz xarakterini dəyişməsi məni məyus edib. Bu cür vəziyyətlərə düşəndə sarsılıram. Film və ya roman qəhəmanı olsa da belə, özümdən asılı olmayaraq türklər demişkən xəyal qırıqlığına uğrayıram. Hərçənd ki, uğramaq sözündən o qədər də xoşum gəlmir, amma yazmağa məcburam.
Deyəsən sizi çox yordum. Çərənciliyimi kənara qoyub keçirəm birbaşa mətləb müəllimə.
Son oxuyub, bitirdiyim kitabdan yazmaq istəyirəm - Kənan Hacının “Rəqqasə” romanından. Səksən səkkiz səhifəlik romanı demək olar iki saata oxudum. Oxudum və sarsılıdım. Həqiqətən romanı bitirən kimi məni izaholunmaz bir məyusluq bürüdü. Romanın qəhramanı məni, nəhayətsiz okenda qəfil burulğana düşən gəmi kimi sarsıtdı. Bəli, həyat insanı hər şeyə məcbu edir!
Əvvəlcədən nəzəri-diqqətinizə çatdırım ki, kitabı iki saat ərzində oxumağımın səbəbi romanın yumşaq, rəvan və olduqca oxunaqlı tərzdə yazılmasıdır.
Mən tənqdiçi olmadığım üçün tənqid qaydaları çərçivəsində yaza bilməyəcəm. Lakin romanda diqqətimi çəlb edən müsbət və ya mənfi cəhətlərə gücüm çatdığı qədər işıq salmağa çalşacam. Qeyd edim ki, bu yazı mənim romana olan münasibətimdir. Roman ayrı-ayrı tənqidçilər, yazarlar və oxucular arasında müsbət və ya mənfi qarşılana bilər.
Romanın həcmcə kiçik - səksən səkkiz səhifə olmağına baxmayaraq oxucuda qəhraman haqqında dolğun təəsürüt yaradır. Yəni müəllif uzunçuluqdansa qısaçılığa üstünlük verərək romanını “bişmiş” hala gətirə bilib.
“Rəqqasə” bir qadının həyatından bəhs edir. Həyat da bu qadına qarşı olduqca amansız və fürsətsiz davranb desəm daha düzgün olardı. Roman müəllifin təhkiyəsi ilə yazılıb. Müəllif deyəndə mən Kənan Hacını nəzərdə tutmuram, bu məsələdə gərək malı mala qatmayasınız. Romanın müəllifi ilə romanın içində olan, hadisələri nəql edən müəllif arasında ciddi fərq var.
Dediyim kimi bu qadının, yəni romanın qəhrəmanının adı Nabatdır. Nabat ağllı-başlı bir qız olsa da, sonradan “pis yola” düşür və həyat ona bir-birindən fərqli sürprizlər edir. Əslində buna səbəb Nabatın yaşadığı cəmiyyət olsa da, fakt olaraq qədim peşəyə cəl edilməsi qonşuları Almazın “əməyinin” nəticəsidir.
Tibb bacısı kimi könülü cəbhəyə gedəndə Nabatın 17 yaşı bəlkə də heç tamam olmamışdı. Lakin cəbhə onu vaxtından əvvəl bərkə-boşa düşməyə məcbur edir. Çətinliklər Nabatı sınağa çəkirdi. Döyüşçü yoldaışarından ayrı düşüb düşmən mühasirəsində qalır. Döyüş dostu, yaralı əsgərin təkidi ilə məsciddə qalan müqəddəs kiatabları xilas etmək istəyir. Qəfildən erməni avtomatlarının güllə yağışına düşürlər. Məscidə sığınanda bir-birinə qısılıb qalırlar. Oğlanın nəfəsini boynunda hiss edən Nabat müqavimət göstərmək istəsə də bacarmır...
Ara sakitləşəndən sonra məsciddən cıxıb getmək istəyəndə düşmən bunları yenidən hədəfə alır. Döyüş başlanır, Nabat və döyüşçü dostu xilas olmaq uğrunda çarpışırlar. Erməni dəstəsini məhv etdiyini zənn edib, gizləndikləri yerdən çıxırlar. Lakin sonuncu erməni saqqallısı Nabatın döyüşçü dostunu nişan alır. Nabat da sonunucu ermənini cəhənnəmə vasil edir. Cəbhədaşının soyuyan meyitini ciyninə alıb öz səngərlərinə gətirir.
Həyat doğurdan da amandsızdır! Cəmi yarım saat əvvəl sənə ilk opüşün ləzzətini yaşadan əsgərin meytini çiyində daşımaq qədər amansızdır.
Fahişəliyə cəlb olunan keçmiş döyüşçü romanı nəql edən təhkiyəçiyə vurulur. Elə təhkiyyəçi də ona vurulur. Aralarındakı davamlı intim münasibət sonradan izaholunmaz hissə, bağlılığa gətirib çıxarır.
Əslində romanın bu iki əsas qəhramanlarını sevgili saymaq olmaz. Çün ki, hər ikisi ayrı-ayrılıqda öz həyatını yaşamaqla məşğuldur. Nabat ona müştəri olan kişilərlə, romanın təhkiyyəçisi isə girinə keçən bar qızları ilə.
Məncə romanın müəllifi burda hər iki obrazın ortaq xüsusiyyətlətini tapa bilib. Sevgi qığılcımları biruzə verir. Lakin onların yaşadığı cəmiyyət bu qığılcımların üstünə soyuq su çiləməklə məğuldur. Bəlkə bu qəhramanlar Avropa və ya Amerikada yaşasaydılar evlənib xöşbəxt yaşaya bilərdilər. Və Nabat da öz sevgilisinə sadiq qalardı. Çünki, onların qəlbinin dərinliyində bir-birinə olan hisslər bunu deməyə əsas verir. Ən azından hər ikisinin bir-biri üçün qəfildən qarşısıalınmaz darıxmaq hissləri var. Mən romanı redaktə etmək fikrindən uzağam, lakin cəmiyyətin, mentalitetin insan hisslərini amansızcasına öldürdüyünü qabartmaq istəyirəm.
Sonradan həyatın məcbur etdiyi ardıcıllığa uyğun olaraq Nabat Dubaya gedir, “işləmək”lə özünü dolandırmağa çlışır. Birdən-birə bu ardıcıllığa uyğunluqla Pakistana gedir və oradan da tamam ayrı xarakterlə qayıdır. Bu dəfə o çarşab bağlayıb, namaz qılır.
Romanda digər bir obraz – Almaz da var. Bu qadın evində fahişəxana açmaqla pul qazanır, nakam taleyindən qisas alaraq cəh-cəlal içində yaşamağa çalışır. Almazın anasından bic doğulması, anasını gözünün qabağında həbsxanadan qayıdan ərinin öldürməsi, uşağın gələcək həyatını şüaraltı olaraq müəyyən edir. Sonradan internat evində böyüməsi, ata-ana nəvazişindən uzaq düşməsi məsələnin köklərini aydın şəkildə göstərir.
Nabatın da yeniyetməliyindən başlayaraq həyatın sərt üzünə ürcah olması - cəbhədə başına gələnlər, ilk dəfə opüşdüyü oğlanın yarım saat sonra gülləyə tuş gəlməsi, onun sonrakı həyatını “müəyyən” edir. Məhz bu əlamətlər şüuraltı prosesin insan həyatına ciddi təsir etdiyini aydın göstərir. Müəlif də məhz bu vəziyyətləri qabartmaqla öz obrazlarının düçar olduqları problemlərin səbəblərini göstərməyə çalışıb. Bu yerdə mən müəlifin də adından hörmətli Ziqmund Freyd müəllimə rəhmət oxuyuram.
Müxtəlif qadın tiplərini birləşdirən müəllif Nabatı gecə klubunda rəqqasə kimi, onu tamam unudan təhkiyyəçinin qarşısına çıxarır. Döyüşçüdən fahişəyə, fahişədən dindara, dindardan rəqqasəyə gedən yol kiçik bir romanda pik həddinə çataraq həqəqətən də həyatın insanı hər şeyə məcbur etdiyini təstiq edir.
Müəllif romanda bir neçə müxtəlf obrazı birləşirib. Hesab edirəm ki, bu obrazlar bir-biri ilə nə qədər tərs mütənasib olsa da, müəllif onları bir araya gətirərərk Nabatın xarakterini açmağa çalşıb. Və buna nail olub.
Lakin elə sujtlər var ki, romanda üstüörtülü təsvir olunub və ya ümumiyətlə təsvirə gəlməyib. Bu müəlifin tərzi və üslubu ilə bağlı ola bilər. Lakin Nabatın cəbhəyə necə getməsi, orda başına gələn hadisələr və cəbhədən qayıdandan sonra fahişəlik yoluna düşməsinin səbəbəri tam açıq verliməyib. Hesab edirəm ki, romanın oxucusu üçün Nabatın “peşələ”rini necə dəyişməsi maraqlıdır və bunu tam aydınlığı ilə oxumaq istəyir.
İstənilən halda müəllifin yaratdığı Nabat obrazı olduqca maraqlı obrazdır, müxtəlif xarakteri birləşdirdiyinə görə roman oxunaqlı və bir-birindən tamam fərqli sujetlərlə zəngindir. “Rəqqasə” romanı müasir ədəbiyatımızda öz yerini tutmağa layiqdir.