Yazıçı Kənan Hacının "Rəqqasə" romanı çap olundu
30.05.14
Yazıçı Kənan Hacının yeni romanı çap olunub.
"Qanun" nəşrlər evində çap olunan roman "Rəqqasə" adlanır. Bu barədə "Qanun" nəşrlər evinin facebook səhifəsində məlumat yayılıb.
Roman haqqında nəşriyyatın facebook səhifəsində aşağıdakılar qeyd edilib.
"O qız döyüşə könüllü yollanmışdı. Bütün günü qanlı yaralarla oynayırdı, gəncliyinin ən gözəl çağları mərmilərin gurultusu altında keçirdi. İncə ayaqları əsgər botinkasının içində qabar-qabar olmuşdu, zərif çiyinləri avtomatın ağırlığından döyənək olmuşdu. Çox sonralar təsadüf nəticəsində sağ qaldığına heyfsilənmişdi. Atılan mərmilərdən biri onun yaxınlığına düşmüşdü, beyni silkələnən qızı hospitala aparmışdılar. Sağ qaldığına sevinə bilməmişdi. On yeddi yaşında həyatın hər üzünü görmüş bu qızcığaza həyatı necə sevdirmək olardı?.. Müharibədən sağ çıxan qız dinc həyatda özünü, ruhunu qoruya bilmədi. Siz bu qızı müxtəlif situasiyalarda görəcəksiniz – dindar qadın kimi, fahişə kimi, rəqqasə kimi… O, niyə birdən-birə gəlib fahişəxanaya düşdü? Sonra dindar həyatı yaşayan bu köməksiz qadın bir gün gecə klubunda rəqqasə qiyafəsində qarşına çıxır. Fələyin çaldığı havaya süzdüyünün fərqində deyildi… O, göbəyini əsdirə-əsdirə hələ də taleyilə döyüşürdü…"
88 səhifəlik kitab 1000 tirajla çap olunub. Kitabın korrektoru Gülnar Elşənqızı, qiyməti 2.99 AZN-dir.
Qeyd edək ki, yazıçı Kənan Hacının bunda əvvəl "Yaddaş kartı", "Atamın sevgilisi", "Yağ kimi", "Quşlar üçün karusel" və "Özündən qaçmaq olmur" kitabları çap olunub.
|