Vüqar Əhmədin "Son nəfəsədək Azərbaycan" romanı
29.05.14
Vüqar Əhmədin "Son nəfəsədək Azərbaycan" romanı Məhəmməd Əmin Rəsulzadə haqqında geniş və hərtərəfli romandır.
Bu əsər filologiya elmləri doktoru, professor, şair, yazıçı Vüqar Əhmədin 30-cu kitabı və üçüncü romanıdır.
Vüqar Əhməd bundan əvvəl yazdığı “Qarabağ yuxusu və yaxud yu-xuda qələbə” avtobioqrafik romanında, eləcə də «Qaradağlılar» trilogiyasında olduğu kimi bu əsərdə də təmtəraq və uydurmadan saqınaraq, real, təbii, gerçək hadisələri qələmə almışdır ki, bu da onun bədii yaradıcılığının həyatla yaxından səsləşməsini təmin edən bir amil kimi zahir olur. O, öz yaradıcılıq üslubuna, sənət prinsiplərinə həmişə sadiq qalmışdır. İstər yaradıcılığının ilk dövrlərində qələmə aldığı xırda hekayələri, süjetli və süjetsiz şeirləri, nəğmə şərqiləri, istərsə də roman janrına müraciəti olsun, ədib ilk əsərlərindən başlayaraq dövrün, zamanın tələblərini, estetik zövqünü daim düzgün dərk etmiş, istedadına uyğun yazı tərzi və fərdi üslub tapmış, bir qələm əhli olaraq zaman-zaman təkmilləşmişdir.
Əsərdə Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan xalqına və torpağına göstərdiyi danılmaz xidmətlər, eyni zamanda başına gələn hadisələr, başda Məhəmməd Əmin Rəsulzadə olmaqla “Azərbaycan Demokratik Cumhuriyyəti”ni yaradanların heyrətamiz vətənpərvərliyi, fövqəladə siyasi fəaliyyətləri, xalqın qeyrətli oğullarının Azərbaycanın müstəqilliyi uğrunda mübarizəsi, “Qafqaz İslam Ordusu”nun Azərbaycanı kafirlər caynağından xilas etmək üçün apardığı ölüm-dirim savaşları, daşnakların, onların başçısı Stepan Şaumyanın və ümumiyyətlə ermənilərin xalqımıza qarşı apardığı soy-qırım siyasəti, Şura hökumətinin vətənimizə gətirdiyi bəlalar öz əksini tapmışdır.
Vüqar Əhmədin bu əsərində oxucular üçün olduqca maraqlı tarixi faktlar, macəralı səhnələr, dramatik löhvələr vardır. Roman geniş oxucu kütləsi üçün nəzərdə tutlmuşdur.
|