Tomas Transtromer: "Kilsəyə dini ayinlər oxumaq üçün getmirəm" - MÜSAHİBƏ
27.05.14
1931-ci ildə İsveçin paytaxtı Stokholmda anadan olan şair Tomas Transtromer olduqca nüfuzlu ədəbi mükafatların sahibidir. 1981-83-cü illərdə poeziya üzrə “Bonnier” mükafatı, “Qərbi Almaniya Patriarx” ödülünü almış şairin amerikalı tərcüməçi Ekko Press tərəfindən ingilis dilinə tərcümə olunmuş “Seçilmiş şeirlər 1954-1988” sərlövhəli kitabı dünya ədəbiyyatına bəxş edilmiş qiymətli hədiyyələrdən hesab olunur. T.Transtromer 2011-ci ildə “Nobel” mükafatına layiq görülüb. Yazıçı Butler Universitetindəki çıxışından sonra jurnalistlər Tam Lin Neville və Linda Horvartla həmsöhbət olub.
Bu söhbət T.Transtromerin şəxsi saytında (tomastranstromer.net) dərc edilib.
– Tərcüməçilərin işi ilə olduqca yaxından maraqlanırsınız, onlarla fikirlərinizi bölüşürsünüz. Robert Blay (amerikalı tərcüməçi - E.S.), Robin fulton (isveçli tərcüməçi - E.S.) və sizin şeirlərinizi tərcümə edən və etməməyən bir çox tərcüməçi ilə olduqca yaxınsınız. Ədəbi mühitdə hansısa yeniliyin, ədəbi ənənənin əsasını qoymağa çalışırsınız?
– Əlbəttə, poeziya üçün yeni bir terminlə ifadə etmək istəsəniz, buna “modern üslub” deyə bilərsiniz, amma bu sadəcə vacib bir ənənədir. Hər bir yazar özündə bu vərdişi formalaşdırmalıdır. Bu ənənənin özündə də xüsusi bir cəhət var. Əgər hansısa yazıçı şəxsiyyət kimi mənim marağıma səbəb ola bilirsə, bu işdə mütləq Robert Blayın rolu var. Məsələn, o, Norveçdə olmuşdu və Skandinaviya yazıçılarının əsərlərini oxumuşdu, onları amerikalılara tanıtmaq istəyirdi. “Qarlı tarlalarda sükut” (“Silence in the Snow fields”) əsərində Blay Skandinaviya ədəbiyyatını, orada yaşayanların həyat tərzini, təbiətini o qədər mükəmməl formada təsvir etmişdi ki, inanmıram, kimsə həmin əsəri oxuya və ona qaranlıq nəsə qala. Blayın tərcümə etdiyi şeirləri haçan oxusam müəllifini dərhal tanıyıram. Odur ki, özüm kimi işlədiyindən əmin olduğum insanlarla ünsiyyətdə olmaq məni ürəkləndirir. Yazıçı və şairlərin gərək öz tərcüməçiləri olsun. Yazdığın əsərləri hər tərcüməçiyə etibar etmək olmaz. Şeirlərimin istedadına bələd olduğum şairlər tərəfindən tərcümə edildiyi üçün xoşbəxtəm, şanslıyam. Məsələ əsərlərin hansısa dilə mükəmməl formada tərcümə olunmaq deyil, əsas məsələ hansı dildə olursa-olsun, şeri və poeziyanı duya bilən tərcüməçi tərəfindən tərcümə olunmaqdır.
– Oxucularınızı maraqlandıran sualları səsləndirmək istəyirəm. Bu ölkədəki poeziyasevərlər haqqında nə düşünürsünüz? Çünki poeziyaya bağlılıq mənə elə gəlir ki, bir qədər özünəməxsus, fərdi məsələdir. Poeziya əksəriyyət üçün “düşünmə zonası”dır. Şair də demək olar ki, adətən, digər şairlər və ədəbiyyat fakültəsinin tələbələri üçün yazır. Bu faktlar İsveç üçün nə qədər keçərlidir?
– İsveçdə poeziyanın təbliği, şeir qiraəti dərsləri əsasən universitetlərin öhdəsinə buraxılıb. Universitetlər də bunu kitabxanalarda həyata keçirirlər. Poeziya saatları təşkil edirlər. Gedib həmin ədəbi görüşlərdə iştirak edəndə, şeir oxuyanda və ya dinləyəndə, görürsən ki, maraqlanan, qeyd etdiyiniz kimi, poeziya ilə arasında özünəməxsus dünya yaradan bir-birindən fərqli nə qədər insan var.
– Yəni İsveçdə poeziyasevərlər müxtəlif sahənin adamlarıdır, onların sayları çoxdurmu?
– Bəli, həmin görüşlərdə müxtəlif əqli-mənəvi səviyyədə olan gənclər iştirak etdikcə, onlar bir-birlərini dəstəklədikcə, hər mənada təmənnasız dayaq durduqca, görürsən ki, poeziya öz işini, bəşəri missiyasını yerinə yetirir. Onların çoxu özləri üçün şeir də yazırlar, görüşlərdən sonra birgə harasa gedib kitab oxuyurlar.
– İlk kitabınız nəşr olunanda 22 yaşınız olub. O kitabdan sonra daha da mükəmməlləşmək, peşəkarlaşmaq üçün mürəkkəb mərhələlərdən keçdiniz, yoxsa bu elə də çətin deyildi?
– Ümid edirəm ki, şeirlərimi mükəmməlləşdirə bildim. Hər dəfə yeni kitab nəşr etdirəndə tənqidçilər özünüinkişaf mərhələsini çox ləng keçdiyim üçün məni qınayırdılar. Onlar istəyirdilər ki, daim daha yaxşı yazım. Məsələn, iddia edirlər ki, birinci kitabımda yazdığım hansısa şeri bu və ya digər dərəcədə təkrarlayıram. Amma oxuyub baxırdım ki, tamamilə fərqli formada, fərqli şeylər yazmışam.
– “Seçilmiş şeirlər” sərlövhəli kitabınızla tanış oldum. Mənə elə gəlir ki, zaman keçdikcə şeirləriniz daha da mürəkkəbləşir.
– Ola bilər. Əksini iddia etmirəm. Ola bilər ki, dil səviyyəsində dəyişikliklər var, təzə-təzə yazmağa başlayanda, dildən hərtərəfli istifadə edirdim. Şeirlərin üzərində indikindən daha çox dayanırdım, ənənəvi metrikliyə çox diqqət edirdim. Nədənsə mənə elə gəlir ki, əvvəlki şeirlərimi tərcümə etmək daha çətindir. Şeirlərimin ingilis dilində oxuduğunuz variantı bir az daha sadələşdirilmiş formadadır. Amma sonrakı şeirləri, ən azından başqa dildə qarşılığını tapmaq baxımından, tərcümə etmək daha asandır. Bir məsələ də var. Şerin forması və mövzusunu müzakirə etməkdən xoşum gəlmir. Son zamanlar yazdığım şeirlərin mövzusu daha ağır və mürəkkəbdir, çünki onlarda dərinlik və daha çox həyat təcrübəsi var. Birinci kitabın müəllifinin mövzuları təbiətə və uşaqlıq xatirələrinə daha yaxın idi. Başqa mövzular o yaşda şair üçün “geniş ərazi” deyil. Ancaq indi yazmaq istədiyim mövzuların içindən keçmişəm, məni yazmağa sövq edəcək bütün hissləri yaşamışam.
– Şeirlərinizin böyük əksəriyyəti ilə tanışam. Amma onlar sizin haqqınızda özünüz təsvir etdiyiniz kimi, səyyah, dərviş obrazı yaratmır. Siz ruhən tamamilə İsveç ab-havasına köklənmisiniz, sanki xarakteriniz də elə buranın havası kimidir. Bu fikrimlə razılaşırsınızmı?
– Mən torpaqda, yaşadığım yerin mənzərələrində, təcrübələrimdə kök salmışam. Xarakterimi yaşadığım yerin havasına bənzətdiniz. Bu bənzətmə İsveçdə yaşayan hamı, eləcə də şairlər üçün də eyni dərəcədə keçərlidir. Qəribə bənzərlikdir. Biz şimaldan çox uzağıq, qolfstrimə görə buranın iqlimi mülayimdir. Bura yayı 24 saat işıqlı, qışı tamamilə qaranlıq keçən dünyanın ən qəribə yeridir. Buranın insanları da belədir.
– Sizinçün ədəbiyyatdan başqa heç bir maraqlı sahə yoxdur?
– Tarix. Tarixlə çox dərindən maraqlanıram. Hələ də tarixi kitablar oxuyuram. 13-14 yaşımdasa musiqi mənimçün hər şeydən vacib idi. Ecazkar musiqi dinləməyi həmişə sevmişəm və bu adətimi hələ də qoruyub-saxlayıram.
– Şeirlərinizdə olduqca parlaq və uğurlu portretlərə rast gəlirik. Bu rəsmlər necə yaranır?
– Çox vaxt həmin portretlər özləri açıq-aşkar beynimdə yaranırlar. Amma nəyisə özüm yaratmağa çalışanda, üzərində o qədər işləyirəm ki, oxucu şeir oxuduğunu hiss etməsin. Ona elə gəlsin ki, şəklə baxır. Ya da o təsvir oxucuya xəyalları qədər aydın olsun.
– Mənzum şeirlər haqqında fikirləriniz mənə maraqlıdır. Mənzum şeirləri çox sevirəm, zaman-zaman özüm də nəsə qaralayıram. Amma əksər insanlar bu formada yazılmış şeri “tənbəl malı” kimi qiymətləndirir, poetik estetikadan uzaq olduğunu düşünürlər. Bu barədə sizin fikirlərinizi öyrənmək istəyirəm. Bu cür şeirlərdə ənənəvi poeziyada olmayan nə var?
– Hə, bu cür şeir formaları Avropda da çox qədim tarixi var, xüsusilə də, fransada. Mən bu formada şeirlər yazmağa başlayanda, 1940-cı illərin sonunda belə nümunələrin böyük bir antologiyası var idi – “XIX əsr müasir fransız şeirləri”. Həmin kitabda Rene Sar (XX əsr fransız şairi – E.S.), Mircea Eliade (XX əsr Rumıniya şairi – E.S.), Pyer Reverdi (XX əsr fransız şairi – E.S.) və başqalarının yaradıcılığında bir çox dəyərli nümunələr var idi. Bu, yeni bir şey deyildi, amma mənə olduqca təbii, doğma gəlmişdi. Məktəbdə, sözün əsl mənasında, istedadlı bir dostum var idi. Birinci kitabındakı bütün nümunələr məhz bu formada idi. Düzdür, üslubu Maks Cekoba (XX əsr fransız yazıçısı – E.S.) çox yaxın idi. Mən isə bu formada yazmağa çox gec başladım. Anam dünyasını dəyişəndən sonra onun evinə getdim və ilk dəfə onun kitabxanasında nəsr formasında şeir yazdım.
– Şeirlərinizdə dinin təsiri məsələsi həmişə çox müzakirə olunub. Biz nədənsə söhbət əsnasında bu barədə danışmadıq. Şeirlərinizdə naməlum mənəvi, ruhi varlığın təsiri var, amma bu hansısa nəzəriyyənin şərtlərinə uyğun gəlməyən bir qüvvədir. Uşaq vaxtı sizin inandığınız hansısa xüsusi bir dini ənənə, ayin var idimi?
– Hə. Yenə də anam. O, çox... Necə deyim... Desəm ki, dindar idi, bu yanlış assosiasiya doğurar, guya ki, o mühafizəkar, adət-ənənə dəlisi imiş. Yox, elə deyildi. Sadəcə onun Allahla olan sevgisi bir uşağın Allaha inanması, ona sığınması kimi idi. Saf idi. O, bəlkə də, dindar idi, amma onun tutduğu yol xeyirxah, nikbin bir yol idi. Uşaq olanda hamı kimi, mən də hər şeyə şübhə ilə, maraqla baxırdım. Bir az böyüdükdən sonra təbiət elmlərinə marağım gücləndi və hər şeyin mexaniki olduğu bir dünyada nəyin, necə və niyə yarandığının səbəblərini öyrənməyə çalışırdım. Ona görə də hansısa ayini icra eləməkdən, konformasiyadan (kilsəyə üzv olma – E.S.) tamamilə imtina etdim, bunu açıq-aşkar deyəndə vur-tut 15 yaşım var idi. Nəsildə hamının icra etdiyi dini əməlləri – konformasiyanı mən etmədim. Anam da bu səbəbini bilmədiyi imtina ilə barışdı. Çünki mən buna inanmırdım. Amma müəyyən zaman keçəndən sonra sövqi-təbii dinə bağlandım. Kilsəyə getməyə başlayanda inanclı biri deyildim, sadəcə bu yolu seçmişdim. Sonradan inandım. Onu da deyim ki, bunun insanın özünü, xarakterini, həyatını dəyişdirən bir şey olduğuna inanıram. Kilsəyə dini ayinlər oxumaq üçün getmirəm. Bütün bunlarla yanaşı, o binaları sevirəm. Tez-tez yolumu ordan salıram. İndiyəcən heç bir dini qrupa, icmaya qoşulmamışam. Qəlbimdə elə şeylərə dərin bir inam yoxdur. Bütün bunlarla yanaşı, ölməmişdən əvvəl qəlbimdəki bu izahıçətin sualları, ruhi təbəddülatları həll etmək istərdim.
– Şeirlərinizdəki eqo hissinin əks etdirilməsi məni maraqlandırır. Məsələn, şeirlərinizi oxuyanda sizin düşüncəniz və demək istədikləriniz tamamilə fərqli, dolayı yolla mənə aydın olur.
– Bu, dediyiniz fikri, məncə, daha çox birinci kitabıma aid etmək olar. Yəni birinci kitabı təhlil edirsinizsə, dediklərinizlə hardasa razılaşmaq olar. Əvvəllər nədənsə “mən” sözünü işlətməkdən qorxurdum. Diqqət etsəniz, ikinci kitabda artıq “mən” sözlərinə daha çox rast gələ bilərsiniz. İkinci kitabda eqomu bir az da ön plana çəkmişəm. Sonrakı kitablarım isə “mən”lə doludur. Əvvəlki kitablarımla son zamanlar yazdıqlarım arasındakı ciddi nəzərə çarpan fərqlərdən biri də budur. Bu o demək deyil ki, əvvəlki kitablarımda mənimə yer verməmişəm. Yox. Sadəcə əvvəl özüm haqqında daha utancaq, ağayana danışırdım. Çox zaman özümü işarə edəndə üçüncü şəxs əvəzliyi işlədirdim – “o” deyirdim. Ancaq deyim ki, indi də özüm haqqında nəyisə təsvir edərkən “o” deməyi sevirəm. Bu hal əvvəllər məndə ambisiya kimi idi, hansısa naməlum səbəbdən görünməz insan olmağı seçmişdim. Sonra düşündüm və qərar verdim ki, özümü göstərmək daha cəsarətli və daha effektivdir. Onda yazdıqlarım daha dürüst görünür. Həm də hamı bilir ki, əksəriyyətimiz öz təcrübələrimizdən və hislərimizdən yazırıq.
– Elə bir şeriniz varmı ki, çap olunduqdan sonra dəyişdirəsiniz?
– Yox, belə yaradıcı müdaxiləyə münasibətim yaxşı deyil. Daha yaxşısını yazmaq mümkündürsə, yenisini yaz. Yazılan isə olduğu kimi qalmalıdır.
İngilis dilindən tərcümə etdi: Elcan SALMANQIZI
Ədəbiyyat qəzeti
|