Orxan Fikrətoğlu: "Yusif Nazim sağlam ayaq üstədir. Nə yazdığını bilir”
Gənc satirik şair Yusif Nazimin “Şou dünya” adlı şeirlər kitabı çapdan çıxdı. Kitabda cəmiyyətdəki “gözəlliklərə” güzgü tutan “Super eşşək”, “Qoyun”, “Əziz kreslo”, “Məmişin tribunadan etirafı”, “Şou-biznes”, “Müğənni Mətiş”, “Yaltağın oğluna nəsihəti”, “Əzrayıla təklif”, “Xarakter”, “Milli söyüş”, “Həkim”, “Hacı”, “Din şou”, “Quş”, “Dıbışın təəccübü” “Xiyar” və s. bu kimi satiraları, sevgi və digər mövzularda yazdığı şeirləri, eləcə də həyata baxış tərzini əks etdirən aforizmləri çap olunub.
Nəzərə çatdıraq ki, Yusif Nazim gənc olsa da onun yaradıcılığı cəmiyyət tərəfindən qəbul olunmuş ədəbiyyat adamlarının da diqqətini çəkir. Bu baxımdan kitabın “Ön söz” müəllifi yazıçı-dramaturq, telejurnalist Orxan Fikrətoğlunun onun haqda dediyi fikirlər maraqlıdır: "Yusif Nazim sağlam ayaq üstədir. Nə yazdığını bilir. Yusif Nazim ənənədə olan və sabaha dünəni çıxaran bir şairdir. Açın qapıları, o gəlir".
Qeyd edək ki, Yusif Nazim (Məmmədov Yusif Ağaəhməd oğlu) 1988-ci il oktyabrın 10-da Şamaxı rayonunun Ərəbqədim kəndində anadan olub. 1995-ci il sentyabrın 1-də Qobustan rayon Göydərə kənd 9 illik əsas məktəbin 1-ci sinfinə daxil olub. 2004-cü ildə bu məktəbi bitirərək, təhsilini davam etdirmək üçün Fizika-riyaziyyat və informatika təmayüllü liseyə qəbul edilib və 2006-cı ildə bu liseyin məzunu olub. Bakı Slavyan Universitetinin "Yaradıcılıq", Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin "Mühasibat uçotu və audit" fakültələrini bitirib.
Yaradıcılığa 14-15 yaşlarından başlayan Yusif Nazim, əsasən, satirik mövzuda yazır. 2011-ci ilin may ayında böyük satirik şairimiz Mirzə Ələkbər Sabirin vəfatının 100 illiyinə həsr olunmuş ümumrespublika üzrə "Satira və qəzəl" müsabiqəsinin fəxri diplomuna layiq görülüb. "Şou dünya" gənc şairin ilk kitabıdır. Əldə etmək istəyənlər şəhərmizin kitab mağazalarından maraqlana bilərlər.