Vaqif Yusifli - İşığa doğru
23.05.14

Gənc şairə Nuranə Nurun şeirləri haqqında



"Hörmətli Nuranə xanım, sizin şeirləri "Azərbaycan", "Ulduz", "Literaturnıy Azerbaydcan", Türkiyədə çap olunan "Kardeş kalemler" jurnallarında, "Ədəbiyyat qəzeti"ndə oxumuşam. Və mənə bu yaxınlarda verdiyiniz şeirləri də oxuyandan sonra aldığım zövqü o biri şeirlərin üstünə gəlsəm, təsəvvürüm daha da genişləndi və sizin şair səciyyəniz ədəbi prosesdə özünə məxsus yeri mənə dəqiq göstərdi".

Xalq şairi Nəriman Həsənzadə gənc şair Nuranə Nurun "Yoxluğuna və sağlığına" (Bakı, 2013) şeirlər kitabına belə bir isti, hər sətri qayğı ilə dolu bir müqəddimə yazıb. Əlbəttə, hansı gənc şair istəməz ki, onun şeirlər kitabı belə qayğıya, belə tərifə və səmimi sözlərə bürünməsin. Amma şairliyin çətin sınaqları da bundan sonra başlayır. Gərək şeir yollarında büdrəməyəsən, ustadın tərifi səni çaşdırmasın, eqoizm burulğanına düşməyəsən və ən əsası, başladığın yolu sonadək gedə biləsən. Nuranə Nurun "Yanaqda yağış yeri" və "Yoxluğuna və sağlığına" adlı iki şeir kitabı bizdə belə bir təəssürat oyatdı ki, o yol başlanıb və addım-addım da olsa, Nuranə xanım o yolda irəliləyir.

Nəriman müəllimin müqəddiməsi "İztirabın işığı, yaxud həyata çağırış səsi" adlanır və Xalq şairimiz Nuranənin şeirlərində bir qəlbin iztirabları haqda söz açır və yazır ki, insan bu üzüntülü iztirablara tabe olmursa, onda ali hisslər, duyğular üzə çıxır. Bu fikirlə razılaşırıq. Ancaq biz Nuranənin şeirlərinə başqa aspektdən yanaşmaq fikrindəyik. Doğrudur, onun şeirlərində üzüntü də var, kədər də var, amma bütün bunlar sevgiyə, işığa can atan bir qəlbin iztirablarıdır və Nuranənin hər iki kitabındakı şeirlərin əsas qəhrəmanı SEVGİdir.

Deyirlər ki, insan sevəndə güclü olur və xoşbəxtliyin qapılarını da döyə bilir. Bu fikrin birinci tərəfi ilə razılaşırıq, ancaq sevənlər heç də həmişə xoşbəxtliyin qapısını döyə bilmirlər. Əgər insan sevirsə, özü də bu sevgini həyatının mənasına çevirirsə, təbii ki, iztirab körpüsündən də keçməlidir. Vüsala çatmaq üçün ayrılıq zəhərini dadmalısan. Və heç vüsala çatmaya da bilərsən. Həmişə arzulayarsan ki, qoy bu hicranın ömrü uzansın. Füzuli bir beytində yazır ki, "Bilmişəm bulman vüsalın, leyk bir ümmid ilə, Gahi gah öz xatiri-naşadımı şad eylərəm".

Nuranənin şeirlərində Sevgi insanın yaşamaq haqqıdır, ürəyin daimi, əbədi mənəvi tərcümeyi-halıdır. İnsan niyə sevir, o, bu sevgi ilə xoşbəxtdirmi, əgər xoşbəxt deyilsə, niyə, nə səbəbə xoşbəxt ola bilmir? Və o, xoşbəxtlik anlamını necə dərk edir? Ən başlıcası isə, insan sevərkən hansı hissləri yaşayır, mənəvi dünyasında hansı yeni hisslər, duyğular yaranır? Bir də ki, söhbət şeirdən gedir və şair (həm də sevən insan) öz hisslərini adi kəlmələrlə yox, poeziya dililə şərh eləməlidir.

Gözlərim yol çəkir...
Bu yol gözümdən başlayır
Kimsə gözümdə itəcək.
Yavaş-yavaş yola çıxdım gözlərimdən
Gedərəm uzağı
Gözlərimin nuru qədər
Yaxını, göz qapaqlarım yorulanadək.
Gözlərimdə yorulmuşam, tükənmişəm
Bəlkə gözümdən düşmüşəm.
Dünya yaranandan bəri
"İnsan" adlanan dözüməm
Qayıdıram gözlərimdən
Bu yolun sonu özüməm.


Nuranənin şeirlərində GÖZ obrazı fikrin, hissin poetik bəyanı kimi xüsusilə diqqəti cəlb edir və istər-istəməz Füzulinin "Gözü yaşlıların halın nə bilsin mərdümü - qafil" misrasını xatırlayırsan. Bütün dərdlər, ələmlər, hətta sevinclər də öz yolunu gözdən başlayır, amma gözdən başlanan yol bitmir, "bu yolun sonu özüməm".
Niyə söhbətə gözdən başladıq? O səbəbdən ki, sevgidəki bütün təəssüflər, incik anlar, kədərin çalarları, nə varsa, hamısı gözdən keçir. Göz ürəyin aynasıdır.

Ovuclarıma hönkürəcəm doyunca.
İlk dəfə ağlayacam utanmadan,
doğulduğumda ağladığım kimi.
Ağlamaq. İnsana insan olduğunu
xatırladan ən gözəl hissdir.


Doğrudan da belədir. Ağlamaq insan xislətinin mənfiliyindən, naqisliyindən doğmur, göz yaşları, hıçqırıqlar, hönkürtülər insanın bəlkə zəifliyi, acizliyi deyil, üsyanıdır, hiddətidir.
Nuranənin lirik qəhrəmanı məhəbbət yolunda, bitib-tükənməyən bu sevda yolunda iztirabla, qəlbi üzən hədsiz üzüntülərlə uğraşsa da, səbri, dözümü tükənmir. Çünki bu sevda əbədidir. Böyük alman filosofu L.Feyerbax yazırdı ki, insan digər canlılardan təkcə təfəkkürü ilə deyil, habelə bütün varlığı ilə fərqlənir, habelə sevgisi ilə. Nuranənin lirik qəhrəmanı da bütün iztirabları, qəlb üzüntüləri ilə sevgi üçün yarandığını sübut edir, belə bir həqiqəti də nəzərə çarpdırır ki, sevmək insanın zəifliyi yox, gücüdür. Kim sevə bilirsə, bu yolda çəkdiyi bütün iztirablara baxmayaraq daxilən güclüdür. Bu, təkcə insana aid olmayıb təbiətin bütün canlılarına-cansızlarına da aiddir. "Heç kəs" şeirində N.Nur sevgi anlamına bir qədər geniş rakursdan yanaşır:

Heç kəs sahili dəniz qədər sevə bilməz,
Gündə milyon dəfə yorulmadan,
gedib, gəlib üz-gözünə sığal çəkməz.
Heç kəs ağacları quşlar qədər sevə bilməz,
Gündə min dəfə o budaqdan
bu budağına qonub, başına dolanmaz.
Heç kəs yolları addım qədər sevə bilməz,
gündə bilmirəm neçə dəfə
üzünü üzünə qoyub götürməz.
Heç kəs işığı qaranlıq qədər sevə bilməz,
Gözlərim qaralanda bildim.
Heç kəs adamı anası qədər sevə bilməz
Ana olanda anladım.
Heç bir canlı həyatı insan qədər sevə bilməz,
Ölümü düşünəndə xatırladım.


Nuranə Nurun şairlik missiyası təkcə sevgi lirikası ilə məhdudlaşa bilməz. Onun hər iki kitabında həyatın, ömrün mənası, Vətən, ana məhəbbəti, təbiətin gözəlliyi ilə bağlı düşüncələr də öz əksini tapır. Anaya məhəbbətini belə izhar edir ki, özü ana olandan sonra anaların necə böyük cəfakeş olduğunu dərk edib. Atasını isə dünyanın ən varlı adamı hesab edir. O səbəbdən ki, atası övladları naminə oddan-alovdan keçib, şalvarının dizi köhnəlsə də ona bahalı don alıb. İndi övladları ağ gündədirlər, qara günlər arxada qalıb. Vətən məhəbbəti isə N.Nurun bir şeirində belə izhar olunur.

İncimə, ay Vətən, qurbanın olum
Daha yazmaq olmur gözəlliyindən.
Dünya dəvə olsa, çəkməz yükünü,
Keçməz cənnət olsa düzənliyindən.

Axı necə yazım güldən, çiçəkdən?
Hər il çiçəkləyər, dərdim də bitər.
O körpə ağaclar qocalıb daha
Xarı bülbülümdən yox xəbər-ətər.

Bilmirəm, bəlkə də, lap elə bu gün
Bir şeir də yazım, vəsf edim səni.
Görəsən şəninə şeir yazanlar
Doğrudan daha çox sevirlər səni?
Bəlkə səngərlərdə keşik çəkənlər,
Cismini vətənə sərhəd seçənlər,
Uğrunda canından, qandan keçənlər
Az sevir vətəni, şeir yazandan?


Nurana Nur şeirlərində obrazlı ifadələr işlətməyi, bədii təsvir vasitələrinə üz tutmağı sevir və əlbəttə, bu, nə yazmağın necə yazmağa keçidi deməkdir.

Ömür kitabımda qatladığım səhifə-sən,
Arasında qurutduğum çiçək-xatirələrin,
Vərəqlərin saralmağı-həsrətin,
Oxunmamağı isə
Həsrətin özünə həsrət qatmağımdır.


Kiçik, beş misralıq bir şeirdə bir neçə təşbih işlənir və hamısı poetik fikri qüvvətləndirir, daha doğrusu, bu şeir təşbihlər silsiləsi üzərində qurulub. "Hər xəzan olan yarpaq, payız mövsümünə bir əlvidadı". "Quraqlıq" şeiri də bu təşbihlə başlayır. Sonra: "Hər yağış damcısı, Ürəyə ən azı bir dəfə daman eşqdir". Bu da uğurlu təşbehdir. Sonuncu iki misrada isə şeirin məzmun qatı tam açılır: "Ürəyimə damıb ki, bu il quraqlıq olacaq".
Deməli, gözlənilən eşq baş tutmayacaq. İndi isə "Səhər" şeirinə diqqət yetirək:

Yenə gecə paltarını geyindi əyninə göy üzü,
Yenə pəncərəmə gəldi ay gecələməyə.
Yenə yar bilib basdım bağrıma gecəni.
Sükutun ahənginə uyğun, pıçıldadım qulağına:
"Yaman darıxmışam..."
Keçirib əllərini boğazıma bayaqdan qəhər
Ağlamasaydım,
boğulardım...
Göz yaşlarım yudu yenə
göy üzünün paltarını,
apardı rəngini,
açıldı səhər.


Bu şeirdə insan qəlbi, hissi və həyəcanı ilə təbiət mənzərəsi arasında bir assosiasiya yaradılıb. Şair heç də mənzərə-peyzaj yaratmaq niyyətində deyil. Çünki göz yaşları ayrı bir ovqat yaradır. Sonuncu misralara diqqət yetirəndə bir az da Füzuli yada düşür: "Gün degil, hər gün bir ay mehrilə köksün çak edib, Təzə-təzə dağlərdir kim, qılır izhar sübh".

Əlbəttə, Nuranə xanımın şeirləri bəzi qüsurlardan da xali deyil. Təbii ki, onun bütün şeirləri eyni səviyyədə deyil. Fikrimcə, onun iki şeir kitabındakı nümunələri sərraf gözü ilə seçməli olsaq, cəmi bir kitablıq şeirlər toplanardı. Bir şairi hətta beş-altı gözəl şeirinə görə də qiymətləndirmək olar. Sevgi şeirlərində bəzən hisslərinin eyniliyi nəzərə çarpır.

Amma bu istedadlı xanımın poeziyada seçilməyə, fərqlənməyə can atmasını bu iki kitabındakı şeirlərdə hiss etdik ...Uğurlar olsun, - deyirik. /adalet.az/

Yenililklər
05.12.23
Kənan Hacının hekayəsi - Cin qapını bağlayır
05.12.23
Elçin Hüseynbəylinin hekayəsi - Dərs
05.12.23
Yevgeni Rezniçenko - Çağdaş rus poeziyası
30.11.23
Anar Məcidzadə - Canına dərd düşsün, ayrılıq salan
29.11.23
Həmin işıqlı günlər - Cavid Zeynallının yeni hekayəsi
29.11.23
Musiqili Teatr dekabr repertuarını təqdim edib
29.11.23
Pyes müsabiqəsi qaliblərinə mükafatlar təqdim olunub
29.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna yeni prezident təyin olunub
28.11.23
Xuana İnes de la Krus - Günah keçisi kimi görürsünüz qadını
28.11.23
Mahir N. Qarayevdən iki şeir
23.11.23
Fəxri Uğurlu - Uzaqda təkbaşına dolaşan qəhrəmanlar
22.11.23
Kanadada “Yeddi gözəl” musiqi qrupunun konserti keçirilib
22.11.23
Fərid Hüseyn XIV İstanbul Beynəlxalq Ədəbiyyat və Şeir Festivalında iştirak edir
22.11.23
Bakıda Mədəniyyət və Yaradıcı Sənayelər Forumu keçiriləcək
22.11.23
Vaqif Sultanlının “İnsan dənizi” və “Ölüm yuxusu” romanları İngiltərədə yayımlanıb
22.11.23
Elnarə Qaragözova - Ali diqqət və rəğbətin dəyişməz ünvanı: Yusif Səmədoğlu
22.11.23
"Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar" beynəlxalq elmi konfrans keçirilib
22.11.23
Fərid Hüseynlə kürdəmirli oxucuların görüşü olub
06.11.23
"Mədəni diplomatiya vasitəsilə əlaqələr quraraq müxtəlif sivilizasiyaları bir araya gətirdik"
04.11.23
Astanada “Yıldız Sarayı Foto Kolleksiyasında XIX Əsr Türk Dünyasının Mədəni İrsi” adlı sərgi təşkil olunub
04.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Türk Akademiyasının rəhbərliyi Qazaxıstanın Xarici İşlər naziri ilə görüşüb
01.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Bern şəhərində qədim türk yazılarına həsr olunmuş sərgi açıb
31.10.23
Türkiyə Respublikasının 100 illiyi İsveçrənin Bern şəhərində qeyd olunub
27.10.23
“Netflix” “The Crown” serialının son sezonunun ilk treylerini yayımlayıb
27.10.23
Özbəkistanda Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı Mərkəzi açılıb
27.10.23
Bədirxan Əhmədli - Akademik Kamal Talıbzadənin portret cizgiləri üzərinə
27.10.23
Türkiyədə XX əsr Cənubi Azərbaycanda ədəbi prosesin önündə gedən şəxsiyyətlərdən bəhs edən kitab çap olunub
27.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Haaqada yubiley tədbirləri keçirib
26.10.23
Varşavada “Polşa və Türk Dünyası” mövzusunda konfrans keçirilib
25.10.23
Elman Cıvıroğlu - İbranice ve Ortak Türk Dili
25.10.23
İstanbulda görkəmli xanəndə Məşədi Məhəmməd Fərzəliyev haqqında kitabın təqdimatı olub
25.10.23
“Ulduz” jurnalının 650-ci yubiley nömrəsi işıq üzü görüb
25.10.23
Yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı Qazaxıstanın “Dostluq” ordeni ilə təltif olunub
25.10.23
Osip Mandelştamın yaradıcılığına həsr olunmuş poeziya gecəsi keçirilib
25.10.23
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
20.10.23
Qars Kafkas Universitetində “Heydər Əliyev və Türkiyə” adlı multidisiplinar beynəlxalq elmi konfrans keçirilib
19.10.23
Elman Cıvıroğlu - Xudu Məmmədov və Ziya Gökalp
19.10.23
Akademik Kamal Talıbzadənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
16.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Qazax-Türk Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
05.10.23
Mədəniyyət Nazirliyinin dəstəyi ilə XVIII Bakı Beynəlxalq Caz Festivalı keçiriləcək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.