Sabir Rüstəmxanlı - Əbədi sevda
20.05.14
Bunlar… Bir həyətlik dincliyi uca tutarlar tanrı cənnətindən, Xəbərsizlər iştahının qurbanı cənnət məmləkətindən, icazəli cəngavər, qalstuklu qoyunlar Mənim ruhumu duymaz!
Mənim ruhumu bilməz! yaşılkən kötüklənən, yüz yana yaxılmaqdan içəri çiliklənən, nə qədər yetişsə - kal… düşüncəsi, inamı, dili, fikri də idxal, qorxan - şimşək çaxanda, leysan yağanda qorxan, qaranlıq yuvalardan üzə çıxanda qorxan, torpağın sevincinə arxları bağlanmayan, bir çiçəyin mehrinə sıxılıb ağlamayan Məni anlamaz əsla!
Bunlar… Əlimiz üstə düşmən əli qoyanlar laylası, duasını minnətlə oxuyanlar, unudanlar, minillik yolun-izin dilini, dünyaya sığışmayan dərdimizin dilini ? nə bilsin hardan gəlir gözümüzə çökən qəm bu göylərə bağlılıq, bu sərhədsiz düşüncəm. Çindən Qobustanacan yazılı daşlarımın toz basan güzgüsünü silib baxa bilməyən Ərgənəkon eşqindən hər gün doğa bilməyən hardan duysun içimdə yaşayan böyük ruhu, hardan duysun nə demək bu didərgin, bu ulu, bu yorulmaz Türk ruhu?!
Onlara deyən varmı Altaydan Balkanlara Tanrıdan Savalana, uzanan tarix yolu qopuz simləri kimi hələ kökdən düşməyib biz göylərdən gəlsək də, yolu mən ağartmışam, yollar göydən düşməyib.
Param-parça bölünmüş, yürüşdən yorğun, əzik, ancaq haqqa hamilə, yenə tarix yolunun bələdçisi? Bu bizik! Bu bizik, mənəm, sənsən… bu gün yorğun, cüssəsiz, sabah fırtına kimi, dünya boyu əsənsən!..
Bunlar… bu etnomüştəbehlər bu retrokommunistlər, demokrat, islahatçı, qlobalçı faşistlər, və onların qulları, türk soyadı daşıyan hədiyyə cocuqları Məni duyammaz əsla! Duymaz damarlarımda dolaşan qaynar qanı, Tanrıyacan yol çəkən bu əbədi sevdanı!
|