Rasim Qaraca - Yeni şeirlər
15.05.14
APREL ŞEİRLƏRİ * Benzin dolduran maşının içində oturub siqaret çəkən bir insan anlayar məni... Saatını bilərəkdən 10 dəqiqə irəli quran, ancaq bunu heç vaxt yadından çıxartmayan, sadəcə belə edərkən zaman adlı hakimə boyun əyməyən bir insan... Aradabir dönüb öz kölgəsinə baxan, ən böyük əyləncəsi şütüyən maşınları arasından keçmək olan biri... Siqaretini səbətin düz ortasına fırladan adam, bax o, yalnız o, anlayar məni... * Bir sevgi olayında silinən bu qadın indi yenidən çəkir özünü pənbə dodaq boyasıyla * Qadınlar gözəldir, yeni qadınlar daha gözəl * Boşunadır hər şey boşuna yaşamaq da bir iş idi gəldi başına * Eyy, yeri-göyü yaradan rəssam ..! * Sadəcə pıçıldadım, dalğalandı pambıq tarlası, yenicə çərtilmiş qozalarda bəyaz bir gülümsəmə... Dua kimidir sənin adın * Dəmirin qoxusu var, insan bunun fərqinə varır yalnızlıq onu saranda və zaman gəlib-gəlib durğunlaşanda. Ölümün də rəngi olur ay soyuq-soyuq parıldayanda, maşınların səsi eşidilməz olanda... Boşluq anlam qazanır ilbə-il təkrarlananda...
* Maşınlara sıçar şəhərli quşlar baxıb dodaq büzər səhradakılar...
* Ona pul verənlərə yavaşca “ş” deyən beləcə təşəkkür edən bu uşaq
* Xəstəxanadan yazıram bu məktubu dostlar, sizin dünyanızda nələr var? Mənim dünyamdasa pəncərədən süzülən damlalar, yağmursuz günlərdə belə...
* Dünyanı təsvir et mənə, dənizi, göyüzünü, quşları, bilmək istəyirəm, eynidirmi onlar, mənim öz dünyamdakılarla...
* Bu, qəlb deyil artıq, qəlbin müsvəddəsidir, bir halda ki adın yazılmış oraya və sonra da pozulmuş...
/oxuzali.az/
|