Vaqif Bəhmənlinin xanımı danışır
14.05.14

Çətin və asan - "Məşhurların xanımları"

Rəhilə Gülgün


Az-çox tanınan şairin, yazıçının, ümumiyyətlə, istənilən tanınmış adamın xanımı olmağı bizim nəslin gənclik dönəmində (söhbət yetmişinci illərdən gedir) hansı gənc qız arzulamazdı?! O cümlədən, mən. Adıma şeir qoşulmasını istəməmişəm desəm, yalan olar. Amma bu xəyalın gerçək olacağını ağlıma gətirməmişəm. Deməli, taleyim, alın yazım olub.
Nə az, nə çox, düz qırx bir ildi ki Vaqiflə bir yerdəyik. Bu iki igidin ömrüdü. Beş tələbəlik ilini çıxsaq qalan 35 il ailə payına düşür. Son nəfəsimə qədər davam edəcək həyat hekayəmin birgəlik tarixindən bir qəzet səhifəsinə sığan nə paylaşa bilərəm? Elə də böyük istedad sahibi deyiləm ki, balaca sözlə böyük dünya yaradım...

lll
Aranda, yurdumuzun ərazicə kiçik, həddən ziyadə isti bir yerində, payızda doğulmuşam. Valideynlərimdən çox payıza bənzəyirəm .
Zərdabın əlli evlik kəndində, sadə ailədə bəxtəvər körpəlik yaşamışam.  Allah sevgisi ilə işıqlanan köhnə kərpic evimizdə nənə mərhəməti qanıma hopub. Babamın nağıllarından qanad taxıb uçmuşam. Dünyanın bütün xeyirxah və yaxşı adamları Safura nənəmdən, Şamil babamdan sonra gəlir. Bu sıralama son nəfəsim üzülənə qədər dəyişməz qalacaq. Bununla belə Allahın lütf edib verdiyi ömrümün bu günə qədərki hər anı yaxşı adamların arasında keçib.
Atam-anam da sağ olsun, yaradanın izni ilə məni bu dünyaya gətirib, cəfamı çəkiblər. Onlara borcluyam. Amma bu günümə qədər həyatda yaxşı nəyə nail olmuşamsa bir elin ağsaqqalı Şamil babamın, altı para kəndin ağbirçəyi, çoxlarının iman-güman yeri Səfurə nənəmin xidmətidir.. Nənə-baba yanında böyüməyin ləzzətini onu dadanlar bilir. Bəxtim onda gətirib ki, hər kəsə örnək nənə-baba ocağında böyümüşəm. Onların tutduğu yol, ailə təcrübəsi yerişimə çıraq tutub. Onlardan hər şeyə yaxşı yöndən baxmağı öyrəndiyim üçün həyatın ən çətin sınaqlarına tablaşdım. Hər cümə günü mələk misalında olan o insanları anmaq həyat tərzimdir. Onların ruhu yolumu aydınladır,  gücümü artırır, həyata, ailəmə, uşaqlarıma, yaxşı olan nə varsa onlara bərk-bərk sarılıram. Nənəmə və babama bağlı xatirələrim onların ruhu qədər toxunulmaz, əyilməz və sınmazdır.

lll
İndi düşmən tapdağında inləyən Kəlbəcər bir vaxtlar aran camaatının yaylaq yeri olardı. May ayının sonundan avqustun axırınacan, rəhmətlik nənəmin dediyi kimi, allı-güllü yeylaxlarda- Ağcaqızın, Sariyerin dağ yamaclarında binə tutar, yayın dadını doya-doya çıxarardıq. On beş yaşadək hər yay o cənnət məkanın buz bulaqlarının suyundan içmişəm, sıldırım qayalara dırmaşıb dupduru səmaya əl yelləmişəm, dərələri, dağları, zümrüd meşələri, yamyaşıl məxmər yamacları əldən-dildən düşənəcən dolaşmışam, di gəl ki, doymamışam. Beçə balın,əmliyin dadı damağımda, kəklikotunun, qantəpərin, sarıçiçəyin, baldırğanın ətri indi də burnumdadı...
Bir Sara nənə obrazı yaşayır uşaqlığımın yaddaşında. Ətli-əndamlı, zəhmli bir arvad idi. Başına bağladığı nimdaş yaylığının altından alnına sallanan qıvırcıq, gümüşü saçları ona vahiməli görkəm verir, ətəkləri topuğuna dəyən, rəngini çoxdan itirmiş qat-qat paltarı həmişə mer-meyvə, siqaret iyi verən konfetlə dolu, iri cibli arxalığı onu küpəgirən qarıya bənzədirdi.  Onu görən kimi qorxur və qaçıb nənəmin böyrünə qısılırdım. Mən Sara nənədən qorxmurdum. Ondan xoşlamadığım iy gəlirdi. Mən o,qoxudan qaçırdım. Çox sonralar bunun mal-davar qoxusu olduğunu anladım. Sara nənənin xeyli inəyi, camışı vardı və nənəmin dediyinə görə bu heyvanlar onların mudarası, yəni dolanışıq yeriydi. Onlar bu heyvanların südünü, qatığını, qaymağını satmaqla dolanırdı.
Nənəmlə Sara nənə bacılıq olmuşdular. Evimizdən ona, nəvəsinə çoxlu pay-pürüş aparardı. Sara nənə də əvəzində,bəlkə də təmənnasız hər gün bizə təzə sağılan süd, beçə balı və qaymaq gətirər, nənəm nə qədər israr eləsə də pulunu almaz, məni göstərib deyərdi:
–Xətrimə dəyirsən, seyid qızı, bax o balacaya nənə payıdı. Uşağa fikir ver, bajı, bir dəri bir sümükdü. Dünyagörmüş adamsan, qarışdır balı qaymağa, doldur isti təndir çörəyinin arasına, ver yesin, əmələ gəlsin. Sara arvaddan qaçdığıma, onu həndəvərimə buraxmadığıma görə nənəm məni məzəmmət eləyər və deyərdi:
– Bala, onun görünüşünə baxma, yaxşı adamdı, mərd arvaddı, kişi qızıdı...
O vədələr bunları anlayacaq yaşda deyildim və mənə görə o yenə də pis nağıl qoxusu verirdi.
Kürd qızı  Sara arvadın dərdli hekayətini illər sonra öyrəndim.
On beş yaşın içindəydim. El yenə yaylaqdaydı. Aranlılar dağlılarla sarmaş-dolaş olmuşdular. Mənim gözüm Sara nənəni, onun, kəmağıl məzəli oğlu Yaqubu, çiynindən səhəngi heç düşməyən gəlini Qarateli, bir də onun pırpızbaş oğlu yeganə yaylaq dostum Qurbanı axtarırdı. Ona çoxlu kitab, Yaquba saçaqlı konfet gətimişdim. Nənəm yaylığının ucu ilə nəmli gözlərini siləndə hər şeyi anladım. Sara nənə bir də bulanıq gözləri ilə məni süzüb, nənəmə:
–Seyid qızı, nəvən namxuda yaman yekələnif, qəşəhcə qız oluf, gözün üstündə olsun,-deyib bir daha göz vurmayacaqdı.
Doqquz oğuldan səkkizi nakam getmişdi bu dünyadan. Sonbeşiyi, Yaqubu gözündən ayırmaz, onu kimsəyə, Yaqubdan on yaş böyük arvadına belə etibar eləməz, körpə uşaq kimi öz əli ilə yedirib içirər,hara getsə yanınca aparardı...Haqqın dərgahına köçmüşdü mənim Sara nənəm. Çəmən-çiçək solmuş, başı buludları dələn qoca dağlar sisdən-dumandan görünməz olmuş, yaylaq anlamını itirmişdi... Mən o yay Sara nənəni bağrıma basıb doyunca öpəcək, qoxusunu dağ havası kimi sinəmə çəkəcək, Sara nənə, mən səni Səfurə nənəmi istədiyim qədər istəyirəm,-deyəcəkdim. Bəxtəvər yaddaşımda hələ də Kəlbəcər nisgili yaşayır, böyüyür. Sara nənəmin ruhuna and olsun ki, bu nisgil bitəcək! Kəlbəcərlilər öz yurdlarına dönəcəklər. Nəvələrim Nəzrinə, Səfərə, Elmiraya, İsgəndərə və birdə balaca nənəm-nəvəm Səfurəyə Kəlbəcərin gözü sayılan Taxtabaşında Sara xatun dastanını nağıl söyləyəcəyəm...

lll
Böyük şəhərə Vaqif şərqşünas, mən hüquqşünas  olmaq arzusu ilə gəlmişdik. Allah məni onun bəxtinə yazdığı üçün, o, 1972-ci ildə müsabiqədən keçə bilməmiş, növbəti il mənimlə təkrar imtahana gəlmişdi. Başqa cür necə ola bilərdi ki... Axı o mənim alın yazımdı...
1973-cü ildə hər ikimiz indiki Bakı Dövlət Universitetinin(o zaman Azərbaycanda yeganə universitet idi) jurnalistika fakültəsinin tələbəsi olduq.
Onu üçüncü kursadək demək olar ki, görmədim, duymadım. Sadəcə hər kəs kimi o da tələbə yoldaşım idi. Onun könlündə nə zaman yer almışam, ürəyini nə zaman titrətmişəm, deyə bilmərəm. Özü daha yaxşı bilir. Odlu-alovlu bir eşq yaşadıqmı?.. Hə və Yox!
Bir yaz günü dərs fasiləsində mənə bükülü vərəq ötürdü. Haçan arxamdakı partada oturduğunu hiss etməmişdim. Vərəqi açdım, zarafat  sandım. Biz heç dost da deyildik. Utancaq, söz deyəndə qıpqırmızı qızaran oğlanın mənimlə nə işi? Kağızda bir bənd şeir vardı və o misralar könlümü yerindən oynatmağa yetdi. Əgər belə demək olarsa, həmin gündən siçan-pişik oyunumuz başladı. Mən ondan, o məndən qaçdı. Bir gün baxışlarımız toqquşdu və siçan- pişik oyunu bitdi. Nə zaman əl-ələ tutduq, nə zaman eyni yolun yolçusu olduq, nə Vaqif xatırlayır, nə mən...
Bir də baxdıq oğul-uşaq sahibi, ev-eşik yiyəsiyik. Qırx ildən çoxdu doğru bildiyimiz yolla əl-ələ, çiyin-çiyinə əmin addımlarla gedirik. Ölüm bizi ayıranacan bu belə olacaq. O qədər yaxınıq ki, indi mən onun yerinə nəinki vəd verə, söz deyə, hətta and içə bilərəm.
Söz yazmağa nə var ki... Su içmək qədər asandır. Kəlmələri muncuq kimi ard-arda düzürsən sıralanıb gedir. İlk baxışdan illər də asan yazılan kəlmələr kimi sürətlə ötür. Gözünü açıb-yummağa, geriyə boylanmağa macal tapmırsan. Ən əsası isə budur ki, geriyə boylananda keçdiyin yolda, yaşadığın ömürdə səni utandıracaq,qəhr edəcək, heç zaman arasını açmaq istəmədiyin bir səhifə yoxsa, sənə dikilən gözlərə şəstlə baxa bilirsənsə, demək ömrü bada verməmisən!
Asan yaşamamışıq. Enişlər, yoxuşlar, zamanın acımasızlığı, maddi sıxıntılar, evsizlik, kasıbçılıq... Bunlar bizim iradəmizin, səbrimizin qarşısında heç nə idi. Biz kirayədə yaşadığımız nəmli zirzəmilərdə belə yaşadığımız bol günəş işığı düşən mənzilimizdəki qədər xoşbəxt olmuşuq. Xoşbəxtlik ərmağan verilmir. O qazanılır. O insandan əmək istəyir, zəhmət istəyir. Hər kəs eşitsin və duysun; Qapını döyüb başına tac qoyan, səni süd gölündə üzdürən sehrli qüvvə yoxdur və olmayacaq.
İstəkli bəndə olduğuma, mənə könlünün xoş saatında həyat verdiyinə inanıram. Allahımdan, taleyimdən razıyam. Nə yaxşı ki, Vaqifi mənim baxtıma yazıb. Nənə-babamdan sonra, yalnız onun simasında insanın dünyanın əşrəfi olmasına dübarə inandım. Vaqif böyük yanında böyükdü, uşaq yanında uşaq, şeytan qarşısında isə həmişə mələkdi. Qarışqanı tapdamağa qıymaz. Ən yorğun, lap üzgün vaxtında belə ürəyimi qırdığını, baldan acı bir söz dediyini xatırlamıram. Mərhəmətli, gözü-könlü toxdu. Biri təzə ev tikər, ona sevinər, biri oğul evləndirər, qız köçürər ona fərəhlənər. Geniş qəlbində hər kəsə yer var. Dosta, qohuma, qardaşa...Mənim yerimsə fərqlidir. İstəsəniz bunu  bir zarafat sayın, hər zarafatda bir gerçək olduğunu isə yaddan çıxarmayın. 
Bənzərsiz insan Vaqifin üç övladının anası olmaqla yanaşı, həm də Azərbaycan ədəbiyyatında özünəməxsus yer alan, cəmiyyətdə bir şəxsiyyət olaraq yaxşı görünən dolğun bir şairin xanımıyam. Qürur duymuram desəm, doğru olmaz. Onu sevənlər, yaradıcılığına dəyər verib, şəxsiyyətinə hörmətlə yanaşanlar sadəcə bir Vaqifi, şair Vaqif Bəhmənlini tanıyırlar. Mənsə, həm şair, həm insan Vaqifi ovcumun içi kimi tanıyıram. Onunla dil tapmaq çox asandı. Saçı boş yerə ağartmamışam ki... İkicə dəqiqəyə onu quzu balasına döndərə bilirəm. Amma bütün hallarda şair Vaqif Bəhmənliyə baxıram və bu zaman görürəm ki, nəinki məni, hətta qəribi ağlamaq tutur. Allaha and olsun ki, şairlə yaşamaq çətin deyil, heç asan da deyil... Çox istərdim ki, bu söhbətimiz şair Vaqif Bəhmənlinin həqiqətən də yalnız mənə yazıldığına inandığım şeirləri ilə davam etsin. 
 
 
Rəhilə xanım üçün doqquz şeir
 
 
BİR ƏBƏDİ SEVGİ
 
Bir əbədi sevgim var –
dəyişmərəm ağrısını
dünyanın ən böyük
xoşbəxtliyinə.
Bir əbədi sevgim var
ürəyimdə,
damarlarımda,
gicgahımda döyünər.
 
Bir əbədi sevgim var;
qaranlığı
min qat yaxşıdı
göy üzünün
gülümsər aydınlığından,
kirpiklərinin kölgəsi
çox-çox sərindi
cənnət bağından...
 
Bir əbədi sevgi –
yalanlardan uzaq,
riyadan uzaq...
Kəpənək qanadları kimi
davamsız
röyadan uzaq.
Bir gün ağlasam
gülləndirən
gözümün yaşlarını,
ölsəm bir gün
dilləndirən
qəbrimin daşlarını –
bir əbədi sevgim var.
Bir əbədi sevgi...
yaranışdan yaranıb
evimə, eşiyimə,
ömrümə
nur calamağa,
Səhərlər oyadır
günəş telləri kimi
ilıq barmaqlarıyla,
çay dəmləyir mənə,
Sonra da başlayır
oğlumun beşiyini
   yırğalamağa –
bir əbədi sevgi...
 
UŞAQLAR KƏNDDƏDİ
 
Sükut hakim olur yola, dalana,
Evimiz boşalır bir dəfə ildə.
Əlüstü deyirik xəbər alana:
Uşaqlar kənddədi, nənəsigildə.
 
Eyvanda səbətə qalaqlanıb, bax
Yalançı tüfəng də, ayı da, fil də.
Ləzzətlə dincəlir oyun-oyuncaq –
Uşaqlar kənddədi, nənəsigildə.
 
Rəhilə unudur qazan asmağı,
Hikkəli kəlmələr cücərir dildə.
Bircə səbəbi var qoşa susmağın;
Uşaqlar kənddədi, nənəsigildə.
 
Açıq pəncərədən yola göz dikir
Pas tutmuş güldanın içində gül də.
Qarışır beynimdə neçə söz, fikir –
Uşaqlar kənddədi, nənəsigildə.
 
Poçtda xanımlara boğaz çəkirəm
–Ay bacı, rayonu... telefon əldə.
Bu dərdi beləcə, hər yaz çəkirəm...
Uşaqlar kənddədi, nənəsigildə.
 
HƏMİŞƏ GÖZƏL
 
Paltar vannasından çıxmayan əlin
qırışdı, desəm, incimə.
İşıq saçan qızıl telin
qarışdı, desəm, incimə.
Güləş gözün kədərlə
barışdı, desəm, incimə.
Çox yaşıl gülümüzü
nə olsun xəzəl eləyib;
Həyat səni, əzizim,
bir az da gözəl eləyib.
 
SƏNƏ DƏRD DƏ YARAŞIR
 
Bizi alqışın saxlar
Deyimmi, deməyimmi?
Gül şaxısan, uşaqlar
Zərif kəpənəyindi.
 
Mələklər köynək sərir
Cənnət gülünə, sanam:
Səni gözəl göstərir
Paltar yuduğun vanna.
 
Qismətin bahar sənin
Püşkünə seçilibdir.
Dünyada nə var sənin
Boyuna biçilibdi.
 
Gələr, ya gözə gəlməz
Hardandı bu yaraşıq?
Sevincin sözə gəlməz,
Sənə dərd də yaraşır...
 
ÖZÜMÜZ OLANDA
 
Sayı min-min, qat
ı çin-çin
Arzumuz olanda yaxşıydı.
Çəpər dibində, çiçəyim,
İzimiz olanda yaxşıydı...
 
Körpə könlə qada salan,
Baxmaq ilə oda salan
Bir cüt şamı yada salan
Gözümüz olanda yaxşıydı.
 
Gecə keçsin, kimdi yatan,
Kimdi bizdən xəbər tutan?
Kol qanadan, tikan batan
Dizimiz olanda yaxşıydı.
 
Alışığı sən gətirən,
Çırpısını mən gətirən,
Gecəmizə gün gətirən
Közümüz olanda yaxşıydı.
 
Qəm piltəli iki çıraq...
Alışmağa yoxdu maraq!
Basdı bizi oğul-uşaq –
Özümüz olanda yaxşıydı,
İkimiz olanda yaxşıydı.
 
HƏYAT HAQQINDA
 
Nə yaxşı ki, anam olub,
Nə yaxşı ki, atam olub,
nə yaxşı ki,
mən olmuşam sonra da.
 
Nə yaxşı ki, anan olub,
Nə yaxşı ki, atan olub,
nə yaxşı ki,
sən olmusan sonra da.
 
Nə yaxşı ki, Vətənimiz eynidi –
İlk yuvamız torpaq olub, yer olub.
Üstümüzə qanad sərib göy üzü,
Nə yaxşı ki, günəşimiz bir olub.
 
Nə yaxşı ki, uçmamışam qayadan,
Nə yaxşı ki, yanmamısan odda sən.
Nə yaxşı ki, düşməmişəm ağacdan,
Nə yaxşı ki, batmamısan suda sən.
 
Bir sevginin hərarəti, istisi
Beynimizi qarışdırıb nə yaxşı.
Dilim yanar taleyimə pis desəm,
Tale bizi görüşdürüb nə yaxşı.
 
Bu səadət ölənəcən bəsimdi
Sənin necə... arzun hələ çoxdumu?
Yanar qəlbə sərinlikdi, nəsimdi
Nə yaxşı ki, səsi gəlir oğlumun.
 
Nə yaxşı ki, bir ata var hardasa
Güclə dözən körpəsinin nazına.
Nə yaxşı ki, bir ana var hardasa
Şirin-şirin layla çalır qızına...
 
BARMAĞINI QATLA GÖRÜM
 
Ürəyim gül parçasıdı:
Hər nə edib, dilim edib.
İnsaf kimi seçəsidi,
Kim kimə çox zülm edib??
Barmağını qatla görüm.
 
Hicran ki, var şükür yenə...
Bu da bir növ ərmağandı.
Dağ sinəmdə çatıb minə,
Əllərində barmaq ondu –
Barmağını qatla görüm.
 
Mənə yağan, məndən yağan
Acı qalsın, şirini say.
Uşaqlığı qoy qırağa,
On yeddidən birini say –
Barmağını qatla görüm.
 
Qəm düzündə xışı çəkən
Yaddan çıxıb dönüb yada.
Dərdi məndən yaxşı çəkən
Adam varmı bu dünyada? –
Barmağını qatla görüm.
 
Aramızdan nə yel əsib
Namərd olub duymamışam?
Yar yolunda indiyəcən
Kim özünü qurban kəsib,
Mən canıma qıymamışam –
Barmağını qatla görüm?

BU BİZİKMİ
 
Dörd divarın soyuğundan
qar yığırıq,
buz çəkirik, əzizim,
Nə ağrıdı, bu ağrılar
biz çəkirik, əzizim?
 
Hanı, hanı uçduğumuz –
uça-uça
göy üzünü qucduğumuz, əzizim?
Bunca bizi yoran nədi,
Gözümüzə durub-durub
dizimizi qıran nədi, əzizim?
 
Saçlarını topa yığan
Bantın hanı,
İçi kitab, dəftər dolu
çantan hanı, əzizim?
 
Gül bağından gül adına
gül üzənin necoldu?
Sarı sünbül saçlarına
gül düzənin necoldu?
 
Əldə qırıq acı badə,
Şirin çağlar düşmür yada
Rüzgarların caynağında
Dörd cüt qanad getdi bada, əzizim...
 
Gəlmişikmi, görmüşükmü,
olmuşuqmu bu dünyada, əzizim?
 
Yadlara bax...
Qəşş eləyir,
doğmalar da gülür bizə ?
Bu iki deyingən qoca bizikmi
əyləşmişik diz-dizə?..
Allah, ölüm ver bizə,
Allah, ölüm ver bizə!..
 
lll
 
Çöldə tufan. Çölü kəsir –
Evim çox-çox aralıda...
İçəridə içim əsir;
Könül qapım aralıdı...
 
Çöldə tufan. Mobil səsi –
Telefonda sənin adın.
Yad ellərdə doğma kəsi
S
oruşacaq doğma qadın...
 
Qapım açıq. Çöldə tufan
Huşummu var, Allah kəssin...
Durum örtüm, uzaq yoldan
gələn səsin üşüməsin.

/525.az/

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.