Cavanşir Yusifli - Tənha bir günün şeiri
13.05.14

Buynuz kəndinə məktub

Les langues imparfaites en cela que plusieurs, manque la supreme: penser etant écrire sans accessoires ni chuchotement, mais tacite encore l'immortelle parole, la diversité, sur terre, des idiomes empêche personne de proférer les mots qui, sinon, se trouveraient, par une frappe unique, elle-même matériellement la vérité.

Bir vaxtlar məndə bir qrup qələm əhli haqqında belə bir qənaət yaranmışdı ki, onların bir yazısı ilə yüz...yazısı, şeiri, məqaləsi, nəsr əsəri arasında prinsipcə, texnika, yaxud poetika baxımından heç bir fərq yoxdu, yaxud varsa da önəmli deyil, yəni bu adam nə qədər yazsa da, bir-iki şeirinin, yazısının yaratdığı təəssürat olduğu kimi qalacaq, heç nə dəyişməyəcək. Ona görə də, bu şairlərin hər dəfə yeni silsiləsi təqdim ediləndə bunu adi, sıradan bir olay kimi qarşılayır, göz gəzdirir, amma oxumurdum. Bu mənada dünyada, ədəbi aləmdə oxunan yazılarla müqayisədə, fikrimcə oxunmayan yazılar daha çoxdur. Bəlkə, həddindən artıq çoxdu. Bir də var, özü, öz havasına oxunan şeirlər. Məncə, bu barədə danışmağa dəyər. Bu sırada el şairlərinin qoşquları birinci sırada gəlir, bunlar vərəqdən yox, ürəkdən oxunur, əzbər deyilir, onları ilk dəfə kim oxudu, kim ötdü, bunu bir kimsə bilmir, bir kimsə görmədi. Bəlkə bu ona görə belədir ki, bizim mədəniyyətdə şifahi qat çox güclüdür, şeirdəki şifahilik, necə deyərlər, “dərdini danışmağa” meyllilik həmişə yazı ilə oxu arasında ikincinin xeyrinə bir sürəklilik modusu yaradır. Bu meylə ən çox yatanlardan biri, bəlkə birincisi Musa Yaqubdur.
“Şeir, poeziya nədir?” deyən kimi, o, əldən sürüşür, səsini güclə eşidirik, ancaq bu, onun getdikcə uzaqlaşmasının yox, əksinə addım-addım yaxınlaşıb gönlümüzün içinə girməsinin (orda yuva qurmasının) sübutudur. Belədə, şeiri izah və şərh etmək mümkün deyil. Jak Derridada belə bir pasaj var ki, şeir əvvəlcə görünür, qismən mövcud olur, ondan nəsə qalır, ancaq mən bu qalan şeyi heç zaman yaza bilmirəm. Onu başqaları imzalayır. (Musa Yaqub da deyir ki, mən şeiri görməsəm, qələmə ala bilmərəm, görüntü mütləqdir-!) Qəribədir, illər boyu içində, həmişə ürəyinin başında gəzdirdiyin yazı sənə bu cismin o tayında seçilmək imkanı verir, şeir deyilən bütün mövcud sərhədləri silir və bu seçim işarəsi qəfildən, səndən tam xəbərsiz dünyanın hansı nöqtəsindəsə həyatla ölüm arasında, gecəylə gündüz arasında qalan hansısa sözdən yapışa bilər. Musa Yaqubun “Tənha bir gün” şeiri (“525-ci qəzet”, 24 yanvar 2009-cu il) məndə ilkin olaraq bu hisləri doğurdu.
Bu şeirdə qəribə emosiya var, Musa Yaqubun intonasiyasına xas bir ayrıntı - sərhəddə yerləşən sözün içində semantik məkan genişdir, bu ərazinin günc-bucağı “zaman keçdikcə” işıqlaşır, aydınlanır və üfüq açılan kimi başqa bir söz sərhəd dirəyi kimi qarşına çıxır. Elə bil uzun bir yol gedirsən, qarşına çıxan hər bir dirəyin üstündə bu ölkənin, bu ərazinin kəndlərinin, şəhərlərinin adları yazılıb. Bu dərə, bu təpə, bu üstünü mamır basmış daş, bu - sevda ağacında yuva quran quşlar...Ərazi uzandıqca, qısaldıqca dünyanın izahı sözsüz mahnıya çevrilir, gözləyirsən bu sözlər indicə oxunacaq, amma hava uzanır, sözlər gəlmir, kəlmələr eşidilmir, daha doğrusu, bu kəlmələr dünyanın müdhiş bir günündə bir ağacla qolboyun olub onu ovudur, gah söz ağaca, gah da ağac sözə çevrilir. Bütün hüznlü havaların sözləri eşidilmir, səsi batır...

Görəsən mən niyə tənhayam, təkəm,
Mən gərək yanımda bir ağac əkəm;
Əllərim isinsin budaqlarıyla,
Silim gözlərini yarpaqlarıyla,
Bir az da mehriban, bir az da həlim
Hamar gövdəsini oxşasın əlim.
Gah mən ağac olum, gah da o insan,
Ömür ağacımla qolboyun olsun,
Bu da ömrümüzdə bir oyun olsun.

Şeirə çəkilən hislər onsuz da dünyada mövcuddu, başdı-başına buraxılıb, onları yazmaq, bunlardan bir düzüm yaratmaq nəyə lazımdı? Məlum mülahizəyə görə dillərin çoxu bu düzümü yaratmaq mənasında o qədər də mükəmməl deyil, dilin sözlərində bu “yaradıcılığın” poetnsial imkanları var, hər şeyi bundan istifadə etməklə, yaxud buna işarə etməklə yaratmaq olar. Sözlər toxunmaqla duyulur (dillərin çoxunda bu anlama gələn “tacite” kəlməsi var - rusca taktilnıy), toxunmaqla bütün universiumda müxtəliflik yaradır, sehrli çubuğa çevrilir, bir sözlə, DİL yiyələnmə tələb edir, torpaq kimi əkilmə-becərilmə istəyir...Musa Yaqubun şeiri bu anlamda “ağac” obrazını dünyadan ayırır, gerçəkliyə qarşı qoyur, tənhalıq obrazından şüalanan işarələri ağac kimi, sərhəd dirəyi kimi göstərir. “...Mən gərək yanımda bir ağac əkəm..”, deyimi qəfil səslənir, səslənməsi ilə də özü ilə dünya - gerçəklik arasında bir şırım açır, insanın indiyə kimi - keçmişdən gələcəyə və əksinə (-!) yaşadığı bütün hisləri bu şırımdan bir də keçir, ömrə bərabər ömür yaradır, yaşadığı gün bu şırımda əks olunur, bu burulğanda əvvəlki işarələr adəti yerini dəyişir, bir anla milyon ilin fərqi qalmır: gah mən ağac olum, gah da o, insan... “Ömür ağacı” ömrü əvəz eləyən deyil, ömrün içində bitən, hər gün artıb böyüyən, kökü ürəyin dərinliyinə işləyən tənhalıqdır, yanında əkilən ağaclar çoxaldıqca tənhalığın ərazisi böyüyür, insanı əvəz edən ağaclar günlərin bir günü dərddən “yerə girir”, gecəylə gündüzün, həyatla ölümün sərhəddində yerləşən sözə çevrildikdən sonra itkin düşür, gəlib baxırsan, elə bil bu ağac bu yerdə yerli-dibli olmayıb. İndinin dünyasında, bəlkə elə həmişə insan da belədi: doğuldu, yaşadı, dərd çəkdi... və günlərin bir günü hər şey silindi getdi, çünki ağac, daş, torpaq qismində bu dünyada səni əvəz eləyən nəsə var.

Yaşayıb keçdiyim, keçib gördüyüm,
Sevda ağacında yuva hördüyüm,
Ömürlər içində ömür sürdüyüm
O günlər məni tək buraxdı getdi,
Gülüm həşəm oldu, su axdı getdi.

...Bəlkə onuncün də tənhayam, təkəm
Mən gərək yanımda bir ağac əkəm
Talanın bər-bəzək ağaclarıyla
Yolların bu dirək ağaclarıyla
Heç cürə ünsiyyət tapa bilmirəm
Ağaclarda yuva, mühitdə hava
İnsanda məhəbbət tapa bilmirəm.

Musa Yaqubun bu dərdli, kədərli şeirlərində bir poetik həqiqət də var: dünya çirkləndikcə, qaraldıqca, qaranlıqla işığın dili dəyişir, anlamadığımız işarələrə, işarə sistemlərinə çevrilir. Ona görə bu şeirdə həmişə su yuyub dağıtmış sahil, “boğazına qədər” torpağa batmış ağaclar... təsvir edilir, yaxud belə: qarşınızda bir mənzərə var, gecəylə gündüz, həyatla ölüm, bir sözlə bütün rənglər aydın seçilir, onların arasından keçən sərhəd qabarıqdır, ancaq birdən bu rəngin içinə su - göz yaşı damır, rənglərin bir-birnə nüfuz etmə, qarışma effekti yaranır, məncə Musa Yaqubun şeiri belə bir ovqatı göstərir və belə bir ovqatdan başlayır: düzümün içində düzümsüzlük, oppozisiya yaradan rənglərin arasında keçid rənglər, bir sözlə sözdən sözə adlayan, sözlə sözü bağlayan “qeyri-səlis” dünya mənzərəsi...

Bu da şeir:

Tənha bir gün

Görəsən mən niyə tənhayam, təkəm,
Mən gərək yanımda bir ağac əkəm;
Əllərim isinsin budaqlarıyla,
Silim gözlərini yarpaqlarıyla,
Bir az da mehriban, bir az da həlim
Hamar gövdəsini oxşasın əlim.
Gah mən ağac olum, gah da o insan,
Ömür ağacımla qolboyun olsun,
Bu da ömrümüzdə bir oyun olsun.

Yaşayıb keçdiyim, keçib gördüyüm,
Sevda ağacında yuva hördüyüm,
Ömürlər içində ömür sürdüyüm
O günlər məni tək buraxdı getdi,
Gülüm həşəm oldu, su axdı getdi.

O tək qayalıqda bitən vələsim
Kökü daş içində qırıldı sim-sim,
Qara gövdəsində ocaq qalanan
Qabığı üstündə zorla dayanan
Qoca palıdı da bir yel apardı,
Hə, mən də var idim, hə, o da vardı...
Üstümdən cökənin getdi kölgəsi
Batdı ağacların meşə ölkəsi.

Ən dərin meşənin qucağında sirr,
Ən hündür ağacın budağında sirr,
O gözəgörünməz, yeri bilinməz
Kol-kosa sığınıb, gölə yenilməz
İldırım qanadlı alabaxtalar
İndi yuva yeri harda axtarar?..
İndi üstümüzdən meşə kölgəsi
Getdi ağacların yaşıl ölkəsi.

Bəlkə onuncün də tənhayam, təkəm
Mən gərək yanımda bir ağac əkəm
Talanın bər-bəzək ağaclarıyla
Yolların bu dürək ağaclarıyla
Heç cürə ünsiyyət tapa bilmirəm
Ağaclarda yuva, mühitdə hava
İnsanda məhəbbət tapa bilmirəm.

Bircə nəfs toxunan, nəfəs toxunan
Ağaclara gəlməz alabaxanlar
Bəlkə də ruh olub uçdu o quşlar
Gedib ilahidən başqa taxt alar.

Görəsən tək durnam harda uyudu
Kəkliyim getdimi qaya daşına?
Sulanan zəminin artıq suyudu
Buraxdım ömrümü başdı-başına...

525-ci qəzet

Yenililklər
05.12.23
Kənan Hacının hekayəsi - Cin qapını bağlayır
05.12.23
Elçin Hüseynbəylinin hekayəsi - Dərs
05.12.23
Yevgeni Rezniçenko - Çağdaş rus poeziyası
30.11.23
Anar Məcidzadə - Canına dərd düşsün, ayrılıq salan
29.11.23
Həmin işıqlı günlər - Cavid Zeynallının yeni hekayəsi
29.11.23
Musiqili Teatr dekabr repertuarını təqdim edib
29.11.23
Pyes müsabiqəsi qaliblərinə mükafatlar təqdim olunub
29.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna yeni prezident təyin olunub
28.11.23
Xuana İnes de la Krus - Günah keçisi kimi görürsünüz qadını
28.11.23
Mahir N. Qarayevdən iki şeir
23.11.23
Fəxri Uğurlu - Uzaqda təkbaşına dolaşan qəhrəmanlar
22.11.23
Kanadada “Yeddi gözəl” musiqi qrupunun konserti keçirilib
22.11.23
Fərid Hüseyn XIV İstanbul Beynəlxalq Ədəbiyyat və Şeir Festivalında iştirak edir
22.11.23
Bakıda Mədəniyyət və Yaradıcı Sənayelər Forumu keçiriləcək
22.11.23
Vaqif Sultanlının “İnsan dənizi” və “Ölüm yuxusu” romanları İngiltərədə yayımlanıb
22.11.23
Elnarə Qaragözova - Ali diqqət və rəğbətin dəyişməz ünvanı: Yusif Səmədoğlu
22.11.23
"Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar" beynəlxalq elmi konfrans keçirilib
22.11.23
Fərid Hüseynlə kürdəmirli oxucuların görüşü olub
06.11.23
"Mədəni diplomatiya vasitəsilə əlaqələr quraraq müxtəlif sivilizasiyaları bir araya gətirdik"
04.11.23
Astanada “Yıldız Sarayı Foto Kolleksiyasında XIX Əsr Türk Dünyasının Mədəni İrsi” adlı sərgi təşkil olunub
04.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Türk Akademiyasının rəhbərliyi Qazaxıstanın Xarici İşlər naziri ilə görüşüb
01.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Bern şəhərində qədim türk yazılarına həsr olunmuş sərgi açıb
31.10.23
Türkiyə Respublikasının 100 illiyi İsveçrənin Bern şəhərində qeyd olunub
27.10.23
“Netflix” “The Crown” serialının son sezonunun ilk treylerini yayımlayıb
27.10.23
Özbəkistanda Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı Mərkəzi açılıb
27.10.23
Bədirxan Əhmədli - Akademik Kamal Talıbzadənin portret cizgiləri üzərinə
27.10.23
Türkiyədə XX əsr Cənubi Azərbaycanda ədəbi prosesin önündə gedən şəxsiyyətlərdən bəhs edən kitab çap olunub
27.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Haaqada yubiley tədbirləri keçirib
26.10.23
Varşavada “Polşa və Türk Dünyası” mövzusunda konfrans keçirilib
25.10.23
Elman Cıvıroğlu - İbranice ve Ortak Türk Dili
25.10.23
İstanbulda görkəmli xanəndə Məşədi Məhəmməd Fərzəliyev haqqında kitabın təqdimatı olub
25.10.23
“Ulduz” jurnalının 650-ci yubiley nömrəsi işıq üzü görüb
25.10.23
Yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı Qazaxıstanın “Dostluq” ordeni ilə təltif olunub
25.10.23
Osip Mandelştamın yaradıcılığına həsr olunmuş poeziya gecəsi keçirilib
25.10.23
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
20.10.23
Qars Kafkas Universitetində “Heydər Əliyev və Türkiyə” adlı multidisiplinar beynəlxalq elmi konfrans keçirilib
19.10.23
Elman Cıvıroğlu - Xudu Məmmədov və Ziya Gökalp
19.10.23
Akademik Kamal Talıbzadənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
16.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Qazax-Türk Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
05.10.23
Mədəniyyət Nazirliyinin dəstəyi ilə XVIII Bakı Beynəlxalq Caz Festivalı keçiriləcək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.