Aqşin Evrən - Sevgi məktubumuzu da nisyə dəftərinə yazdıq
13.05.14
Gün var qəsrə bərabər
(Çingiz Aytmatov üçün)
Elə bu sabah Qazaxıstan çöllərində bir atom bombası siqaret yandırdı, Qızılı dişlərini qabardıb tüstü üfürdü səmaya elə bu sabah Elə bu sabah pensiyasını corabına qoyan sonuncu nənə də öldü Daha pulun da dadı-duzu qalmadı... Və anamın dizlərindəki duz ağrı verdikcə, Nənəm süfrəmizdəki son çimdik duzu başıma çevirdikcə bütün duz yataqlarında zorlanırdı uşaqlığım... İndi mənim ən doğmalarımla da aramda bircə bağ qalıb: Uzaqlığım.
Hər şey elə bu sabah baş verdi...
Elə bu sabah uşaqlığımı oraya – ilk dəfə meyvə oğurladığım nar ağacına bağlayıb qaçdım Dalımca ağlayıb dabanlarını “Yer”ə döydü uşaqlığım, Anam məni aldatdı ki, zəlzələdir bu Gübrəli göz yaşım axıb böyütdü ağacı Fındıq dabanlarım üyütdü nəhəng Yer kürəsini ...böyüdü ağac və uşaqlığım ipdən asılı qaldı Beləcə, nar ağacı dönüb oldu dar ağacı elə bu sabah
Hər şey elə bu sabah baş verdi...
Elə bu sabah atam ayaqqabımı geyinəndə öyrəndim ki, əslində, mən böyümürəm, atam qocalır Elə bu sabah öyrəndim ki, əslində, pis hərəkətimiz zamanı atamız bizə şillə vurmur, Doğru gələcək üçün üzümüzdə əl çalır
Hər şey elə bu sabah baş verdi...
Elə bu sabah öyrəndim ki, atamla anam ayrılanda oxuyubmuşam Gülüstan müqaviləsini Mən parfüm vitrinlərində axtarmışam ana qoxusunu Mən pampers reklamlarında eşitmişəm ana səsini Hər şey elə bu sabah baş verdi... Elə bu sabah öyrəndim ki, Torpağını bütöv saxlamaq üçün əlinin yarısını itiribmiş atam daha yaxşı qardaş qazanmaq üçün ərə gedibmiş bacım Elə bu sabah öyrəndim ki, Yer kürəsi günəş ətrafında fırlanmaqla bizə bir şeyi demək istəyir: “Qaçın! İnsanlar qaçın!”
Yeraltı çaylar dənizə axır
Uşaqlığı qocalar evində Qocalığı uşaq evində keçən bir ömürəm, maestro Köhnə şalvarımın cibindən çıxan 20 qəpiyə sevinmək Oğlumun aldığı təzə çəliklə şikəst qalmaq olub peşəm Mən qucağına körpə alıb bətninə körpə ala bilməyən anayam Mən südəmər körpənin ağzında kəsilən döşəm Qocalıq... Bu məğlubun yaşadığı otel – ölü Mədain xarabaları Sürülməmiş qəzaya uğrayan ilk maşınlar – əlil arabaları Yəni ayaqların itirmiş bir şagirdə ayaqqabı ölçüsü sıradan bir rəqəmdi, iki aldığı riyaziyyatdı Doğmaların torpaqda gizlənməsi ən dəhşətli gizlənqaç, ən dəhşətli zarafatdı
Həvvanın dişlədiyi qadağan olunmuş meyvədir Nyutonun başına düşən alma Bəlkə də, budur kişi və qadın arasındakı cəzbetmənin sirri Bəlkə də, İsaak Nyutondur Həvvanın məşuqu, yaradılışın Adəm peyğəmbəri. Deyirlər, Allah dünyanı altı günə yaradıb Mənsə yeddinci gün, yəni bazar günü doğulmuşam Bəlkə də, elə bu səbəbdən Allahla rastlaşmamışam
Növlərin mənşəyində suda-quşda yaşayandı insan yəni, yatağında duş qəbul etməkdi ağlamaq Maestro, vallah, dərd o deyil ki, ölürsən Dərd odur ki, ilk ehtiraslandırdığın qadın meyitini yuyan ölüyuyandı, gözəl bir mürdəşirdi
Nə bir qram az, nə bir qram çox: yaşam boyu hamamda tökdüyün kir qədər torpaq tökərlər məzarına Qayda budur: Ateistlər də kapitalist ölürlər Əslində, qız uşağı doğan qadınlar leqal feministdilər
Terroristlərin göbəyi saatlı bombanın yanlış məftili kimi kəsilər Yəni bir körpənin 10-a kimi sayması başqa birinin son 10 saniyəsi olur bəzən Bəzən insan yaşa dolmur, yaşla dolur Yəni bizim yaşımız həmişə torbada qalan lotereya rəqəmləridi Maestro, kainatın ən müqəddəs rəqəmləri pampers nömrələridi.
Son sevgi məktubumuzu da nisyə dəftərinə yazdıq bu, ölüb getmiş müştəridən qalan əbədi borcdu İmsakda göz yaşımızı içməklə, iftarda öz içimizi yeməklə Bizim orqanizmimiz xoşbəxtliyə orucdu
Mədəni edamdı, ən ağrılı pəhrizdi qadının sevdiyi kişini bədənindən arıqlaması Ömrü yaşamaq deyil, ömrü ölməkdi, Tanrını yamsılamaqdı kişi tənhalığı Çünki elə yarandığı gün kişini qabırğa şəklində tərk etmişdi qadın.
/1937.az/
|