Əsəd Cahangir Qulu Ağsəsin "Ulduz"una qəzəl yazdı
07.05.14
Əsəd Cahangir Qulu Ağsəsin "Ulduz"una qəzəl yazıb. Və qəzəli öz facebook səhifəsində paylaşıb. Avanqard.net həmin qəzəli təqdim edir.
"Qulu Ağsəsin baş redaktorluğu ilə dərc olunan “Ulduz” jurnalını tənqidi yazı üçün oxumağa başlasam da, onun daha çox tərifəlayiq olduğunu gördüm və beləcə, bu şeir yarandı".
Afərin, ey Qulu Ağsəs, bizə imdad elədin, Böylə jurnal buraxıb, tazəlik icad elədin.
Nə əcəb, doğdu sözün göylərində ulduzumuz, Yığıb ulduzları bir “Ulduz”a, abad elədin.
Səpib ulduzları söz tarlasına tər tökdün, Ey əkinçi, baba Zərdabinimi yad elədin?
Başladın Muğannadan, ruhumuza nur verdin, Könüllə xətm eləyib, könlümüzü şad elədin.
Tişeyi-əqlin ilə çapdın ətalət dağını, Tutdun “Ulduz”u şirin, kəndini Fərhad elədin.
Batdı nurunda bütün yerdə qalan jurnallar, Mat qoyub xanələri, evləri bərbad elədin.
İndi bildik, nə imiş səndə olan narazılıq, İndi bildik niyə on ildi ki, fəryad elədin.
Varsa istedad əgər, sahibi sərhəd bilməz, Şairi-məşhur idin, naşir olub ad elədin.
Əsəd olsam da, hələ girməmiş idim qəzələ, Öz işinlə verib ilham məni ustad elədin
|