Vaqif Yusifli - Rənglərin sirri, sehri və müəmması
06.05.14

Adil Mirseyidin yeni şeirlər kitabı haqqında

Müasir ədəbiyyat

Adil Mirseyid müasir Azərbaycan poeziyasının avanqard şairləri sırasındadır və otuz ilə yaxındır ki, biz onun özünəməxsus, tamam fərqli şeir dünyası ilə üz-üzəyik, göz-gözəyik. Onun yaradıcılığından söz açan müəlliflər Adili gah realist, artıq sənətdə özünü təsdiq etmiş bir elitar şair, gah modernist, gah sürrealist, gah da postmodernist şair kimi səciyyələndirmişlər. Adilin poeziyası haqqında çox təfərrüatlı bir məqalənin müəllifi-alq yazıçısı Elçin hələ 2002-ci ildə yazırdı ki: «Adil o şairdir ki, hamı üçün doğma ola bilməz, şeirləri kütlənin ürəyinə yol tapa bilməz və elitar sözünü biz hissiyyata aid etsək, o zaman Adil bir qrup seçmənin şairidir, elitar şairdir».

Adilin şeirlərində, yuxarıda adını çəkdiyimiz modernizmin və sürrealizmin təsirini açıq-aşkar görə bilərik. Hətta təsirdən yox, artıq bu ədəbi cərəyanların estetik prinsipləri ilə tamam uyğunlaşan bir yaradıcılıqdan söhbət gedə bilər. Buna səbəb odur ki, öncə qeyd etdiyimiz kimi, Adil tamam başqa bir üslubda yazır, ənənəvi-çoxlarının yazdığı kimi yazmır.

Bəli, o, modernist şairdir-şeirdə artıq şablon hala keçmiş bədii təsvir vasitələrindən imtina edir, yüz illərin standart təşbihlərinə, metaforalarına onun şeirlərində yer yoxdur. Poetik düşüncə tərzi də yenidir, həyata, gerçəkliyə münasibəti də köklü şəkildə fərqlidir. Biz o zaman. hələ 90-cı illərdə yazmışdıq ki, Adilin şeirlərindəki qəribə assosiasiyalar, rəssamlıq duyğusunu ifadə edən cizgilər get-gedə onun poetik aləmini səciyyələndirən bir vasitəyə çevrilir. Məsələn, Ay işığını fil sümüyü rənginə, yaxud pəncərədəki kəpənəyə bənzətmək poetik təfəkkürün özünəməxsusluğundan xəbər verirdi. Əgər bizim düşüncəmizdə, qavrayışımızda bu şeirlərdəki mənalar, obrazlar naməlumluqdan məlumluğa gedirsə (məsələn, dünyanı bir göyərçin gözlərində görmək kimi, yaxud pəncərədən baxıb öz kölgəsinin astanada siqaret çəkdiyini seyr etmək kimi), bunlar get-gedə qavrayışımızda qeyri-adilikdən adiliyə üz qoyursa, bu, modernist şeirin bədii şüurumuza yol tapması deməkdi. Get-gedə hiss olunurdu ki, Adil Mirseyid ənənəvi şeirin formal buxovlarından xilas olur, stereotip düşüncə tərzi artıq ona yaddır. Deməli, Adil Mirseyid müasir Azərbaycan şeirində modernist təmayülün yeni dalğasını poeziyaya gətirənlərin birincilərindən oldu (söhbət 80-90-cı illərdən gedir). Tənqidçi Cavanşir Yusifli hələ o zaman «Azərbaycan avanqardı» məqaləsində yazırdı ki, Adil Mirseyid Salam Sarvanın şeirlər kitabınabelə bir şəkil çəkib: saatın əqrəblərinə ağır bir kilid vurulub, bu məngənə içində olsa-olsa vurnuxmaq olar. Bu rəsmin aşıladığı ovqat hamıdan qabaq Adilin özünün poetik təfəkkürünə aiddir. Daha sonra tənqidçi yazırdı ki, Adil və ondan sonra ədəbiyyata gələn nəsil daha çox nəyə can atır? Sükutun səsini yazmaq, ifadəsi mümkün olmayan şeylərin ifadəsinə çalışmaq…

Adili sürrealist kimi də təqdim ediblər. XX əsr bədii mədəniyyətinin avanqardist cərəyanlarından biri olan sürrealizm ilk dəfə keçən əsrin iyirminci illərində Fransada təşəkkül tapıb. Sovet dönəmində tədqiqatçıların fikrincə, sürrealistlər dünyaya qarma-qarışıq hadisələr meydanı kimi baxır, hadisələr arasındakı məntiqi bağlılığı subyektiv assosiasiyalarla əvəz edirdilər. Və onların fikrincə, sürrealistlər instinktləri, sayıqlama, dəhşətli qarabasma və röyaları bədii yaradıcılığın başlıca mənbəyi və estetik prinsipi sayırdılar. Əlbəttə, burada həqiqət olsa da, tamam doğru deyil. Dünyanı bir qədər fərqli, subyektin düşüncələrində təqdim etməyin bir başqa yolu idi sürrealizm. Heç olmasa, düşünək ki, sürrealizm dünya sənətinə S.Dali, PöEluar, M.Duşan kimi ünlü sənətkarlar bəxş etmişdir. Sürrealist Berqsona görə incəsənətdən gerçəkliyin mahiyyətini, onun qanunauyğunluqlarını üzə çıxarmağı deyil, bir-birindən təcrid olunmuş təsadüfi ünsürlər arasındakı açıqlanmanı tələb etmək lazımdır. Bu mənada Adil Mirseyidin bəzi şeirlərində də bir-birilə heç bir əlaqəsi olmayan əşyalar, anlayışlar, məfhumlar kommunikasiyaya girir, müəyyən bir obrazın yaradılışı üçün açar rolunu oynayır. Adilin «Salvador Dalinin amorf saatları və yağış» şeirinə nəzər yetirək:

yağışın yeknəsək səsi tənhalığın nəğməsi
iki adam dayanıb vidalaşar yağışda
küçə fənərinin altında
yağış səsini öz səsi kimi dinləyən pişik
odamda göz qırpmadan
yalqızlığın kölgəsinə çəkirdi keşik
yağış isə yağardı hey yağırdı
bu yağış altında ötən günləri
sənsiz xatırlamaq yaman ağırdı
sürüşüb əlimdən yerə düşdü
şərab dolu büllur qədəh
hər an dayanacaqmış kimi döyünür ürəyim
pişik nəsə pıçıldayır
mən anlayacaq halda deyiləm

Sonrakı misralarda «saatlarda zamanın tərsinə axdığını və lirik qəhrəmanın yağışlı axşamların tənhalığında yağmur mələklərindən bir müjdə gözlədiyini» görürük. Diqqət yetirsəniz, görəcəksiniz ki, bu şeirdə yağışın, pişiyin, büllur qədəhin, tənhalığın bir-birilə heç bir əlaqəsi yoxdur və zamanın tərsinə axmağının da bu anlayışlarla bağlılığı görünmür. Amma bütün bunlar bir qəlbin üzücü kədərini ifadə etmək üçün seçilir.

Mən Adil Mirseyidi heç cür postmodernist kimi təsəvvür eləmirəm və görmürəm. Postmodernistlər əsasən modernizmdən sonra gələn və onu inkar edənlərdir. A,Mirseyidin yazılarında modernizm bir cərəyan kimi artıq sabitləşmiş, necə deyərlər, bişib-bərkimiş bir cərəyan kimi nəzərə çarpır. Postmodernizmə məxsus «dekonstruksiya» hadisəsinə biz Adil Mirseyidin şeirlərində rast gəlmirik.

Adil Mirseyidin yeni şeirlər kitabını («Amor fati», Bakı, 2014) alın, oxuyun və bu elitar şairin şeirlərindəki özünəməxsusluğun bir daha şahidinə çevrilin.

Kitabdakı şeirlərin böyük bir qismi «Rənglərin sirri, sehri və müəmması» bölməsi altında təqdim edilir. Və deyək ki, rənglərlə bağlı poetik düşüncələr məna tutumu etibarilə Adilin kitabında önəmli yer tutur. Kitabın «girəcəyində»Adil Mirseyidin yeddi rəng (qırsmızı, narıncı, sarı, yaşıl, mavi, göy, bənövşəyi) haqqında düşüncələri təqdim edilir. Bu şərhlər bir rəssamın rəng çalarları haqqında geniş təsəvvürə malik olduğunu sübut edir. O yazır ki, rənglərin insana psixoloci və bioloci təsiri haqqında yüzlərlə örnək var.Bəzən rəssam fırçasının məhsulu olan bir rəsm əsəri insan ömründə taleyüklü rol oynayır. O, ayrı-ayrı rənglərin insan həyatında necə izlər buraxdığını, onun psixologiyasına, mənəvi aləminə və səhhətinə necə təsir etdiyini misallarla sübuta yetirir. Yazır ki, otağınızda mütləq qırmızı rəngdə bir əşya saxlayın, heç olmasa masanızın üstündəki güldana bir qızılgül qoyun-əsəbləriniz sakitləşəcək. Sarı rəng insan orqanizmini toksidlərdən təmizləyir, sinir sistemini stabilləşdirir, diqqəti cəmləyir, fikri aydınlaşdırır, insanı depressiyadan qoruyur. Mavi rəng qan təzyiqini aşağı salır, rahatlıq və asudəlik gətirir, ağrıları azaldır. Bənövşəyi rəng daxili xəstəliklərdə faydalıdır, gözləriniz yorulanda bənövşəyi rəngə baxın. Göy rəng ilhamverici rəngdir. Yaşıl rəng geniş müalicəvi önəmə malikdir, sizi neqativ emosiyalardan qoruyur. Gözlərinizi yumub təsəvvür edin ki. Yaşıl çəmənlikdə seyrana çıxmısınız, evinizdən, ofisinizdən meşə mənzərəsi asın.

Ancaq təbii ki, bizi Adil Mirseyidin rənglər haqqında poetik düşüncələri daha çox maraqlandırır. Onun şeirlərində rənglər insan hisslərinin, duyğularının psixologiyasını bəlirləməkdə mühüm rol oynayır.

Bəli, Adilin şeirlərində rəssamlıq duyğusu çox güclüdür (o, həm də peşəkar rəssamdır), bunu onun şeirlərindən söz açanlar dönə-dönə qeyd ediblər. Adilin elə şeirləri var ki, doğrudan da, bu şeirlərdə sözlər rəng içindədir, şeiri oxuyub qurtarandan sonra qarşında bir tablo görmüş kimi sevinirsən:

Toğrulun hər tablosundan
eyni bir nar gülümsəyir
hər tabloda eyni narın qırmızısı
müxtəlif notda
qırmızı-alt,
qırmızı-tenor,
qırmızı –soprano
bəzən sehrli çıraq olur gülümsəyən nar
çox iri gözlü bir uşağın əlində-
uşağın gözlərində o narın parıltısı
uşağın dodağında o narın təbəssümü
..Toğrulun rəsmini çəkmək istəsən
sən qollu-budaqlı çinar çək
amma unutma, qardaş
Toğrul yüz illik çinar da olsa
Budaqları nar gətirəcək.

Adilin şeirlərində TƏNHA ŞAİR obrazı ilə qarşılaşırıq və mənim fikrimcə. Bu, elə onun özüdür. Tənha şair, qərib insan, yalqız ürək…Onun içindəki qəriblik, bu qəriblikdən doğan qüssələr əksər şeirlərinin canına hopub.

Sən bir payız axşamı quşlar qürbətə uçanda
Öz içindən çıxıb birdən qaça bildiyin qədər
qasmısanmı sevdalanmış könüldən qaçmısanmı
bir meyxana küncündə səhəri açmısanmı
boğazında qurğuşundan ağır bir kədər
içindəki ifadə bir maska kimi soyuq
cocuq gözlərin böylə yalansız filan
ürəyin dəlik-deşik ürəyin oyuq oyuq
qəribin ürəyi dostum qəribin ürəyi.

Adil Mirseyid yazır: «Əgər bizi əhatə edən aləm sənətkar ürəyində əks-səda doğurursa, artıq o, əlinə fırça alıb öz dünyasını yaradır. Fırça, kağız, kətan, tuş, boya isə təsviri sənətin texniki tərəfinə aiddir, gerçək sənətin toxumları isə insanın qəlbində, ürəyində cücərir». O, klassik yapon rəngkarlığını və qravürlərini cizgilərlə yazılmış poeziya hesab edir, deyir ki, rəsmlə şeir eyni kökdən, kökəndəndir. Yazır ki, klassik yapon poeziyası Fudzi dağı kimi sirli, sehirli bir aləmdir. İnsanlardan samuray, ağaclardan sakura-bu, yapon ruhudu.

Adil Mirseyidin şeirlərində də («Jizgi şeirləri» silsiləsində) Azərbaycan sürrealistinin ruhunu duyruq.

kəndimizdən pay gəlib
heyva qoxuyur hərdən
ayrılığın acısı

əlim qanlıdı bu gün
köynəyimdə şair qanı
əfv elədim yaradanı

dün gecə röyamda anamın səsi
bu gün uçub pəncərəmə qonan quş
ayrılığın mücdəsi

bahar gəlib qarışqa yuvasına
tut ağacı oynayır
qarışqaların havasına

Adil Mirseyidin çox sevdiyi bir fəsil var-PAYIZ. O, «Payız yağışları yağır ömrümə» deyir. «Yağışın mçindən çıxıb gəlmişəm, məhşər təlaşıyla çırpınır ürək» Və sonda: «Qiyamət gününə qurdum saatı hələ, gözlərimdə eşq və umud var»-qoy bu eşq və usud onun gözlərindən, ruhundan və şeirlərindən heç vaxt əskik olmasın. /kaspi.az/

Yenililklər
05.12.23
Kənan Hacının hekayəsi - Cin qapını bağlayır
05.12.23
Elçin Hüseynbəylinin hekayəsi - Dərs
05.12.23
Yevgeni Rezniçenko - Çağdaş rus poeziyası
30.11.23
Anar Məcidzadə - Canına dərd düşsün, ayrılıq salan
29.11.23
Həmin işıqlı günlər - Cavid Zeynallının yeni hekayəsi
29.11.23
Musiqili Teatr dekabr repertuarını təqdim edib
29.11.23
Pyes müsabiqəsi qaliblərinə mükafatlar təqdim olunub
29.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna yeni prezident təyin olunub
28.11.23
Xuana İnes de la Krus - Günah keçisi kimi görürsünüz qadını
28.11.23
Mahir N. Qarayevdən iki şeir
23.11.23
Fəxri Uğurlu - Uzaqda təkbaşına dolaşan qəhrəmanlar
22.11.23
Kanadada “Yeddi gözəl” musiqi qrupunun konserti keçirilib
22.11.23
Fərid Hüseyn XIV İstanbul Beynəlxalq Ədəbiyyat və Şeir Festivalında iştirak edir
22.11.23
Bakıda Mədəniyyət və Yaradıcı Sənayelər Forumu keçiriləcək
22.11.23
Vaqif Sultanlının “İnsan dənizi” və “Ölüm yuxusu” romanları İngiltərədə yayımlanıb
22.11.23
Elnarə Qaragözova - Ali diqqət və rəğbətin dəyişməz ünvanı: Yusif Səmədoğlu
22.11.23
"Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar" beynəlxalq elmi konfrans keçirilib
22.11.23
Fərid Hüseynlə kürdəmirli oxucuların görüşü olub
06.11.23
"Mədəni diplomatiya vasitəsilə əlaqələr quraraq müxtəlif sivilizasiyaları bir araya gətirdik"
04.11.23
Astanada “Yıldız Sarayı Foto Kolleksiyasında XIX Əsr Türk Dünyasının Mədəni İrsi” adlı sərgi təşkil olunub
04.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Türk Akademiyasının rəhbərliyi Qazaxıstanın Xarici İşlər naziri ilə görüşüb
01.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Bern şəhərində qədim türk yazılarına həsr olunmuş sərgi açıb
31.10.23
Türkiyə Respublikasının 100 illiyi İsveçrənin Bern şəhərində qeyd olunub
27.10.23
“Netflix” “The Crown” serialının son sezonunun ilk treylerini yayımlayıb
27.10.23
Özbəkistanda Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı Mərkəzi açılıb
27.10.23
Bədirxan Əhmədli - Akademik Kamal Talıbzadənin portret cizgiləri üzərinə
27.10.23
Türkiyədə XX əsr Cənubi Azərbaycanda ədəbi prosesin önündə gedən şəxsiyyətlərdən bəhs edən kitab çap olunub
27.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Haaqada yubiley tədbirləri keçirib
26.10.23
Varşavada “Polşa və Türk Dünyası” mövzusunda konfrans keçirilib
25.10.23
Elman Cıvıroğlu - İbranice ve Ortak Türk Dili
25.10.23
İstanbulda görkəmli xanəndə Məşədi Məhəmməd Fərzəliyev haqqında kitabın təqdimatı olub
25.10.23
“Ulduz” jurnalının 650-ci yubiley nömrəsi işıq üzü görüb
25.10.23
Yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı Qazaxıstanın “Dostluq” ordeni ilə təltif olunub
25.10.23
Osip Mandelştamın yaradıcılığına həsr olunmuş poeziya gecəsi keçirilib
25.10.23
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
20.10.23
Qars Kafkas Universitetində “Heydər Əliyev və Türkiyə” adlı multidisiplinar beynəlxalq elmi konfrans keçirilib
19.10.23
Elman Cıvıroğlu - Xudu Məmmədov və Ziya Gökalp
19.10.23
Akademik Kamal Talıbzadənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
16.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Qazax-Türk Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
05.10.23
Mədəniyyət Nazirliyinin dəstəyi ilə XVIII Bakı Beynəlxalq Caz Festivalı keçiriləcək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.