Əlabbas - 57 - Toyu küllükdə çalınan oğlan
05.05.14

İstedadlı yazıçı Əlabbasın 57 yaşı (5 may) tamam olur.

Bu yazı 2007-ci ildə qələmə alınıb. Həmin il tanınmış nasirimiz Əlabbasın 50 yaşı tamam oldu. Ancaq hər hansı mətbu orqanda çap olunmadığına görə oxucu ünvanına da vaxtında  çatmayıb.
 
81-in sentyabrında sevdiyim müəllimlik işindən ayrılıb Şahbuzdan Bakıya üz tutanda yazı-pozu ilə bərabər, ordan özümlə  iki yara da gətirmişdim: biri mədəmdə,  o biri ürəyimdə... İyirmi ilin o lənətəgəlmiş mədə yarasına 2002-ci ilin ayazı adamı nahaq söz kimi yandıran bir qış günündə, axır ki, cərrahlar birtəhər əncam qıldılar, amma ürəyimdəkinə tanrı özü də əlac eləyə bilmədi. Günü bu gün, əlli yaşın kürəyini yerə qoyduğum bir vaxtda  da o yara hələ öz yerindədi və kiminsə ona çarə edəcəyinə ümidim çoxdan itib:  sağalan idisə, o, bu otuz ildə niyə sağalmırdı?... Üstəlik ortaya gözləmədiyim  başqa bir şey  də çıxıb. Üzüm allahda qalıb ki, gələ o yara heç sağalmaya; sən demə, qələmimdən çıxan yaxşı-pis nə varsa, hamısını o "yara" yazdırıbmış mənə.
 
Bunu o yazıları yazanda yox, indi, aradan az qala bir qərinə ötəndən sonra başa düşmüşəm.  Əlli ilin bir xuda sirridi bu, mənimçün... Olmaya, həm də bir xoşbəxtlik? Bəs nədi, canın odlara yaxıla, səbəbini bilməyəsən! Özü də bir il yox, üç il yox, sər-tamam otuz il. Çox dərin inamımdı  ki, əgər bunu bir az da gec, məsələn, on-on beş il sonra bilsəydim, daha məsud olardım; onsuz da mənimki ömrü boyu özünü aldatmaqdan gəlib...
Əlli il məndən ötrü həm də bu deyilən şeydi...
 
Qırx yaş başın əlhəd daşıdı, sözünü ona görə demişdim ki, o vaxt elə sanırdım, daha bilmədiyim şey qalmayıb, nə var, mətləbinə yetmişəm. Amma əlliyə vardım da dünyanın sirri sona varmadı. Deyirəm bəs dünənin uşağıyam. Nələri bilmirəmmiş mən? Nələrdən xəbərim yoxmuş mənim?
 
Əlli həm də bu deyilən şey... Bu sinn, mən bilən, tək dolanbac həyat yollarında  nəfəs dərmək üçün bir möhlət yox, həm də olub-keçənlərin sonuncudan əvvəlki  haqq-hesabı və özünlə uzun-uzadı çək-çevir yaşıdı. Dilində də əbədi sual: nələr edə bilərdin, amma etdiyin nə?... 
 
Ondan başlayım ki, "Köhnə kişi"ni yazanda odla oynadığımı çox-çox sonralar anladım və  mənimçün  bu, daha bir həqiqətə açar oldu. Görəsən, nə ağılla ələ qələm alıbmışam o vaxt? İşə başlayanda  adam bir fikirləşməz ki, bu meydan nə meydanıdı, burdan bir yana çıxış var, ya yox, ortada at oynadanlar kimlərdi? O vaxt yuxuma da girməzdi ki, özümü bütünlüklə ədəbiyyata həsr edə billəm. Heç sonralar da o fikirdə olmadım. Mən böyük ədəbiyyata həmişə, elə indinin özündə də səcdə gözü ilə baxanlardanam. Allah şahiddi ki, o illər çap barədə düşünmək belə ağlıma gəlmirdi. Bir dəli sevdanın vəsfi idi o yazı... Ona görə demişdim ki, mən elə bil yazı yazmır, sözləri qızıl suyuna çəkirdim. Bu, o vaxtlar idi ki, məsələn, kənd gecələrində qarın dənər-dənər tökməyinə adi gözlə baxa bilmirdim, deyirdim bəs ulduzları şadaraya doldurub ələyirlər.
 
Məndən ötrü zülmət sadəcə bir zülmət deyildi, elə bilirdim, gecəni dərin və dibi-görünməz bir quyuya sallayıblar.
 
Koldan-kosdan qorxaq-qorxaq boylanan kənd adamlarına göz qoyanda elə sanırdım, gördüklərim insan deyil, çəpər baş bitirib, gətirdiyi bar sifətdi.
 
Gözünün yaşı kirpiyindən aşağı duran qadın isə təkcə qəmgin çöhrəsi yox, həm də uzun illər yol gözləyən bir insan kimi öz çaşqın hərəkətləri və heyrət-qarışıq sevinci ilə də təkrarsız idi...
Dərddən əriyən kişini də ucuz tutub, ağlamağına quruca ağlamaq demədim,  ağır-əziz eləyib, yanağında yarma boyda ikicə gilə yaş durub, dedim.
 
"Əlini cibinə sala-sala həyətin tən ortasındakı iri, dəyirmi duz daşının üstünə çökdü. Cibindəsə vur-tut üç şey var idi: dəsmal, papiros, kibrit...
 
Murad ən birinci dəsmalı çıxartdı.
 
Bu da bir cür  kişi ağlamağıdı. Niyəsini bilmirəm, amma bu sakit, hay-küysüz səhnədə qiyyə çəkib bar-bar bağırışan adamların naləsindən də artıq bir fəryad vardı o vaxtlar mənimçün...    
Bu, uzaq 80-ci il idi və o cızma-qara da məni candan eləyən bir afətçün yazılmışdı. Amma yazı yazan qisməti ayrı cür yazdı və məni də başa saldı ki,  bu dünyada yazını bircə nəfər yazır...
Yazı... özü də pozusu olmayan yazı... Bunu beynimə daha kimlər yeritmirdi: evdəkilər, "dərdim"dən hali olan qohumlar, hətta yaşıd dostlarım da! Guya, məndən ağıllı çıxmışdılar, istəyirdilər inanım ki, qismətdən artıq yemək olmaz, çox da inad eləməyim, bir qız nədi, ondan ötrü özümü bu qədər oda-közə vururam?
Bir qız... Bəyəm o, adicə qız idi? Adicə qızı da ağzında dilin kimi istəyə bilərsən?
 
O dəli sevda, o odlu  istək idi məni yerimdən eləyən. Mənim heç kimlə yox, xudavəndi-kərimin özüylə haqq-hesabım vardı: yaxşı, mən bilməyib səhv eləmişdim, bəs Ona nə gəlmişdi, O niyə mənə baş qoşurdu? Bəyəm bircə kəlmə sözə görə adamı cavanlığına bağışlamaq belə çətin şeymiş? Bəyəm hər sədaqətsizi mənim günümə salırlar? Fədakarlıq edə bilməməyin cəzası həmişəmi bu qədər ağır olur? Bəs onda bu Kişinin adilliyi harda qalmışdı?
 
...Bakıya "yürüş çantasında marşal paqonu gəzdirən əsgər" kimi qayıtdım; o yaşda qədərə boyun əymək?... Sübut etmək istəyirdim ki, yazılanı da pozmaq olar. Amma gəlib müxənnət əlinə düşdüm və tərslikdən də tanrı dərgahına gedən yolumu bir başqası yox, məhz Uca Mövlanın yazı-pozu işinə Bakıda baxan mirzələri kəsdilər, özü də elə-belə yox, əjdaha kimi...
 
Gün keçdi, ay dolandı, yavaş-yavaş alnımda köhnə əlifbayla təzə yazılar da peyda oldu və tezliklə anladım ki, doğrudan, nədi zərlədi,  zorla heç nə olmur.
 
Belə oldu ki, "içimdə ölüm sazağı kimi əsən o səkkiz ilin tufanı təkcə yaxşı yazıçılara yox, həm də ədəbiyyatın özünə münasibətimi büsbütün dəyişdi və mən ədəbiyyatdan adamdan küsən kimi küsdüm - bəlkə də, bu, taledən küsməyimmiş, nə deyim? - və  ondan sonra  nə yazdımsa, o "adamdan"  küsülü yazdım" ta "Qiyamçı"ya qədər...
 
Amma indi, əlli yaşın uzaqlığından baxanda bambaşqa  şeylər gəlir eynimə. Heç demə, o, taledən küsməyim yox, əksinə, onnan barışmağımmış...
 
O sözü də elə-belə yox, öz pirinin kəramətinə bələd olan adam kimi dilə gətirmişdim ki, mən ədəbiyyata səksəninci illərin sonunda yox, əvvəlində, yəni otuz bir yox, iyirmi dörd yaşımda - içimdə hələ dağlar uçmamış, adamlara inamım itməmiş - gəlsəydim, tamam ayrı bir ampluada yazıçı olardım.
 
Mən doğulan kənddə dünyanın ən fərasətli, bəsirətli və ağıllı adamları yaşayıblar. Onlara söz bəyəndirmək hər oğulun işi deyil; onlar nəinki təkcə yerin altını-üstünü bilib, həm də yaxşı mənada, sözün içindən söz çıxarmağı bacarıblar. Dünyanın gərdişinə dair ən dürüst və qiymətli fikirləri oxumuş adamlardan da qabaq onlardan eşitmişəm.   
 
"Bakıda bundan sonra lap min il ömür sürsəm də, qəhrəmanlarım öz kəndli danışıqlarını heç vaxt tərgitməyəcəklər, bilirəm mən bunu, çünki mən Nursdakı kimi dadlı-duzlu, şirin və ləzzətli danışığı heç harda eşitməmişəm. Elə mənim öz müəllif dilim də kəndli dilidi. Bəzən doğmalarım belə, irad tuturlar ki, bə nə vaxt düzələcəm mən, kitabım da çıxdı düzəlmədim, şəhərdə ev də aldım düzəlmədim, bu nə dildi yazıram və s. və ilaxır..."
 
Dünyanın ən ağırsəng, ağırtaxtalı və qaltanlı kişiləri də o kənddə yaşayıb - Nursda... O səbəbdən  Məmməd Araz kimi nəhəngi dünyaya o balaca kəndin bəxş eləməsində heç bir istisnaya əl yeri qoymayan bir qanunauyğunluq da görürəm.  
 
"Nə qədər şərəşur, naxələf, nadürüst, kəmfürsət qəhrəmanım var, mən onları müxtəlif şəhər, vağzal, qatar, yeməkxana və yataqxanalarda, bir sözlə, adamların bir-birinə harda daha çox kəf gəlmək imkanı varsa, o yerlərdə görmüşəm".
 
Ona görə də bu gün adam içinə çıxarılası bir sözüm, bir cümləm varsa, bununçün dünyanın ən düz, ən saf və  əxlaqlı  adamlarının yaşadığı, tayı-bərabəri olmayan o yurda - Nurs adlı o cənnət diyara borcluyam.
 
"Qiyamçı"nı işləyəndə yazı-pozu deyilən şeyin əzabı ilə bərabər, zövq-səfasından, iztirabı ilə birgə həzzindən, ağrısı ilə bahəm nəşəsindən də bəsdi deyincə daddım və inandım ki, innən belə lap yüz il də o işin dalınca gedəsi olsam, ondan artıq ləzzət alan deyiləm, mən ondan aldığımı almışam. Amma tək ona görə deməmişdim ki, "Qiyamçı" mənim son əsərim olacaq. Həm də ona görə demişdim ki, istəmirdim, məni oxuyanlar sağ qaldığıma təəssüflənsinlər. Çünki mən nə  arzusunda olduqlarımı, nə də yazdıqlarımı ürəyimcə yaza bildim. İndi baxıram ki, ortada olan yazı-pozularım da yazmaq istədiklərimin, sadəcə, qaralaması imiş. Bu yaşda özümə eyib bilərəm ki, ciddi, sayğılı və sadiq oxucularımın başını qaralama ilə aldadım. Mən indi tək alın yazısına deyil, adicə kağız parçasına həkk olunmuş dəyərli bir fikrə də  sadəlövhcəsinə heyrət edənlərdənəm.
 
Daha gərək bu da hesabdan silinməsin: əslində mən yazıçı olmağı məhz ona görə arzulamışdım ki, sözün düzünü, xasını, xalisini deyim. Amma heç görmədim əyrilərin işi çəp gələ, həmişə düzləri anası ağlar gördüm. Zaman da o zamandı ki, nəhəngləri belə eşidən yoxdu... Kəsəsi, adam az qalır yazıçı olduğuna görə  xəcalət çəksin. İntəhası o var ki, bunu da əlliyə çataçatda, gün  günortadan əyiləndə bildim...
 
Hazırda qarşınızda olan yazıların əksəriyyəti çap olunmaq xatirinə  illər öncə ya  qismən dəyişdirilib, ya da yarı-yarımçıq işıq üzü görüb. Burda ilk çapından iyirmi beş ilə qədər vaxt keçən  hekayələr var. Bir daha onlara qayıtmayacağım üçün  həmin əsərlərə sonuncu kərə əl gəzdirməli oldum. Hərçənd onların bir neçəsini çap olunduğu adla oxuyanlar da çox azdı.  Məsələn, söz düşəndə indi də soruşanlar var ki, niyə mənim "Gözmuncuğu" adlı  əsərim olub? Yaxud "Dərd" "Muştuluq" "Başsağlığı"... Onların təkrar nəşrinə ehtiyac daha çox bu üzdən oldu. Həm də istədim,  heç olmasa öz balalarım  onları təzə  əlifba ilə rahat oxuya bilsinlər.
 
O ki, söz addan düşdü, "Gümüşü gecələr"in əsl adı "Cadugər" idi. O vaxt mən onu heç bir jurnal redaksiyasına aparmadım. "Köhnə kişi"ni yaxına qoymayan  həpəndlər, söz yox ki, onu dünəndən qoymazdılar. Əsər templana düşəndə əməlli-başlı təpindilər ki, başım xarabdı, nədi, cadugər hara, sovet gerçəkliyi hara, bu haqda bir yaxşı-yaxşı düşünüm.
 
Bir yurdu-keçmişə sübut eləyə bilmədim ki, bu cadugər o cadugərdən deyil. "Həsən Keçəl, ya Keçəl Həsən, nə fərqi?" cavabından özgə, bir şey eşitmədim və beləcə "Cadugər" dönüb "Gümüşü gecələr" oldu. Heç dəxli var?... Bununla belə, bu gün mən o “yeni” köhnə adı saxlamaq məcburiyyətindəyəm, çünki oxucular da, ədəbi tənqid də yaxşı-pis o əsəri çox da ürəyimdən olmayan “Gümüşü gecələr” adı ilə tanıyıblar.  
 
O vaxtdan bu günəcən arada böyük bir zaman məsafəsi durur. O zaman ki, ona ərgən bir oğul ömrü sığar. Qismətdən də o ömrün ən yaşanmalı çağları dava illərinə, siyasi burulğan və çaxnaşmalar dövrünə düşdü. Bir sözlə, 87-dən üzü-bəri mənimki yaşamaq yox, can çürütmək oldu və  əlli yaşa elə yetdim ki,  elə bil  toyum küllükdə çalınırmış!  
  
Doğrudan, bu nə vaxtın əlli yaşıdı? Bığ yerim təzə-təzə tərləyəndə gördüyüm bir yuxu yadıma düşəndə indi də ruhum ehtizaza gəlir. Elə şeylər var, onları hələ də uşaq ağlı ilə eləyirəm. Yaxud olurmu elə şey ki,  üstündən nə az, nə çox, düz  otuz il vaxt keçə, amma dediyin bircə sözün altını günü bu gün də can ağrısı kimi çəkəsən? Bəlkə, dilə qarşı az-çox həssaslığım da ordan gəlir? Hətta beləsə də, özümü inandıra bilmədim ki, tale mənə sözün qədrini  bilməyi bu yolla öyrədib, əvəzində sevdalı bir ömür bəxş eləməklə düz otuz il başımı aldatmayıb...
 
Sözümün o yerinə qayıdıram ki, yadımda behişt ləzzəti kimi qalan o baltək şirin xatirələri nə o vaxtlar, nə də sonralar  qələmə ala bildim. Əvvəla, kağıza etibar eləmədim. Həm də istəmədim, o munis duyğular öz  əzəli hüsnünü itirsin. Düzü, o vaxt heç o sözü də eşitməmişdim ki, sevəndə sevgi romanları yazmırlar. Yoxsa bunu da çox həvəslə səbəblər sırasına qoyardım. Amma indi o barədə bir şey yaza bilmirəmsə, nədənini həm də bunda axtarmaq lazımdı. Nə olar yaş əllini haqlayanda? Bəyəm bu yaş elə hər şeyin dadının damaqdan gedən çağıdı? Hələ bir yandan da baxıram ki, deməyəsən, nə etibar varmış,  elə kağıza varmış.
 
Amma onu da əlimin içi tək dəqiq bilirəm ki, ikisindən biridi: ya mən, doğrudan, əlli yaşa çatmamışam, ya da kim nə deyir-desin, məhəbbət uşaq xəstəliyi deyilmiş...
 
Yanvar, 2007   

/kulis.az/
       

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.