“Bir yer var, ora dəyib gəlirəm”- İsa Muğannanın xanımı
02.05.14
İdeya müəllifi: Tofiq Abdin
İsa Muğanna Azərbaycanın ustad yazıçılarından idi. Bizlər ədəbiyyatımızın böyük şəxsiyyətini, Firuzə xanım isə 65 illik ömür gün yoldaşını itirdi.
İsa Mustafa oğlu Hüseynov (Muğanna) 1928-ci ildə Ağstafa rayonunun Muğanlı kəndində dünyaya gəldi. Atası Mustafa kişi məktəb müəllimi idi. İsanın yeniyetməlik çağına çatmağına az qalmışdı. Amansız dünya müharibəsi onların da ocağına yol tapdı. Atası Mustafa kişi müharibədə iştirak etmək üçün cəbhəyə yollandı. Mustafanın çoxuşaqlı ailəsi başsız qaldı. İsa orta məktəbdə əla qiymətlərlə oxuyurdu. O həm istedadlı, həm də çalışqan idi. Özündən iki sinif aşağıda İsanın könlündə bütün qohum-qonşudan fərqli yerə sahib xalası qızı Firuzə oxuyurdu. İsa hamıdan gizlədiyi sirrini ürəyində daşıyırdı. Heç kimə deyə bilmirdi ki, Firuzəni çox sevir...
Firuzə də çoxuşaqlı ailədə dünyaya gəlmişdi. Anası ali savadlı müəllimə idi. İsa kimi onun da atası müharibəyə gedib, döyüşdə həlak olmuşdu. Hər iki xalauşağı yetim qalmışdı. İsa çox mehriban, qayğıkeş xalaoğlu idi. Firuzə ona böyük hörmət bəsləyirdi.
65 illik ailə həyatından sonra Firuzə xanım gənclik illərini belə xatırladı
Onunla ailə qurmaq istəmirdim. Axı onu özümə böyük qardaş bilirdim. Həmişə ailəmiz haqqında müsahibə verəndə deyirdi ki, Firuzə məni istəməyib, mən isə onu çox sevmişəm. Çətin dönəmlər idi. Amma insanlar bir-birlərinə sıx bağlı idi. Bu yaxınlıq bəlkə elə həmin dövrün çətinliyindən irəli gəlirdi. Mən çox sonralar insanların bir-birlərini aldatdığını, yalan danışdığını gördüm. O vaxtkı uşaqların əksəriyyəti yetim böyümüşdü. Zənnimcə, elə buna görə hər kəs bir-birinə bacı-qardaş kimi baxırdı.
Orta məktəbi bitirdikdən sonra Tibb Unversitetinin Terapiya fakultəsinə daxil oldum. İsa da həmin universitetə, eyni fakultəyə daxil olmuşdu. Amma ayrı-ayrı qruplarda təhsil alırdıq. Bir il sonra İsa Tibb Universitetində oxumaq istəmədiyini deyib, sənədlərini geri götürdü. Bu dəfə Azərbaycan Dövlət Unversitetinin Filologiya fakultəsinə daxil oldu.
Tələbəlik illərindən danışmaq, Firuzə xanımı o illərə qaytarmaq o qədər də çətin olmadı. “Firuzə xanım o günlər yadınızda yaxşımı qalıb? – deyə soruşanda, “Əlbəttə, necə unuda bilərəm, elə bil hər şey dünən olub” cavabını verdi.
Biz tələbə olanda Bakıda hündürmərtəbəli binalar yox idi. Dərsə tramvayla gedib-gəlirdik. Çörəyi qramla alırdıq, 400 qram. Universitetdə olan oğlan yoldaşlarımız bizim çekləri alıb əvəzimizə çörək növbəsinə dayanırdılar. Paltarlarımı anam özü tikərdi. O vaxtın qışı da yaman soyuq olurdu. Yadıma gəlir, bir qışı yay ayaqqabısı ilə başa vurdum... (fikrə dalır)
İsa ilə tələbəlik illərində ailə həyatı qurmuşuq. Filologiya fakultəsinin üçüncü kursunda olanda, təhsilini davam etdirmək üçün İsanı Moskvadakı Maksim Qorki adına Ədəbiyyat İnstitutuna yolladılar. Mənsə bir müddət kəndə qayıdıb, İsanın valideynləri ilə birlikdə yaşadım.
İsa Moskvada təhsilini başa vurub geri qayıdanda, kirayə ev tutduq. Artıq bacı-qardaşlarımızın valideynlərini əvəz etmək vaxtı gəlib çatmışdı. İsa çox zirək və fərasətli insan idi. Çox işləyir, yüksək səviyyədə dolanışığımızı təmin edirdi. Həmin dövrdə, maddi cəhətdən çətinlik çəkən yazıçılara dövlət tərəfindən müəyyən miqdarda vəsait ayrılırdı. Onlar da güzaranlarını yaxşılaşdırmaq fürsəti əldə edirdilər. Zamanında biz də o köməkdən istifadə etmişik.
Biz 20 ildən sonra övlad sahibi olmuşuq. İsa bacı-qardaşlarımıza ata, mənsə ana olmuşam. Sanki Tanrı bilirdi, çox yetimimiz var, ona görə bizə övlad vermirdi ki, başımız onlara qarışmasın. İsa bir dəfə də olsun övladsızlığı mənim üzümə vurmamışdı. Bəlkə də buna görə övladsız keçən 20 il mənə çətin gəlmədi. Mən övladsızlıqdan şikayətlənəndə mənə dəstək olub deyirdi: “Darıxma. Hər şey Allahın əlindədir, məsləhət bilər bizə də övlad qismət edər. Qismət etməsə də, düşün ki, mənim övladım sənsən”. 20 il sonra, yeganə övladımız Sevinc dünyaya gəldi. Adını atası verdi. O, köhnə ailəmizin, yeni sevinci idi.Söhbət zamanı məşhur bir ifadə yada düşür:
“Hər kişinin arxasında, güclü bir qadın dayanır”.
Firuzə xanımın sevgi dolu sözlərindən, göz yaşlarının danışmağına mane olmasından, xatirələrindən, İsa müəllimin böyüklüyündə onun da əvəzsiz payı olduğu bilinirdi .
Ömür boyu İsanın iş rejimi gərgin olub. Səhər tezdən durub işə yollanardı. Evə gələndə o qədər yorğun olurdu ki, ayaqlarını ovurdum ki, rahatlasın. Ev telefonun naqilini xətdən ayırırdım ki, zəng edib onu oyadan olmasın. Qapının çöl tərəfinə böyük hərflərlə yazıb yapışdırırdım: “ Zəngi basmayın, qapını yavaşdan döyün”. Bacardığım qədər onun qulluğunda durmağa çalışırdım.
O qədər gözəl həyat yoldaşı olub ki, ruhum da ondan incimədi. İsanın fərqli xüsusiyyəti onda idi ki, o, sözün əsl mənasında kişi idi. İndi Allah hər kəsə onun kimi həyat yoldaşı qismət etsin, deməkdən başqa əlimdən nə gəlir ki...
İsayla dünyanın dörd bir yanını gəzmişik. Hələ sərhədlər bağlı idi. Azərbaycandan ilk dəfə bir qrup yazıçını Türkiyəyə göndərirdilər. İsa məni də özü ilə aparmışdı. İlk gəzdiyimiz xarici dövlət, qardaş ölkə olub. Baxmayaraq ki, çox oxumuşam, yaxşı təhsil almışam, amma həyatda ən böyük qazancım İsa Muğanna idi...
İsa Muğanna dünyaya yazıçı kimi gəlmişdi
Axır vaxtlar gözü tutulmuşdu. Çox zəif görürdü. Amma maraqlıdır ki, bəzən görməyən gözlərinə işıq gəlirdi. O da dərhal yazılarının yanına gedirdi. Çox həvəslə deyirdi: “Təzə bir əsərə başlamışam. Bu əsər dünyaya səs salacaq”. Sonuncu yazdığı əsərə “Mənim məhəbbətim” adı vermişdi. Ona həmin əsərdən yalnız bir səhifə yazmaq qismət oldu. Qızımla birlikdə yarımçıq əsəri oxuduq. Yazdığı cümlələrdən çox təsirləndim. Bəlkə haqlıydı, bu əsər dünyaya səs salacaqdı. “Allahdan tək diləyim odur ki, ömrüm yetsin bu əsəri sona çatdırmağa” deyirdi. Əcəl aman vermədi...
İsanı adına layiq, hörmətlə dəfn etdilər. Çox sayda oxucuları da gəlmişdi, dövlət xadimlərinin əksəriyyəti də vida mərasimində iştirak etdi.
Mən əminəm ki, onun yeri cənnətdir. Gözümün qarşısında o qədər saf, təmiz həyat sürüb ki, bir kəs ondan inciməyib. Qoca yaşında ailənin bütün yükünü çiyinlərində daşıyırdı. Nə qədər ömrüm var onu yaşadacam. Mən onu itirməmişəm. Səhər açılanda divardan asılmış şəklinə baxıb “Sabahın xeyir, İsa” deyirəm. Axşam yatmağa gedəndə “Gecən xeyrə qalsın, ay İsa” deyib, sağollaşıram. O mənim ürəyimdə yaşayır.
Ölümü də çox qəribə oldu. Qızından xahiş etdi ki, onu hamama aparsın. Sonra yuxuya getdi. Axşam saat altıya qədər yatdı. Saat altıda gözlərini açıb, yerindən qalxdı. Mən uzandığı divanın yanında oturmuşdum. “Hara gedirsən?” deyə soruşdum.
“Bir yer var, ora dəyib gəlirəm” cavabını verdi.
İsanın son sözü də elə bu oldu. Necə qalxmışdısa eləcə də, qayıdıb yerində oturdu. Nə danışa bildi, nə nəfəs ala. İki saat beləcə davam etdi. Həkimlər məni sakitləşdirməyə çalışsalar da, görürdüm ki, onu itirirəm. Mənim 65 illik ömür-gün yoldaşım gedirdi. Ailəmin böyüyünü, böyük bir yazıçını itirirdim.
Son nəfəsində bir çay qaşığı su içdi. Hiss elədim ki, nəfəsi gedir. Başını qolumun üstünə aldım. Üç dəfə sakitcə dərindən nəfəs aldı. Beləcə canını Allaha tapşırdı.
Vəfatından bir-iki gün əvvəl bizə dedi: “Mən öləndən sonra da balalarım mənim adıma görə rahat yaşaya biləcək. Mənim ölümüm də sizə xeyir gətirəcək”. Doğurdan da elədir. Hansı qapıya getsək, İsaya görə qapılar üzümüzə taybatay açılır... /525.az/
|