Kənan Hacı- Boşalmış ətir şüşəsi
02.05.14
Bu sevgi səndə yaşadı, məndə qocaldı, bu külək səndə başladı, məndə səngidi... mən dizəcən sükuta batmış yorğun yolçuyam, bütün səslər bərkiyib, daşa dönüb qulağımda, səssiz film kimi seyr edirəm həyatı, üstümə səpdiyim ətir kimi çəkilib gedirsən, boşalmış ətir şüşəsi kimidi indi bu sevgi, sındırıb damarlarımı doğramağa yarıyır ancaq...
Ağacların sıxlığında təkliyimdən utanırdım, əkdiyim ağaclar qurudu getdi, əkdiyim adamın suyunu kəsdim, özümü günaha batırdım... indi getməyə bir yerim yox, içində azdığım dalandı ömür, geriyə baxıram, heç nə qalmayıb, dünyada ən böyük yalandı ömür...
Arzuya yürüyən yollarda məsafələr azalmadı, azalmadı... daha izim qumla doldu, heç kəs məni axtarmasın, tapmayacaq, “göylə gedən” vaxtım vardı, göyü yerə bağışladım, bütün vəfasız dostları bağışladım, barışdım həyatla, barışdım...
Öz çiynimdə köçümü daşıdım, bitdi hər şey, sevincim dünya malıdı, onu dosta bağışladım, qəmi özümə saxladım, barışdım həyatla, barışdım...
Sapsarı yarpaqlar gətirir bu yaz, sözün bitdiyi yerdə şeir yazılmaz, Sözüm, məni halal elə!...
***
Gəmi kimi batmaqdayam bu həyat dənizində, batan gəmini ağlamazlar, mən suda yox, quruda çürüyüb getdim, hamıya yük olan canı arxamca sürüyüb getdim, səni də buraxdım şeir adlı qəfəsdən, get, ağlama, sinəni aç, Günəş məlhəm çəksin ağrılarına, mən sənin ağrına məlhəm olmadım, sən mənim ən dözülməz ağrım oldun, sular da canımdan çıxara bilməz bu ağrını, gəmi kimi batmaqdayam bu həyat dənizində, mənimki bura qədərdi, az boylan qərib üfüqə, get, ağlama, günahkara ağlamazlar...
/1937.az/
|