Həmid Herisçi - Ey, mənə bənzər insan
30.04.14
Bu aləm ağı qaranı özündə birləşdirən qorxunc ağcaqayın idi, bu çoxdan aydın idi,
göydəki ulduzları quru meyvə kimi suya salmaq lazım idi, bu çoxdan aydın idi…
Ey, mənə bənzər insan, sən hardasan? hardasa yaxındasan pərdənin arxasındasan, ürəyin darıxır, əlində kibrit qutusunu oynatmaqdasan…
bu ucuz şorbaların buğundan tərləmiş güzgülərin üstündə mən barmağımla hansı sevgimin adını yazım? bilmirəm ölüm, yoxsa qalım.
bəlkə gedim, o mənə bənzər insanı
axtarım tapım,
bir əsgər kimi bel kəmərinin toqqasını
silib parıldadım,
onun qabağına çıxım?
Ağ ev, Qızıl meydan sözlərindəki rənglərə olan qədim inamlara,
bəlkə də yalanlara,
məndə bir inam
qalmayıb, zaman bizə verdiyi
maaşları azaldıb, bilirəm, mənə bənzər o insan gəlib buralarda məni
axtarıb… ancaq tapmayıb…
burdakı yazı mizlərinin üstünə
fahişələrin telefon nömrələri yazılıb,
kim gəlib, bildiyi başqa nömrələri də
ora artırıb,
mizlərin üstündə boş yer qalmayıb!
bütün bunlar
mənim varlığımı sarsıdır,
ey, mənə bənzər insan, indi, bu gün
bizim görüşümüzün vaxtıdır !!!
/Alatoran/
|