60 yaşında sevgi yaşayan Yafəs Türksəslə müsahibə
21.04.14
Postmodernist şair kimi tanıdığımız
Yafəs Türksəsin bu günlərdə 60 yaşı tamam olur. Amma şair hələ də gənclik
əhval-ruhiyyəsiylə yazıb-yaradır. Onunla söhbətimizdə xeyli inanılmaz etiraflar
elədi.
- Yafəs bəy, yazılarında həmişə
Azərbaycanda azad düşüncəli yazarların olmamasından gileylənirsən. Sən özünü
azad yazar hesab edirsənmi?
- Çox maraqlı sualdır. Hər bir yazar
istəyər ki, azad olsun, düşüncələrini tam sərbəst ifadə edə bilsin. Bizim bəzi
yazarlarımızın daxili azadlığı yoxdur. Onlar, hətta evdə arvad-uşağıyla
danışanda belə özlərini redaktə edirlər. Elə yazarlar var ki, onların içində
senzor yoxdu, amma onları cəmiyyət məhdudlaşdırır. Bu baxımdan yazarlar iki
qrupa bölünür, daxilən azad olub cəmiyyət tərəfindən düzgün anlaşılmayanlar,
bir də öz-özünü redaktə etməklə məşğul olanlar, bir cür düşünüb, başqa cür
danışanlar. Kimdənsə, nədənsə asılı olan yazarlar heç vaxt azad yazıçı ola
bilməz. Məsələn, Seymur Baycan, elə mən özüm, bizim heç kəsdən asılılığımız
yoxdur. Mən fikrimi mətbuatda, sosial şəbəkələrdə tam azad şəkildə ifadə edə
bilirəm, bilirəm ki, buna görə məni heç kəs işdən çıxarmayacaq. Mən o yazarları
qınaya bilmirəm, çünki onlar evə çörək aparmalıdırlar, o məhdudiyyətlərlə
yaşamağa və yazmağa məcburdular. Bu da yazarların yox, cəmiyyətin günahıdır. Bu
mənada bizdə ancaq işsiz yazarlar tam mənada azaddır. Azad düşüncənin məhsulu
olmayan əsər ədəbiyyatın malı ola bilməz. Biz bunu zaman-zaman görmüşük.
Dünyanın qəbul etdiyi yazıçılar ona görə oxunur ki, onlar zamanın ruhunu öz
əsərlərində əks etdirə biliblər. Saramaqo “İsanın İncili”ni yazdı, vətənindən
qovuldu, Əziz Nesin öz vətənində didərgin həyatı yaşadı, amma qələminə xəyanət
etmədi, Soljenitsın mühacirət etdi, amma “Qulaq Arxipelaq”ı yazdı. Bu əsərlərin
hamısı azad düşüncənin məhsuludur.
- Azərbaycan ədəbiyyatında öz
yerini müəyyənləşdirə bilmisənmi? Özünü hansı ədəbi nəslə aid edirsən?
-Mən özümü kifayət qədər tanıyan
adamam. Bəli, etiraf edirəm ki, ədəbiyyata çox gec gəlmişəm. Yaradıcılığa,
mütaliəyə geniş vaxt ayıra bilməmişəm, gün-güzəran qayğıları məni daha çox
məşğul edib. Amma bununla belə təfəkkürü olan adamam, başqasının yüz kitabdan
əxz etdiyini mən beş kitabdan da ala bilirəm. Ədəbi nəzəriyyələrlə kifayət
qədər tanışam, həmişə gənclərdən öyrənməyə çalışmışam. “Nəfəs” ədəbi birliyi
vardı, o birlik mənə çox şey verdi, Qəşəm Nəcəfzadənin rəhbərliyi ilə fəaliyyət
göstərən “Pərvanə” ədəbi birliyi mənim ədəbiyyatla, poeziyayla bağlı
düşüncələrimdə xeyli dəyişikliklər etdi. Azad Yazarlar Ocağı da həmçinin, mənim
ədəbi qənaətlərimi daha da formalaşdırdı. Mən zəif cəhətimi bildiyim üçün hər
zaman bu birliklərdə toplaşan gənclərdən öyrənməyə can atmışam, özümü inkişaf
etdirmişəm. Aqşin Yeniseydən, Zahir Əzəmətdən, Rasim Qaracadan çox şeylər
öyrənmişəm. İndi artıq mənim özümün ədəbi qənaətlərim var, ədəbi düşüncələrim
formalaşıb. Mən etiraf edirəm ki, nəsr yaza bilmirəm, amma şeiri çoxlarından
yaxşı yazıram. Öz yerimə gəldikdə isə hesab edirəm ki, müasir Azərbaycan
şerində birinci iyirmilikdə mən varam.
- Gənc şairlərdən kimləri
bəyənirsən?
- İstedadlı imzalar var. Amma onlar
da nədənsə özlərini tam ifadə edə bilmirlər.
- Nə mənada? Bir qədər fikrini
açıqla.
- Bu yaxınlarda istedadlı şairə
Sevinc Elsevərlə bir söhbətimiz oldu. Ona dedim ki, sən həm də nəsr yazırsan,
tarixi bir əsər yazıb, orda fikirlərini tam ifadə edə bilərsən. O dedi ki, bu
mövzuda hansısa bir tarixi şəxsiyyəti öz prizmandan təsvir edəndə belə sənə
təpkilər olur ki, sən tarixi niyə təhrif edirsən? Onlara izah eləyə bilmirsən
ki, bu, bədii əsərdir, yazıçı tarixçi deyil.
- Yafəs bəy, gənc yazarlarla
bağlı sual vermişdim. Bəyəndiyin imzalar varmı?
- Elə sözümü ora gətirirəm. Bu
günlərdə Nigar An adlı gənc bir qızın şeirlərini oxudum. Ləzzət elədi. Gördüm
ki, bu şeirlər dünya səviyyəsində yazılmış şeirlərdən heç də geri qalmır, bu
qız daxili aləmini çox maraqlı şəkildə ifadə edə bilir. Təəssüf ki, bu cür
şeirlərə çox az rast gəlirəm, gənclər sanki özlərini tam çılpaqlığı ilə ifadə
etməkdən çəkinirlər. Əsəd Qaraqaplanı çox bəyənirəm, onun şeirlərində enerji
var, daxili azadlıq var. Kəramət Böyükçöl son zamanlar şeir yazmır, amma çox
istedadlı, cəsarətli, fikrini ifadə etməyi bacaran yazardır. Bilirsən, yazar
gərək bütün komplekslərdən azad olsun. O zaman onun yazdıqları da maraqlı
olacaq, istedadı boğmaq günahdır. Düşüncə etibarilə köhnə nəsil mühafizəkardır,
gənc nəsil hər mənada yenilikçi olmalıdır. Köhnə nəsillə gənc nəsil arasında
bir düşüncə fərqi olmalıdır. Gənclik gərək ədəbi düşüncədə bir inqilab etsin,
mən bu inqilabı adını çəkdiyim gənclərdən gözləyirəm.
- Böyük əksəriyyət yeni düşüncəli
yazarları qəbul etmir və yaxud gənc şairlərin çoxu cəmiyyət içində tanınmır.
Səncə, niyə belədir?
Mən bəzən ədəbiyyatdan kənar
adamlarla söhbət edəndə deyirəm ki, bizdə elə gənc şairlər var ki, onlar Rəsul
Rzadan da, Fikrət Qocadan da, Tofiq Bayramdan da qat-qat güclü şairlərdir. Mənə
deyirlər sən nə danışırsan, biz o şairlərin heç birini tanımırıq, yaxşı
yazsaydılar, onları tanıyardıq. Deyirəm axı siz onları hardan tanıyasınız? İndi
televiziyalar ancaq şouya yer ayırır, ədəbi verilişlər yox dərəcəsindədir,
kitablar da çox məhdud tirajla satılır, gedib oxucuya çatmır, kitabxanalara
verilmir. Sovet dövründə gənc şairin bir şeiri hansısa ədəbi jurnalda çap
olunan kimi o, bütün Azərbaycanda tanınırdı. Təbliğat çox güclü idi. Mən ucqar
bir kənddə yaşayırdım, ədəbi jurnalları oxuyurdum, Səməd Qaraçöpü, Saday
Şəkərlini o jurnallarda çap olunan şeirlərindən tanımışam. Amma indi
yeddi-səkkiz kitabı çıxan şairlər var ki, xalq onları tanımır. Məsələn,
80-cilər nəsli niyə arada itib-batdı? Çünki onlar çox ağır bir dövrdə
ədəbiyyata gəldilər, nə televiziyaya çıxa bildilər, nə də ədəbi jurnallar
onları çap elədi. İndiki kimi çap azadlığı yox idi, ədəbi saytlar yox idi,
üstəlik, əlində imkan olan qəzet-jurnal redaktorları onların qabağını kəsdi.
Ədəbiyyat məhz həmin dövrdə tənəzzülə uğradı, inkişafdan qaldı. Sizin nəslin o
mənada bəxti gətirdi ki, çap olunmaq problemi yaşamadınız.
- Yafəs bəy, sən həyat tərzi
etibarilə də kifayət qədər maraqlı insansan. Şeirlərindəki azadlığı öz şəxsi
həyatında da qoruyub saxlaya bilirsən. Məsələn, mühafizəkar cəmiyyətdə heç
nədən çəkinmədən azad sevgi yaşaya bilirsən. Bir az da bu haqda danış.
- Bilirsən, bizim bir çox gənc
yazarlarımız yazılarında başqa dəyərləri müdafiə edir, amma şəxsi həyatında
mühafizəkarlıqdan çıxa bilmirlər. Bir çox xanım yazarlarımız vardı ki, öz
şeirlərində azad sevgidən yazırdılar, amma sonda klassik ailə modelinin əsiri
olub qaldılar, ərə getdilər, evdar qadın oldular. Bizim azad düşüncəli yazar
kimi tanıdığımız gənc yazarların demək olar ki, hamısı öz həyat tərziylə
yazdıqlarının əksinə getdi. Məsələn, ateist bir yazar atasının yasına molla
çağırdı. Sən ateistsənsə, molla niyə çağırırsan? Yəni yazdıqlarının arxasında
dura bilmədilər. Onlar cəmiyyətin qanunlarıyla hesablaşmaq
məcburiyyətindədirlər. Mentalitet əleyhinə yazanlar mentalitetdən kənara çıxa
bilmədi. Sən əgər daşıdığın düşüncəni müdafiə edə bilmirsənsə, yazdıqlarının da
heç bir effekti olmayacaq. Məsələn, postmodernizm haqda yazan adam görürsən ki,
hələ də qoşma yazır. Bunlar şeiri yazanda kütləvi düşüncəyə hesablayıb
yazırlar. Qoy hamı oxuyub bəyənsin. Məsələn, Adil Cəmil mənə deyir ki, mən
modernizmi də, postmodernizmi də çox gözəl bilirəm, amma şeirlərimi elə yazıram
ki, kəlbəcərlilərin xoşuna gəlsin.
- Bəs ailədə sənin bu azad sevgiylə
bağlı düşüncələrin necə qəbul olunur?
- Mənim xanımımın səkkiz illik
təhsili var, orta məktəbi bitirməyib. Mənim mətbuatda gedən yazılarımı,
şeirlərimi oxumur.
- Əgər bilsən ki, o, bu şeirləri
oxuyacaq, yəqin ki, yazmaqdan çəkinərsən.
- Xeyr, yenə yazardım. Bizim dörd
övladımız, altı-yeddi nəvəmiz var. Biz tam təsadüf nəticəsində evlənmişik.
Özünə də demişəm ki, mən sənə övladlarımın anası kimi hörmət edirəm, amma
sevmədən mərhəmət göstərib səninlə yaşamışam, bütün həyatımı sənə sərf etmişəm,
səni oğul-uşaq sahibi eləmişəm, indi də imkan ver, bir az nəfəs alaq. (Gülür)
Amma deyim ki, o heç vaxt mənə xəyanət etməyib, çox fədakar, cəfakeş bir
xanımdır. Ona deyirəm ki, sənə bütün həyatımı sərf etmişəm, azdır? Qoy bir az
da özümçün yaşayım. Zahirən büruzə verməsə də, görürəm ki, daxilən mənimlə
razılaşır.
- Bu yaxınlarda 60 yaşın tamam
olacaq. Bu yaşda yeni sevgi yaşamaq çətin deyil?
- Qətiyyən. Qocalmamışam axı. Mən
özümü daxilən çox gənc sayıram. Belə deyək də, hələ də qocala bilməmişəm. /Kənan Hacı, 1937.az/
|