Aqşin Yeniseyin yeni şeiri
18.04.14
Həmişə sevdiyim, ancaq heç vaxt mənim olmayan sevgilim, Öləndə basdırmayın məni, yandırın Dağların təpəsinə tökülsün külüm Bu qədər özgə doğmaların arasında yaşamaqdansa, Nə gözəldir ögey ölüm. Mən səni yanımda ola-ola unutdum. Yanımda ola-ola yoxa çıxdın. Sevməmək üçün niyə belə tez darıxdın?! İndi itirdiyim adamların hamısı sənsən. Sən mənim unudulduğum yer idin. Mən səndə itkin düşmüşdüm.
Xahiş edirəm, mənə kömək et, Mən də səni unudum? Bu gün səhər üzümü Göz yaşlarımla yudum. Dırnaqlarımı dişlərimlə tutdum, Yuyulmuş köynəyimi çəkdiyim ahlarla qurutdum. Artıq işıqdan da iyrənirəm, Hər yerdə məni kölgəyə, qaraltıya çevirir işıq, canı olmayan qara bir sürünənə. Mən yaddan çıxmış son meyvə kimi, Çürüyürəm vətən adlı ağacın əlçatmaz budağında. Üşüyürəm küləksizlikdən Yer üzünə sərilib boş səhraya çevrilirəm kimsəsizlikdən. Sən məni qurşaqdan aşağı, mən səni qurşaqdan yuxarı sevirdim. Hərdən Tanrıya da acığım tutur: Məni niyə quş yaratmadın, doyunca uçum? Məni niyə at yaratmadın, doyunca qaçım? Sən məni niyə boş qalmış quş yuvası yaratdın? Məni niyə həmişə kiminsə arxasınca ağlatdın?
Ağrılarım qocalıb, daha ağrıda bilmirlər canımı Ümidlərimin hamısı ölüb, arzularımın əcdadına çevrilib. Gözlərimi səni görməmək üçün yummuram, Özümü görmək üçün yumuram. Qalxıb divara mıx vururam. Bir azdan özümü portret kimi asacağam o mıxdan. Bu iş çoxdan olmalıydı... çoxdan e... lap çoxdan!
/1937.az/
|