Məşhur Kolumbiya yazıçısı Markes vəfat etdi
18.04.14
Məşhur Kolumbiya yazıçısı Qabriel Qarsiya Markes yaşadığı Meksikanın paytaxtı Mexiko şəhərində 87 yaşında vəfat edib. Publika.az xəbər verir ki, yaxınları Markesin qısa bir müddət əvvəl ağciyər infeksiyası səbəbiylə müalicə aldığı xəstəxanadan evə buraxıldığını açıqlayıblar. O, süni tənəffüs cihazı ilə nəfəs alırmış. Qabriel Qarsiya Markes 1927-ci ildə Kolumbiyanın Arakataka şəhərində anadan olub. 1982-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı alan Markes "Yarpaq Fırtınası" adlı romanı ilə ədəbiyyat dünyasına addım atıb. Onun ən məşhur romanı isə "Yüz ilin tənhalığı" sayılır. Romanda Buendia nəslinin yaranması, yüksəlişi, qürubu və məhvi əks etdirilib. Markes "Gözlənilən bir qətlin qısa tarixçəsi", "Polkovnikə məktub yoxdur", "Patriarxın payızı", "Vəba dövründə məhəbbət" və başqa əsərlərin müəllifidir. /publika.az/
|