91 saylı orta məktəbdə Şair Vaqif Bəhmənli ilə görüş keçirilib
17.04.14
Bakıdakı 91 saylı orta məktəbdə şair Vaqif Bəhmənli ilə müəllim və şagird kollektivinin görüşü keçirildi. Görüşü açıq elan edən məktəb direktoru Svetlana Zülfüqarova məktəb haqqında məlumat verdi və şagirdlərin ədəbiyyata, incəsənətə böyük maraqları olduğunu bildirdi.
Görüşü Azərbaycan Yazıçılar Birliyinin Ədəbiyyatı Təbliğ Bürosunun direktoru şair Nazim Əhmədli çıxış edərək Vaqif Bəhmənlinin həyat və yaradıcılığı haqqında danışdı. N.Əhmədli dedi ki, Vaqif Bəhmənli 1955-ci il mayın 23-də Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. Hələ tələbəlik dövründə ilk oçerk və şeirlərini dərc etdirən Vaqif Bəhmənli sonradan "Sovet kəndi" qəzeti redaksiyasında xüsusi müxbir kimi fəaliyyətə başlayıb. Sonra həmin qəzetdə mədəniyyət şöbəsinin müdiri vəzifəsində işləyib. "Kommunist", "Ədalət", "Odlar yurdu", "Humanitar" qəzetlərində, "XXI gənclik dərgisi", "XXI Yeni Nəşrlər Evi", Beynəlxalq Avrasiya Mətbuat Fondunda məsul vəzifələrdə çalışıb. Gənclər və İdman Nazirliyində şöbə rəisi olub. Hazırda Mədəniyyət və Turizm Nazirliyində şöbə müdiridir.
İndiyə qədər 35-ə yaxın şeir, publisistika, hekayə və tərcümələrdən ibarət kitabları çap olunub. Komsomol mükafatına, Şahmar Əkbərzadə, Rəsul Rza adına mükafatlara, Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb. Əsərləri bir çox xarici dillərə tərcümə olunub: "Vaqif Bəhmənli sevilən, seçilən sənətkardır. O bu sevgini öz zəhməti, istedadı, halallığı, sadəliyi ilə qazanıb. Onun şeirlərindən insan həyatına aid xoş məqamlar, sarsıntılar, acılı-şirinli anlar boylanır".
Sonra şair Vaqif Bəhmənli öz şeirlərini oxudu, şagird və müəllimlərin suallarına cavab verdi. Məktəbin mahnı və rəqs ansamblı maraqlı proqramla çıxış etdi. Şagirdlərin rəngarəng çıxışları məktəbdə ədəbiyyata və incəsənətə nə qədər böyük maraq olduğunu nümayiş etdirdi. /525.az/
|