Vaqif Bəhmənlinin və Rəşad Məcidin yeni kitablarının imza günü keçirilib
14.04.14
Azərbaycan Naşirlər və Poliqrafçılar Birliyi “Təhsil” Nəşriyyat Evinin kitab mağazasında şair Vaqif Bəhmənlinin “Hamı” və “İşartı” kitablarının, şair-publisist Rəşad Məcidin isə “Dəlicəsinə” kitabının İmza günü təşkil edib. Tanınmış yazarların, ziyalıların, oxucuların iştirak etdikləri mərasimdə qonaqlar müəlliflərin kitablarını avtoqrafla alıb, onlara həmsöhbət olmaq imkanı qazanıblar.
Azərbaycan Naşirlər və Poliqrafçılar Birliyinin sədri Bəhruz Axundov tədbiri açaraq kitabların insan həyatındakı rolundan bəhs edib. Azərbaycan ədəbiyyatında xüsusi yeri və rolu olan hər iki müəllifə uğurlar arzulayıb, kitabı əlahiddə qüvvə adlandırıraq bu qəbildən olan tədbirlərin əhəmiyyətini vurgulayıb: “Kitabin əvvəlki hörmətini özünə qaytarmaq lazımdı. Həyatımızın, mənəviyyatımızın durulmasında, inkişafında kitabın rolu əvəzsizdir. Mən bu İmza gününü bayram sayıram, kitabsevərləri bu gün münasibəti ilə təbrik edirəm”.
V. Bəhmənli bu qəbildən olan tədbirlərin oxucularla müəllif arasında əlaqə baxımından əhəmiyyətini önə çəkib. Yaradıcılığının bu səviyyəyə gəlib çatmasında əməyi olan insanlara minnətdarlığını bildirən müəllif bu yöndə Sabir Rüstəmxanlının adını xüsusilə qeyd edib. V.Bəhmənli yazarların bir-birlərinə dəstəyinin əhəmiyyətindən söz açaraq, dostluq xatirələrini bölüşüb. Tədbirdə iştirak edən yazarları özünə doğma insanlar saydığını dilə gətirən V.Bəhmənli həmkarı və dostu Rəşad Məcidin yeni işıq üzü görən “Dəlicəsinə” kitabı haqqında da təəssüratlarını bölüşüb.
Rəşad Məcid qonaqları salamlayaraq İmza günlərinin əsas mahiyyətinin oxuculara kitab almaq vərdişi aşılamaq oldugunu deyib: “Son vaxtlar yazarlar öz kitablarını oxuculara təqdim etməklə bu missiyanın öhdəsindən gəlməyə çalışırlar. Kitabı hədiyyə etmək bəzən onu dəyərdən salır. Pul verib alınan kitab da, o imza da oxucuya əziz olur”. R. Məcid kitabın təbliği işində, başda Bəhruz Axundov olmaqla, Naşirlər Birliyinin, “Təhsil” və digər nəşriyyat evlərinin əvəzsiz rolunu qeyd edib.
Xalq şairi Sabir Rüstəmxanlı müstəqillik dövründə çox sayda bədii kitabların nəşr edildiyini, keyfiyyəti ilə xarici kitablardan fərqlənmədiyini məmnunluqla vurğulayıb. Vaqif Bəhmənlinin yaradıcılığından söz açan S.Rüstəmxanlı onu “sözün ruhunu qoruyub saxlayan şair” kimi səciyyələndirib. S.Rüstəmxanlı Rəşad Məcidin yaradıçılığında obyektivliyi, səmimiyyəti qoruyub saxladığını bildirib: “Vaqif Bəhmənli ədəbiyyatda böyük hadisəyə çevrilib, Rəşad Məcid isə ədəbiyyatımızın həm qurucusu, həm təbliğatcısıdır”. S.Rüstəmxanlı belə kitabların üzə çıxarılmasında və təqdimatında “Təhsil” nəşriyyatının mühüm rolunu diqqətə çatdırıb.
İmza günündə çıxış edən Azərbaycan Dövlət Nəşriyyatının direktoru Azər Mustafazadə, yazıçı, millət vəkili Hüseynbala Mirələmov həm mətbuatımızda, həm də ədəbiyyatımızda “525-ci qəzet”in önəmli rol oynamasından bəhs ediblər.
Sonda müəlliflər oxucular üçün kitablarını imzalayıblar. /525.az/
|