Əsəd Qaraqaplan: “Mənə "çox kitab yazırsan" deyənlər bir gün peşman olacaq...”
09.04.14
Bu günlərdə yazar Əsəd Qaraqaplanın “Sevgidən sonra qadınlar” adlı şeirlər kitabı çapdan çıxdı. Yeni kitabıyla bağlı yazarla görüşüb ona bir neçə sual ünvanladıq. -Əsəd, sayca 7-ci kitabın nəşr olundu. Təbrik edirəm. Bu yaşda 7 kitab səncə, çox deyil? -Çox sağol, abi, təşəkkürlər... Yox, çox deyil, mən deyərdim, hətta çox azdı. Hələ çap olunmamış bir romanım və başqa yazılarım, fikirlərim var. Ümumiyyətlə, yazmaqdan, kitabdan qorxmaq lazım deyil. Yazar belə xırda şeyləri özünə kompleks eləsə, bir az böyük şeylərin qarşısında əzilər. Necə ki, bundan çəkinən, qorxan adamları həmişə əzilən, itib-batan, məhv olan gördük. Mənə çox kitab yazırsan deyənlər vaxt gələcək az yazdıqlarına görə çox peşman olacaqlar... Bir misal çəkim; demək Türkiyənin ən böyük yazarlarından biri Peyami Səfa 26 yaşında artıq 7 roman yazmışdı, mənimsə artıq 29 yaşım var. Bir də ədəbiyyatı həyat tərzi kimi seçdinsə, bitdi artıq. Sənin tək işin yazmaqdı. Alverçinin tək işi necə alverdisə, eynən elə... -Kitabının adı “Sevgidən sonra qadınlar”dır. Niyə kitaba məhz bu adı seçdin? -Gerçəkdən də bu şeirlər sevgidən sonrakı yalnızlığı və qadınları anlatmağa çalışır. Bu sarsıntıları yaşayan insanın müxtəlif hallarını, ruhi və psixoloji durumunu göstərir. Bu üzdən şeirlərin sevgidən doğan yalnızlıq qatı daha çoxdur. Yəni bu şeirlər sevgidən sonrakı yalnızlığı, ruhi sarsıntıları, mənən tənəzzülü səmimi şəkildə yazmağa çalışdığım şeirlərdi. Bütün yazdığım şeirlərin içindən 40 şeir toplayıb, bir sistem halında kitab elədim. Son beş ildə mənim gerçək yaşantılarımı bu 40 şeir qədər ifadə edən heç bir kitabım yoxdu. -Həm şeir, həm roman, həm də köşə yazıları yazırsan. Özünü hansı janrda daha rahat ifadə edə bilirsən? -Tam səmimi deyim; hər janrın yazı prosesində öz ləzzəti var, başqa-başqa dadlı yeməklər kimi. Necə ki, bir yeməyin ləzzətini başqa biri verə bilmir, bunlar da elədi; birinin zövqünü o biri vermir. Yəni hərəsinin öz ləzzəti var. Əslində bir şeyi deyə bilərəm ki, mən yazılarımın hamısını şeir kimi yazıram. Yəni içdən, enerjili, ruhsal bir alt qatla. Ona görə şeirlərimdə o yazıları, ya da o yazılarda şeirlərimi görə bilərsiz. Romanlarım mənim ən böyük şeirlərim, köşələrim də bir az böyük şeirlərimdi. İçində şeir olan hər şey insan ruhuna əbədi həkk olunan bir şeydi. Hər şeyi söküb atmaq, unutmaq olar, ancaq şeiri yox. Və mənimçün gözəl, içdən, enerjili, ruhsal bir yapıyla yazılmış bütün mətnlər şeirdi. Fərqi yoxdu nəsr olsun, köşə olsun və s... -Bütün kitabların “Ən Özgür Ədəbiyyat” seriyasından çıxıb. Öz nəsildaşların içində kimləri özgür yazar hesab edirsən? -Bilirsən ki, “Ən Özgür Ədəbiyyat” seriyası heç bir ədəbi çevrəyə mənsub olmayan, özünü heç bir ədəbi “...izm”ə, zümrəyə aid etməyən yazarların seriyasıdı. Bu seriyanın özəlliyi ondan ibarətdir ki, özünü Özgür bilən hər yazar bu loqini götürüb kitabını seriyaya daxil edə bilər. Bu, yazı adamının təkcə düşüncə, təfəkkür, mətn və s. özügürlüyünü deyil, həm də seçim özgürlüyünü ortaya qoyur. Və mən də yazmağa, özümü artıq ortaya çıxmağa hazır hesab edəndə anladım ki, bir özgür yazar heç bir tərəfdə, heç kimin yanında olmamalıdır. O, sadəcə, öz tərəfində və öz yanında olmalıdı. Çünki təkbaşına aparılan mübarizələrin qələbəsi həmişə böyük olur. Və ədəbiyyat ev tikmək deyil ki, qonşuları yığıb iməcilik edəsən. Tək olacaqsan, tək tərəfdə olacaqsan – özün tərəfdə. Prinsip budur... Mənimçün bu prinsipləri özünə daşıyan hər kəs özgürdü. Qaldı ki, nəsildaşlarım haqqıında danışmaq mənimçün çox çətindi. Çünki bizlər gənc olduğumuza görə bu gün zəif, kölə təfəkkürlü kimi görünə, sabah əksini göstərə bilərik. Ancaq özgür ruha sahib bir yazarın necəliyinə dair köhnə nəsillərdən bir misal çəkə bilərəm: Vaqif Bayatlı Odər. Məncə, bizim nəsildaşlar arasında da bir neçə Vaqif Bayatlı Odər var. Səsləri yaxında çıxar... -Zahirən çox narahat adam təsiri bağışlayırsan. Niyə həmişə narahatsan? -Yəqin belə doğulduğumdandı. Mamam deyir ki, hətta qarnımda da bir yerdə qalmazdın, elə hey çabalayar, təkmə atardın. Deyir, hətta bir dəfə o qədər çabaladın, təkmə atdın ki, əsəbiləşib qarnıma bir yumuruq vurub dedim ki, bəsdi də təkmə atdın... Belə demək mümkünsə, mən bu narahat görkəmdə daha çox rahatam. Sanki narahat olmasam, rahat ola bilmirəm. Hərdən bu narahat xarakterə görə özümə acığım tutsa da, məni rahat edən şeyləri bu “narahatlığa” görə qazandığımı düşünəndə bir az sakit oluram. Bir də ki, yazı-pozu adamları zatən belədirlər də. Həmişə özləriylə, öz içləriylə uğraşmaqdadılar. Yoxsa yaza bilməzlər axı... -Eşitdiyimə görə yeni bir roman yazırsan. Bu dəfəki romanın nədən bəhs edir? Əslində çoxdan yazıb bitirmişəm, lap keçən il. Sadəcə, bu səfər çap eləmədim. Çünki özümü tam hazır hiss eləmədim bu romanı çap etməyə. Bu roman mənimçün çox əziz və çox məhrəmdi. Onu bir az da özümdə saxlmaq, içimdə yetişdirib ortaya çıxarmaq istəyirəm... On sevgi məktubundan ibarət olan romanın ilkin adı da bir şeirimin adıyla “Ağ yaz paltolu qadın”dır... Bundan başqa bir fəslini çoxdan yazdığım psixoloji bir roman və ağlımda da daha bir sarkazmlı roman var. Görək nolur da... -Yoxluğun gerçək halı necə olur? -Məncə, belə olur: bütün sevdiklərin bir gün sevmədiklərin kimi gəlir sənə gözünə dolan yaş belə ağlamağın ötəsinə bağlı bir şey zəif, gücsüz və kimsəsiz olursan zamanların çoxunda və heç kəsin anlamayacağı bir şeylərdi - mənim sənə anlatmaq istədiklərim...
gedəcəyin ən uzun yoldu özünə - öz içinə qapanmağın... bir gün hər kəs səni özü kimi görməyəndə üzülür və sən də üzülürsən çıxıb getməlisən deyə yəni burdan – özündən öz içindən ən dəhşətlisi odur – qayıtmağa da yol qalmayıb yəni onların da haqlı olduğu bir şeylər var – bir məqamlar sənin də haqlı olduğun...
iki haqlı - bir haqsız var sən həm haqlı - həm haqsızsan daha çox haqlı – daha çox haqsız… -Hansı ovqat sənə şeir yazdırır? Yazmaq üçün gücü hardan alırsan? -Özümü daha çox yalnız – hər kəsdən və hər şeydən uzaqda hiss edəndə yazıram. Adətən bütün yazdıqlarımın alt qadında bir yalnızlıq dayanır. Mənə görə, yazmaq yalnızlığı hiss etmək məsələsidi, yazının əsas mayası yalnızlıqdı. Və mən təkcə yazmaq yox, bütün həyat gücümü yalnızlıqdan alıram. Özümlə baş-başa qalanda özümü çox güclü və böyük hiss edirəm. O an edə bilməyəcəyim bir şeyin olmadığını da duyuram. Eynən ilk insanlar kimi. Mənə elə gəlir, ibtidai insanlar çox yalnız və həm də çox güclü olublar. İnsanın bu günə gəlib çıxmasının özü də yalnızlıqla – ondan alınan güclə bağlıdı. Mən də çox vaxt özümü ibtidai insan kimi hiss edirəm, ən çox da yazanda. Sanki o an bütün həyat enerjim, gücüm ortaya çıxır, sanki ac qalmaqçün bir mamontu qovar kimi, ya da bir tonqalın başında hanısa ovun qızarmasına baxar kimi hiss edirəm. Və bilirəm ki, mənim yazdıqlarımda da bir vəhşi ibtidai güc var. Mənim hər şeyimi əlimdən almaq olar, bircə yalnızlığımdan – ibtidailiyimdən başqa. Məncə, bütün gerçək insanlarda belədi... -Qadınlar haqda çox yazırsan. Qadın sənin həyatında kimdir? Nə vaxtsa bir qadınla uzun bir ömür yaşamaq haqda düşünmüsənmi? -Yazarın güc aldığı ilkin mənbədən – yalnızlığı ifadə edən ibtidailikdən başqa bir neçə real həyat yaşantı mənbəsi də var. Bunlar qadın, içki, səyahət və başqa ciddi məsələlərdi. Hətta kütlənin buna qeyri-ciddi, əxlaqsız və s. kimi yanaşmasının özündə də qəribə bir ciddiyət və dərinlik var. Çünki bütün bunlar hər kəsin axıra qədər içində daşıya biləcək bir yük deyil. Şəxsən mənimçün bunlarsız yaşam və yazmaq yoxdu. Çünki bu həyatı gözəlləşdirən çox az şey var; onlardan da məhrum olsaq, həyatımızın heç bir anlamı olmaz... Həyatımdakı bir qadını sevməyim, ya da onun məni sevməsi qədər mənə güc verən heç bir həyat faktı yoxdu. Çünki kişi yalnız bir qadınla bir yerdə olanda bötüv – gerçək bir kişi olur. Bu, təbiətin ən vaz keçilməz qanunauyğunluğudu. Burda hətta əxlaq belə aciz qalır... Qaldı, nə vaxtsa bir qadınla uzun bir ömür yaşamaq haqda düşünməyimə; bax, bu haqda danışmaq həm çətin, həm də anlamsızdı mənimçün. Çünki mən həyatımı proqnozlaşdırıb, sabahımı düşünərək yaşayan biri deyiləm. Zatən gerçək bir qadın gəldiyində kişidən belə soruşmaz, sadəcə gələr. Bax, o qadın sənin gerçək və bir ömürlük qadının ola bilər... -Müasir Azərbaycan ədəbiyyatında özünü hansı yerdə görürsən? Bu haqda heç düşünməsəm də, indi ağlıma gələni deyəsi olsam, deyə bilərəm ki, bu günə qədər yazdıqlarıma və xüsusən də son kitabıma görə ədəbiyyatda özümü çox azlardan biri kimi görürəm. Təbii ki, yaşımı da nəzərə alaraq. Ancaq bu hələ başlanğıc olduğu və öz gücümü, potensialımı bildiyim üçün indidən çox şey demək olmaz. Bir də tam səmimi deyim; bütün bunlar məni düşündürən və narahat edən məsələlər deyil. Çünki elə düşündürücü və narahatedici məsələr var ki, bunlar onun yanında çox kiçik qalır. Harda, hansı yerdə və necə olmağından asılı olmayaraq, əsas özün olmaq, özünlə olmaq, savaşa davam etmək faktı var. Zatən gerçək yazarlıq hansı yerdə olmaq deyil, hansı yerlərdə olmamaq, yəni özün olmaqdı... Kənan Hacı /publika.az/
|