Sara Selcan - Gecəni aydınladan sən olduğun küçə var
02.04.14
Sənə qələbədən danışacam, oğlum... Sənə qələbədən danışacam, oğlum, Müharibəni dəlicəsinə oynayıb, Ağılsızcasına uduzmağımızdan Danışmayacam. Məğlubiyyətdən deyil, Şəhid olub qapı-qapı paylanmaqdan, Qaçqın olub ev-ev səpələnməyimizdən, 26 fevralda donan ahımızdan, Xocalının yayın istisində də canımızdan çıxmayacaq soyuğundan Danışmayacam. Sənə qələbədən danışacam, oğlum Ora necə yüyürməyimizdən Aparmağımızdan bayrağı Şuşaya ürəyimizdə. O torpağa sancandan sonra bayrağı Alçaq boyumuzun Necə böyüməyindən, Ordakı qanların yerində açan al lalərdən Danışacam, oğlum. Mən danışdıqca Sənin gözlərin böyüyər - Qan necə laləyə dönər, ana, - soruşarsan. Mən: - Axı, ikisi də qırmızıdır, deyərəm. Sənin təsəvvüründə rənglər sayrışar, O qırmızıyla qaçdı-tutdu oynayarsan. Axı uşaqlar rəngləri və işığı çox sevir, Rəngsizliyi deyil. Sənə qələbədən danışacam, oğlum... Sən qələbədən sonra doğulacaqsan. lll Səni gizli sevmişdim, Aşkarca unudacam. İsti xatirələrlə Gözümü qurudacam. Əynimdə köhnəldəcəm, Kədərin siyah donun, Sən inadcıl,mən də tərs NeyləsinYaradanım. Keçmişi düşünəndə Həmişə köks ötürdün, Bəsdir, gələcəyə bax, Bax... 2014dü... lll Kimin atdığı sözdən Xatirən çilikləndi, Qırıldın öz içində Baxışın gileyləndi... Gecə Ucuz yuxunu Sənə baha sırıyır Səni yarıdmayanlar Səndən yaman yarıyır.. Heç bilmədiklərin Xatırlayır adını.. Gələcək nə vəd edir, Sənə, bədbəxt qadın... Yanvarın sehri Çöldə yanvarın sehri, Bir də soyuq gecə var, Gecəni aydınladan Sən olduğun küçə var. Aldığın hər nəfəsin, Bəsimdi, elə bəsim, Can dediyin - qəfəsim, Eşq dediyin acı var. Eh, üzüldüm nələrçin, Dən gəzən sərçələrçin, Zavallı bəndələrçin Tanrı adlı Uca var.
/525.az/
|