Ədəbiyyat İnstitutunda ötən ilin ədəbi prosesinin yekunları müzakirə edilib
02.04.14
Azərbaycanda ötən ilin ədəbi prosesinin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə akademiyanın əsas binasında “Ədəbi proses-2013: yekunlar və vəzifələr” mövzusunda yaradıcılıq müşavirəsi keçirilmişdir. Tədbiri Ədəbiyyat İnstitutunun direktoru vəzifəsini icra edən, akademik İsa Həbibbəyli açaraq yaradıcılıq müşavirəsi haqqında məlumat vermişdir. Bildirilmişdir ki, 1976-cı ildən 1984-cü ilədək Ədəbiyyat İnstitutunda ardıcıl olaraq ilin ədəbi proseslərinə həsr olunmuş yaradıcılıq müşavirələri keçirilmişdir. Akademik səkkiz il ərzində keçirilmiş bu müşavirələrin yekunlarına həsr olunmuş 6 kitabın çap olunduğunu diqqətə çatdırmış və bu nəşrlərin müasir dövrümüzdə ədəbiyyatşünaslar üçün dəyərli mənbə olduğunu bildirmişdir. Artıq 30 ildir yaradıcılıq müşavirələrinin keçirilmədiyini qeyd edən İsa Həbibbəyli o dövrdə yazıçı, ədəbiyyatşünas, tənqidçi və qələm sahiblərini əhatə edən və işgüzar dialoq, qızğın müzakirələr şəraitində keçirilən tədbirlərin əhəmiyyətindən danışmış, bu proseslərin yaddaşlarda silinməz izlər qoyduğunu söyləmişdir. Akademik İsa Həbibbəyli rəhbərlik etdiyi elm ocağında 30 ildən sonra ədəbi proses üzrə yaradıcılıq müşavirələrinin keçirilməsinin qərara alındığını nəzərə çatdırmışdır. Bildirmişdir ki, bu müşavirələr ölkəmizdə gedən vahid ədəbiyyat prosesinin uzun bir dövr ərzindəki inkişaf istiqamətlərinin yekunlarını özündə ümumiləşdirəcəkdir. Ancaq bu müşavirələr əvvəlkilərdən fərqli formatda və məzmunda işini davam etdirəcəkdir. Qeyd edilmişdir ki, ölkəmiz müstəqillik qazandıqdan sonra ədəbiyyatla xalq, müstəqil dövlətimiz eyni düşüncənin, eyni prosesin və ideologiyanın daşıyıcısı olmuşdur. Bu gün müstəqil Azərbaycan dövləti ilə xalqın milli mənəvi maraqları bir-birini tamamladığı üçün ədəbiyyatımız da müstəqil dövlətin tələblərinə cavab verməlidir. Akademik İsa Həbibbəyli rəhbərlik etdiyi qurumda “Ədəbi proses-2013: yekunlar və vəzifələr” mövzusunda yaradıcılıq müşavirəsinin keçirilməsi istiqamətində aparılmış elmi-təşkilatı işlərdən danışmışdır. Vurğulanmışdır ki, artıq Ədəbiyyat İnstitutunda ədəbi tənqid şöbəsi yaradılmış və bu sahədə mühüm addımlar atılmışdır. İsa Həbibbəyli yaradıcılıq müşavirələrin Azərbaycan Yazıçılar Birliyi ilə birgə keçirilməsinin əhəmiyyətindən danışmış, yekun müzakirələrinin və tədbirin gələn il ölkənin qələm sahibləri, ədəbiyyatşünasları ilə birgə bu qurumda təşkil edilməsinin vacib olduğunu söyləmişdir. Müşavirəyə təqdim olunmuş məruzələrin kitab şəklində nəşr ediləcəyi nəzərə çatdırılmışdır. Tədbirdə AYB-nin katibi Rəşad Məcid çıxış edərək 30 ildən sonra yaradıcılıq müşavirəsinin təşkil edilməsinin əhəmiyyətindən danışmışdır. O, tədbirin Azərbaycan Yazıçılar Birliyi ilə birgə keçirilməsini yüksək qiymətləndirmiş, iştirakçılara uğurlar arzulayaraq ölkəmizdə baş verən ədəbi proseslərdə daha fəal olmağa çağırmışdır. Yaradıcılıq müşavirəsində, ümumilikdə, 9 məruzə dinlənilmişdir. Ədəbiyyat institutunun ədəbi tənqid şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Vaqif Yusiflinin “İlin ədəbi mənzərəsi”, ədəbi tənqid şöbəsinin elmi işçisi Nərgiz Cabbarlının “2013-cü ilin şeiri” və digər mövzularda məruzələrdə Azərbaycandakı ədəbi proseslərin ötən il üzrə yekunları ilə bağlı fikirlər bildirilmişdir. Məruzələrdə ötən il Azərbaycan ədəbiyyatının nəsr, poeziya, həmçinin dramaturgiya janrları sahələrində baş vermiş ədəbi yeniliklərdən, gənc müəlliflərin və elm adamlarının diqqətini cəlb edən əsərlərdən danışılmış, müəlliflər haqqında söhbət açılmışdır. Müşavirədə, həmçinin bədii tərcümə sahəsindəki son vəziyyət də müzakirə edilmişdir. /AzərTAc/
|