Kənan Hacı: “Qızı özümə tərəf sıxıb öpdüm, sonra isə...”
01.04.14

Yaradıcılığına o qədər də bələd deyildim, ta ki, “Yaddaş kartı”nı oxuyana qədər. Sözün düzü, bu kağız bolluğunda hər kitabı oxuyacaq səbirdə olmadığımı bilsəm də, “Yaddaş kartı” çağdaş yazarlarla bağlı düşüncəmi 180 dərəcə dəyişdi. Kitabı demək olar ki, birnəfəsə oxudum. Hətta deyərdim ki, su kimi içdim. Bəlkə gerçək bir həyat hekayəsi olduğundan idi, ona görə. Sözün düzü, hər zaman sakit və qapalılığı ilə maraq doğuran bu insanın qaradinməzliyi arxasında üsyankar, təlatümlü bir kimsənin gizləndiyinə yüzə-yüz əmin idim. Bu kitab zənnimdə yanılmadığımı bir daha sübut etdi. Kənandan danışıram, tanınmış yazıçı Kənan Hacıdan. Bu dəfə o, mənimlə uşaqlıq xatirələrini paylaşdı. Ailənin yeganə övladı olan, ata və anasını itirəndən, bir talenin oyununda uduzandan sonra yalqızlığına qapılıb, bir az da qaradinməz olan müsahibim mənimlə söhbətdə heç də qapalı olmadı.

 

Qaradinməz oğlanın qarpız oğurluğu…

 

 “Mən ümumiyyətlə, xaraktercə çox qapalı adamam. Uşaqlıqda da belə olmuşam, çox vaxt valideynlərimə deyirdilər ki, bu uşaq niyə belə qaradinməzdi? Onlar da deyirdi neyləyək, bu da belə uşaqdı da. Evdə qonaq-qara olanda mən öz otağıma çəkilirdim, ya kitab oxuyurdum, ya rəsm çəkirdim. Mənim ayrıca bir dünyam vardı, heç kəs bu balaca dünyadan baş aça bilmirdi. Bu vərdiş sonralar mənə çox mane oldu, insanlarla rahat ünsiyyət qura bilməyəndə xarakterimdəki bu cəhətlə çox mübarizə apardım. Həyat insanı bəzən kobudlaşdırır, mən yaşa dolduqca o qaradinməzlik bir az başqa formada üzə çıxdı, bu, sanki içimdə yığılmış enerjiydi, çölə fışqırdı. Bəzən həddən artıq sərt olurdum, hansısa haqsızlıqla üzləşəndə çox sərt şəkildə etiraz edirdim ki, bunun da mənə çox ziyanı oldu. Amma hamı kimi normal uşaqlığım keçib. Atam Neft Daşlarında işləyirdi, on beş gün evdə, on beş gün dənizdə olurdu. Gedəndə məni anama tapşırırdı ki, uşağa nəzarət elə, tərbiyəsi pozulmasın. Nə qədər məndən arxayın olsa da məhəlləmizdəki qeyri-sağlam mühit onu narahat edirdi. Məhəllə avara uşaqlarla doluydu və mən bu uşaqlardan özümü təcrid edə bilmirdim. Nə qədər qaraqabaq, sakit uşaq olsam da onlar məni öz dəstəsinə qoşmağa can atırdılar. Bir müddət buna nail oldular. Velosiped sürməyi, balıq tutmağı, qonşu bağa qarpız oğurluğuna getməyi mənə onlar öyrətdilər”.

 

Bir öpüşün cəzası…

 

 “Sinfimizin ən gözəl qızı ilə bir parta arxasında otururdum. Bir dəfə hətta dinc durmayıb qızı özümə tərəf sıxıb öpdüm, sonra isə utandım. Onun  anası da həmin məktəbdə coğrafiya müəlliməsi idi, qız ağlaya-ağlaya gedib anasına məndən şikayət elədi, o da sinfə gəlib məni hədələdi. Elə həmin gün qızın yerini dəyişdilər. Mən də acığa düşüb səhəri gün dərsə gəlmədim. İki-üç gün dərsə getmədim, axırda sinif rəhbərimiz anama dedi ki, uşaq dərsə gəlmir. Sonra məsələnin üstü açıldı, anam mənə bir az öyüd-nəsihət verdi, bir az da danladı ki, ayıb deyil, camaatın qızını niyə öpürsən? Səhər dərsə gedəndə birinci dərsdə hamı sinfə doldu, mən də ön cərgədə otururdum, yerimə keçəndə donub qaldım, həmin qız əvvəlki yerində oturmuşdu. Müəllim dedi ki, bax, qızı yenə öpüb eləməyəsən ha, yoxsa səni başqa sinfə keçirəcəm. Bu, birinci sinifdə olmuşdu. Orta məktəbi bitirənə qədər o qızı sevdim, sinfin bütün qızları, oğlanları bilirdi ki, mən o qızı sevirəm. Bəzən çantamı açanda görürdüm ki, hansısa qız xəlvəti “zapiska” yazıb qoyub ki, “səndən xoşum gəlir, niyə mənə tərəf baxmırsan?” Dönə-dönə xəttinə baxırdım ki, görəsən bunu kim yazıb? Sinfə göz gəzdirirdim ki, heç olmasa, onu baxışlarından tutum. Bu mənada qızların həmişə mənə marağı olub. Amma mən orta məktəbi bitirənə qədər o qızla dost oldum, heç vaxt da ona “səni sevirəm” sözünü deyə bilmədim. Heç öpməyə də cəsarətim çatmadı. Sonuncu zəng günündə utana-utana mənə dedi ki, birinci sinifdə məni öpməyin yadındadı? Mənsə elə bilirdim ki, bunu çoxdan unudub. Sən demə, unutmayıbmış...”

 

 

“Heç vaxt qızların diqqətini özümə yönəltməyə də cəhd etməmişəm”

 

“Vallah, heç vaxt diqqət çəkməyə çalışmamışam. Heç vaxt qızların diqqətini özümə yönəltməyə də cəhd etməmişəm. Amma nədənsə hamıdan çox diqqət mərkəzində olurdum. Sinif rəhbərimiz şəkil çəkdirəndə məni həmişə öz yanında saxlayırdı, pis oxuyan şagirdlərə məni nümunə göstərirdi. Beşinci sinfəcən çox yaxşı oxumuşam, amma sonra dərslərdə zəiflədim. İbtidai sinif müəllimimiz də hər dəfə məni danlayırdı ki, axı sən hamıdan yaxşı oxuyurdun, əlaçıydın, nooldu sənə birdən-birə? İllər keçəndən sonra oxuduğum məktəbə yolum düşdü, birinci sinif otağına girəndə Qasım müəllim uşaqlara məni belə tanıtdı: “Mənim şagirdim olub, indi tanınmış yazıçıdı”. Qasım müəllim mənə dedi ki, mən hamıdan çox sənə inanırdım, çünki sən həm yaxşı oxuyurdun, həm də hər şeyə qeyri-adi münasibətin vardı, uşaqlardan çox fərqlənirdin”.

 

“Meyvə-tərəvəz köşkündə başlanan eşq hekayəti”

 

 “Mən bu xəstəliyə çox tez yoluxmuşam da. Yoxsa qəfildən qızı öpməzdim ki. O vaxt heç mən bilmirdim ki, həyəcan necə olur. Xatırlamıram o anlarda həyəcan keçirmişdimmi ya yox... İlk həyəcanı 18 yaşım olanda yaşamışam. Meyvə-tərəvəz köşkündə satıcı işləyirdim, bir qız hər gün axşamçağı dayanacaqda avtobusdan düşüb məndən nəsə alıb evə gedirdi. Heç bilmədim ki, bu qıza haçan vuruldum. Həmişə piştaxtaya yaxınlaşanda gülümsəyirdi və bu təbəssüm məni dəli eləmişdi. Saçı üzünə tökülürdü və o da tez-tez saçını qulağının arxasına yığırdı, bu hərəkəti o qədər zərif şəkildə edirdi ki, ürəyim əsirdi. Bir gün o qız görünmədi, çox narahat oldum. Onda anladım ki, artıq o qıza vurulmuşam. Sən demə, qonşu kəndin məktəbində işləyirmiş, həmin gün də bazar günü olduğundan evdən çıxmayıb. Bir müddət keçəndən sonra gördüm ki, o da mənə qarşı biganə deyil və hər şey bundan sonra başladı. İlk görüşdə çox həyəcanlıydım, bilmirdim ki, nədən danışım. Avtobusda ayaq üstə gedirdik və o, tutacaqdan yox, mənim plaşımın yaxasından tutmuşdu. Bu, mənə ləzzət elədi, o qədər gözəl duyğu idi ki, bunu sözlə ifadə eləmək çox çətindir”.

 

“Ünvanına çatmayan məktublar”

 

 “Tale elə gətirdi ki, biz bir-birimizi sevsək də mənim valideynlərim bizim ailə qurmağımıza mane oldular. İndi onlar haqq dünyasındadırlar, amma buna görə hələ də onları bağışlaya bilmirəm. Ortaya maneələr çıxandan sonra qız məndən uzaqlaşmağa başladı, dedi ki, sənin valideynlərinin xeyir-duası olmadan biz xoşbəxt ola bilmərik. Gecə-gündüz ona yalvarırdım ki, razılaş, səni götürüb qaçım. Buna razı olmadı. Havalanmaq həddinə çatmışdım, ona sevgi məktubları yazırdım, amma yollaya bilmirdim. O sevgi məktubları heç vaxt ünvanına çatmadı”.

 

“O qıza hətta ev telefonuyla danışmağa da qadağa qoymuşdum”

 

 “Kənd uşağı olasan, kompleksin olmaya? Bu, mümkün deyil. O vaxt indiki kimi mobil telefonlar yox idi, mən o qıza hətta ev telefonuyla danışmağa da qadağa qoymuşdum, evdən heç yerə çıxa bilməzdi, mənim bəyənmədiyim paltarı geyə bilməzdi. İndi bunları düşünəndə mənə bir az gülməli gəlir. Qəribədir ki, o da mənim bu qadağalarıma qarşı çıxmırdı. Anası bu məsələdə mənim tərəfimi saxlayırdı. Mən qızın barmağının ölçüsünü götürüb ona nişan üzüyü də almışdım. İndi bunları xatırlamaq mənim üçün çox ağırdır. Çünki o qızdan ayrılandan sonra mənim həyatımda dərin bir uçurum yarandı və mən and içdim ki, evlənməyəcəm. Evin yeganə övladıydım, artıq yaşım iyirmini keçəndən sonra çox cəhd elədilər ki, məni evləndirsinlər, inadımdan dönmədim. Valideynlərim dünyasını dəyişənə qədər mən evlənmədim”.

 

 

“Ağır xəstə yatan anam dedi ki, qurban olum, get, o qızı al”

 

 “Heç vaxt unutmaram, anam ağır xəstə yatırdı, məni çağırıb dedi ki, noolar, qurban olum, get, o qızı al. Bilirdi ki, o da ailə qurmayıb. Aradan on ildən çox vaxt keçmişdi. Dedim ki, ana, çox gecdi, çox... O qız müğənni oldu və anamın vəfatından bir müddət sonra bir toy məclisində yeyib-içdiyim yerdə qəfildən hiss elədim ki, müğənninin səsi mənə tanış gəlir, içimi titrədir bu səs. Başımı qaldıranda o qızı gördüm, indi təsəvvür edin ki, nə hala düşdüm. Tərslikdən çıxış üçün mənə söz verdilər, əməlli-başlı özümü itirmişdim, heç nə danışdığım da yadımda deyil, mahnı sifariş verəndə üz-üzə gəldik, dedim ki, ürəyin hansı mahnını istəyir oxu. Təkrar o hissləri yaşamaq çox çətindi, bir mahnı oxudu, əməlli-başlı məhv oldum. Ürəyimdə dedim ki, ay zalımın qızı, niyə o vaxt mən deyənə qulaq asmadın?!”

 

“Forslanırdım ki, qəzetdə şeirim çıxıb”

 

“Elə əvvəldən jurnalist olmaq istəmişəm. Bircə bu məsələdə rəhmətliklər mənə mane olmadılar. Uşaqlıqdan yazı-pozuya həvəsim olub, 9-10 yaşım olanda anam məni kənd kitabxanasına üzv eləmişdi, kitabxanada az qala bütün kitabları oxumuşdum, şeirlər yazmağa cəhd edirdim. Hətta bir-iki şeirimi “Azərbaycan pioneri” qəzeti çap eləmişdi, bütün məktəbdə məşhurlaşmışdım. Bir az da forslanırdım ki, qəzetdə şeirim çıxıb. Baxıb gördülər ki, bacardığım iş elə bu olacaq. Ona görə mənim jurnalistikanı seçməyimə etiraz etmədilər. Sonralar qəzetdə yazılarım çıxanda atam da mənimlə fəxr edirdi”.

 

“Bu “təxribat”ı kimin törətdiyini heç kəs bilmədi”

 

“Yadımdadır, bir dəfə hansısa müəllimin dərsiydi, biz də dərsdə iştirak etməmək üçün bəhanə axtarırdıq və qəfildən uşaqlardan kiminsə ağlına gəldi ki, aşağı düşüb fakültənin işığını ümumi xətdən ayıraq. Belə də elədik və sonralar da bu “təxribat”ı kimin törətdiyini heç kəs bilmədi”.

 

Mir Şahinin yazılarını acgözlüklə oxuyurdum və…

 

 “Heç vaxt kumirim olmayıb. Həyatda da, jurnalistikada da, ədəbiyyatda da yaxşı mənada qibtə etdiyim, öyrəndiyim, sevdiyim adamlar olub. Ədəbiyyatda Anara, jurnalistikada Mir Şahinə pərəstiş etdiyim çağlar olub. Anarın “Sizsiz” əsərini dönə-dönə oxuyurdum, bu əsər özünün yazı tərziylə, üslubuyla məni valeh eləmişdi. Mir Şahinin yazılarını acgözlüklə oxuyurdum və düşünürdüm ki, görəsən nə vaxtsa mən də belə yazılar yaza bilərəm? Bu, əlbəttə ki, sənətlə, ədəbiyyatla ilkin tanışlıq dövrü idi, o zaman hələ 15-16 yaşım vardı”.

 

“Jurnalist olmasaydım, yəqin ki…”

 

“Uşaqlıqda mənim xobbim şahmat olub. Şahmata böyük marağım vardı. Moskvada çıxan “Şaxmatnoe obozrenie” jurnalının hər nömrəsini alırdım, şahmatla bağlı kitablar alıb oxuyurdum. Rasim adında bir dostum vardı, elə vaxt olurdu ki, 10 saat, 12 saat fasiləsiz olaraq onunla şahmat oynayırdıq. Bir də rəsm çəkməyi xoşlayırdım, yaxşı rəsmlər çəkirdim, jurnalist olmasaydım, yəqin ki, rəssam olardım. Adama baxıb onun rəsmini elə dəqiqliklə çəkirdim ki, evdəkilər məəttəl qalırdı. Çəkdiyim şəkillərin bəziləri indi də qalır”.

 

“Anamın son nəfəsinə və dəfninə yetişə bilmədim”

 

“Həyatımın ən acı xatirəsi atamı və anamı itirdiyim günlər olub. Anam xəstəxanada yatırdı, heç ağlıma gəlməzdi ki, tezliklə dünyasını dəyişəcək. O dünyasını dəyişən gün mən Bakıda deyildim. Məni ağrıdan odur ki, onun dəfninə çata bilmədim. Torpaq təpəyə baxıb heç cür inana bilmirdim ki, anam artıq bu torpağın altındadır. Dəhşətli bir hissdir. Son nəfəsinə də, dəfninə də yetişə bilmədim və bu, indinin özündə də mənə dəhşətli dərəcədə əzab verir”. /publika.az/

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.