Nahid Hacızadə - Şair Teymur Elçinin 90 illiyinə
31.03.14

Mart - yazın nübar ayı... Mart - duyğulara, hisslərə qanad verən, insan xəyalını pərvazlandıran gül-çiçək, xeyir-bərəkət fəsli...

İlin bu çağında doğulanlar təbiətən romantik olur, qəlbini, taleyini sözə, sənətə bağlayır və çox vaxt da bu yolu tutur, ömrün mənasını bu yolda görürlər.

Yada salaq:  M.S.Ordubadi, C.Cabbarlı, S.Rəhimov, S.Vurğun, M.Hüseyn, İ.Şıxlı, Anar... Və daha kimlər, kimlər...  Bahar ünvanlı sənətkarlar sırasında qəlbən sevdiyim, özümə ustad saydığım, xatirəsini uca tutduğum bir insan var - Teymur Elçin.

Azərbaycan yazıçılarının ensiklopedik-məlumat kitabından: "Əliyev Teymur Süleyman  oğlu - şair, publisist, 1958-ci ildən Yazıçılar Birliyinin üzvü, Azərbaycan Dövlət mükafatı laureatı.

1924-cü il martın 28-də Azərbaycanın Şuşa şəhərində anadan olmuşdur. 1931-ci ildə ailəliklə Bakıya köçmüşlər. Burada 132 nömrəli orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır (1941-48). Eyni zamanda "Gənc işçi" qəzeti redaksiyasında ədəbi işçi (1941), Azərbaycan Radio Komitəsində ştatdankənar müxbir, diktor, redaktor, məsul redaktor (1941-43), Zaqafqaziya cəbhəsində kursant, alay komsomol təşkilatçısı, hazırlıq kurslarının müdavimi (1943-45) olmuşdur".

Ordu həyatı arxada qalır, o, taleyini komsomol-partiya işinə bağlayır və illərin qanadında yüksəlir. Bir ara Azərbaycan Radio Məlumat Komitəsi sədrinin müavini vəzifəsində çalışır. Sonra yenidən partiya işinə irəli çəkilir - Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin elm və mədəniyyət şöbəsinin, sonra isə təbliğat və təşviqat şöbəsi müdirinin müavini vəzifələrinə.

O vaxtacan mən onu uzaqdan-uzağa tanıyırdım. Heç ağlıma da gəlməzdi ki, bir gün gələcək, o, əlimi sıxıb, radio müxbiri kimi məni təbrik edəcək.

Yaddaşımda nəqşələnən, illər boyu qəlbimdə əzizlədiyim xoş xatirələr yada düşür. 1957-ci ilin yazı... Tələbə idim, Universitetin ikinci kursunda oxuyurdum - filologiya fakültəsində. Radioya təzəcə ayaq açmışdım. Oçerklərim, reportajlarım efirdə səslənəndə dünyanın sevinci qəlbimə axırdı. Azərbaycan Radiosu Xarici Ölkələrə Verilişlər İdarəsinin rəisi Muxtar Hacıyev (soyadımız bir olsa da, heç bir qohumluğumuz yox idi) mənə doğmadan doğma bir adam kimi qayğı göstərirdi. Bu da məni maddi sıxıntıların, mənəvi sarsıntıların əlindən almışdı.

Günlərin bir günü səs yayıldı ki, təzə bir qəzet açılır - "Bakı" axşam qəzeti. Sədrimiz Nəsir İmanquliyev həmin qəzetə redaktor gedir. Başqa bir xəbər də bu idi ki, hələ ilk addımlarını atan televiziya radio ilə birləşir və yeni bir qurum - Radio və Televiziya Verilişləri Komitəsi yaradılır.

Hamını düşündürən bir sual dildə-ağızda gəzirdi: "Görəsən sədr kim olacaq?"

...Türk şöbəsinin müdiri Aydın Vəlixanov fasilə zamanı tez-tez nərdə, dominoya, özünə məxsus üsulla dəmlədiyi, adla söynəlilən "xoruzquyruğu" çaya qonaq etdiyi dostlarını - Soltan Nəcəfovu, Yaqub Ələsgərovu, Aydın Qaradağlını, Şəmsi Rəhimovu yenə başına yığmışdı. O,  uca bir  səslə:

- Heç kim özünü yormasın, - dedi. - Mən bilirəm sədrimiz kim olacaq.

- Kim olacaq? - yerbəyerdən dilləndilər.

Aydın müəllim səsinə xüsusi ahəng verdi:

- İndicə mötəbər bir dostuma zəng eləmişdim. Dedi ki, gələcək sədriniz bütün distansiyalardan keçib, birinci katib də təbrik eləyib onu, - sözünün arxasını uzatdı, -  fərmanı bu axşam qardaşımız Aydın Qaradağlı oxuyar, Yaqub Ələsgərov da bizə "Novı Yevropa"da, ya da "Novbahar"da dəm-dəsgahnan bir qonaqlıq verər.

- Mən hazır! - Yaqub Ələsgərov əlini əlinə vurdu. - Sədrimizin adını de, mən də ayağımı qoyum "Novı Yevropa"ya, verim sifarişimizi.

Yeyib-içməklə arası saz olan, məclislərin ürəyi sayılan Aydın Vəlixanovun qırışığı açıldı. O, eynəyini çıxarıb gözlərini ovuşdura-ovuşdura dedi:

- Soltan müəllim onu çox yaxşı tanıyır, müharibənin ilk vaxtlarında bir yerdə külüng vurublar.

- Ay can, ay can, bildim kimdi! - deyə Soltan Nəcəfov sevinclə qollarını açdı.

Aydın Qaradağlı səbrini boğa bilməyərək, diktor həmkarının əlindən tutub onu  bərk-bərk silkələdi:

- Kimdi?

- Qadasını aldığım Teymur Əliyev! - Soltan Nəcəfov xüsusi bir vurğu ilə dedi.

Aydın Qaradağlı təəccübünü gizlətmədi:

- Balam, Teymur müəllim çox cavandı, yaşı otuzu təzəcə keçib. Bu boyda vəzifəyə onu qoyarlar?

- Artıq qoyublar! - Aydın Vəlixanov öz adaşına sarı yeridi. - Teymur müəllimi mən də yaxşı tanıyıram. Cavan olsa da, çox təcrübəli partiya işçisidir, təşkilatçılığına,  savadına, qələminə də söz ola bilməz. Səni inandırım ki, o, Mərkəzi Komitənin birinci katibliyinə layiqdir.

Onlar - radionun bu "sütunları" bir-birlərini ürəkdən təbrik etdilər və "Novı Yevropa"ya üz tutdular...

...Teymur müəllimin bu yüksək vəzifəyə təyinatını həm kollektiv, həm də respublikanın nüfuzlu şəxsləri, elm, mədəniyyət xadimləri çox böyük fərəhlə qarşıladılar. Yaşlı işçilər deyirdilər: "Teymur müəllim kimi saf bir adamı bura kim göndəribsə, Allah atasına rəhmət eləsin!"

Teleradio Şirkətinin indiki binası o zaman təzəcə istifadəyə verilmişdi. Əvvəlcə Televiziya məskunlaşmışdı, sonra Radio da köçdü ora. Beləcə, Teymur Əliyev yeni qurumun beşiyi başında duran ilk sədr oldu. Təsadüfi deyil ki, o, respublikamızda Televiziya və Radionun inkişafında böyük dönüş və yüksəliş mərhələsinin memarı sayılır.

Teymur müəllim tələbkar rəhbər olduğu qədər də həssas, qayğıkeş, təvazökar bir insan idi. İşə kollektivlə görüşdən başladı. Sözünü belə bir fikirlə yekunlaşdırdı: "Əl-ələ, ürək-ürəyə verib işləyəcəyik".

Bir-birinin ardınca ayrı-ayrı baş redaksiyaların əməkdaşları ilə söhbətlər aparmağa başladı. Xarici Ölkələrə Verilişlər İdarəsinin kollektivini qəbul edərkən rəisimiz Muxtar Hacıyev  adbaad hər işçi barədə məlumat verdi. Növbə mənə çatanda:

- Nahid ştatdankənar müxbirdir, - dedi, - indiyəcən efirdə xeyli oçerki səslənib. Gələcəyinə inamım var.

Teymur müəllim eynəyinin arxasından uzun baxışlarla məni süzərək, mehribanlıqla gülümsədi:

- Mən də belə başlamışam, özü də burda - radioda. Əslində bu ən gözəl yoldur. Bu yolu hər bir jurnalist keçməlidir. - Muxtar müəllimə sarı döndü: - Yuxarı kurslara keçəndə bu cavan oğlanı işə də götürmək olar.

Onun sözləri bir işıq selinə dönüb qəlbimə axdı.

Muxtar müəllim:

- Sağlıq olsun, - dedi, - qoy hələ çalışsın, öyrənsin.

Aradan illər keçdi. Bir gün Muxtar müəllim məni yanına çağırıb:

- Səni sevindirmək istəyirəm, - dedi. - Teymur müəllim ştat verir bizə, səni işə götürürük. Elə günü bu gün raportunu verəcəyəm.

Bir neçə gündən sonra sədrin köməkçisi Lidiya Alyamovskaya gəldi ki, sədr səni çağırır. Uça-uça getdim. Teymur müəllim kabinetdə tək idi. Sorğu-sual  başladı:

- Son vaxtlar hansı bədii əsərləri  oxumusan?

- Mehdi Hüseynin "Yeraltı çaylar dənizə axır", Salam Qədirzadənin "Qış gecəsi", İsa Hüseynovun "Doğma və yad adamlar"ını.

- Bunlar yaxşı, - dedi. - "Doğma və yad adamlar" haqqında yazılanlardan nə oxumusan?

- Məmməd Arifin, Məmməd Cəfərin məqalələrini.

- Bu əsər haqqında sənin öz fikrin nədir?

- Yaxşı romandır, - dedim. - Hardasa mübahisə də etmək olar. Fakt odur ki, istedadlı bir yazıçının qələmindən çıxıb.

- Bizim radio jurnalistlərindən kim daha çox xoşuna gəlir?

- Muxtar Hacıyev, Oruc Qüdrətov, Gəray Fəzli, Nuhbala Quliyev...

Suallar suallara calandı. Nə gizlədim, sədrin kabinetinə girəndə ürəyim quş ürəyi kimi çırpınırdı. Çox keçmədi ki, Teymur müəllimin səsindəki doğmalıq, sifətindəki işıq, dodaqlarındakı dupduru təbəssüm məni həyəcan burulğanından aldı. Söhbətimiz bir saatacan çəkdi. Sualların əhatə dairəsi nə qədər geniş idi! Düşünürdüm: "Görəsən Teymur müəllimi cavablarım razı saldımı?"

Ayağa qalxıb əlimi sıxanda:

- Hər tələbəni işə götürmürlər, - dedi. - Bu sənin üçün böyük etimaddır. Gərək elə çalışasan ki, həm bir işçi kimi özünü sevdirəsən, həm də əlaçılığı əldən verməyəsən.

Uçmağa qanadım yox idi. Ancaq sən demə, bu sevincin ömrü gödək olacaqmış...

"Satira və yumor" şöbəsinin müdiri, populyar "Arı" satirik radiojurnalının redaktoru Bəhram Gözəlovla şöbənin əməkdaşı Novruz Novruzov arasında bərk mübahisə olmuşdu.

Belə yerdə deyirlər: "Çanaq kasıbın başında sınar".

Üç gün sonra Teymur müəllim məni yanına çağırtdırıb:

- "Satira və yumor" şöbəsində gərgin vəziyyət yaranıb, - dedi. - Şöbə müdiri ilə Novruz Novruzov arasında münasibət elə həddə çatıb ki, onların bir yerdə işləməsi daha mümkün deyil. Bəhram müəllim mənim komandirim olub. Borcumdur ki, sözünü yerə salmayım. Necə olur-olsun, Novruz Novruzovun yerini dəyişməliyik. Boş yerimiz də yoxdur.

Səsi titrəyirdi:

- İstəyirəm səni öz ərizənlə işdən azad edib, Novruz Novruzovu sənin yerinə keçirəm. O, müharibə iştirakçısıdır. İki ayağı da protezdir. Ailəsi var, adamın yazığı gəlir. Nə Bəhram müəllimdən keçmək olur, nə də...

- Teymur müəllim, siz necə deyirsiniz, elə də olsun.

Kövrəlmişdim.

- Qanın qaralmasın, - deyə əlini  saçlarımda gəzdirdi. - İmkan yaranan kimi sənin də əmrini verəcəyəm.

Yay semestri imtahanlarını verəndən sonra səsyazan aparatı aldım çiynimə, o zavod, bu fabrik, bu muzey, o konsert salonu - başladım verilişlər hazırlamağa.

Artıq beşinci kursda oxuyurdum. Teymur müəllim məni yenidən sevindirdi. O, Novruz Novruzovu  ürəyincə olan işə düzəltmişdi.

1959-cu ilin günəşli bir payız günündə - oktyabr ayının 19-da müxbir vəsiqəsi aldım. Dövlət imtahanlarını verməyə başlayanda, vəzifəm bir pillə də qalxdı. Təzəcə açılmış ərəb dilində verilişlər redaksiyasında redaktor vəzifəsinə təyin olundum.

Teymur müəllim bu dəfə əlimi sıxanda:

- Məktub verərəm, - dedi, - təyinatını da bura alarsan. Kooperativ bina  tikdirəcəyik, ev-eşiyin də olar.

Üç il ötdü. Kollegiyanın qərarı ilə məni "Kənd həyatı" şöbəsinə müdir vəzifəsinə keçirdilər.

Həyatımda fərəhli, həm də çox məsuliyyətli günlər başladı. Teymur müəllimlə tez-tez yaxından görüşmək, danışmaq, ondan öyrənmək imkanım yarandı.

O, özünə də, başqalarına da qarşı çox tələbkar idi. Bütün günü gözü televizorda, qulağı radioqəbuledicidə olardı. "Letuçka" vaxtı gələndə elə bil ən çətin imtahana, sınağa gedirdik. Təriflənən, təqdir edilən vaxtlarımız da olurdu, danlandığımız günlər də. Lakin bu danlaqlardan incimirdik. Bilirdik ki, hamısı efirin, ekranın xeyrinədir, eləcə də bizim.

Teymur müəllim bir məktəb - universitet idi. Onun tələbkarlığı bizim nəslin canına, qanına, iliyinə, sümüyünə işləyib. Biz onunla - ustadımızla həmişə fəxr etmişik, edirik və edəcəyik də!

Hərdən çalışdığım redaksiyada cavanların yazılarını köklü-köməcli düzəldəndə, necə deyərlər,  al qanına boyayanda məndən inciyənlər də olur. Belə vaxtlarda deyirəm: "Neyləyim, mən belə öyrənmişəm. Mən Teymur Əliyevin şinelindən çıxmışam".

Teymur müəllim Azərbaycan Radio və Televiziyasında öz məktəbini yaratdı, şərəfli bir ad qoydu.

Düz yeddi il onun rəhbərliyi altında çalışdım. Bu illər ömrümə yazılıb.

O, 1964-cü ildə daha yüksək bir vəzifəyə - Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi təbliğat və təşviqat şöbəsinin müdiri vəzifəsinə təyin olundu.

Kollektivdən ayrıldığı gün indi də gözümün qabağındadır. Tələbkar təşkilatçı - sədr, həssas insan, gözəl şair və əvəzsiz bir redaktor kimi onun ünvanına dürlü-dürlü sözlər deyildi.

Teymur müəllim çox riqqətlənmişdi. O, kövrək uşağa dönmüşdü. Zal da eləydi. Gözlər nəmlənmişdi.

Biz Teymur müəllimin ucalmağına qəlbən sevinirdik, ancaq ondan ayrıla da bilmirdik...

...Teymur müəllim ensiklopedik biliyi, erudisiyası və daxili mədəniyyətilə sözün əsl mənasında ziyalı idi - böyük xalq ziyalısı.

Yazıçı və şairlərdən S.Rəhimov, M.Hüseyn, R.Rza, İ.Əfəndiyev, bəstəkarlardan F.Əmirov, S.Ələsgərov, O.Zülfüqarov, V.Adıgözəlov onunla dostluğu uca tuturdular. Fikrət Əmirovu, Süleyman Ələsgərovu, Oqtay Zülfüqarovu və bir sıra başqa bəstəkarları tez-tez onun kabinetindəki pianonun arxasında görmək olardı. Onların nəğməkar şair Teymur Elçinin sözlərinə yazdıqları mahnılar bu gün də ekrandan, efirdən düşmür. Bəstəkar Vasif Adıgözəlovun şair Teymur Elçinlə birgə yaratdığı möhtəşəm "Qarabağ şikəstəsi" Bakı ilə yanaşı Moskvanın, Ankaranın ən böyük konsert salonlarında əzəmətlə səslənmişdir.

...İlk qələm nübarını - "Azərbaycan" şeirini 1938-ci ildə Bakı Pionerlər Evinin nəşri olan "Şeirlər məcmuəsi"ndə dərc etdirmişdi. Sonra "Azərbaycan pioneri", "Yeni yol", "Kommunist"  qəzetlərində Teymur Əlizadə kimi çıxış etməyə başlamışdı. Geniş oxucu auditoriyası onu Teymur Elçin kimi tanıyır.

İstedadlı şair-tərcüməçi, dramaturq, publisist...

O, sözlə nəfəs alır, sözlə yaşayırdı, sözün ülviliyini uca tuturdu. Həm xalq dilinə, həm də ədəbi dilə vaqif idi - necə gözəl bilirdi dilin incəliklərini! Sətirlərə, misralara   zərgər kimi naxış vururdu, redaktor kimi də misli yox idi. Bir söz, bir ifadə yerinə düşməyəndə, necə deyərlər, adamın "pişiyini ağaca dırmaşdırır"dı. Ondan inciyənlər də olurdu. Muxtar müəllim bir dəfə belə "jurnalist"dən birinə dedi: "Bala, Teymur müəllim nə deyir, sənin xeyrinə deyir. Vicdanı yol vermir ki, dilin başına turp əkəsən.  O, dilimizi özündən çox istəyir".

...Radionun "Ərəb ölkələrinə verilişlər" redaksiyasında redaktor işləyirdim. Diktorumuz Sinan Səid Bağdad radiosundan gəlmişdi. O, hər il yay aylarında ezamiyyətə çıxır, vətəninə gedirdi. Həmin vaxt onu Moskva radiosunda işləyən  həmyerlisi Muştaq Talib, ya da başqa biri əvəz edirdi.

Bu dəfə də Moskvadan bizə bir suriyalını - Məhvuz əl Talibini göndərmişdilər. O, yazıçı idi. Redaksiya ilə təzəcə qaynayıb qarışırdı ki, Teymur müəllim onu yanına çağırtdırdı. Hal-əhvaldan sonra qonağa çay gətirdilər. Teymur müəllim qonaqla söhbətə başlayanda mən icazə alıb kabinetdən çıxdım.

Söhbət xeyli çəkdi. Qonaq geri qayıdanda gülə-gülə dedi:

- Sədriniz şair imiş ki! Qələm sahibi kimi söhbətimiz tutdu, doğmalaşdıq. O, mənə təklif etdi ki, sizə hekayələrimi də verim. Yaxşı qonorar da yazılacaq. Mən təşəkkürümü bildirdim.Teymur müəllim mənimlə bir filosof kimi danışırdı, şeirlərini də oxudu. Mən ona söz verdim ki, çalışacağam bu şeirlər ərəb dilində dərc edilsin. Qoy belə bir gözəl şairi bizim ərəb ölkələrində də tanısınlar, sevsinlər.

Demək olar ki, onlar hər gün görüşürdülər. Suriyalı yazıçı Məhvuz əl Talib Teymur müəllimlə o qədər doğmalaşdı ki, ayrılıq günü gözləri dolmuşdu...

Teymur müəllim bizə ədəb-ərkanı, həm də yaradıcılığı ilə örnək idi. Görkəmli şəxsiyyətlər haqqında hazırladığı silsilə verilişlər, dünya ədəbiyyatından səhnələşdirmələri həmişə səs salırdı. Özbək yazıçısı Şərəf Rəşidovun hind mövzusunda qələmə aldığı "Kəşmir mahnısı" povesti əsasında radiopyes efirdə səsləndiyi ilk gündən böyük əks-səda doğurmuşdu. Aradan yarım əsr keçsə də "Qızıl fond"un incilərindən sayılan həmin radiotamaşa bu gün də təravətini itirməyib.

...O bizim rayondan - Gədəbəydən Azərbaycan Ali Sovetinə deputat seçilmişdi. Həmin dövrdə mənim əmim oğlu Əli Rəsulov Rayon İcraiyyə Komitəsinin sədri işləyirdi. Onların arasında xoş ünsiyyət yaranmışdı. İkisi də elinə, obasına can yandıran əsl xalq ziyalısı idi.

Əli müəllim Bakıya gələndə hərdən yolunu Teleradio Komitəsindən (indiki Teleradio Şirkəti) salır, Teymur müəllimlə görüşürdü. O, rayonla bağlı problemlərin həllində deputat kimi Teymur müəllimin köməyinə çox güvənirdi.

Belə görüşlərin birində Əli müəllim ona deyir: "Ay Teymur müəllim, bizim Nahidin işindən, yazı-pozusundan razısanmı?" Teymur müəllim qayıdır ki, o bizim güvəndiyimiz jurnalistlərdəndir. Mən də xətrini çox istəyirəm, Ənvər Əlibəyli də. Ona görə də tələbə ola-ola onu  işə götürmüşük".

Sonra soruşur ki, Əli müəllim, bəlkə Nahidlə bağlı bir xahişiniz var?

- Yox, yox! -  Əli müəllim deyir. - Sadəcə onun iş-gücüylə maraqlanmaq istəyirdim.

Teymur müəllim təəccübünü boğa bilmir:

- Demək belə yaxın qohumsunuz?

O, tezcə katibəyə deyir ki, Nahid Hacıyevi yanıma çağır.

Mən qapını açanda Teymur müəllim özünəməxsus ciddiliklə:

- Ay Nahid, - dedi, - bəs indiyəcən niyə mənə deməmisən ki, Əli müəllimin əmisi oğlusan?

Mən çiyinlərimi çəkdim.

- Bəlkə də belə yaxşıdır. Sən həmişə özün özünə yol açırsan.

lll

Teymur müəllim Azteleradioda bir sıra təşəbbüslərin, böyük işlərin təməlini qoymuşdu.  Biz ona "bani" deyirdik.

50-ci illərin ortalarına qədər, yəni Teymur müəllim bizə sədr gələnə kimi musiqiçiləri nəzərə almasaq, bir nəfərin də fəxri adı yox idi. Bu da onunla bağlı idi ki, çoxları radio və televiziyanı yalnız informasiya vasitəsi hesab edirdi. Teymur müəllim sübuta yetirdi ki, bu qurum həm də incəsənət ocağıdır. Burada sənət əsərləri yaranır.

Teymur müəllimin təqdimatı ilə ilk fəxri ad - Əməkdar incəsənət xadimi adı istedadlı rejissor Arif Babayevə verildi. Sonra Aydın Qaradağlı, Soltan Nəcəfov əməkdar artist adına layiq görüldülər.

O, həmişə istedad axtarışında idi, yaradıcı ziyalıların ən yaxşılarını ekranın, efirin cazibəsində görmək istəyirdi. Bir sıra sənət adamları ilk addımlarını burada atıblar:  Anar, Fikrət Qoca, Məstan Günər, Firudin Ağayev, Sabir Azəri, Fərman Eyvazlı, Aqşin Babayev...

İlk tammetrajlı bədii televiziya filmi - "Aygün" onun böyük Səməd Vurğuna məhəbbətinin ifadəsi, həm də yeni bir janrın, yaradıcılıq sahəsinin uğurlu başlanğıcı idi. Filmi rus dilinə moskvalı şair Boris Dubrovin çevirmişdi.

...Bir payız günündə "Azərbaycan" mehmanxanasının vestibülündə təsadüfən onunla rastlaşdım. O, "Sovetski poqraniçnik" jurnalının xüsusi müxbiri kimi Bakıya ezamiyyətə gəlmişdi. Qonağı şam yeməyinə dəvət etdim.

- Bir dostumu gözləyirəm, - dedi. - Bu dəqiqə  gəlməlidir.

Onun bu sözünə bənd imiş kimi, Teymur müəllim bizə yaxınlaşdı. İkimizlə də çox mehribanlıqla görüşdü, hal-əhval tutdu. O zaman Teymur müəllim Azərbaycan mədəniyyət nazirinin müavini işləyirdi. Bizi şam yeməyinə dəvət etdi. Onunla bir süfrə arxasında oturmağı ağlıma belə sığışdırmırdım. Bir bəhanə ilə onlardan qopmaq istədim. Teymur müəllim ərklə:

- Nahid, inciyərəm səndən, - dedi. - Neçə il bir yerdə işləmişik.  Həmişə mənə müəllim deyirsən, adam müəlliminin sözündən çıxar? Səninlə bir süfrə arxasında oturub söhbətləşmək, ötən günləri yada salmaq mənim üçün olduqca xoşdur.

Mən Boris Dubrovini çoxdan tanıyırdım. Azərbaycan teatrının 100 illiyi münasibətilə Akademik Milli Dram Teatrı Moskvaya qastrol səfərinə gedirdi. Mən də çəkiliş qrupunun rəhbəri kimi bu tərkibə daxil edilmişdim.

Şair dostum İlyas Tapdıq o zaman "Gənclik" nəşriyyatında şöbə müdiri işləyirdi. Boris Dubrovinin sərhədçilərin həyatından bəhs edən "Povestlər" kitabı təzəcə çapdan çıxmışdı. İlyas məndən xahiş etdi ki, həmin kitabdan iki bağlama aparıb, Moskvada müəllifə çatdırım. Bu, mənim üçün müəyyən çətinlik yaratsa da, onun sözünü yerə salmadım.

Moskvaya çatan kimi "Ukrayna" mehmanxanasından Boris Dubrovinə zəng elədim. O, çox sevindi. İlyasa da, mənə də dönə-dönə təşəkkür elədi. Sonra görüşdük, çörək kəsdik. Boris Dubrovin Bakıdakı dostlarını bir-bir xəbər aldı. O, Teymur müəllimin adını xüsusi ehtiramla çəkərək:

- Bizim Teymur Süleymanoviç necədir? - dedi. - Təzə kitabı çıxıbmı?

- Yaxşıdır, - dedim. - Ancaq boynuma alım ki, təzə kitabı barədə heç nə deyə bilmərəm.

- Teymur Süleymanoviç şair kimi də, insan kimi də əvəzsizdir. Azərbaycan fəxr edə bilər ki, belə bir oğlu var.

Onun sözünə qüvvət verdim:

- Boris Petroviç, düz deyirsiniz. Doğrudan da Teymur müəllim misilsiz bir şəxsiyyətdir.

...Məclis məni  sıxırdı. Dolu qədəhi hər dəfə dodağıma yaxınlaşdırıb, yerə qoyurdum. Teymur müəllim qonaq barədə hərarətli sözlər dedi. Fikrini belə tamamladı:

- Boris Petroviç yaşca məndən xeyli cavandır. Ancaq sözümüz, söhbətimiz yaxşı tutur. 60-cı illərdən - o, bizim "Aygün" bədii televiziya filmini tərcümə edən vaxtdan yaradıcılıq əlaqələri qurmuşuq. O, mənim xeyli şeirimi rus dilinə çevirib, Moskva qəzet və jurnallarında dərc etdirib. Ona böyük ehtiramım var, həmişə də olacaq...

Məclis xeyli çəkdi.

Axşamdan xeyli keçmişdi. Qonaqdan - Boris Dubrovindən ayrılıb yolumuzu dəniz qırağından saldıq. Söhbətimiz bitib tükənmirdi. Birdən yadına nəsə düşübmüş kimi ayaq saxlayıb:

- Nahid, səni təbrik edirəm, - dedi,  - mətbuatda oxudum ki, Moskvada - "Sovetski pisatel" nəşriyyatında kitabın çıxıb. Bu, sənin üçün də, mənim üçün də xoş hadisədir. Bəs niyə o kitabdan mənə verməmisən?

- Teymur müəllim, - dedim. - Düzü, ürək eləmədim. Qorxdum ki, birdən xoşunuza gəlməz.

- O boyda "Sovetski pisatel"in xoşuna gəlir, mənim niyə gəlməsin, - deyə ürəkdən güldü. Sözünə azca ara verib:

- Nahid, - dedi, - heç bilirsənmi, sənin Teymur müəlliminin hələ Moskvada kitabı nəşr olunmayıb?!

 Onun bu sözləri qəlbimi titrətdi.

- Teymur müəllim, - dedim, - istəsəydiniz, indiyəcən Moskvada bir yox, bəlkə də beş kitabınız çıxardı.

Teymur Elçin görkəmli partiya və dövlət xadimi idi. Onu respublikanın hər bucağında tanıyırdılar. O, dəfələrlə Azərbaycan KP MK üzvü olmuşdu, Respublika Ali Sovetinə deputat seçilmişdi. Bu, onun bioqrafiyasının səhifələridir.

Həyatın  amansız qanunları var. İllər ötür, ən mötəbər işlər belə yavaş-yavaş unudulur, yaddan çıxır.

Yazılan isə qalır, yaşayır, gələcəyə üz tutur.

Görkəmli sənətkarın qələmindən qırxa yaxın kitab çıxıb: "Qar qız", "Qulaq asın, danışım", "Sözlər, nəğmələr, nağıllar", "Bahar, adlar, uşaqlar"... Bu kitablar, eləcə də çox böyük sənətkarlıqla K.Çukovski, S.Marşak, N.Zabila, İ.Turgenev, Qarsia Lorka, Ş.Rəşidov və bir sıra sənətkarlardan etdiyi tərcümələrlə bu qüdrətli qələm sahibi  Azərbaycan uşaq ədəbiyyatı klassiklərinin sırasında layiqli yerini tutub,  öz zəhməti, istedadı ilə taleyini yaza-yaza  şərəfli, nurlu, hamıya örnək olacaq  bir ömür yaşayıb və adını doğma xalqının ürəyinə, yaddaşına əbədi  həkk edib.

Söz karvanı sabaha, gələcəyə üz tutub Teymur Elçinin! /525.az/

Yenililklər
17.01.22
İlhamə Dağlı - Tobıktıda günəş doğdu
17.01.22
Azad Qaradərəli: "AYB-dan uzaqda qalmaq, təbii çətinliklər yaradıb mənə"
15.01.22
Mübariz Örən Yaradıcılıq Fakültəsinə rəhbər təyin olunub
11.01.22
Gülnar Yunusova -  Fenomen Haruki Murakami 73 yaşında
11.01.22
Kənan Hacı - Vaxt pəncərəsi
11.01.22
Azad Qaradərəlinin hekayəsi Türkiyə saytında yayımlanıb
10.01.22
Nadir Əzhəri - “İsanın qadını” və qadın ifadəsinin keyfiyyəti
06.01.22
Kənan Hacının yeni kitabı çap olundu
30.12.21
Günel Natiq - Ayı dərisi 
29.12.21
“Qarabağ ilmələrdə” sənədli filminin təqdimat mərasimi olub
29.12.21
“Ulduz”dan oxuculara endirim
29.12.21
Hacı Zeynalabdin Tağıyevlə bağlı film çəkiləcək
28.12.21
Habil Yaşar - SMS
28.12.21
Eşqin Məmmədov - Bu il başqa arzum var, hədiyyə istəmirəm
27.12.21
Ramil Əhməd Türkiyədə qalib oldu
27.12.21
Yazıçı Varisin kitabı İranda nəşr edilib
27.12.21
Nemət Mətin - İsanın qadını və ya Səxavət Sahilin "Məhəbbət" obrazı
24.12.21
Azad Qaradərəlinin yeni kitabı çap olunub
23.12.21
İlin son "Ulduz"u nəşr olundu
23.12.21
Fərid Hüseynin İstanbulda imza günü oldu - Foto
23.12.21
Cavanşir Atəşi - Xalqının taleyinə günəştək doğulmusan!
20.12.21
“Leyli və Məcnun” dastan-tamaşası təqdim olundu
20.12.21
“Qobustan” sənət toplusunun qış nömrəsi işıq üzü görüb
20.12.21
“Salnaməfilm” studiyasında il ərzində bir sıra yeni sənədli filmlər çəkilib
20.12.21
“Uşaq Avroviziyası - 2021” müsabiqəsinin qalibi bəlli olub
20.12.21
Minsk şəhərində Nizami Gəncəvinin heykəli ucaldılıb
16.12.21
Küyülü Nəccari Səid - Atam
16.12.21
Üfüqdə hansı cərəyan görünür? - SORĞU
13.12.21
Səxavət Sahil - Əkrəm Əylisli, Axundov, Mirzə Cəlil, Sabir və Türk ədəbiyyatı
13.12.21
Mərahim Nəsib - Əllərim göy üzündə, dodağımda dualar
13.12.21
Bakıda 15-21 dekabrda Milli Kitab Sərgisi keçiriləcək
13.12.21
Azərbaycan Yazıçılar Birliyinə qəbul elanı
13.12.21
Koreya-Azərbyacan II Humanitar Forumunu keçirilib
13.12.21
Ləman L.R. - Susaq, sükutumuz danışsın
08.12.21
"Kitabi-Dədə Qorqud" italyan dilində
08.12.21
“Ərəb ədəbiyyatının ehramı Nəcib Məhfuz” kitabı çapdan çıxıb
08.12.21
Hüseyn Cavidin “Topal Teymur” pyesi rus dilində işıq üzü görüb
08.12.21
Tramp prezidentlik fəaliyyəti barədə kitab yazır
08.12.21
Azərbaycanın iki filmi beynəlxalq festivalda mükafat qazanıb
02.12.21
“Məhəmməd İqbal: Eşq və düşüncə şairi” kitabı nəşr olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.