Qırğız dilinə tərcümə olunan “Yarımçıq əlyazma” romanı müəllifə təqdim olunub
31.03.14
Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun rəhbəri Nüsrət Məmmədov, Qırğızıstan Respublikasının deputatı Kubanikbek T. Tumanov və digər Qırğızıstan nümayəndələri Azərbaycan Respublikasının millətlərarası multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullanın qonağı olub. Görüş zamanı Qırğız dilinə tərcümə olunmuş “Yarımçıq əlyazma” romanı müəllifə təqdim olunub.
Qeyd edək ki, tanınmış yazıçı Kamal Abdullanın həm Azərbaycanda, həm də xarici ölkələrin mətbuat səhifələrində geniş müzakirələrə və mübahisələrə yol açmış məşhur “Yarımçıq əlyazma” romanı Bişkekdə fəaliyyət göstərən Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun və Qazaxıstandakı Azərbaycan Mədəniyyətləri İttifaqının sifarişi ilə işıq üzü görüb.
Romanın tərcüməsi tanınmış şair və tərcüməçi Mukan Asanaliyev, Bekten Dıykanbayın tərcüməsində reallaşdırılıb. Önsözü Qırğızıstan EA-nın vitse prezidenti Abduldadcan Akmataliyev yazıb. Fondun diqqqətini cəlb edən romandakı Dədə Qorqud və Şah İsmayıl Xətai personajların reallıqla uzlaşan məqamları, yazıçının bənzərsiz üslubu və yazı manerasıdır. Bu romanın dünyanın müxtəlif ölkələrində oxucular tərəfindən Azərbaycan ədəbiyyatının bir nümunəsi kimi maraqla qarşılanması və həmin əsərdə Azərbaycanın görkəmli şəxsiyyətlərindən və tariximizin önəmli dövrlərindən bəhs olunması qırğız oxucularının da marağına səbəb olmuşdur.
Xatırladaq ki, əsər indiyədək ingilis, rus, ərəb, fransız, türk, qazax, portuqal və digər dillərə tərcümə edilərək, ABŞ, Rusiya, Misir, Fransa, Polşa, Qazaxıstan, Braziliya və s. ölkələrdə çap olunub. Romanın əsas mövzusu tarixi dövrlərə, Azərbaycanda cərəyan edən hadisələrdir.
|