Rəşad Məcid: "Şeir mənim üçün ilahi vəhydir" - MÜSAHİBƏ
27.03.14

Yazıçılar Birliyinin katibi Rəşad Məcidin müsahibəsi

– Rəşad müəllim, həmişə sizi istedadlı gənclərin üzə çıxarılmasında rolu olan şəxs kimi təqdim edirlər. Bilmək maraqlı olardı, sizinçün istedadlı gəncləri seçmək meyarı nədən ibarətdir?


– Yazıçılar Birliyinə işləməyə başlayanda daha çox ünsiyyətdə olduğum yaradıcı insanlar Qabil, Fikrət Sadıq, Abbas Abdulla və s. idi. Yəni daha çox yaşlı nəslin nümayəndələri. Bildiyiniz kimi mən çox dinamik insanam, yaşlı insanlarla burda keçirdiyim bir neçə saat mənim üçün darıxdırıcı olurdu. Sonralar gəncləri AYB-yə cəlb etməyə başladıq. Onlardan Seymur Baycan, Elnur Astanbəyli, Aqşin və s. kimi gənclərin adını çəkmək olar. Ancaq sonradan onların AYB-lə münasibətinin normallaşacağına ümidimi itirdim. Daha sonra yeni dalğa yarandı və maraqlı gəncləri AYB-yə üzv etdik. Eyni zamanda Azərbaycan Prezidentinin gənc yazıçılar üçün müəyyənləşdiyi təqaüd məsələsi reallaşdı. Son illərdə 120-yə qədər gənc yazıçıya prezident təqaüdü verilib, onların içərisində çox istedadlı, layiqli gənclərimiz də var. Seçim meyarına gəlincə isə hər hansı gəncin yaradıcılığa olan həvəsi, yaradıcılığı, ədəbiyyata ciddi münasibəti və əlbəttə, ən əsası yazdığı bədii nümunələr mənimçün əsasdır. İstərdim ki, gənclər müəyyən yaradıcılıq yolu keçəndən sonra biz onları AYB-yə üzv qəbul edək, ancaq şərait elə gətirib ki, ilk qələm təcrübələrini sınaqdan keçirənləri də üzv qəbul edirik, onları həvəsləndirir, belə deyək, qol-qanad veririk. Gərək gənclər də bizim etimadımızı doğrultsunlar, onlara yaradılan şəraitdən sui-istifadə etməsinlər.

– “10 sentyabr” hekayəniz səbəb-nəticə əlaqələri üzərində qurulub. Belə ki, hekayədə 10 sentyabrda baş verən hadisələr sanki 11 sentyabrda Amerikadakı terror aktının törədilməsinə gətirib çıxarır. Hər halda mən hekayədən belə nəticə hasil etmişəm. İstərdim həm bu hekayənin yazılma tarixindən, həm də həyatda insanın əməllərinin yaxşı və pis mənada onun qarşısına çıxmasından danışaq.

– “10 sentyabr” hekayəsi o dövrdə Amerikanın İraqa, Azərbaycana, ümumiyyətlə müsəlman şərqinə olan siyasi münasibətinə xəfif etiraz idi. Hekayə haqqında müxtəlif fikirlər oldu, mənim düşüncələrimlə üst-üstə düşənlər də oldu, tamam yeni fikirlər bildirənlər də. Ancaq məncə, siyasi ismarıcdan başqa, hekayənin əsas ötürdüyü mesaj o idi ki, nə əkərsən, onu da biçərsən. Amerikanın başına gələn 11 sentyabr hadisəsi onun öz laqeydliyinin, insanlara olan etinasızlığının nəticəsi idi. Bundan başqa gənclik illərimdə də bir hekayə yazmışdım, ancaq çap etdirməmişdim. Nəsr əsəri yazmaq barədə həmişə düşünmüşəm, proza özü bir həyat tərzi, vaxt tələb edir. Mənim dinamik həyat tərzimə indiki halda nəsr əsəri yazmaq uyğun gəlmir, arzulayıram və elə bilirəm ki, nə vaxtsa böyük həcmli nəsr əsəri yazacam. Sualının ikinci tərəfinə gəldikdə isə insanın əməllərinə uyğun da onun başına hadisələr gəlir, nə əkərsən onu da biçərsən. Həyatımızdakı hər bir hadisənin səbəbi var.

– “Xilaskar” şeirinizdə sonda aydın olur ki, şeirin əvvəlindən başlayaraq deyilən gözəl sözlərin ünvanı siqaret imiş. Siqareti bu cür vəsf etdiyinizə görə hansısa iradlarla üzləşdinizmi? Hərdən də adam ürəyinin qara yerinə salıb düşünür ki, bu siqaret, əslində, bir xanım obrazının ümumiləşdirilmiş variantıdır, yoxsa?


– “Xilaskar” şeiri 2011-ci ildə yazılıb, təxminən 15 illik yaradıcı fasilədən sonra. O şeirdən sonra 200 qədər yeni şeir yazdım. Düşünürəm ki, həmin şeirləri bu il 50 illik yubileyimlə bağlı kitab şəklində çap etdirəm. Birinci kitabımın ön sözündə Qarabağ hadisələrini xatırlayaraq yazmışdım ki, baş verənlər bizim içimizi alt-üst edir və orda poeziyaya yer qalmır. O hadisələrdən sonra şeir yazacağıma inanmırdım, ancaq daha sonra 1996-cı ildə də yeni şeirlər yazdım. 2011-ci ildə isə şeir yaradıcılığımın pik nöqtəsi oldu. “Xilaskar” şeirim baxmayaraq ki, siqaretə həsr olunub, istəsəm o şeirdəki ünvanı dəyişə də bilərəm. Ancaq siqaret ən çətin anlarımda və ən xoşbəxt zamanlarımda mənimlə dostluq, sirdaşlıq etdiyinə görə ünvanı dəyişməyə ehtiyac yoxdur. Əslində, siqaret o şeirdə sadəcə simvoldur. Hətta o şeirin dərc olunduğu saytda şərh yazmışdılar ki, bəxtəvər başına siqaretin ona belə gözəl şeir yazılıb.

– “Yaddaşımı sil” adlı şeiriniz var, burda insan yaddaşının ona əzab verməsi məsələsinə toxunulur. Yaddaşınız sizə çoxmu əzab verir və yaddaş yazıçı üçün nədir?


– Keçmişlə bağlı olanların xatırlanması yazıçıya yazmaq üçün şərait yaradır. Mənim insan kimi yaddaşım zədəlidir. Bu doğulduğum kəndin, oxuduğum məktəbin hazırda işğal altında olmasıyla bağlıdır. O ağrılı illər yaddaşımı xeyli zədələyib. İndi hansısa o yerlərlə bağlı xatirələri yada salmaq istəyəndə qorxuram sanki. Sən dediyin şeirdə də, mən müasir kompuyuter texnologiyalarına həsəd aparıram ki, onların yaddaşını silmək olur. İnsanın yaddaşı həmişə onunladır. Yazıçı kimi yaddaş insanı yazmağa sövq edir, ancaq insan kimi ağrıdır, əziyyət verir. Bir dəfə Paşa Qəlbinurun “525-ci qəzet”də bir yazısı dərc olunmuşdu. Yaddaşın tamam itirilməsi xəstəliyi ilə bağlı yazı idi. O xəstəliyə düçar olanlar öz yaxın adamlarını belə tanınmır. O yazıda həmin xəstəliyin yaranmasının səbəblərindən biri kimi mütaliəsizlik göstərilir. Mütaliə insanı yaddaşını möhkəmləndirir, bərpa edir, bəzən bir kitabı oxuyanda öz həyatınla bağlı hadisələr yada düşür. İkinci səbəb kimi keçmişlə bağlı xatırlanmalı xoş bir hadisənin olmamasıdır, insan öz keçmişini yada salmaq istəmir. İnsanın xatırlanası keçmişi olmayanda, yaxud uzaq xatirələri əzablı olanda olur. Bir dəfə Goranboya getmişdim, ordan Ağdam tərəfdəki dağlar gözümə dəyəndə elə bil məni tok vurdu, tez gözümü çəkdim, bildim ki, o mənzərənin ardıyca saysız-hesabsız xatirələr yada düşüb mənə əzab verəcək. Bu mənada, mən narahatam ki, belə davam etsə məndə də həmin yaddaşsızlıq xəstəliyi yarana bilər.

– Keçmiş barədə danışdıq. Gəlin gələcəkdən söhbət açaq. Bu il əlli illiyinizdir, bəs sizcə, 50 il sonra sizi necə xatırlayacaqlar?

– Bu il yanvar ayında Aydın Məmmədovun ölümünün 22 illiyi ilə bağlı AYB-də tədbir keçirdik. Mən orda dedim ki, Sovet dövründə standart başsağlığı vardı. Başsağlığında yazılırdı ki, “onun işıqlı xatirəsi daim yaşayacaq”. “İşıqlı xatirə” sözü gənc olanda mənə pafoslu, qeyri-səmimi təsiri bağışlayırdı. Doğurudan da 22 il sonra A.Məmmədov yaddaşımda işıqlı bir inan kimi qalıb. Yaxud bu günlərdə vəfat edən Tofiq Abdin. O da yaddaşımda işıqlı insan kimi qaldı. Rəşad Məcid də onu tanıyanların, sevənlərin yaddaşında işıqlı insan kimi qalacaq. Həyat elədir ki, hamıyla yaxşı münasibət saxlamaq olmur. Gənc olanda düşünürdüm ki, hər kəslə münasibət saxlamaq, yaxşı olmaq, hər kəsin sevgisini qazanma olar, ancaq sonra başa düşdüm ki, bu sadəcə mümkünsüzdür. Səni ürəkdən, həqiqətən sevən azsaylı insanların məhəbbəti isə bütün qəzəbləri, nifrətləri unutdurur.

– Alber Kamyu məktublarının birində yazır ki, “insanlar üçüncü dünya müharibəsindən qorxur, ancaq bu olmayacaq, əvəzində daimi müharibələr olacaq”. Son illərdə baş verənlər nəzər salsaq görərik ki, onun fikirləri özünün doğrultdu. Bu bir yazıçının uzaqgörənliyidir. Bəs siz bir şair, yazıçı kimi Qarabağ hadisələrinin nəticəsinin necə olacağını düşünürsünüz?

– Əlbəttə, mən həmin torpaqlara qayıdacağımıza inanıram. Əgər o inam olmasa, yaşamağa dəyməz. Ancaq real yanaşanda düşünürəm ki, bu regionda hansısa böyük hadisələr baş verməlidir ki, onun nəticəsində biz həmin torpaqları qaytara bilək. Bütün bunların bizim daha da güclənəcəyimiz, qonşu dövlətlərin zəiflədiyi təqdirdə olacağını düşünürəm. Məncə, tarix öz torpaqlarımıza qayıtmağa bizə şans və imkan verəcək.

– Şeirlərinizdə “delete”, “format” və s. bu kimi texnoloji terminlərin işlənməsi barədə sizə irad tutanlar olubmu? Bu sualı ona görə verirəm ki, əhatənizdə yaşlı nəslin də nümayəndələri var, adətən, onlar bu cür sözləri birmənalı qarşılamırlar.

– Yaşlı nəslin iradları ilə qarşılaşmamışam, ancaq gənc nəslin təəccüblənməsini görmüşəm. Mən şeirin dili məsələsinə həssasam, ancaq o cür müasir sözlər yerinə düşürsə işlətməyin tərəfdarıyam. Düşünürəm ki, yeni sözlər artıq gündəlik həyatımızda işlədilirsə, deməli, şeirlərdə də yeri gələndə istifadə etmək olar.

– Həmişə şairlərə necə yazmağı ilə bağlı suallar ünvanlayırlar. Sizsə, olub ki, 15 il şeir yazmamısınız. Bəs illərlə yazmamaq prosesi necədir?


– Qəzet redaktoru kimi fəaliyyətim, müəyyən hadisələrlə bağlı məqalələrim, esselərim də yaradıcılığımın bir hissəsidir. Eləcə də, cəmiyyətdə baş verən hadisələrə çıxışlarımla və müsahibələrimlə fikir bildirirəm. Əgər yazıçı ictimai hadisələrə bədii əsər vasitəsi ilə münasibət bildirirsə, mən bunu birbaşa və hər gün edirəm. Yazıya getməli olan enerjim çıxışlarıma sərf olunur. Bu mənada elə mən də siz cavanlar kimi fasiləsiz yaradıcılıqla məşğulam (gülür).

– 15 il fasilədən sonra şeir yazmaq bu artıq ikinci nəfəs deməkdir. Sizcə, son dövrdə yazdığınız şeirlərin əvvəlki illərlə fərqi nədədir?

– Pərvinə verdiyim müsahibədə də demişdim ki, şeir təbiət hadisəsi kimidir, onun necə baş verəcəyini heç kəs bilmir. Özümü proqramlaşdırıb şeir yazmıram, şeir mənim üçün ilahi vəhydir, ruhun xüsusi halıdır. Son dövrdə yazdığım şeirlər də bayaq dediyim təbiət hadisələri kimi qeyri-adi fırtınaya bənzəyir. Həmin fırtına mənim sevgimi də, qəzəbimi də, ərkimi də, nifrətimi də ifadə elədi. Gənclik illərimdə olub ki, bəzən şeir yazmaq xatirinə şeir yazmışam. Yaxud şeiri peşəkarlıq xatirinə qurmuşam. Ancaq son illərdə yazdığım şeirlər səmimi şeirlərdir. Bu şeirləri yazanda çap haqqında düşünməmişəm, ona görə də qəlbimdən gələnləri bütün çılpaqlığıyla qələmə almışam.

– Sizin “10 sentyabr” hekayəniz barədə Anar, Elçin, Seyran Səxavət və s. yazıçılar müsbət fikirlər bildiriblər. Əsəriniz bəyənilsə də sonradan nəsr əsəri yazmadınız, adətən, yaradıcı insanlar təqdir olunanda daha çox yazırlar. Sizdə niyə belə olmadı?

– Həmin hekayə çap olunanda artıq mən gənc deyildim, nədənsə həvəsə gəlmək dövrü keçmişdi artıq 39 yaşım var idi. Gənclik illərində hansısa yazında adi bir işartıya xoş münasibət olanda sevinirsən. Bu hekayəni yazanda artıq mən elə statusdaydım ki, təqdirlərdən həvəsə gələcək yaşda deyildim. Nə də bu hekayənin bu qədər təqdir olunacağını gözləmirdim. Bu hekayəylə bağlı Anar müəllim mənə məktub da yazmışdı, hələ də yadımdadır. Həm də mən həmişə dəstəklənmişəm, ona görə də təriflərdən başımı itirmədim, indiki gənclərdən fərqli olaraq. /Fərid Hüseyn  Kaspi.az/

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.