Əlabbas - Azadın altmış yaşına
18.03.14

Azadın, Azad Qaradərəlini deyirəm, adını kim qoyub bilmirəm, amma onun fəhmli adam olduğunu cəsarətlə deyə bilərəm. Bəlkə də, bu, bir yazıçı təxəyyülüdü, intəhası adların insanın xarakterində hansı rolu oynadığı çox maraqlı və uzun bir söhbətin mövzusudu. Məsələn, ağlıma gəlmir ki, adı Kəlbətin olan bir adam haçansa prezidentlik iddiasına düşə. O adın aurası adama yalnız xəcalət gətirə bilər, nəinki təşəxxüs.
 
Burası belə…
 
Qaldı Azada, bu barədə indiyəcən heç vaxt söhbətimiz olmayıb, bundan sonra da olar-olmaz bilmirəm, amma niyəsə elə bilirəm ki, Azadı Azad eləyən daşıdığı adın mənasını vaxtında dərk etməyi olub. İş ondadı ki, Azad tək azad yazıçı deyil, danışığında, geyim-kecimində, davranışında da bir azadlıq, asudəlik, sərbəstlik var… Bu, bəlkə də, bir fərd olaraq onun ən böyük sərvətidir. Elə bil tanrı da ona bəzi şeyləri başqalarından fərqli olaraq əta eləyib.
 
Məsələn, iri alnını boyhaboy dolanan uzun, yumşaq saçlarından, ona xüsusi bir yaraşıq verən qalın, pırpız qaşlarından cəmi məxluqatın bir-iki nəfərində ola, ya olmaya… Bəşər övladının can atdığı ən böyük insani dəyər olan azadlıq duyğusu onun bütün həyatına da sirayət eləyib; yaxşı kabab çəkməyi var, içməyinə heç söz ola bilməz,  zəhmətdən, iş-gücdən qorxan deyil, ağrı-acıya da hər kəs onun tək mətanətlə sinə gərə bilməz…
 
Atasız, baba-nənə himayəsində böyüyüb, böyük anlamda torpaq, Vətən, el-oba, kiçik anlamda ev-eşik, həyət-baca itirib… Allah üzünə orda baxıb ki, nəyini itirsə də,  özünü itirməyib. Adam da ki özünü itirmədi,  açarını da itirmir. Açarını da itirməyəndən sonra adamın hər şeyi yerində olur. İndi də Azad… Kasıb canıyla Bakı kimi yerdə üç qız ərə verib, oğlu Türkiyədə oxuyur,  özü isə maşallah olsun, çox ağır və məsuliyyətli bir işin qulpundan yapışıb, «Yazı» jürnalının baş redaktorudu, son iki-üç ildə ikisi roman olmaqla dörd-beş kitabı işıq üzü görüb.   Hələ üstəlik Azadın itirmədiyi başqa bir şey də var ki, sovetin vaxtında çox adam başını onunla saxlayırdı:  qələm! Amma bu bəxtəvərin balası heç o illərdə də qələmin adamı aparıb çıxara bildiyi ən şərafətli yerlərdən sayılan Yazıçılar İttifaqına girib-eləməyib, heç sonralar da  girmək fikri olmayıb, deyir,  azad sənətkarın orda nə iş-gücü?
 
Söhbətimin o yerinə qayıdım ki,  o heç, indi qələm baş saxlamaq üçün deyil, hələ   bu binəva qələmin özünü qələmlikdən də  çıxarıblar, bəlkə də, xəbəri yoxdu,  hal-hazırda onun xələfi kompüterlə arasındakı məsafə sələfi lələklə olandan heç də az deyil və bundan sonra  onu hansı tale gözləyir, onu da allah bilər. Amma əsas odu ki,  adamın içi zədəsiz, bütöv ola, ruhu diri, oyaq qala. Mən bilən, Azadın cəlayi-vətən olduğu yerdən  gətirə bildiklərinin içərisində ən böyük qənimətlərdən biri  də məhz budur! İndi Azadın atını ora-bura çapmağı da dipdiri qalan o əzmkar ruhunun hesabınadı.
 
Ömrün altmış aşırımını püfərək  aşıb gəlmiş qələm dostum haqda durub burda dəfə-daraq açsam, bir allah bəndəsi  zəmanət verə bilməz ki, o nərdivanın uzunluğu     yetmişinci aşırımacan gedib çıxmayacaq. Ona da nə səbr, nə can dayanar. Sizləri də yormayım və kəsə deyim:   Azadın bir dəvə yükü kitabı çıxıb, intəhası hərdən elə düşünürəm ki, onun nəsrin köynəyindən keçməyi üçün  cəmi üç hekayəsi  də bəs elərdi. O da hansılardı? «Kişi familiyası», «Soyxa» və  «Qoç əti»
 
Azad son illərdə iki roman qələmə alıb. Yaxşı da səs-küyü, əks-sədası olan romanlardı və mən deyəndə ki, Azadın  yerinə olsaydım, elə hekayə ilə məşğul olardım, o anlama gəlməsin ki, Azad romançı deyil. Bu sözü niyə deyirəm?  Vallahi-billahi, bir səs mənə pıçıldayır ki, adam romanı hekayə yaza bilməyəndə  yazır. İndi bu belədi, belə deyil, onu da deyə bilmənəm, amma heç uzağa getməyək, guya,  Şahmar, ya   Rafiq Tağı povest və ya roman yaza bilməzdilər? Ya bəlkə, Yaşar, Fəxri Uğurlu və ya Orxan Fikrətoğlu romanın öhdəsindən gələ bilmirlər?   «Poçt qutusu»ndakı hikmət məndən ötrü yüz cild romana dəyər. Qoderzi Çoxelinin «Sağ qol» hekayəsi vur-tut  bircə vərəqdi, di gəl qarışqa kimi özündən onqat artıq apardığı, daşıdığı yükə bax!
 
Onun da tərəfdarı deyiləm ki, «Kuma-Manıç çökəkliyi»ndəki mündəricəni  necə gəldi, zorla hekayəyə pərçim etmək lazımdır. İş ondadı ki, Azad hekayə ilə  özünü  rahat,  səprbəst, hətta deyərdim ki, çoxlarının bacara bilmədiyi  azad (yenə də azad) bir şəkildə ifadə eləyə bilir. Bir çoxundan da fərqi   ondadır ki,  yığcam, qıs-qıvraq  yaza bilir, təfərrüata varmır, müəllif müdaxiləsi yox dərəcəsindədir.  İşini hadisəni danışmaqla bitmiş hesab eləyib nəticə çıxarmağı  oxucunun öhdəsinə buraxır. Bu hal onun bütün yaradıcılığına xas olan  ən aparıcı və vacib məziyyətdir. İki hala nəzər salmaqla söhbətimizi yekunlaşdıraq, siz sağ olun, mən salamat, Azadın da  altmış yaşı mübarək! Yazsın-yaratsın, onsuz da geriyə yol yoxdur.
 
Həsənqulu kişini («Qoç əti») arvadı yuxudan qaldırır ki, dur, qoç murdar olub. Qoç da nə qoç?! Kişi onu əsgərlikdən gələsi  oğlu üçün bordaqda bəsləyib. Yaxşı, indi necə olsun?... Bu yerdə şeytan arvad şəklində   kişinin qəlbinə yol tapır və ona məsləhət görür ki,   aparıb heyvanı rayonda satsın! Belə də şey olar?... Ortada şeytan varsa, olar, hələ bir az da o tərəfə keçər.  Məni  bundan da çox, müəllifin mənən tənəzzülə uğramış qəhrəmanını öz əli ilə necə ustalıqla cəzalandırması səhnəsi    maraqlandırıb. Çox ibrətamizdir! Heç də hamının ağlına gələsi bir şey deyil!
 
«Soyxa»da Azad çox tipik olan, ənənəvi hadisəyə əlavə çalarlar verməklə oxucunu gözlənilməyən bir situasiya ilə üzləşdirir. Nobatalı kişi ölüb, onu ağır-əziz eləmək ev adamlarından başqa, necə deyərlər,  həm də elə qonşuların vəzifə borcudu… Qar-qiyamətdə, qışın o tüpü-boranında, gecə vaxtı qonşu kəndə  soyxa (kostyum) dalınca getmək təkcə mərhuma yaxın olan bir-iki nəfərin  ağlına gəlmir, mən bilən, bunu onların beyninə daha çox Azad özü salıb.  Çünki binəvanın bir abırlı paltarı yoxdu ki, arvadlar ortaya qoyub ağlayalar. Onlara bir yolgöstərən lazımdı, ya yox? Bu yerdə  mənimçün Azad özü hadisənin iştirakçılarından birinə çevrilir. Amma özünü elə aparır,  guya, qonşuların işinə qətiyyən qarışmaq fikri yoxdu.   Bir müəllif olaraq  məharəti də burasındadı. Oxuyun, o məharətin siz də şahidi olun ki, ənənəvi, klassik nəsrin modelində kiçik janrla böyük mətləbləri çatdırmağın bizdə necə böyük ustalıqları və ustaları var! /kulis.az/

Yenililklər
27.01.22
"Ulduz"un 2022-ci ildə ilk sayı çap olunub
27.01.22
Ramin Allahverdi - Elm nədir? Elmin əsas meyarları hansılardır?
24.01.22
Anar Məcidzadə -  Gecələri göz yaşı, qaranlıq olur səhər
24.01.22
“Yevgeni Onegin” romanı bir milyon rubla satılıb
24.01.22
Fərid Hüseyn - Şeirə bürünmüş İstanbul - REPORTAJ
24.01.22
Azad Qaradərəli - Alpan kömürçüləri
24.01.22
Təbrizdə Qarabağı tərənnüm edən "Xarıbülbüllər" almanaxı çap olunub
18.01.22
Qurban Bayramov - Növbəti erməni məkrinə – erməniləşdirmə faktına münasibət
18.01.22
Rövşən Yerfi - Həyasızlıq kabusu bizi məhv edəcək!..
17.01.22
İlhamə Dağlı - Tobıktıda günəş doğdu
17.01.22
Azad Qaradərəli: "AYB-dan uzaqda qalmaq, təbii çətinliklər yaradıb mənə"
15.01.22
Mübariz Örən Yaradıcılıq Fakültəsinə rəhbər təyin olunub
11.01.22
Gülnar Yunusova -  Fenomen Haruki Murakami 73 yaşında
11.01.22
Kənan Hacı - Vaxt pəncərəsi
11.01.22
Azad Qaradərəlinin hekayəsi Türkiyə saytında yayımlanıb
10.01.22
Nadir Əzhəri - “İsanın qadını” və qadın ifadəsinin keyfiyyəti
06.01.22
Kənan Hacının yeni kitabı çap olundu
30.12.21
Günel Natiq - Ayı dərisi 
29.12.21
“Qarabağ ilmələrdə” sənədli filminin təqdimat mərasimi olub
29.12.21
“Ulduz”dan oxuculara endirim
29.12.21
Hacı Zeynalabdin Tağıyevlə bağlı film çəkiləcək
28.12.21
Habil Yaşar - SMS
28.12.21
Eşqin Məmmədov - Bu il başqa arzum var, hədiyyə istəmirəm
27.12.21
Ramil Əhməd Türkiyədə qalib oldu
27.12.21
Yazıçı Varisin kitabı İranda nəşr edilib
27.12.21
Nemət Mətin - İsanın qadını və ya Səxavət Sahilin "Məhəbbət" obrazı
24.12.21
Azad Qaradərəlinin yeni kitabı çap olunub
23.12.21
İlin son "Ulduz"u nəşr olundu
23.12.21
Fərid Hüseynin İstanbulda imza günü oldu - Foto
23.12.21
Cavanşir Atəşi - Xalqının taleyinə günəştək doğulmusan!
20.12.21
“Leyli və Məcnun” dastan-tamaşası təqdim olundu
20.12.21
“Qobustan” sənət toplusunun qış nömrəsi işıq üzü görüb
20.12.21
“Salnaməfilm” studiyasında il ərzində bir sıra yeni sənədli filmlər çəkilib
20.12.21
“Uşaq Avroviziyası - 2021” müsabiqəsinin qalibi bəlli olub
20.12.21
Minsk şəhərində Nizami Gəncəvinin heykəli ucaldılıb
16.12.21
Küyülü Nəccari Səid - Atam
16.12.21
Üfüqdə hansı cərəyan görünür? - SORĞU
13.12.21
Səxavət Sahil - Əkrəm Əylisli, Axundov, Mirzə Cəlil, Sabir və Türk ədəbiyyatı
13.12.21
Mərahim Nəsib - Əllərim göy üzündə, dodağımda dualar
13.12.21
Bakıda 15-21 dekabrda Milli Kitab Sərgisi keçiriləcək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.