Yazıçı Azad Qaradərəlinin yeni kitabi çapdan çıxıb.“Şəhərcik” yazıçı Azad Qaradərəlinin sayca üçüncü romanıdır. Müəllif əsərdə günümüzün ən önəmli problemi olan insanın özünün, onun yaşadığı şəhərinin, ölkəsinin get-gedə kiçildiyini, əsl insani bağların daraldığını önə çəkmiş, insanların bir göz qırpımında heyvani şəklə düşdüyünü, onların əslində göründüyü kimi olmadığını, hətta yedikləri qidanın belə saxtalığını onlara göstərməklə bəşəriyyəti nələrin təhdid etdiyini verməyə çalışmışdır.
Ən pisi odur ki, bütün bunların bir səbəbi öz ilkinliyini, bakirəliyini itirmiş təbiət və mühitdirsə, o biri səbəbi heyvani hisslərinə aşırı bağlılığı ilə seçilən insanların özləridir. Əsərin həm qorxunc, həm də düşündürücü bir süjet xətti var: bir gün romanın qəhrəmanı olan Ağaquliyev səhər oyanır və görür ki, şimpanze kimi qapqara qılın, tükün içindədir... Elə bütün qeyri-adi, inanılmaz hadisələr də bundan sonra baş verir. Romanda bir fikrə iki münasibət görsəniz, təəccüblənməyin. Nədən ki, əsərin həm “Müəllifdən” hissəsində (başlıqda), həm də içərilərində rastlaşacağınız özünün ikinci müəllif olduğunu iddia edən biri də var və o bildirir ki, əslində əsəri özü yazıb, sadəcə başqasının adıyla çap olunur. Bir sözlə, qeyri-ənənəvi üslubda yazılan bu romanda oxucunu çoxlu sürprizlər gözləyir.
Avanqard.net