Əli Şirin Şükürlü - Dayandı – gedirdi
17.03.14
gözləyirdi səbirsizliklə: nə vaxt gələr, görəsən? o isə gəlirəm – dedi. elə bilirdi gəlir. gedirdi amma. keçirəm, gözlə - çığırırdı. yolu keçməyə hazırlaşırdı. keçirdi. elə bilirdi yol keçir. öz-özündən keçirdi – fərqində deyildi sadəcə. çatıram da çatıram, görmürsən - əli ilə işarə eləyirdi bir az əsəbi. hə, çatdım, bu da mən. dayanıb, nəfəs dərdi yorğun, hüzünlü. dayandı. gedirdi amma, xəbəri yoxdu, deyəsən. elə bildi çatıb. çatdığı özü idi – bilmirdi hələ. çaşqınlıq içində boylandı ətrafa: hardayam. azalmaqdansa çoxalıb məsafə. geriyə gəlmişəm ki. nə baş verdiyini bilən bilirdi. mən də bilirəm: çatmaq üçün gözləyənə yolun yarısını getməliydi əvvəlcə. amma əvvəlcə yolun yarısının yarısını. ondan da əvvəl yarısının yarısının yarısını… beləcə, sayacaqdı yerində gedə-gedə. sayacaqdı yerində, gedəcəkdi amma, elə hey gedəcəkdi. gözləyən düşünürdü gözləyə-gözləyə: bu gəlişlə “itiayaq Axilles də çata bilməz tısbağaya”.
… - 14.03.2014
Avanqard.net
|