Xəyalə Sevil - Ömrüm də saat kimidi...
12.03.14
Gözlərimi ürək döyür
Ömrüm də saat kimidi, Sən yoxsan, geridə qalıb. Ruhum da canımda deyil, Sümükdə, dəridə qalıb.
Gözlərimi ürək döyür, Yanağım yol, yaşım ayaq. Pəncərəmi külək döyür, Deyir: “kim yatıb, kim oyaq”
Mən oyağam, neçə ildi, Gecəyə keşik çəkirəm. Gecə ulduz-ulduz sönür, Səhərə beşik çəkirəm.
Eh! Kim bilir, innən belə, Necə, harda görüşərik. Biz səninlə arzularda, Xəyallarda görüşərik.
Gözlərim təzə yol çəkir
Həsrətin ağacdı sənin, Yanağımda bar veribdi. Tanrı mənim əllərimi Göz yaşıma gor veribdi.
Ürəyimi bədənimə Bağlayan ruh bağı yoxdu. Canımdan çıxıb qaçardı, Yaxşı ki, ayağı yoxdu.
…Ağaclar da üstümüzə Saçlarını yolub tökür. Qayıt, sənin dönüşünə Gözlərim təzə yol çəkir.
Yuxu
Yəqin xəbərin yoxdu, Dünən yuxuma gəlmişdin. Qaçıb uzaqlığından Elə yaxına gəlmişdin. Mən ki, səni çağırmağa Ar edirdim. Axıdırdım gözlərimin yaşını, Həsrəti nübar edirdim. Ayaqların dönüb gedən, Ruhunsa, qayıdan yoldu. Demişdim ki, dönəcəksən, (Bu da sonuncu təsəllim) Gördünmü mən deyən oldu. Qadınının yanından Gəlmişdi ruhun bizə. Çıxıb sənin canından Gəlmişdi evimizə. Əllərimi elə tutdun, Əlimi sevindirdin. Ağacdakı yarpaq kimi Ömrümdən töküldü dərdim. Dedin: “elçi göndərəcəm” Oyandım, elə oyandım, Gördüm alnımda yazımı, Gördüm oğlumu,qızımı. Mən indi inandım ki, Tərs olurmuş yuxuların yozumu.
Avanqard.net
|