Qismət “Cızma-qara” roman yazır
11.03.14
Şair Qismətlə görüşümüz istirahət gününə təsadüf etdi. Ayağındakı gips hələ açılmasa da bizimlə söhbətləşən şairə verdiyimiz sualları həvəslə cavablandırdı.
“1984” romanının qəhrəmanları kimi
- Qismət bəy, tanınırsınız. Özünüzü Corc Oruelin qəhrəmanları kimi hiss etmirsiniz? “İzlənirəm” deyə belə bir hiss yoxdur sizdə?
- Baxır “izlənmək” deyəndə nəyi nəzərdə tuturuq, paranoya kimi, yoxsa oxucular tərəfindən yaradıcılığın izlənməsi. Bu, müxtəlif səviyyələrdə olur. Biri belədir ki, bilirsən ətrafda səni tanıyırlar, diqqətdəsən. O biri isə belədir ki, paranoik olursan. Mən paranoik olmadığım üçün yəqin ki, o biri kateqoriyaya aidəm. Burda yadıma Mişel Fuko düşür, o deyirdi ki, həbsxanalar, məktəblər, xəstəxanalar və s. bu tipli qurumlar hamısı cəmiyyəti nizam-intizamda saxlamaq üçün yaradılıb, yəni bütün bu qurumlar əslində hamısı ideoloji xarakterlidir. Amma onu da deyirdi ki, dünya get-gedə nizam-intizam cəmiyyətindən nəzarət cəmiyyətinə keçəcək, yəni artıq insanları idarə etmək üçün harasa qapatmağa ehtiyac olmayacaq. Yol hərəkətinə nəzarət edən kameralarla, sosial şəbəkələrlə biz Fukonun dediyi eraya qədəm qoyduq. İndi bütün dünya nəzarət altındakı “azad” insanlarla doludur.
- Qorxudan yazmısınız... Özünüz necə, qorxursunuzmu?
- İndividual qorxular ayrı-ayrı yaş dövrlərində olub. Adətən insan bilmədiyi, informasiyası az olan şeydən daha çox qorxur. Bilmədiyim şeylər həmişə məni distansiya saxlamağa, çəkinməyə, ondan uzaq gəzməyə vadar edib. İstər informasiya müstəvisində, istərsə də adi həyatda. Amma insan içində həmişə gizlindən gizlinə, nə vaxtsa baş verəcəyini bilsən də, bir qorxu dominant olur – doğmaları itirmək qorxusu.
- Həyatınızda elə bir insan olubmu ki, ondan çəkinib və ya qorxmuşunuz? Yəni ona yaxın olsam, təhlükə yaranar deyə, bir əndişə...
- Yox, qorxduğum olmayıb, amma çəkindiyim adamlar olub. Yaşına, dəymədüşərliyinə və sairə görə insanın qarşısındakı adamdan çəkindiyi anlar yəqin hamıda olur. Amma onu da deyim ki, hədsiz fərqli mühitlərdə olmuşam və bəzilərindən sakitcə uzaqlaşmışam. Çünki insanların düşkün, əxlaqsız sonu olmayan bir yola getdiyini görmüşəm, astaca aradan çıxmışam. Çünki özümü orda görmək istəməmişəm. Ərkim çatan qədər dosta-tanışa da zaman-zaman nəticəsi fiasko ola biləcək şeylər barəsində xırda-para müşahidələrimi demişəm.
Onu daima izləyirlər...
- Yazılarınızdan birində dostunuzun qorxusundan yazmışınız. Özünüz necə, olub ki, eynən dostunuz kimi, kölgənizin başqasınınkı olduğunu zənn etmisiniz?
- Siz paranoya haqqında yazdığım essedən çıxış edirsiniz. Bu, dostumun yox, “Xəzər Universiteti”ndəki tələbələrdən birinin mənimlə bölüşdüyü əhvalat idi. Ona elə gəlirdi ki, daima izlənir və sonsuz qorxu içində idi. Psixologiyası çərçivəsindən çıxmışdı, xalis paranoik vəziyyət idi. Mən əvvəlcə elə bildim ki, onun bu halı imtahanlarla, kəsirlərlə və ya alınmamış sevgi ilə bağlıdır. Mümkün qədər zarafat edib situasiyanı yumşaltmağa, vəziyyəti izah etməyə cəhd etdim ki, bu sənin tək qalmağınla bağlıdır. Deyəsən ən azı həmin an üçün azca onu özünə gətirə bildim, sonra necə oldu, düzü bilmədim. Bütün yaradıcı insanlar təkliyi sevirlər, ən azı yazı və oxu prosesinə təklikdə baş verdiyi bu normaldı. Bu mənada mən də təkliyi sevirəm, amma həyat təkcə yazıdan, kitablardan ibarət deyil. Mütləq zarafat etdiyin, dərdləşdiyin, fikir bölüşdüyün adamlar olmalıdır. Yaradıcı adamın həyatı bir tərəfdən təkliyə can atıb, o biri tərəfdən darıxmağı ilə, yəni ziddiyyətlərlə bir yerdə maraqlıdır.
Yusif Səmədoğlunun yaşadığı əsrdə doğulmaq istərdim
- Haçansa bu zamanda doğulduğunuza görə peşmançılıq hissi olub? Əgər olubsa, nə zaman və hansı əsrdə doğulmaq istərdiniz?
- Olub... Mən hesab edirəm ki, bütün adamlarda, yaradıcı olsun-olmasın, fərq etməz, ötəri də olsa belə, bir duyğu olub. Bu bir az da fantaziyanın oyunlarıdır. Fikirləşirsən ki, filan yazıçı filan əsrdə yaşayıb və ya hansısa dönəmdə maraqlı tarixi hadisə baş verib. O dönəmdə doğulmaq istəyirsən. Məsələn, mən 1950-60-cı illərin İstanbulunda da yaşamaq istəmişəm, Con Fauzun yaşadığı İngiltərədə də, Nabokovla eyni dövrdə Amerikada da. Azərbaycanda isə Yusif Səmədoğlunu görmək, dostu olmaq istəyərdim.
- Birdən elə bir zaman gəldi ki, yaza bilmədiniz. Onda hansı işlə məşğul olardınız?
- Tərcümə ilə məşğul olardım. Sevdiyim bədii əsərlərin, hansıların ki, Azərbaycan dilində tərcüməsi yoxdur, onları tərcümə edərdim. Rus və türk dilindən tərcümə edirəm, ingilis dilini öyrənməyə çalışıram. Məsələn, Con Fauzun romanları, Ekonun əsərləri, Milan Kunderanın mühazirələri və sevdiyim şairlərinin şeir kitablarını çevirərdim. Tutalım, essenin atası Mişel Montenin esseləri dörd cilddir, dünyanın bütün mədəni ölkələrində tərcümə olunub. Bizim dildə yoxdur, amma olmasını istəyərdim. Vladimir Nabokovun məşhur Rus və Qərb ədəbiyyatı haqqında mühazirələri var. İndi əlimdədir, yavaş-yavaş, ləzzətlə tərcümə edirəm. Yaxınlarda isə sifarişlə Enrike Vila Matasın “Bartlbi və çevrəsi” əsərinin tərcüməsini təhvil vermişəm. Borxesin Osvaldo Ferrasi ilə söhbətlərinin tərcüməsini demək olar ki, bitirmək üzrəyəm. Bilirsiz, əslində yaradıcılıq işi yalnız oturub ilham pərisini gözləmək, nə bilim, konkret ovqata düşmək qədər məhdud məsələ deyil. Ən azı mənə görə belə deyil. Şeir asanlıqla yazılmır, esse yazmaq olar, esse üçün intellektual və emosional atmosfer həmişə olmur, tərcümə etmək olar və s. Yaradıcılıq mənim üçün bizdə əksəriyyətin düşündüyü kimi qətiyyən yalnız öz mətnlərini yazmaq deyil, həm də başqa mətnlərlə ünsiyyətə girmək, onları təqdim etməkdir. Yaradıcılığa geniş, harmonik proses kimi baxmaq lazımdı.
İynə ilə quyu qaza-qaza özümü yazıçı eləmişəm - Düzdür, bəlkə də sizə bu sualı vermək hələ tezdir. Amma heç olub ki, tənhalığa çəkilməyi düşünmüşünüz?
- Bu barədə bir az danışdıq, bir az da genişləndirək. Təkliyə qarşı aşırı simpatiya patologiyadır. Mütaliədən sərf elədiyim vaxtları, tamamilə sakitliyə çəkilib mühazirələrimi hazırlamağı, bir yazının üstündə saatlarla baş sındırmağı sevirəm.
- Ümumən təkliklə aranız necədir?
- Ümumiyyətlə, darıxan adamam. İnsanın daxilində darıxmaq duyğusunun faizi başqa duyğulardan daha çoxdur. Amma bayaq da dediyim kimi dozadan artıq olanda şizofreniya başlayır. Dostlarla ünsiyyət, təqdimatlar, maraqlı-maraqsız məclislər, marşrut, metro, kafe, universitet, yas, toy və sairə - həyat bütün bu rənglərlə, səslərlə, hüznlərlə-sevinclərlə birgə ləzzətlidir, maraqlıdır.
Şansım olsaydı, ədəbiyyatla bağlı çox şeyi dəyişərdim - Nəyisə dəyişmək şansınız olsaydı nəyi dəyişərdiniz?
- Azərbaycan adət-ənənələrində, mentallığında və insan münasibətlərində dəyişməsini, ümumiyyətlə, yerli-dibli olmamasını istədiyim şeylər çoxdur. Məsələn, yalançı ağsaqqallıq kultu. Oturuşmuş bir qənəat var ki, söz sahibi olmaq, təkcə qocalmaqla bağlıdır. Halbuki bütün qocalanlar aqil olmur, zəngin həyat təcrübəsini müdrikliyə, nə bilim, özündən sonra gələnə ötürülə biləcək informasiyaya çevirmir axı. Deyəsən Enşteynin sözüdür, deyir ki, atomları parçalamaq, insanların önhökmlərini parçalamaqdan asandır. Qəliz məsələdir. Şansım olsaydı, yəqin ki, ən çox ədəbiyyatla bağlı bəzi məsələlərin başqa cür olmasını istəyərdim.
- Məsələn, nələri dəyişərdiniz? - Bizim ədəbiyyatda, mənə görə düzələsi çox şey var. Onlardan bəlkə də ən zərərlisi ədəbiyyatı bədii - estetik keyfiyyətlərdən ayırıb, ona hədsiz və əlahiddə ictimai-sosial missiya yükləməkdir. Belə bir tendensiya var ki, ədəbiyyat sanki hansısa ictimai qurumun həll etməli olduğu məsələlərə çözüm tapmaq yoludur. Bu geniş bir araşdırmanın mövzusudur. Sonra tutalım, bizim ədəbiyyatda həmkarına qarşı ədəbsizlik etməklə tənqidi düşüncəni, ironiya ilə lağlağını qarışdırırlar. Bütləşdirilmiş XIX əsrin rus ədəbiyyatı və ya Markes yaradıcılığı var. Biz çox vaxt oxucu yoxluğundan şikayətlənirik, əslinə qalsa bir az yaxından və diqqətlə baxanda məlum olur ki, ədəbiyyata iddiasının ölçüsündən asılı olmayaraq, o qədər yazar var ki, öz sahəsində vacib kitabları oxumayıblar və deyəsən heç oxumaq da istəmirlər. - Bəlkə ədəbiyyatı yox, yazarlar özlərini və yanaşmalarını dəyişməlidirlər?
- İndiki ədəbiyyat gənclərin çiyinlərindədir. Uğurlu olsun, uğursuz olsun, fərq etməz, cavanların yazdıqları bu gün daha maraqlıdı. Amma məsələ budur ki, biz hamılıqla, qocalı-cavanlı bədii mətnə də, kitaba da, kitab satışının təşkilini də, naşirliyə də münasibətimizi redaktə etməliyik. Mən hökm vermək istəmirəm, bunun zamanla tənzimlənəcəyini ümid edirəm.
Ov ovlayıb, quş quşlamasaq da...
- Bir də deyirsiniz ki, ədəbiyyata ictimai-sosial, inqilabi missiyaya yükləyənlər var. Amma inqilablar da cəmiyyətin bir parçasıdır və dünya ədəbiyyatında kifayət qədər əsərlər var ki, onlar məhz dediyiniz kimi inqilabi missiya ilə yükləniblər. Ancaq dəyərli əsərlərdir. Bəlkə inqilabi əsər yazmaq, cəmiyyətdə baş verənlərə müxalif olmaq özü də cəsarət tələb edir, siz bu cəsarəti özünüzdə hiss etmədiyinizdən belə deyirsiniz?
- Düşünmürəm ki, ictimai-sosial, yaxud nə bilim inqilabi nəsə yazmaq cəsarət məsələsidir. Yaradıcılığın xarakterində müxaliflik var, bunu deməklə Amerika kəşf etmiş olmuram. Ədəbiyyatı da sizin cəmiyyətin parçası dediyiniz ictimai-sosial narazılıqlardan ayırmıram, demək istədiyim odur ki, nə yazılır-yazılsın, nədən yazılır-yazılsın ilk növbədə bədii ədəbiyyat olmalıdır. Yəni mənə görə qiymətləndirmə əvvəlcə ədəbiyyatın prinsipləri ilə olmalıdır, bizdə isə tərsinədir, içində sosial ədalətsizliyə etiraz varsa, müxalif damar güclüdürsə, ədəbiyyat olub-olmaması bir yana atılır, ucdantutma difirabmlar başlayır. Ədəbiyyat birinci növbədə sənətkarlıq məsələsi, üslub hadisəsidir. Onun mövzusu inqilab da ola bilər, pedofillik də, sado-mazoxist münasibətlər də, platonik sevgi də. Amma bədii mətnin qiymətləndirilməsi qətiyyən qəhrəmanlıq, müxaliflik yox, ədəbiyyat prinsipləri olmalıdır. İndiki dünyada ədəbiyyat oxucu mərkəzlidir, istənilən çoxqatlı əsərin birdən çox yozumu mümkündür – psixoloji yozum, psixoanalitik yozum, sosioloji yozum, marksist yozum, strukturalist yozum, feminist yozum və s. Bu mənada bədii mətnə münasibətdə köhnəlmiş metodologiyalar artıq işləkliyini itirib. Qaldı mənim cəsarətim məsələsinə, ov ovlayıb, quş quşlamasaq da, hər halda çiçək də toplamırıq.
- Ədəbiyyatdan yenə sizə qayıdaq... Özünüzü yaşlanmış təsəvvür edə bilirsiniz?
- Qocalığımı heç gözümün qabağına gətirməmişəm. Yadıma böyük ingilis şairi Filip Larkinin bir şeiri düşür, onu tərcümə etmişdim. Təxminən beləydi: “Ömür - saç, maraq və təşəbbüs itkisi”. Düşünürəm ki, inşallah, yaxşı kitablar yazacağam. Qocalığı düşünməyə dəyməz, onsuz da o ilbəil sənə yaxınlaşır. Mən daha çox işləməyə köklənmişəm. İlk romanımı yazıram, yaxın zaman üçün olmasa da, gələn ilin ortalarına bitirəcəm yəqin. Romanın adını şərti olaraq “Cızma-qara” qoymuşam. Esselər kitabım hazırdı, yaxın iki-üç ay ərzində çıxacaq.
Hamının içində yaxşı və mənalı ömür yaşayıb, sonda da bir kənara çəkilib memuar yazmaq, nəvələrini dövrəsinə almaq arzusu var. Əlbəttə ki, bunlar mənim də arzumdur.
- Əgər Azərbaycandan kənarda tanınmış biri olsaydınız, sizdən müsahibə götürmək istəyən jurnalistlərə tez razılıq verərdiniz, yoxsa tərslik edərdiniz?
- Mən adətən müsahibə götürmək istəyənlərin könlünü qırmıram, çox rahatlıqla qəbul edirəm. Amma müəllif kimi bir şeyi nəzərə almaq lazımdır, həddindən artıq müsahibə də vermək lazım deyil. O mənada bəzilərindən imtina etmək lazımdır. Bu ayın içərisində ikinci müsahibədir verirəm. Fikirləşirəm ki, bu çoxdur. Bundan sonra yəqin ki, müsahibə təklifi gəlsə, bir müddətlik imtina edəcəyəm. /axar.az/
|