Vidadi Babanlı: “Mənə “Xalq yazıçısı” adını verməyiblər”
12.03.14
87 yaşlı yazıçını unutmaq olar? Yüz minlik tirajlı yazıçı unudulursa, beş yüzlük yazıçılar heç yada düşməyəcək. Zaman hər şeyi öz yerinə qoysa da, bəzən onun da ədalətsizliyinə şahid oluruq. Bəlkə də, dünyanın ən ağır cəzalarından biri unudulmaqdır. Onun, adı dillər əzbəri olan “Vicdan susanda” romanı yaxın keçmişimizin ədəbi hadisəsinə çevrilmişdi. Bu romana görə müəllifi “antisovet” ittihamı ilə Kommunist partiyasından çıxarıblar. Dörd il işsiz qalıb. Təzyiqlərə və məhrumiyyətlərə məruz qalıb. Lakin yazıb-yaratmaq amalına hər zaman sadiq olub. Ömrünün ahıl çağını yaşayan yazıçı Vidadi Babanlı 60 ildir ki ədəbi yaradıcılıqla məşğuldur. Onun “Ayazlı gecələr”, “Həyat bizi sınayır”, “Qəribə eşq”, “Ömürlük əzab” “Müqəddəs ocaq”, “Ana intiqamı” və digər əsərləri müəllifə şöhrət gətirib. Vidadi Babanlı deyir ki, vaxtilə Azərbaycanın hər rayonundan, hər kəndindən oxucu məktubları alırdım. Bu gün isə unudulub qocaman yazıçı. Nəinki məktub (hərçənd ki, məktub zəmanəsi deyil), heç hal-əhvalını soruşan da yoxdur. Vidadi Babanlının yaradıcılığı, əsrləri çoxlarına məlumdur. Ömrünün 87-ci ilini yaşayan yazıçı ilə yaradıcılıqdan yox, səhhətindən, yaşayışından danışdıq. Yazıçı da diqqətsizlikdən, unudulduğundan gileyləndi. - Vidadi müəlim, sizə olan münasibətdən razısınızmı? - Mənə olan münasibətdən hardasa razıyam, hardasa narazıyam. Bir az narazılığım ondadır ki, bax, açığını deyəcəyəm, yubileylərim olub, mənə nə orden veriblər, nə fəxri ad veriblər. Bircə “Əməkdar incəsənət xadimi” adını veriblər. “Xalq yazıçısı” adını verməyiblər. Elələrinə “Xalq yazıçısı” adını veriblər ki, onların da yaradıcılığına baxırsan, öz yaradıcılığına da baxırsan və xətrinə dəyir ki, niyə məni kənarda qoyublar. Mən aşağıları günühlandırıram ki, bu təqdimatlar aşağılardan gedir, onlar gərək təqdim eləsinlər. Bu münasibətdən incimişəm. Camaat da bunu məndən dəfələrlə soruşur ki, niyə diqqətdən kənarda qalıbsan. Mən də deyirəm ki, bilmirəm bunun səbəbini. Məni aşağılarda sevməyənlər var və nəyə görəsə belə edirlər. Görünür, məndən intiqam alanlar var, ona görə belə edirlər. - Unudulmağa bir səbəb görürsünüzmü? - Vallah, mən heç kimə pislik eləməmişəm. Heç kimin əleyhinə heç nə yazmamışam, heç kimin əleyhinə müsahibə də verməmişəm. Nə Yazıçılar Birliyinin sədri haqda, nə də başqa bir adam haqda. Deyingənlik də eləmirəm, giley-güzar da eləmirəm, məndə elə xasiyyət də yoxdur. Nəsə belə soyuq münasibət var, özləri bilər, mən nə deyim ki. Ədəbiyyat, yaradıcılıq belə şeydir ki, bu gün təriflənənlər sabah heç kim olur, təriflənməyənlər öz yaradıcılığı ilə daha çox yadda qalırlar, zaman keçir, öz qiymətini alırlar. - Fəxri ad deyirsiniz, sizi kim bu ada təqdim eləməlidir, kimdən bunu gözləyirsiniz? - Əlbəttə, təqdim eləməlidirlər, bu, təqdimatdan asılıdır. Ya Yazıçılar Birliyi eləməlidir, ya da Mədəniyyət və Turizm nazirliyi. Prezident hardan bilsin bunu? Mədəniyyət məsələləriylə məşğul olanlar gərək təqdim eləsinlər, diqqətə çatdırsınlar. - Siz özünüz bununla bağlı harasa, kiməsə müraciət edibsinizmi? - Yox, məndə elə şey yoxdur. Mən özüm haqda heç vaxt nəsə tələb eləməmişəm. Mənim yaşıdlarım arasında olub, gedib tələb ediblər, istəyiblər, dalaşıblar, söyüşüblər. Ad da alıblar, orden də alıblar, başqa şeylər də alıblar. Amma mən özüm üçün heç nə istəməmişəm. Fikirləşmişəm ki, özləri baxarlar, görərlər ki, kim kimdir. Bunu özümə, şəxsiyyətimə əskiklik hesab eləmişəm. Ona görə də heç yerə müraciət eləməmişəm. - Yaşayışınız, dolanışığınız necədir? - Təqaüd alıram. Heydər Əliyevə Allah rəhmət eləsin. O mənə prezident təqaüdü verib. Bu təqaüdün verilməyi də qəribə olub. Siyahı ona təqdim ediləndə soruşub ki, Vidadi Babanlının adı niyə yoxdur? Ondan sonra təqaüd siyahısına mənim də adımı salıblar. 2001-ci ildən prezident təqaüdü alıram, bu, mənə çox böyük köməkdir. Yoxsa, adi təqaüdlə necə dolana bilərəm ki? Övladlarım da imkanlı deyil, əksinə, mən onlara kömək edirəm. - Özünüzə qarşı diqqətsizlikdən danışdınız. Bəs əsərlərinizin gələcək taleyindən narahatlığınız varmı? - Hər bir yazıçının bununla bağlı narahatlığı olur. Bu, ciddi narahatlıqdır. Kim deyir ki, qorxum yoxdur, yalandır. Deyirəm, görəsən, məndən sonra necə olacaq, əsərlərim həmişəki kimi oxunacaqmı, yoxsa, oxunmayacaq. Digər tərəfdən də düşünürəm ki “Vicdan susanda” 45 il əvvəl çap olunmasına baxmayaraq, bu gün də oxunur, bu, mənə bir az təsəlli gətirir. Mənə elə gəlir ki, yazdıqlarım ədəbiyyat tarixində qalacaq, oxunacaq, yad olunacaq. Son vaxtlarda “Zəmanə adamı” adında bir əsər yazıram. Bizim keçid dövrümüzü əhatə edir. Sovet dövründən, sonrakı hadisələrdən, müstəqilliyimizdən bəhs eləyir. Azadlıq yolunda çəkdiyimiz əzab-əziyyət, çətinliklər, məhrumiyyətlər yeni əsərimdə öz əksini tapıb. Ona görə də mən bu iki əsərimi daha çox qiymətləndirirəm. Hesab edirəm ki, bu əsərlər qalacaq. - Yazmaq istədiyiniz əsəriniz varmı? - Ürəyimdə qalan bir əsərim var, istəyirəm onu yazam, amma gözüm imkan vermir. Türkiyəyə getməliyəm müalicə üçün. O arzu ilə bir ildir yaşayıram ki, gözümü əməliyyat elətdirib o əsəri yazım. Əsər artıq beynimdə hazırdır, obrazlar da, süjet xətti də var, bircə yazmaq qalır. Səxavət Sahil 1937.az
|