Yyaçeslav Dyoqtyev - Cələb

12.03.14

(1959-2005)

Hekayə

Ruscadan çevirəni: Cavanşir Yusifli

- Qızlar, deyəsən, bizi başqa yerə aparırlar axı… - Verka ağ kirpiklərini döyərək əsəbi təbəssümlə dedi.
Qızlar bir-birlərinə baxdılar. Bu qızın da yaman zarafatları var ha… Ancaq bu dəfə, deyəsən, zarafat eləmirdi. Bir neçə dəqiqəliyə onlardan ayrılıb qayadan tökülən çaydan su içməyə gedən əyriqıç, saqqalı hənalı konvoy da bu gün ağır-ağır danışırdı, elə bil sözləri dilindən kəlbətinlə çıxarırdılar, nədənsə bu gün tez-tez təkrar edirdi ki, onları həkimə aparırlar. «Həkim çox, lap çox təcrübəlidir, - konvoy diliynən inandırmaq istəyirdi ki, bu adam əvvəllər rayon poliklinikasında ginekoloq işləyib, - üzünə baxıb xəstəliyini desin. Az qala xəstəliyi qoxusundan tanıyır… Ha-ha-ha!» - konvoy özü öz zarafatından ləzzət alırmış kimi güldü.
Hərdənbir yolda onlarla rastlaşan silahlı adamlar hökmən konvoya bir-iki söz deyib ötür, o isə öz növbəsində öz dilində nəsə mızıldanırdı, hər dəfə qızlar «cələb» sözünü eşidirdilər, bu sözdən sonra onların rastına çıxan adamlar qəh-qəhə çəkib qızlardan birini, daha çox isə sarışın Verkanın qolundan yapışıb kolun dibinə çəkirdilər. Qızlardan o zaman əl çəkərdilər ki, bu tez-tələsik oyun əsgəri vüsala yetirsin. Artıq dörd belə «dayanacaq» qeydə alınmışdı.
- Lap boğaza yığılmışam! - Verka donquldandı. - Heç olmasa Allahın altında süzənəyə tutulaydım, bəlkə, bunun bir xeyri olardı, bizdə kişi yoxdu ki…
Olqa 4 ay idi ki, bu cür yaşayırdı. Pedinstitutu bitirdikdən sonra güc-bəla ilə özünə kazak kəndlərinin birində müəllim yeri tapdı və orada az qala bir il işlədi. Dörd ay qabaq isə kəndə hücum edib bir neçə adamı aparmışdılar. Sonra… kimi isə öldürdülər, kimi isə pul alıb buraxdılar, digərlərini isə Olqa kimi Salambəyin dəstəsinə göndərdilər.
Hələ də haqqında əfsanələr gəzən, adamın canına üşütmə salan Salambəyin hüzuruna gətirildiyi o yağışlı yaz gününü yaxşı xatırlayır. Salambəy iyirmi beş yaşlı arıq bir oğlan olsa da, qırpmaz baxışları polad ülgüc kimi adamı kəsirdi. Ülgüclə daz qırxılmış başı yaşıl dəsmalla Qurandakı hörmə ərəb yazısı üslubunda örtülmüşdü; bu kamufulyajın altında sıx Assuriya saqqalı görsənirdi. O, yağış keçirməyən ayrıca neylon çadırda qalırdı. Görünür, elə indicə başını qırxıb getmişdilər, çadırda odekolon iyi adamı vururdu. Olqanı yanında otuzdurub piyalələrə qırmızı çaxır süzdü.
- Doğrudan qızsan?
Sualın birbaşalığı və qabalığı Olqanı utandırdı, ancaq tezcə yadına saldı ki, belə yerdə abır-həyanı nəzərə almadan elə birbaşa cavab vermək lazımdır. Elə buna görə də başını aşağı saldı. Gözlərini yerə dikmiş halda cavab verdi ki, türmədə yatan nişanlısının yolunu gözləyir, hələ bir sinəsindən asılan medalyonu da göstərdi: bu, üstündə Leninin əksi olan metal yubiley manatının parasıydı. Pulu iki yerə onun Abukarı hələ beş il bundan əvvəl məhkəməyə getməzdən qabaq bölmüşdü, - onda da bu cür yağışlı bir gün idi. O zaman manatın tən yarısını Olqaya uzadıb demişdi: Gözlə! O vaxtdan gözləyir.
- Cəzasını burda, yoxsa Rusiyada çəkir?
- Burda.
- Axı biz türmələrin qapısını açıb zekləri buraxmışıq. O səni indiyə kimi niyə itirib-aramayıb?
Olqa çiyinlərin çəkdi. Dedi ki, yəqin axtarır. Salambəy onun piyaləsinə qırmızı şirin çaxırdan süzüb ona çəp-çəp, inamsız baxışlarla baxdı.
- Qəribədir, qız… Bütün rus qızları on beş yaşından cələb olurlar.
- Bizim haqqımızda niyə belə düşünürsən?
- Çünki siz gicbəsərsiniz. Bütün qullar kimi siz də özünüzə hörmət qoymursunuz, elə buna görə də əbədi məhkumluğun içindəsiniz. Hətta o kazaklardı, nədi, onların da əyin-başları büsbütün maskaraddan xəbər verir. Onlar heç zaman əllərinə silah götürməyəcəklər. Silah əsl kişiyə yaraşır, bu kazaklar elə kartof soymağa doğulublar. Sizin millət qullardan ibarətdir.
Söhbətin bu yerində əlini amiranə şəkildə qıza uzatdı. Bu, qızı dondurub yerində mismarladı. Qız onun qabağında ilanın qarşısından qaça bilməyən dovşana bənzəyirdi.
- Olacağa çarə yoxdu, çalış, olacağı olduğu kimi qəbul et. Özünü qoruyub saxlamağın ürəyimcədir. - Ancaq elə bu dəm baxışları onun donunun yarığında ilişib qaldı, Olqa da baxıb gördü ki, yubiley manatının yarısı onun gözlərində əks edir, Salambəy, sözün əsl mənasında, özündən çıxmış, daha doğrusu, ayılmışdı. - Yaxşı, - dərindən nəfəs dərdi, - Abukarın barədə çalışıb məlumat toplayaram. Hələliksə burada, mənim çadırımda qal. Bacım kimi.
Olqa bu çadırda iki ay qaldı, yemək hazırladı, - Salambəy ümumi qazanda bişəndən yeyə bilmirdi, mədəsində selikli qişanın iltihabı olmuşdu, - lazım gəldikdə çadırı silib-süpürür, pal-paltarı yuyur, hətta silah da təmizləyirdi. Yuxuya getməzdən qabaq Salambəy keçənin üstündə oturaraq bir növ filosofluq edərdi:
- Bütün imperiyalar, bütün böyük xalqlar başıpozuqluğun güdazı oldular. Sizin qadınlarınız bütün kişilərə məxsusdur, bütün kişilərsə haqq-hesab gözləmədən bütün qadınlarınıza əl yetirirlər. Siz çürüməyə məhkumsunuz. Roma kimi. Vizantiya kimi…
İxtisasca tarixçi idi; necə oxumuşdusa, eləcə danışırdı.
- Sizin siyasətçilər yalan danışırlar, SSRİ-nin tezliklə bərpa edilməsi ağlagəlməzdir. Belə bir şey heç zaman baş tutmayacaq! İndiyə qədər heç bir dağılmış imperiya özbaşına dirçəlməyib. İmperiyaları ancaq qılınc gücüylə birləşdiriblər…
- Sizdə iyirmi beş yaşlı kişilər elə hambaldırlar ki var, bizdə isə on beş yaşlı oğlan uşaqları döyüşdə bərkiyən kişilərdir. Prezidentimizin oğlu döyüşdə şəhid oldu - bu kişi oğlunun müsibətin bir dəfə də dilinə gətirmədi…
- Sizin qadınlar hamıya arvaddır; onlar zəncilərlə də yatağa girirlər…
- Siz zərbəyə zərbəylə cavab verməyi yadırğamısınız. Bizdə isə hətta təsadüfən ağızdan çıxan naqolay sözə görə də bəzən qan tökülür…
- Sizdə çağırışçılar orduya getməkdən qorxurlar. Bizdə isə bu kişinin əsl sifətidir; bizim bütün kişilər döyüşçülərdir, biz döyüş üçün doğulmuşuq, sizinkilərsə peyin eşələməyə doğulublar…
- Siz bizi bir küncə sığışdırıb qələbədən başqa bir çıxış yolu qoymadınız. Bəli, biz qələbə çalacağıq. Allahü Əkbər! - Onunla söz güləşdirmək olmazdı, axı bir də nə deyəsən - həqiqət budur!
İki aydan sonra o, döyüşdə şəhid oldu. Yeni komandir Olqaya gözünün ucuyla da baxmadı, kəlmə də kəsmədilər… O günü, o gecəni də Olqa ömürlük unutmayacaq. Bir həftədən sonra gözünü açıb özünü «yardımçı çadırda» gördü, burada daha beş bədbəxt rus qadını var idi.
 
Bu «yardımçı çadır» dəstəylə birlikdə meşə və çöllərdə, dağ və dərələrdə qurulurdu. Səfər müddətində şər qarışandan xeyli keçmiş gecələmə yeri seçildimi, çadırın ağzında növbə düzülərdi. Özü də nə vaxt kefləri istədi. Hətta yaralılar da bu iş üçün «minnətçi düşər», bəzən lap tələb edərdilər ki, onların «ləzzət payını» tez versinlər. - Millətə bax! - sarışın Verka heyrətdən qışqırardı. Bu dağlı kişilərin həyat eşqi heç vəhşi heyvanlarda yoxdur. Bəs bizim kişilər?! Bircə vodka hortuldatmağı bacarırlar. Mən bu dağlılara ərə gedən rus qızlarını indi başa düşürəm. Bizimkilər şübhə və sızıltı içindədirlər, bax bunlar heç nəyi veclərinə almazlar. Dağlı kişi, lazım gəlsə, qonşu uşağını öldürüb ağzından loxmasını çıxarar, bizimkilər hələ də tərəddüd edərlər: görəsən əxlaqa zidd deyil ki. Nə etməli? Kimdir müqəssir? Elə buna görə onlar doğub-törəyir, bizlər ölürük.
Qəribədir çoxları onun bu sözlərini eşitmişdi. Nədənsə ona toxunmamışdılar. Gözlərinin ucuyla da baxmırdılar. Bəlkə, düşünürdülər ki, bu, olsa-olsa ağlını azmış qadındı…
- Bu xalq yalnız gücə tapınır. Yadınızda olar, kazaklar onların başına nə oyun açdılar. Heç Stalin də bu xalqın nazıyla oynamadı. Onları 24 saat ərzində yerindən-yurdundan didərgin saldı, biz də qırx il bundan xəbərsiz qaldıq. Ancaq, görün, elə bil heç nə olmayıb - Stalinə necə hörmət bəsləyirlər.
- Bizimkilər elə hey kimisə gözləyirlər, guya bu kimsə gəlib haqqı, ədaləti bərqərar edəcək. Bunu hər kəs eləməlidir. Hər kəs öz iş yerində. Əsgər də, general da. Bizi bizdən başqa heç kəs xilas eləməyəcək. Eh, kaş kişi doğulaydım, silahı götürüb deyərdim: düşmənini səndən özgə kimsə gəlib gəbərtməyəcək. Sənin yox, onun torpağa sərilməsi üçün öldür onu, qoy itlər onun cəsədini param-parça etsin; sənin yox, qoy onun anası ağlar qalsın; sənin yox, qoy onun arvadı dul qalsın; heç olmazsa, birini öldür! Sən öldürməyində ol, kimin haqlı, kimin haqsız olduğunu sonra ayırd edərik. Sənin vəzifən - öldürməkdir, damarın boşalsa, o səni gəbərdəcək! Yandım, ay Allah! - Verka ah çəkdi. - Bizdə kişi yoxdu! Bir ucuz süzənək də yoxdu ki, tutulasan… - Olqa susdu. Nə deyəsən? Bir ay keçdi, onların hamısı qadın xəstəliklərindən əzab çəkirdilər - soyuq, nəmişlik, şəraitin tez-tez dəyişməsi həlledici rol oynayırdı. Üstəlik «istehlakçı kontingentin» natəmizliyi. Qadınlar bunun dərdindən komandirə həkim üçün ağız açdılar. O, çoxdan söz vermişdi.
Nəhayət, bu gün sübh tezdən onları götürüb qonşu kəndə aparırdılar, guya orada ginekoloq var…
Üç saat idi yol gedirdilər. Qurd dərəsində onları Umalatın başçılıq etdiyi qonşu dəstədən olan digər konvoya təhvil verməliydilər. Maraqlı məsələdi: onları niyə əldən-ələ ötürürdülər?
Əyriqıç konvoy sual qarşısında gözlərini yayındırıb mızıldadı ki, məqsəd konspirasiyadır.
Onlar fındıqlı yarğanda əvəzedicini düz yarım saat gözlədilər. Daş kimi fındıqları dişlərinə çəkib xırçıldatdılar. Neyniyəsən - müharibə gedir… Birdən palçıqlı yolda kamufulyaj geyimdə cavan oğlan göründü, təkcə papağı qar kimi dümağ idi. Yaxınlaşdıqca Olqanı həyəcan bürüyürdü. Oğlanı təpədən dırnağa süzdü - ayazımış üzünə, əllərinə baxdı, yox, onu heç harda heç zaman görməyib, rastlaşmayıb, odur ki, narahatçılığa dəyməz. Ancaq hiss edirdi ki, bu oğlanla onu nəsə bir şey bağlayır, həyəcan azalmaq əvəzinə birə-beş artırdı… Birdən nəzərləri oğlanın gündə qaralmış açıq sifətinə sancıldı. Onun sinəsindən doğranmış yubiley manatının yarısı sallanmışdı.
Olqa daha heç nə xatırlamadı.

- 2 -

Bu rus qızlarından biri qəşş eləyib bayılanda Beslan duruxub qaldı. Bəlkə ona verilən tapşırıqdan bir şey anlamışdı? Ancaq qız özünə gələndə Beslanın nəzərləri onun boynundakı yarı bölünmüş yubiley manatına sataşdı - indi hər şey aydın oldu.
Ürəyini elə bir qüssə sıxmalayıb boğdu ki, nəfəsi daraldı. Ürəyi bu müharibədə çoxdan bərkiyib daşa dönmüşdü - ancaq, görünür, o xarabalıqda bir tel işıq qalmışdı.
Doğrudanmı bu onun axtardığı qız idi?
Ah, bir görəydin bu iki ayda necə bir sonsuz tənhalıq Beslanın əzib suyun çıxarmışdı. Altmışıncı gün Abukarsız yaşamışdı. Yeganə adamdı ki, Beslan onun ölümünü unuda bilmirdi. Onun ölüm səhnəsi yaddaşında birgə keçirdiyi günlərin səhnələriylə birgə həkk edilmişdi.
Keçmiş günlər yeri gəldi-gəlmədi, şaxtalı qış günündə də, yayın qızmar istisində də Beslana rahatlıq vermirdi. Belə olduqda ürəyi intiqam hissiylə çırpınır, tüstüsü təpəsindən çıxırdı. Qəribədir, nə öldürülmüş bacısı, nə atası, nə də düşmən gülləsinə tuş gələn dayısı üçün. Burda onu dəli bar ağlamaq tutdu, ürəyi yaralı quş kimi çırpındı. Beslan əziz dostu Abukar üçün dilsiz göz yaşları tökdü.
Bilirdi ki, Abukar koloniyaya dəfələrlə zorlanmadan qoruduğu nişanlısı üstündə düşmüşdü, bir nəfəri şikəst eləmişdi, bu adam böyük bir kişinin oğluymuş; bilirdi ki, qızın adı Olqadı, bir neçə dəfə fotosunu görmüşdü; bilirdi ki, pedaqoji institutu bitirib, uzaq kəndlərin birində müəllim işləyir; Abukarın yolunu gözlədiyindən, özünü yalnız onun üçün qorumağından da xəbəri vardı, qızın məktubunu oxumuşdu, ən əsası isə ayrılıq məqamında yubiley manatını yarı bölüb sinələrindən asmalarını bilirdi:
Abukar iki ay idi ki, şəhid olmuşdu!
Beslan ondan bir neçə dəfə soruşmuşdu: bu rus qızı nəyinə gərək? Axı bu əxlaqsız milləti Allah özü lənətləyib? O isə cavab vermək əvəzinə gülümsəyirdi, Beslanı hirs boğardı: o isə özünə rus qızını sevmək ixtiyarı verməmişdi. Beslanın qınağı dostyana idi, ərkdən irəli gəlirdi. O, əziz dostunun bu «maraqlı məşğuliyyətinə» zamana möhtacı olan zəiflik kimi baxırdı…
Su da axıb çuxurun tapır.
Olqa özünə gələndə Beslan irəli yeriyib qızın boynundakı əldəqayırma medalyonu qopartmaq istədi.
- Sən andı pozmusan. O sənə necə də inanırdı. Olqa kənara çəkilib manatı ovcunun içində möhkəmcə sıxdı.
- Nə olub belə? Başına nə gəldi onun?
- Onun adını çəkmə!
Bir az heç nə danışmadan yol getdilər. Qarağaclıqda quşlar ucadan və qorxu-hürkü bilmədən oxuyurdular, tikanlar paltarlarına ilişirdi, səma göyümtül-maviyə çalırdı, Günəşin iti şüaları budaqların arasından keçib sınırdı, elə bil sürrealistlərin çəkdiyi mənzərələrə baxırsan.
- Sən niyə ölmədin? Sən niyə Abukarın qismətinə yiyə duran adamı boğazlamadın? Bizim qadınlar belə edərdi. Sənsə, elə russan ki, rus…
Olqa kirimişcə gedirdi. Ağlayırdı.
- O sənə… necə bir məktub yazmışdı! - bunu deyib Beslan döş cibindən əzik-üzük və çirkli konvertləri çıxartdı. - Öləndə səni tapmağı tapşırmışdı, nəyin bahasına olursa-olsun… - Daha demədi ki, Abukar ondan qədim bir adəti də yerinə yetirməyi tapşırmışdı. - Beslan Olqanı özünə arvad etməliydi. - Sən niyə şərəflə ölmədin? - Olqa susurdu. Hər tərəfdən qızlar ona göz-qaş edirdilər: danış, danış! Nəsə de də… Qaramat olma! O isə susurdu - nə deyəydi?
- Bilsən sənə necə nifrət edirəm, sizin millətinizi görməyə gözüm yoxdur! Axı sizi bura nə gətirdi? Nəyinizə lazımdı? Əl çəkin də bizdən! Doğrudur, biz kasıbıq, ac qılınca çapar, lazım olsa, at əti yeyərik, ancaq siz bizim işlərimizə qarışmayın!
Yol burulub uçuruma aparırdı. Ayaqlarının altından bir qarış o yana yarğan açılırdı. Qızlar bir yerə yığışıb ayaq saxladılar. Üçünü qabağa buraxdıqdan sonra Beslan avtomatla nişan almadan güllələri qarınlarına boşaltdı. Dərənin dibindən fəryad səsləri eşidildi. Əks-səda qarşı dağlara gedib çatdı. İkisi özünü itirib yarğandan uçdu, Olqaya elə gəldi ki, Verkanı dərənin dibinə ya güllə quylatdı, ya da… üçüncü qız huşunu itirib uzanmışdı. Beslan irəli yeriyib avtomatı qaldırdı, qızın əzablarına son qoydu.
Hər şeyin dərmanı bax budur! - bu amiranə səs havadan asılmışdı. Bilinmədi ki, bu sözləri Olqa, yoxsa Beslan demişdi. Bəlkə də, heç kəs, belə məqamda sözlər özbaşına da doğub-törəyə bilər.
Olqa sinəsindən ayparanı qopardıb Beslanın ayaqları altına atdı. «Vəhşilər!» - bir neçə saniyədən sonra qız durduğu yerdən elə bil qeybə çəkilmişdi. Yarğandan daha bir fəryad səsi gəldi. Beslan ləngər vururdu, özünü yıxılmaqdan güclə saxlayırdı. Ancaq axı onu qorumağa söz vermişdi - Abukarın qəbri üstündə kimsə göz yaşları axıtmalıydı…
 
- 3 -

Qayanın dibində - tikanlı kolların arasında Verka yaralı şəkildə uzanmışdı. Yarğandan uçanda ağacların üstünə düşmüşdü, güc-bəla ilə, əlinə keçəndən yapışmışdı. Əlini ayağında açılan qanlı yaranın üstünə basıb zarıyırdı:
- Əclaf uşaqları! Oğul doğacağam, onlar sizə göstərərlər!
Sevincdən ağlayırdı. Sevinirdi ki, sağ qalıb. Keçmiş haqqında düşünmək istəmirdi, - əsas odur ki, sağdır, burdan çıxıb getmək barədə fikirləşirdi. Gözlərini qaldırıb yuxarı baxdı, dümağ papağı gördükdən sonra dişlərin qıcırtdı, dilindən lənət yağdırdı. Axı bu təhqir edilib əzilmiş, qana bələnmiş rus qadınının əlindən başqa nə gələrdi? Kişi yoxdu, kişi qeybə çəkilib…
Allah, ona kömək et!


Avanqrad.net

 

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.