Kənan Hacı: "Bir qadının ümidini öldürməkdən qorxuram"
11.03.14
Bu həftə “Güzgüdəkilər” layihəsinin qonağı yazar Kənan Hacıdır. Görək bu yazarımız güzgüyə hayandan baxıb? Güzgüdəki onu necə görüb, o, güzgüdəkini necə? Qeyd edək ki, Kənan Hacı özü ilə doğum günü ərəfəsində danışıb və bir çox şeyləri ilk dəfə səmimi etiraf edib.
Ölməmək üçün “tolküçka”da araba sürən yazar İndi hərə taleyin əlindən bir ümid çəkib qoparır
- Bu yaşında özünü necə hiss edirsən?
- Yatsam yuxuma da girməzdi ki, bu qədər uzun ömür yaşayaram. Mən heç vaxt qocalığımı təsəvvür edə bilməmişəm, elə indi də... Gənclərlə ünsiyyət zamanı onların münasibəti mənə bir qədər qəribə gəlir. Müəyyən distansiya saxlayırlar, bu da hər dəfə mənə yaşımı xatırladır. Amma inan ki, içimdəki uşaq səmimiyyəti indi də qalır. İçimdəki sevgi bir az da artıb. Həmişə insanları sevmişəm və bu sevgi məni həmişə xoşbəxt edib. Evsiz-eşiksiz, ac-susuz, küçədə gecələdiyim vaxtlarda da mən içimdəki sevgiyə sığınmışam və o sevgini qorumuşam. Əks halda indi biz belə oturub söhbət edə bilməzdik. Bu mənada özümü yaxşı hiss edirəm.
- Həyatından razısan?
- Həyatla amansız döyüşdən sağ çıxdım. Həyatım taleyin qəsdindən yarımcan çıxdı, şeirlərimdəki üsyan da taleyin mənə qarşı amansızlığından doğur. Fatalist deyiləm, amma tale deyilən bir şeyə həmişə inanmışam və müəyyən mənada taleyimi redaktə edə bilmişəm. İndi hərə taleyin əlindən bir ümid çəkib qoparır. Mən də taleyimlə çox savaşmışam. İnadımla onun yönünü dəyişmişəm, tale məni çox pis yerlərə aparıb çıxara bilərdi. Kimsəsiz, arxasız, pulsuz-parasız bir oğlan idim. Sığınmağa bir komam belə yox idi. Acından ölməmək üçün “tolküçka”da araba sürmüşəm, günlərlə vağzalda gecələmişəm, ilk dəfədir ki, bunu etiraf edirəm. Heç utanmıram da... Amma inanırdım ki, nə vaxtsa mütləq özümü təsdiq edəcəm. Həyat qəsdimə durmuşdu, mən məğlub olmadım.
Kəndir tapırdım, başım əlimə keçmirdi
- Yenə nədənsə narazısan?
- Həyatla qovğam bitməyib axı. Yəqin elə ölənəcən də belə olacaq.
- Bəs indi nə istəyirsən həyatdan?
- Həyat axıb gedir, özü ilə nələrisə aparır, nələrisə gətirir. Hisslər, duyğular təzələnir. İstəklər də bir-birini əvəz edir. Elə vaxt olur ki, duyğular adamın əl-ayağına dolaşır. Ürəyimdə ölən arzular da az olmayıb. Bu ölən arzuların acığını özümdən çıxmışam, özümə divan tutmuşam, bəzən doğmalarıma qarşı həddən artıq amansız olmağım da bundan irəli gəlir. İyirmi yaşımda istəyirdim ki, evim, pulum, maşınım olsun, otuz yaşıma çatanda evimi də, maşınımı da satdım, artıq əlimdə heç nə qalmadı, bircə qələmim vardı, o da çörək ağacı idi. Həyata yenidən başlamaq lazım gəlirdi. Özümdə güc tapa bilmirdim, dəniz kənarında bir uçuq daxmada qalırdım, hər gün gecədən xeyli keçmiş o uçuq daxmaya sərxoş vəziyyətdə gəlirdim. Özümü asmaq istəyirdim, kəndir tapırdım, başım əlimə keçmirdi. Amma içimdə o dediyim mübarizə gedirdi. O vaxtlar həyatdan vur-tut bir qadın istəyirdim ki, bütün ağrılarıma məlhəm olsun. Çox qadınlar oldu, o ağrının yerini tapa bilmədilər. Görünür, o ağrının yerini həyatda yalnız bir qadın tapa bilir. İndi mən o qadına ancaq şeirlər yazıram, ancaq onu xoşbəxt edə bilmirəm. Sevgi hissdən əmələ keçə bilməyəndə faciə başlanır. ...əvvəl sevgi doğulur, sonra uşaq, bəlkə o uşağı sən doğacaqsan, zaman bətnində yubanır bəlkə?!..
Həyatdan son istəyim budur. Bu istəyimə də yetsəm, bütün yazdıqlarımın üstündən xətt çəkərəm. İnan mənə...
Söz ömrümü un kimi ələdi
- Axı yazdıqların da sənin balalarındı, onlardan necə imtina etmək olar?
- Yazdığın ən yaxşı şeir belə canından qopan bir körpənin qığıltısına dəyməz!
- Ədəbiyyat səni niyə bezdirir?
- Çünki ədəbiyyat xilas etmir. Ədəbiyyat sadəcə, həyat adlı labirintdən baş çıxarmağa bir az kömək edir. Bir vaxt düşünürdüm ki, ədəbiyyat mənim xilasımdı, amma zaman keçdi, gördüm ki, söz ömrümü un kimi ələdi. O vaxtdan sözdən qaçıram, amma yenə gəlib durduğum yerə çıxıram. Ömür bu dairənin içində keçir. Ədəbiyyat həyatdakı uğursuzluqlarımızın müəyyən mənada əvəzini ödəyir. Buna görə biz yazanda xoşbəxt oluruq. Yazı bitəndən sonra qatı bir kədər yenə boğazımıza çökür. Baxmayaraq ki, yazmaq yaşamaqdan çox asandı, amma yenə yaşamaq istəyirsən. Mən yavaş-yavaş bununla barışıram. Ola bilsin ki, nə vaxtsa yazmağa bir dəfəlik son qoydum. Bu, hər vaxt ola bilər.
Saatımı tənhalığa qururam
- Sən həmişə qeyri-sabit həyat tərzi keçirmisən. Niyə axı?...
- Sabitlik xarakterimə yaddır. Mənim həyatım rejimsizliyin ən bariz nümunəsidir. Son vaxtlar bir az ağıllanmağa cəhd edirəm, amma alınmır. Mən istədiyim vaxt istənilən addımı ata bilərəm. Elə vaxt olub ki, iş vaxtı qəfildən çıxıb getmişəm, heç kəslə sağollaşmadan. Görmüşəm ki, boğuluram, havam çatmır, getmək lazımdır. Ən doğma adamımdan da qəfil üz döndərə bilərəm, heç bir səbəb olmadan. Çox tez yorulan adamam, eyni mühitdə çox qala bilmirəm, adamlar mənə darıxdırıcı gəlir. Tez öz tənhalığıma qaçıram, saatımı tənhalığa qururam. Bir də ki, ömür azaldıqca tənhalıq qatılaşır. Tənhalıq bəzən adamı fiziki ağrı kimi incidir. Görünür, bu mənim xarakterimdə nöqsanlı cəhətdi, bunu mən heç cür izah edə bilmirəm. Bəzən adamlar inciyir, küsür. Amma mən o adamlara vəziyyəti izah edə bilmirəm. Daxilimdəkiləri anlada bilmirəm. Bilirsən, insan öz bədbəxtliyi ilə məzələnəndə ona dəli kimi baxırlar.
- Deyirlər ədəbiyyatda iddiasız adamsan. Axı yazıçı həm də iddialı olmalıdır.
- Mən heç vaxt yazdıqlarıma görə kimdənsə nəsə ummamışam. Sakitcə oturub yazılarımı yazmışam. Kimin buna necə qiymət verəcəyi, qəbul edib-etməyəcəyi məni zərrə qədər maraqlandırmır. Daxilimdən nə gəlibsə, onu yazmışam, nəyi bacarmışamsa, onu yazmışam. Qalanı mənlik deyil. Şairə yön verən onun daxili stixiyasıdır. Heç bir tənqidçi şairi tərbiyələndirə bilməz.
- Yazmaq istədiklərini yaza bilmisən?
- Yox. Bu, bəzən mənə dəhşətli dərəcədə əzab verir. Amma düşünürəm ki, nə vaxtsa bütün qayğılardan azad olub bir kənara çəkiləcəm və indi üzərində işlədiyim romanı yazıb bitirəcəm. Ondan sonra yazmasam da olar.
Vaxta da soyuq çöküb, o da adamı üşüdür
- İndiyə qədər yazdıqların içərisində ürəyincə olan əsərlər varmı?
- Bəzi şeirlərimi və 5-6 hekayəmi çox bəyənirəm. Məncə, “Yağ kimi” də pis alınmayıb. O əsər 10-15 il bundan əvvəlki yiyəsiz ədəbi mühiti tam mənada əks etdirir. Məzəli üslubda yazılsa da, əslində o əsərdə bir insanın faciəsi var. O əsərdən çox arxayınam. “Rəqqasə” povestim də pis alınmayıb. Onu da bu yaxınlarda çap etdirəcəyəm. “Yaddaş kartı” xatirələrdən ibarət bir kitabdır, tam mənada məni razı salmadı, çünki o əsərə lazımi diqqəti ayıra bilmədim. Güzəran, qayğılar imkan vermədi. Dolanışıq üçün məcburən yazdığım cari yazılar vaxtımı və enerjimi aldı. Tərcümə və redaktə işləri də mənim bu əsəri ürəyim istədiyi kimi yazmağıma mane oldu. Düşünəndə ki, ədəbiyyat heç bir qazanc gətirmir, əlim iş-gücdən soyuyur.
- Vaxt səni sıxır deyəsən.
- Elə bil vaxta da soyuq çöküb, o da adamı üşüdür.
Bir qadının ümidini öldürməkdən qorxuram
- Məğlubiyyətdən qorxursan?
- Dünyada taleyə, arzulara, ümidə, bir də bir gözəl qadına uduzmaq daha gözəldi.
- Ölümdən qorxursan?
- Ölüm həyatı ağırlaşdırmır, yüngülləşdirir. Bu halda niyə qorxmalıyam ki? Hər gün ölüb-dirilirəm, ölüm də belə zarafatı xoşlamır. Görək axırı nə olur... - Bəs nədən qorxursan?
- Bir qadının ümidini öldürməkdən...
- Bundan sonra özünə nə arzulayırsan?
- Çox yorulmuşam, dincəlmək istəyirəm. Qəribədir, hə? Bu yaşda yorulmaq... Bayaqdan o mənfur həyatdan danışırıq, məni həyat yordu. “Hər şey yaxşıdır” deyənlərə çox inanma, bu sözün arxasında mütləq bir ağrı var.
- Yəqin ki, bu, bizim son söhbətimiz olmayacaq. /axar.az/
|