Qalib Şəfahət - Vur başıma ürəyimi
10.03.14
BU DƏRD GÖZÜMDƏN DÜŞÜB
Ölüsü düşüb dərdin, Başı yaman qarışıb. Hər gün ağı deməyə, Üzü –gözü alışıb.
Gözlərini çəkməyir, Gözü- gözümdən baxır. Ya o mən də əzizdi, Ya da mən onda fağır.
Bu dərd gözümdən düşüb, Gözüm daha dərd seçmir. Bu dərd o dərddən deyil- Ondan gözüm su içmir.
Apar qaytar bu dərdi, Mənə baha satmısan. Gözlərimdə böyüyüb, Ürəyimdə yatmısan.
SÜRGÜN EDƏCƏM
Get, gəlib gözünü dindirəcəyəm, Tapşır gözlərinə hələ yatmasın. Özü cavab versin, öz günahına- Ötən xatirəni heç oyatmasın.
Gəlib gözlərini məhkum edəcəm. Günahı çox olub, əzablarımda. Qəlbini özümə şahid tutmuşam- Ürəyim deyir ki, olub yanında.
Etibar etmişəm, çox əzab verib, Qalıb arzularım ixtiyarında. Cəzası böyükdü, sürgün edəcəm. Qəlbimin ən uzaq duyğularında.
VUR BAŞIMA ÜRƏYİMİ
Yarımadı bir işə ki! Vur başıma ürəyimi. Əlindən niyə düşə ki?.. Vur başıma ürəyimi.
Sevib, sevilə bilməyib, Danışıb, dinə bilməyib. Sənsiz ki, ölə bilməyib, Vur başıma ürəyimi.
İndən belə nə faydası, Dərdim toy tutub oynasın. Vur sınsın qəlbin aynası, Vur başıma ürəyimi.
Etibarsız sirdaş kimi, Başsız qalan bir baş kimi, Al əlinə, vur daş kimi- Vur başıma ürəyimi.
Nə çırpınsın, nə döyünsün, Qoy daş olub, daşa dönsün. Ürəyim başıma dəysin, Vur başıma ürəyimi.
Dərdimə bir dərd qatılıb, Eşqim başıma atılıb. Qəlbim eşqimə satılb, Vur başıma ürəyimi.
Qapısı qəlbiin açıqdı.. Bəlkə baş alıb qaçıbdı? Dərdimdən ki, diri çıxdı! Vur başıma ürəyimi.
|