Rahid Ulusel - Azadlığın Azadı
05.03.14
Fəlsəfə elmləri doktoru
Azadla gəncliyimizin binəsindən, hətta illərlə bir-birimizdən iraq olsaq da, bir yerdəyik, qan və fikir dostuyuq... Kasıb oğlanlardıq... “Əsrə bərabər günlərdə” böldüyümüz çörək tikələrimiz bizi birləşdirmişdi. Biz Azərbaycanın biri-birindən uzaq bölgələrində yaşasaq da, hətta analarımızı dost eləmişdik. Çünki nəinki bizim, hətta analarımızın taleyi də oxşar doğulmuşdu. Ancaq biz doğulduğumuz kimi qalmadıq. Özündən doğulan Azərbaycanın ağrısında iştirak etdik. Dişimizlə-dırnağımızla özümüzə yollar aradıq. Azad ədəbiyyatda bərkiməyə çalışdı, mən fəlsəfədə. Mənim Harvard Universitetində məruzə oxuduğumu, Fəlsəfə Cəmiyyətlərinin Beynəlxalq Federasiyasına nəinki Azərbaycandan, bütün Qafqazdan ilk olaraq üzv seçildiyimi biləndə, Azad necə qürurlanırsa, mən də onun əsərlərinin ingiliscə nəşrinin başlanmasına eləcə fərəhlənirəm... Biz tək oğlanlar idik... İndi babayıq. Nəvələrimiz var. Biz ilk kitabımızın çapını illərlə gözləyirdik. İndi çoxlu kitablarımız var... Mənim qəlbimdə bir Azad səltənəti var, 40 illik etibarlı dostluğun istehkam-qalası. Necə ki, “Hop-hopnamə”sini əzbər bilsəm də, Sabir haqqında hələ heç nə yazmamışam, Azada bunca yaxından bələd olsam da, dostumun yaradıcılığı haqqında nəsə yazmağa hələ cəsarət etmirəm. Hər dəfə bu işə köklənsəm də, yenə nəyinsə yetişmədiyini hiss edib, dayanıram...
Azadlığın Azadı seçkin nəsrinin ən müxtəlif janrlarında azadlığı ilə məhkumluğu arasında, həyatla ilğım arasında, özü ilə qondarması arasında, varlığı ilə yoxluğu arasında çırpınanlardan yazır. Zahirən elə görünür ki, Azad vulqar həddə varır. Əlbəttə, Azad olduqca riskə gedir. Sıldırımın lap qırağı ilə irəliləyir. Ancaq ədəbiyyatın qanunlarınca, amansız həqiqətlər də elə bu uçurumların lap qaşındadır. Hətta yazıçı bu titrək nöqtədə, uçunduğu məqamda belə, zəlzələ törətməsə, “həqiqət daşları” sərt qayalardan qopub düşməz... Sümükləşmiş beyinlər düşünən başlara çevrilməz... Azad, məhz beləcə, Azərbaycanı endiyi yerdən qaldırmaq istəyir. Azad Qaradərəlinin qələmindən göyərən nəsr – bu “Alp çəmənlik” bizim mənəviyyatımızın Pompeyini müşahidə nöqtəsində tikilib...
Azad yeganə yazıçıdır ki, biz onun əsərlərini ailəlikcə oxuyuruq. Hər dəfə yalnız bir hekayəsini. Dada-dada. Hamısını birdən oxumuruq ki, yazıçı ilə birgə düşünməkdən, obrazların, gözlənilməz təhkiyənin orbitində hərəkət etməkdən, əsil ədəbiyyatın semantikasını bizimlə bir zamanda yaşayan, bizimlə bu həyatı birgə addımlasa da, ona tamamilə başqa səmtlərdən baxan və bizi heyrətləndirən sənətkar-dostumun yazdıqlarında duymaqdan birdəfəlik doymayaq. Bu mənada Azad həqiqətən tükənməzdir. Onun əsərləri, əslində, bitəndən sonra başlayır...
Azad ömrü boyu ora-bura qaçıb, vurnuxub. Bu vurnuxma, təlaş onun yazılarının daxili stixiyasında da var. İndi mən altmışına çatmış dostuma deyərdim: Bəsdi, Azad. Dayan. Gərəkən bir zamanca sus. Sanki görünməz ol. Bütün yazdıqlarını bir qara daş kimi qoy ayaqlarının altına. Sən qalxdığın ucalıqda Azərbaycanın, Dünyanın hələ heç kimin görmədiyi həqiqətlərini hələ heç kimin yazmadığı dərinlikdə yaza biləcəksən. İnan dostuna.
8 fevral 2014
Avanqard.net
|