Rasim Qaraca: “Füzulinin qaragüruhuna təzədən qayıdırıq” - MÜSAHİBƏ

26.02.14

Rasim Qaraca ilə müsahibə

 

- Əvvəla, yeni kitabınızı təbrik edirik. Bu kitabın ideyası necə yarandı? Romanın qurğusu və yazılma prosesi haqqında bir az danışa bilərsizmi?

 

- Keçən ilin aprel ayında Dekameron stilində bir roman yazmağı qərara aldım. Əsərin ideyası ingilis yazarı Fay Ueldonun “SPA stilində Dekameron” romanını oxuyandan sonra yarandı. Eşq hekayələri yazmaq üçün bu gözəl bir qurğudur, bu qurğudan istifadə etməyi qərara aldım. Hər biri 5-6 səhifədən ibarət olan 10 hekayə yazmalıydım və yay ayları ərzində tamamlamalıydım. Ancaq iş uzandı, dekabrın sonlarında kitabı tamamlaya bildim. Artıq yazı propsesini yeni ilə keçirmək istəmirdim.  

 

- Həmişə Qarabağ mövzusunda həssas olmusuz. Kitabınızın fabulası olaraq Qarabağ savaşını seçmisiniz? Dekameron – Qarabağ, bu nədir, yeni nəsr fışqırması, ironiya, yoxsa postmodern?

 

- Savaş və eşq – həyatın iki uc nöqtəsidir, mən bu kontrastı yaxalamağa çalışmışam. Demək olmaz ki, bunların biri o biri üçün vasitədir, həyatın özü kimi onlar ikisi bir yerdədir, biri o birinin gözəlliyini, digəriysə digərinin eybəcərliyini gözlər önünə sərir. İnsan sevgisini ən möhtəşəm göründüyü yer savaş ola bilər və savaşın nə qədər murdar olduğunu sevgiylə göstərmək mümkündür. Romandakı qəhrəmanlardan biri cəbhədən sağ qurtararsa haqqında danışdığı fahişəylə evlənəcəyinə and içir və onunla münasibətlərini ən ülvi sevgi adlandırır. Həyatın zorlamış olduğu qadın onun üçün kirlənmiş qadın deyil. Və ya başqa bir hekayədə cavan əsgər bir öpücüyü həyatının sərmayəsi adlandırır. Bəli, burada bizim mental dəyərlərimizə bir ironiya var və postmodern texnikadan da yer-yer istifadə etmişəm... Dekameron sözü isə italyancada “on gün” deməkdir...

 

- Sizin Qarabağ mövzusunda şeirləriniz də var.

 

- Hə. Qarabağ faciəsi, müharibəsi, o illər, o dönəm bizim bütün taleyimizi param-parça edib. İstər müharibədə iştirak edənlər olsun, arxa cəbhədə çalışanlar olsun, istər bumüharibədə heç iştirak etməyənlər olsun... Bu müharibə Azərbaycan xalqının taleyindən top mərmisi kimi keçib. Məncə gənc yazarlar, yaxın Qarabağ savaşının şahidlərinə - onlar ölüb getmədən – diqqət ayırmalıdırlar, həyatımızın bu qara səhifəsinin bütün rənglərini ortaya çıxartmalıdırlar. Mən də öz payıma düşəni etməyə çalışmışam.

 

- Bu əsərdə yazıçı tamam başqa rakursdan izləyir hadisələri. Qarabağ məsələsinə ənənəvi olmayan tərəfdən yanaşılıb. Ümumi dillə desək, məsələ insan kontekstində təqdim edilib. İnsanların intim həyatı və müharibə - bu barədə nə deyə bilərsiz?

 

- Mən müharibənin iyrəncliyi fonunda həyatın bütün elementlərinin gözəl olduğunu göstərməyə çalışmışam. Bəlkə başqa ölkələrdə başqa yazarlar da bunu ediblər, amma mən bizim, sıradan bildiyimiz öz həyatımızın mənzərəsini, əks cinsdən olan iki insanın sadəcə bir toxunuşunun, ani bir öpüşün nə qədər qiymətli olduğunu və bəzən cavan ömürlərin bu ani toxunmalara sığınıb qanlı səngərlərdə həyata tutunmasını bir daha yada salmaq istəmişəm. Mənim bu dəyərsizdən dəyərsiz romanımın 3 qəhrəmanı var: indiki zamanda, savaşda, düşmən mühasirəsində qalan və bir gün sonra həyata vida edəcək əsgərlər, keçmişdə, sovet illərində sevişən gənclər və gələcəkdə, əsəri oxuyub tamamlamış, bu mənasız müharibədə həlak olmuş, hər iki tərəfədən birlikdə olmaqla, 40 min cavan oğlanın heç olmasa tən yarısının heç bir qadını sevgi adına heç olmasa bir dəfə də olsun öpmədiyini başa düşən oxucu. Yazılmamış on birinci hekayə oxucunun ən az yarım saat öz-özüylə qaldığı və yaxın Qarabağ savaşını andığı həmin o hekayədir.

 

 

- Orda bir mesaj da var: ölüm ayağında olan insanın nəyisə etiraf etmək ehtiyacı...

 

- İnsan psixologiyasında hələ öyrəniləcək çox şey var. Bizə elə gəlir ki, insanlar həyatlarını böyük ideyalar üzərində qurur. Amma bir çox insanın həyatının əsasını çox sadə, bizə banal görünəcək ideyacıqlar təşkil edir. Misal üçün, bir qız bir oğlana söz verir və ömür boyu ona sadiq qalır. Bir söz vermisən də, alınmadı, onun üzərindən keç, başqasına var. Amma yox, adam o sözün üstündə həyatını qurub. Azərbaycan mentalitetində belə şeylərin önəmli yeri var. İnsanlar ilk gənclik illərində özlərinə qurduqları proqramdan kənara çıxa bilmirlər. Bəzən insan bir hadisəni həyatının cövhəri kimi saxlayır və bu cövhəri kiməsə ötürüb getməyə çalışır.

 

- Bu yaxınlarda sizin kitabla bağlı kollajınız yayılanda mətbuatda belə bir fikir səsləndi ki, Rasim Qaraca da yaşlandıqca uşaq nadincliyi edir. Ümumiyyətlə, bu şarj nə idi?

 

- Biz hər hansı bir kitabın piarında ənənəvi üsullardan istifadə edirik. Nəyə görə yaradıcılıqda, həyatda yumor olduğu halda, piar işində olmasın? Yumor müəyyən mənada mənim kitabımın reklamına xidmət edirsə mən ondan istifadə edirəm. Birinci məqam budur. İkinci məqama gəldikdə, sözün əsl mənasında orda adı çəkilən yazarları köhnəlmiş hesab edirəm. Bizim nəslin ortabab yazarı belə onlardan üstündür. Ən azından həyat materialının zənginliyinə görə. Bizim sözümüz daha azaddır. Daha açıqdır, daha birbaşadır. Onlar Ezop diliylə nələrsə yazıblarsa, qrafomaniya ilə məşğul olublarsa, təbliğat maşını onları şişirdibsə bu o demək deyil ki, biz onları göründükləri kimi qəbul etməliyik.

 

- Sizin haqqınızda belə bir rəy var: “Rasim Qaraca çağdaş ədəbiyyatın lideridir”. Sizcə bu hansı işlərə görədir?

 

- Mən liderliyi qəbul etmirəm. Biz öz yolumuzla gedirik. Bunu təvazökarlıq üçün də demirəm. Mən o niyyəti qarşıma məqsəd qoymamışam, jurnal buraxmışıq, yeni ədəbiyyatdan danışmışıq. Zaman keçdikcə bu formanı alıbsa, alıb. Amma mən belə fikirləri sevmirəm, bu insanı gücsüzləşdirə bilər.

 

- Hətta deyirlər ki, əgər öz sahənizdə peşəkarsınızsa Rasimdən özünüzü qoruyun, o, sizi asanlıqla ədəbiyyata cəlb edə bilər.

 

- Ola bilər. Mən həqiqətən, içində işıq gördüyüm adamları yazmağa cəlb eləmişəm.

 

- Bir az da “Baca” qrupundan danışaq. Hardasa on il əvvəl mətbuatda belə bir fikir səsləndi ki, Azərbaycanda modernizm əslində Mayakovskini uğursuz təqlid edən, Sovet dövründə hətta Pasternakın əleyhinə gedən insanlardan deyil, “Baca” qrupundan başlayıb. Çünki bu manifestlə gələn ilk ədəbi cərəyan idi.

 

- Biz Şirvan şəhərində İsmayıl Bayramoğlu, Azad Yaşarla birlikdə belə bir gənclik xətası etmişik. O zaman ideoloji basqılar azalmışdı. Bu fürsətdən istifadə etdik. Öz aramızda danışıb belə bir qrup yaratmaq qərarına gəldik, hətta “Yaşıl söz” adlı qəzetin bir nömrəsini də buraxdıq, manifesti yaydıq.

 

- Manifest “Xəzər” jurnalında çıxmışdı.

 

- Hə. Vaqif Bayatlı çətinliklə çap elədi.

 

- İki imza çıxdı “Baca”dan: siz və Azad Yaşar.

 

- İsmayıl Bayramoğlu da ədəbiyyatdan uzaqlaşmayıb. Düzdü, o, Moskvada yaşayır, Azərbaycana nadir hallarda gəlir. Rusca bir romanı çap olunub. Gec-tez partlayış şəklində ortaya çıxacaq.

 

- Sonra da Azad Yazarlar Ocağı yarandı. 2001-ci il idi?

 

- 2001-ci ilin mayında ilk konfransımız oldu. Dörd nəfər idik. Xeyli adam dəvət elədik. AYO-ya çox adamlar gəlib getdi, dörd nəfər qalana qədər ələndi, ancaq təzədən boy atıb böyüməyi bacardıq.

 

- 23 illik müstəqillik illərində sizcə niyə AYO-dan başqa ciddi, alternativ düşüncəni ətrafında birləşdirən ədəbi təşkilat yaranmadı?

 

- Buna cavab vermək mənə çox çətindi. Şəxsən mən öz payıma deyim ki, təmənnasızlıq başlıca prinsipim olub. Ədəbiyyatdan, başqaları kimi, hansısa məqsədlərə çatmaq üçün istifadə etməmişəm. İmkan olanda belə imtina etmişəm. Çünki ədəbiyyat özü elə hər şey deməkdi. Böyük mənada yaradıcılıq həyatın özündən maraqlıdır.

 

- Deyəsən artıq AYO-nu təşkilat olaraq qeydiyyatdan keçirtməyin peşini buraxmısız?

 

- Hə. Nə bilim, üç dəfə müraciət etmişik, qəbul eləməyiblər.

 

- AYO həm də əqidə birliyidir. Tək istedad hər şeyi həll eləmir. Bəzən deyirlər ki, Yazıçılar Birliyində də istedadlı adamlar var, əlbəttə var. Bunu necə danmaq olar? Amma istedad yeganə şərt deyil axı.

 

- Bu bizdə qəribə görünür. Dünyada bu ənənə var. Yazıçının müstəqilliyi, bağımsızlığı və onun protest qüvvə olması bir normadı. Təkcə siyasi mənada deyil, mentalitetlə, dinlə qarşılıqlı münasibətdə və digər məsələlərdə belədi. Yazıçı müxalifətdə olmalıdı, barışanda qələmi kütləşir.

 

- “Alatoran” jurnalı öz missiyasını yerinə yetirə bildimi?

 

- Mənə elə gəlir, müəyyən nəticələr oldu. Məqsədim non-komformist bir dərgi buraxmaqdı, fərqli düşüncələri bir araya gətirmək, onları təşviq etmək, qəlibləri sındıran əsərləri çap etmək, həyatın rəngli olduğunu göstərmək.

 

- “Ölüm haqqında günəş” ilk kitabınız olub. Nə qədər yubanmışdı?

 

- Hər bir yazıçının həyatında ilk kitab önəmlidir. “Ölüm haqqında günəş” 42 yaşımda çap olunmuşdu. Ora 30 yaşıma qədər yazdığım şeirləri daxil etməmişəm. Məncə o şeirlər dəyər kəsb etmirdi. Romantik sevgi şeirləri filan. Onlardan imtina eləmişəm.

 

- Bu yaxında yeni şeirlərinizi oxudum. Düşünürük ki, formanı saxlamısız. Bəs ilk şeirləriniz nə zaman çap olunub?

 

- 1989-cu ildə Məmməd İsmayılın baş redaktor olduğu “Gənclik” jurnalında çap olunub ilk şeirlərim. Bir il sonra da “Ulduz” jurnalında çap ediblər. Bu jurnallar çox böyük tirajla çıxırdı deyə, səni hamı tanıyırdı. “Gənclik”dəki o 3 şeirə görə birdən-birə məşhur oldum.

 

- Son on ilin ədəbi mühitini necə xarakterizə edərdiniz? Şeir və nəsr...

 

- 2000-ci illərin əvvəllərindən başlayan entuziazm indi görünmür. Yeni imzalar mənə boz təsiri bağışlayır bir az. Sanki hər kəs bir-birini təkrar edir və yaradıcılıq mübahisələri 10 il əvvəl olduğu kimi deyil. Sanki şikar vurulub və kimə nə qədər çatacağı bölüşdürülür. Hər kəs tezbazar konvertləşmək, ad almaq, ədəbiyyatda yerini tutmaq istəyir. Görünür ölkəyə pulun gəlməsi və Facebook  yaradıcılıq coşğusuna mənfi təsir göstərdi. Əksinə, oxucular arasında fəallıq artmağa başlayıb. Artıq Azərbaycan yazıçısı oyanmaqda olan oxucuların tələbinə cavab verə bilmir.

 

- 2000-ci illərdə sizin, Murad Köhnəqalanın, Həmid Herisçinin, Nərmin Kamalın, Sevinc Elsevərin şeirlərinin mövzusu çox geniş idi. Sonrakı nəslin şeirləri yenidən sizdən əvvəlki mövzulara qayıtdı; sevgi, nakam məhəbbət, ölüm, kəfən, Allah-filan...

 

- Bu Ramiz Rövşən, Salam, Aqşin məktəbidi.

 

- Özü də nakam sevgi yaşayan cavan qız və qadınlar bu pessimist şeirləri daha çox populyarlaşdırdı.

 

- Bizim oxucu yazıçıları yetişdirir. O da tərbiyə olunmayıb, yazıçı da tərbiyə olunmayıb. Bizim o qaranlıq Şərq ənənəsinə Qərb, Avropa sənəti ona görə qalib gəlib. Şərqin Füzulidən gəlmə qaragüruhuna təzədən qayıdırıq. Füzulinin bütün külliyyatını araşdırırsan da o dövrün mənzərəsini görə bilməzsən. Poeziyamızda Mikayıl Müşfiq, Səməd Vurğun, Əli Kərim praqmatik xətti sıradan çıxdı. Ramiz Rövşən sayəsində geriyə bir sıçrayış etdik. Ramiz Rövşəni mən şair hesab eləmirəm. Ədəbiyyat tariximizin kiçik bir fraqmentidir, o qədər. Onun şair ömrü öz ömrü qədər olacaq. /kulis.az/

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.