Zakir Fəxri - Çiynimdə tabut gəzirəm
26.02.14
AXİRƏT Bir səhər yuxudan durarsan, qardaş... bilməzsən səhərdi, ya axşamçağı Axar suların da, yolu dəyişib Görərsən əriyib Himalay dağı Yolların da sağı, solu dəyişib, Suların altında qalıb qəbirlər Sular da, qəbrinin üstündən axır Ruhun da, göylərdən qəbrinə baxır. Baxarsan, elə hey gözün axtarar Amma görərsən ki, nə bir can qalıb Nə bəla, nə xəta, nə də qan qalıb... Sular da ovulub, əriyib hər şey Nə səs, nə bir səda Kiriyib hər şey... Daşlar ağac olub, ağaclar da daş Sən özün özündə batmısan, qardaş... Nə nar ağacları, nə əncir, üzüm Nə alma, nə püstə, nə badam qalıb. Dünyanı su basıb Dünya bir ada... Bu kiçik adada tək Adəm qalıb. Adanın köksündə sevgi çatları Nə Həvva görünür, nə övladları... TABUT Alışdım tək daşımağa Çiynimdə yük daşımağa Yer yox bir tük daşımağa Çiynimdə tabut gəzirəm. Dolaşıram dağı-daşı, Nə zər, nə yaqut gəzirəm Düyün-düyün yollarımı Aça-aça oxuyan bir kökdən düşmüş ud gəzirəm. Gəzirəm dörd bir tərəfi, Bilmirəm yolum haradı? Çəkir məni sirr tərəfi Ölümü gördüm, deyəsən... Görəsən olum haradı?.. Suyuna dodaq dəyməmiş Köksünə ayaq dəyməmiş Sinəsinə ox dəyməmiş Gözdən uzaq yurd gəzirəm Çiynimdə tabut gəzirəm. Dörd yana meydan sulayan Səsi ruhumu dalayan “Axirət” deyib ulayan yalqız qalmış qurd gəzirəm Çiynimdə tabut gəzirəm.
Balalar göyçək doğulur Gül doğulur balalar Torpaqdan altun doğulur Daşlardan yaqut doğulur Nədənsə, şair doğulan Çiynində tabut doğulur. Çox göynətdi ürək məni Dərdsiz ürəyə qurd düşər. Silkələmə fələk, məni Çiynimdəki tabut düşər.
/525/
|