Kiyan Xiyav - Şallaq sevgisi
25.02.14
Qoşuq - öykü (şeir- hekayə)
Qadınların sorağına gedirsənsə, şallağı unutma! (Nitşenin “salumə” ilə bağlı, böylə buyurdu zərdüşt kitabında dediyi söz)
“Mən” də – bizim baxışımızda daha – bir öykü olub, bir büyü, bir dil oyunu, və düşünməkdən və duymaqdan və istəməkdən əl çəkib.(Nitşe - bütlər batışı) Bu dizgə - poema, Nitşe və salumənin böyük ruhlarına sunulur.
Acılar yaşadım sənlə acılar sənsiz, salumə! əlində şallağı belə sevdim və susdum susuram dilsizdi sevgi sınırından uzaq sevdim sevməyim deyə sonra susaraq dilsiz ən böyük incinmələr içindəydim.
Hələ çoban şah qızına vurulmamışdı Mən sənə vurulmuşdum Səni anınca gecələr ulduz topalarına sığınırdım Cırcıralar səsi dənizindəydim Dadlı düşlər üzeyində arxası üstə uzansam da Göyərçin qanadlarımda dolaşdırırdım səni Gözlərimdə göy üzüylə sevişirdi som sular Qulaqlarımın dibində dağlıq oynaq mahnıların dili yasaq!
Yalanlar eşitdim səndən yalanlar sənsiz salumə Demədiyim sözlər vardı sənə eşitdinmi? Səsimdə tanrı səsini duymuşdun Oysa bir bayraq yenilmişdi səsimdə Bir dil yasaqlanmışdı Oxul şarqıları, səsli qoşuqlar Və sənə deyilməyən bir çox sözlərim. Kimsə varmı buralarda deyə sordun Varam dedim Və deməyə sözüm yoxdu ylnızlığımdan başqa. Məndə burjva çiçəyi nə gəzirdi salumə Bir roz gülü yatağını bəzəsin deyə Qanım tökülməliydi ki tökdün Razıyam.
Bunla belə eşitdinmi? Səsimdə dörd nala çapan atların sınan sırnaqlarının səsiydi Səsimdə səssizlik bürümüşdü bir dilin tarixini.
Səs tanrısı dedin mənə, salumə! Bilmədin ki bilməyirsən Mavi qaşlarda partlayan bir köpükmüş gerçəyində Dəmir aşıq havaları.
Səni sevdim və susdum Canımı ortaya qoydum sevgi və susmaq üçün. Və burma bığımla süpürüb atdım Silib süpürdüm burjvalığını. Sus gözünü sevim sən də sus- sus dedim, salumə! Onsuz da qoşuqçular və filosoflar dartışırlar kitabxanamızda Sus ağzını öpüm sus Buyur cam- cama, can- cana susaq röyalarımızı!
Lənət olsun səni məndən alan feodal sisteminə! Lənət olsun səni məndən edən federal yoldaşların istəyinə!
Hanı salumə, hanı Yalnızlığın ən qaranlıq çağlarında Qanadlar al- ver etmişdik Və ən uzaq uzaylarda Dimdiklər paylaşmışdıq? Hanı o səs tonlarımda qulluğuna gətirdiyim amadeos Hanı sırqa asladığın o saksifonun kök düyməsi səsim? Hanı o sevgi dastanlarında gözəlləmələrimiz Hanı o yeddi ölkənin göy üzünü sarıb durdu Ortaqlığımızın qoşa qanadı? Hanı orta doğunun orta göbəyində Bir şəhər var adı təbriz demişdik O qollarımızı qırmaz deyə güvənmişdik? Yoxsa unutdunmu O gövdəmizə saplanan su oxlarını acı çayda? Söylə unutdunmu Göy məçidin kərpicləri kimi sınan əllərimizi? Hələ söylə mən kiməm belə sorsam tanıyarsanmı? “Artıq o mən – bizim baxışımızda – Duyub düşünməklərindən Aşırı istəklərindən əl çəkən bir bitmiş öykü Bir büyü, bir dil və bir dil oyunu!” Mən güvəndim sevdim və unutdum bütün bunları Sənsizlik və səssizliyimdən başqa. Şallaqlığınısa heç unutmuram Unutmasın istəyirəm başqa sevənlərin də! Çox sözüm vardır demirəm hələ sənə eşidirsənmi? Dünyamsan dünyam, salumə! Sənə arxayın deyiləm dünyaya da Ancaq sənə inanıram sevgiyə inanmaq varkən.
Biz birlikdən ayrılığa vardıq, salumə! Sorunları araşdırdıq Seviləsi bir insan deyilmişik bir- birimizə Və səngiyən sevgi çalışmalarıymış fəlsəfələr Olmağından olmamağı yaxşıymış yaşamın da. Mən yuxu görürəm artıq bu yaşamı və səni sevib susuram Qoy yuxularım kimsəyə yozulmasın! Qoy qodosunu gözləsin bizdən yüz il sonra samuel beket Bir az yata bilsəydim deyə diləsin istiraqon Dünən də yatmışdın desin vladimir Istiraqon çalışsın Vladimir dözsün! Qoy zamanı saat- saat bölüm hələ yuxularda sənlə görüşmək varkən Qoy saat- saat bölünsün ürəyim zaman əliylə sənin oyaqlığında! Qoy mən gecələri alnından öpüm Gecələr yuxularımı Mən səni yuxuda öpüm Sən düşlərimi öp oyaqlığında Nə məni bağrına bas Nə də ayaqlarının altına at Yuxu yoxsa oyaqlıqda Mənə də bir çatacaq yer olar kəsin! Lap qoy ölüm gəlsin bunca yaşam gözəlkən Bir gövdə çıxmadan batsın bir günəş Bir tin doğulmadan sozalsın bir ay Göylər üstündə dikey yox Torpaq altında yatay! Qoy ölmədən sevgin bir ana olsun Yuvarlaq yer oynatsın döş ucunu gözlərimdə! Qoy sevgin bir uşaq olsun Duyarlı bir şüşə nəsnəylə oynasın köksümdə! Səni qoşuqsu fəlsəfəmi yazdığım bir kitab kimi cibimə qoyma istərəm Səni yazıb- yazıb- yazıb yazından doymaq. Səni körpə bir uşaq əmməyim gəlir, salumə! Səni yosma bir çiçək əlləməyim. Ax, salumə, salumə! Qoy sənə öyrətdiklərimin yerinə Bir tək insan gözəlliyini öyrənim Və səni Məni Ağır- ağır gəmirən bir şallaq sevgisində sevim Sevim Və yenə sevim!...
1392/ 10/25 (2014)
Avanqard.net
|