Azərbaycan ədəbiyyatının köhnəlməyən nəfəsi, yazıçı, şair Xanəmir Telmanoğlunun “Akademkitab” mağazasında “Derlər” kitabının təqdimat mərasimi keçirilib.
10-a qədər kitabın müəllifi olan şairin “Derlər” kitabında son illərdə yazdığı şeirlər yer alıb. Təqdimatda şairin ailəsi ilə yanaşı, yaxın dostları, yazarlar , şairlər və oxucular da iştirak edib. Təqdimatda iştirak edən ədəbiyyat və incəsənət adamları müəllifin özü və yaradıcılığı haqqında bir sıra fikirlər səsləndirib:
Yazıçı Etimad Başkeçid böylə buyurdu: “Xanəmir dostumuz mənim sevə-sevə oxuduğum şairlərimizdən biridir. Onun şeirlərində mistik bir ovqat duyulur. İnsan bu şeirləri oxuyarkən istər-istəməz yeni bir dünyaya daxil olduğunu hiss edir”.
Yazıçı, şair Azər Abdulla: “Bu şeirlər qırmızı zolaq kimi parlayır. Xanəmir bütün imzalar içində öz dəsti-xətti ilə seçilən çox istedadlı şairimizdir. Onun yaradıcılığı mənə yazı texnikası cəhətdən böyük təsir göstərib. Mən onunla özümdən “ki” ilə “və”-ni silə bilmişəm”.
Şair Əlisəmid Kür xəncəri xirtdəyə dirədi: “Xanəmir, həqiqətən, Xandır. Onun şeriləri ağır oxunsa da, insanda ilğımvarı qəribə bir ovqat yaradır. Bu şeirlər sevə-sevə oxunur”.
Gənc yazar Şahlar Ruhi ruhlandı: “Xanəmir Telmanoğlu mənim daim mütaliə etdiyim yazardır. O, Azərbaycan Ədəbiyyatında yeganə şairdir ki, ritual ədəbiyyat yazır. Onun şeirlərini və ya yazılarını bir cümləsini oxumaqla tanımaq olar”.