Çağdaş ədəbiyyatımızın Rasim Qaracası – 54
18.02.14
Bu gün çağdaş şairimiz Rasim Qaracanın doğum günüdür.
O, 18 fevral 1960-cı ildə Əli Bayramlı şəhərində anadan olub. 1985-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Bir müddət "Mayak" və "İşıq" qəzetlərində işləyib. 1990-cı ildə Əli Bayramlıda (indiki Şirvan şəhəri) Azad Yaşar və İsmayıl Bayramoğluyla birlikdə "BACA" ədəbiyyat dərnəyini yaradıb, dərnəyin qeyri-rəsmi mətbuat orqanı olan "Yaşıl söz" bülletenini çap etdirib.
1994-2000-ci illərdə Rusiyada yaşayıb. 2000-ci ildən Bakıdadır. 2002-ci ildə onun təşkilatçılığı ilə Azad Yazarlar Ocağı yaradılıb. 2001-2008-ci illərdə bu quruma rəhbərlik edib. 2002-ci ildən R.Qaracanın redaktoru olduğu "Alatoran" həftəlik ədəbiyyat sənət bülleteni "Ədalət" qəzetinin əlavəsi kimi işıq üzü görməyə başlayıb.
2004-cü ildən “Alatoran” müstəqil jurnal kimi yayınlanır. Azərbaycanda ilk dəfə müstəqil yazıçı təşkilatının, ilk dəfə müstəqil ədəbiyyat jurnalının və Azərbaycan dilində ilk ədəbiyyat saytının yaradıcılarından biridir. Ədəbiyyatda saxta sovet dövründən qalma ənənələrin yenilənməsi və demokratik modellərin Azərbaycana gətirilməsi sahəsində fəaliyyətləri var.
Hekayə, şeir və tənqidi məqalələr yazır, tərcümə ilə məşğul olur. Öz yaradıcılığında ənənəvi üslubdan imtina edib, ədəbi eksperimentləri ilə tanınır. 1937.az saytı adından Rasim Qaracanı təbrik edirik və yaradıcılığında uğurlar arzu edirik. /1937.az/
|