Kamal Abdullanın kitabına övgü dolu sözlər
14.02.14
Ünlü yazarlar onu Nobelə layiq bildilər
Bu yaxınlarda görkəmli yazıçı Kamal Abdullanın "Nar çiçəkləri" adlı şeirlər kitabı dərc olundu.
Kamal müəllimin bütün kitablarında olduğu kimi, "Nar çiçəkləri" də ədəbi mühitdə geniş maraq oyatdı və müzakirələrə yol açdı. Biz də dünya şöhrətli yazarımızın uzun illər sonra yenidən şeirə qayıtmasını tanınmış qələm adamları ilə müzakirəyə çıxarmaq qərarına gəldik. Səslənən fikirləri sizə təqdim edirik.
Vaqif Bayatlı Odər: "Kamal Abdulla Nobelə layiqdir"
"Kamal Abdullanın poeziyasında gözlənilməz sıçrayışlar, maraqlı kəşflər, poetik gəzişmələr var. O, poetik gəzişmələri ilə gedib nəsrə çıxdı. Kamalın nəsrinin özü də poetikdir. Ola bilsin ki, o yenidən poeziyaya qayıtsın. Bunu insanın içinin müxtəlif mənzərələri kimi düşünmək lazımdır.
Kamal Abdullanın əsərləri Nobel mükafatına təqdim olunmuşdu. Çox istərdim ki, o, bu mükafatı alsın. Çünki Kamal Abdulla buna layiqdir. O, həm də yaxşı ziyalı və çox gözəl dilçidir".
Salam Sarvan: "Bu şeirlər pafossuz şeirlərdir"
"Kamal Abdullanın "Nar çiçəkləri" kitabındakı şeirlərin demək olar ki, hamısını əvvəllər oxumuşam. Bu nümunələr yazıldığı dövrün poetik mənzərəsində də, indiki dövrün ümumi şeir axınında da orijinal görünür. Mən bu şeirləri sakit, hay-küysüz, pafossuz olduğuna görə çox xoşlayıram. Bu poetik nümunələrdə emosional yük öz yerində, həm də adamın əsəblərini sakitləşdirən qəribə intonasiya var".
Etimad Başkeçid: "Nar çiçəkləri"nin metafizikası var"
"Kamal Abdullanın şeirlərinin metafizik özəlliyi oxucunun hazırlıqlı olmasını tələb edir. Bu şeirlər müəllif üslubunun və ifadə tərzinin səciyyəsi etibarilə son dərəcə fərdidir, özünəməxsusdur.
Şifahi ənənədə və bu ənənəyə istinad edən mətnlərdə yekrəng mənalar ilkin mühakimədəcə qavranılırsa, burada intuitiv səviyyədə assosiativ idrakdan və ilğımvari poetik həqiqətlərin doğurduğu təəssüratlardan söhbət gedir. Məsələn, "Üzüaşağı yağmaz yağışlar" və yaxud "Nar çiçəkləri" (nar çiçəyinin qocalan ləçəkləri) şeirlərində olduğu kimi.
Mən bu şeirlərin hamısını oxumuşdum. Onları bir kitaba toplanmış halda yenidən oxuyuram. Müəllifi və oxucularını bu kitabın işıq üzü görməsi münasibətilə təbrik edirəm".
/Rövşən Danyeri, teleqraf.com/
|