Kənan Hacı - Özünü aldada-aldada yaşamaq...
11.02.14
Növbəti yazılarımdan birini yazarkən qəfildən hiss etdim ki, artıq bu, yazı yazmaq deyil, beyni zorlamaqdır. Dəhşətli zehni yorğunluq məni qırx yaş civarında haqladı. Amma yazmalıyam, çünki maddi cəhətdən bu andıra qalmış yazılardan asılıyam. İndinin özündə də hiss edirəm ki, cümlələr çox sönük, bəsit alınır. Neçə gündür qan təzyiqim düşmür, dərman da kara gəlmir. Həkim dönə-dönə tapşırdı ki, bir müddət yazı-pozudan uzaq ol, istirahət et, təbiətin qoynunda gəz, musiqi dinlə, səyahət et. Mütaliədən isə söhbət belə gedə bilməz.
Son illər həyatımın düzəni pozuldu, hər şey dərbədər oldu, yenə kirayələrdə sürünməli oldum. Kirayə haqqını verə bilmədiyimdən bir müddət kənddə dostların evində qalası oldum və bütün bu üzücü proses, səfil həyat mənim əsəblərimi sıradan çıxartdı. Üstəlik ağır xəstəliklə çarpışmaq... Üst-üstə yığılan borcları ödəmək üçün hər dəfə bankdan pul götürmək və sonra da maaşının çox hissəsini kredit borcu ödəyib yenə növbəti ayı gözləmək... Məşəqqətdir. Bir yazarı bitirmək üçün bundan daha ağır şərtlər təsəvvür edə bilmirəm. Nə qədər olar axı... Nə qədər dözmək olar?! Düşünəndə ki, ömür yarıdan keçib və sənin yaşamağa, başını soxmağa bir yuvan yoxdur, havalanırsan... Altı kitabı çıxmış, az qala, iyirmi ilini jurnalistikaya həsr etmiş bir yazarın yaşam halına baxın!.. Aygün Kazımovanın iti qədər qiymətimiz yoxdur...
Maddi bazası olmayan yazıçı heç vaxt yaxşı əsər yaza bilməz. Markes 40 yaşınacan müxtəlif ölkələrdə, çeşidli qəzetlərdə reportyorluq edib özünə maddi baza yaratdıqdan sonra oturub bir-birindən gözəl romanlarını yazmadımı? Azərbaycan reallığında ədəbiyyatla məşğul olmaq heç bir perspektiv vəd etmir. Nə qədər özümüzü aldada-aldada yaşaya bilərik? İnsanlar, hətta endirimli kitab yarmarkalarında belə yerli yazıçıların kitablarını almır. Bizim cəmiyyət yazıçıdan biryolluq üz döndərib. Son günlər bu qərara gəlmişəm ki, bütün kitablarımı və əlyazmalarımı yandırım. Mən məhz bu lənətə gəlmiş kitablara görə həyata uduzdum...
Tanış uşaqlara demişəm ki, hansısa bir obyektdə gözətçi yeri olsa, xəbər etsinlər. Gedib gözətçilik edərəm. Çünki artıq yaza bilmirəm, yazmaq məni iyrəndirir... Yazmaq məni həyatın dibinə sürükləyir, həyatı mənə haram edir. Öz dünyası olan yazı adamı həmişə dünya ilə təkbətəkdir. Dünya ilə təkbətək qalmaq üçün həm də mənəvi güc lazımdır. İnsanın mənəvi gücü də tükənəndə artıq yazmağa bir şey qalmır. /interpress.az/
|