Qurban Yaquboğlu - "Əqrəbləri itmiş saat kimiyəm..."
07.02.14
Vaxtın necə ötüb keçdiyini biz dost-tanışlarımızın yaşa dolmasından daha aydın hiss eləyirik. Əlisəmid Kürün 60-a çatdığını eşidəndə diksindim - doğrudanmı, zamanının lap yekə saatının ən böyük əqrəbi artıq bu rəqəmin üzərində dayanıb? İnanmaq çətindi.
İnsan həyatının iki mərhələsində tez-tez "saata baxır", illəri sayır - bir yeniyetməlikdə, bir də qocalana yaxın. Birində tələsir, o birində ləngimək istəyir. Lap ləngimək istəməsə belə, naməlum finişin həyəcanından qurtula bilmir.
Əlisəmidin üzünə baxanda, dedim, hə, heç demə, hər şey ötüb keçirmiş və ümidlər bu relsdə heç nəyə qadir deyilmiş.
"Mənalı yaşamaq" öhdəliyi və ya təsəllisi haqda şablon deyimi, zaman ötdükcə, mən qəbul eləməyə başlayıram. Özü də söhbət təkcə emosional yaşantılardan - böyük sevgidən, dünyadan və həyatdan alınan zövqdən, duyğusallıqdan, qəzəbin və hissin qoyduğu pozulmaz izlərdən getmir. Mənalı yaşamaq anlayışında bunlar da var, amma bunlar hamısı yetərli sayılmır.
Həyatın və dünyanın sonu haqda dinin, elmin, fəlsəfənin, təfəkkürün çarpışmalarını, bitib-tükənməyən məlum polemikanı kənara qoyub bir tutalqadan yapışacam. Axı, insanda əbədiyyət hissi var və bu, fitrətdən gəlir. Yəni insan təkcə ölümün özündən - onun əzablarından, gətirəcəyi xəstəlikdən qorxmur, həm də tamam yox olub heçliyə qovuşmaqla razılaşmır...
Nə isə. Söhbəti dolandırmayaq. Üçcə gün öncə Əlisəmid Kürlə kiçik məclisdə bir yerdə eyni emosiyanı bölüşdük və bu, deyəsən, uzun illərdən sonra (15 ilə yaxın!) onunla, bu əziz insanla bizim eyni süfrə arxasında əməlli-başlı oturub ilk çörək kəsməyimiziydi. Birdən diksindim. Axı, 20-25 il qabaq bu məclisdə oturanların bəlkə də, hamısıyla bu həndəvərdə beləcə bir küncə çəkilib elə beləcə də eyni mövzularda söhbət edirdik.
Mövzu dəyişməyib, ancaq emosiyalar dəyişib, üzlər, jestlər başqalaşıb.
Əlisəmid Kür bir misralıq şeirinin tarixçəsini həmin məclisdə danışdı.
Deyir, bir yasda qəfildən qarşıma şair Oqtay Rza çıxdı. Baxdım ki, gözləri yaşla dolub. Özümü saxlaya bilmədim ona qoşuldum.
Bir misralıq şeir belədi: "Sənin göz yaşına baxıb ağladım". Həyatın mənalı keçib-keçmədiyi haqda şablon yanaşmanın təkrarı olsa da deyim: Bu misranı yaza bilmiş şair haqda "O, bihudə yaşadı" fikrini işlətmək olarmı?
Əlisəmidin çox xoşladığım başqa bir şeiri də var. Həmin məclisdə dilindən eşitdik. Bütövlükdə bura köçürürəm:
Əqrəbləri itmiş saat kimiyəm, Vaxt ölür, çökür içimdə. Cin çapmış at kimiyəm, Qan-tər içindəyəm, anam, qan-tər içində. Zaman dolaşıq nər qovğasında, Şeytan-mələk davasında Ürəyim əlimdən gedir. Çırpınır qollarım qoynumda Günüm qan-tər içində, anam, gecəm qan-tər içində.
Bu əlim, bu da lal dilim, Sözü xəmir kimi yoğuran dilim, Cadar-cadar, dilim-dilim Söz əkib becərən dilim... Dilim qan-tər içində, anam, sözüm qan-tər içində...
Alnımın qırış yerindən taleyin çaparı keçir. Bu yurdun sevər yerindən Bir ölüm qatarı keçir. Elim qan-tər içində anam, obam qan-tər içində.
Toxtayıb səbrimdın asıldım, Buğlanıb ruhumdan asıldım, Can hanı? Qəbrimə qısıldım - Öldüm qan-tər içində, anam, söndüm qan-tər içində!
Hələ qarşı illərdə də görüşəcəyik, Kür! Çünki biz əbədiyyətə və həyatın mənası haqda hökmə inanan adamlarıq. /teleqraf.com/
|