Gənc yazıçının imza günü keçiriləcək
05.02.14
Gənc yazar-tərcüməçi Rüfət Əhmədzadənin ikinci nəsr toplusu olan “Adım anonim qalsın” kitabının təqdimat məqasimi və müəllifin imza günü keçiriləcək.
Təqdimat mərasimi fevralın 8-də, saat 14:00-da “Kitabevim.Az” (ünvan: "Nizami" metrostansiyası yaxınlığında, Zivərbəy Əhmədbəyov 2) mağazasında baş tutacaq. İki saat müddətində baş tutacaq tədbirdə oxucularla yanaşı yazıçının qələm dostları, ziyalılar və ictimaiyyət nümayəndələrinin iştirakı gözlənilir.
Mərhum jurnalist Şahin Ağabəylinin xatirəsinə ithaf olunmuş kitabın redaktorları Müşfiq Xan və Cəlil Cavanşir, dizayneri isə Teymur Fərzidir. İmza günü barədə danışan müəllifin özü bildirib ki, bəzi səbəblərə görə kitabın çapında problemlər yaranmışdı: “Dekabr ayından bəri, oxucular məndən kitab gözləyirdi. Məndən asılı olmayan məsələlərə görə, bu qədər gecikməli olduq. Amma düşünürəm ki, oxucular məndən o qədər narazı qalmayacaq.
Dostlarımızın təşəbbüsü ilə, Gəncədə və Lənkəranda da imza günləri planlaşdırılmışdı. Təbii ki, bu şəhərlərdə də təqdimat keçirmək planımız qüvvəsində qalır. Amma başqa işlərimin çoxluğu və səhhətimdəki problemlərə görə, Gəncə və Lənkəran təqdimatlarını mart ayına qədər təxira salmalı olduq”.
Kitabın məzmunu, həcmi və qiyməti barədə suallara yazıçı belə cavab verdi: “Bu kitabda son 2-3 il ərzində yazdığım hekayələr, mənsur şeirlər və esselər toplanıb. Ümumilikdə 202 səhifədən ibarət olan topluya məhz tələbə və gəncləri nəzərə alaraq cəmi 3 manat qiymət qoymuşuq. İlk kitabım “Sən busan” toplusunun satışından heç bir gəlir əldə etmədiyim kimi, bu kitabda da hədəfim satış yox, oxunulmaq olacaq”. /1937.az/
|