Nizami Cəfərov: “Etnoqrafik təyinatı olmayan ədəbiyyat böyük ədəbiyyat deyil” - MÜSAHİBƏ

03.02.14

Özünü təkrarlamağı, nə də kiminsə izini tutub getməyi sevmir. Etiraf edir ki, izah edə bilmədiyi hansısa qüvvə onu tarixə, kökə doğru çəkir. Koloritli yazı tərzi, elmə, ədəbiyyata özünəməxsus yanaşması ilə seçilən professor, Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərovla çoxdandı ona ünvanlamaq istədiyimiz suallar ətrafında söhbətləşdik. 

–- Nizami müəllim, bizim yazıçıların sükut dövrünü görmək olmur. Sanki hər kəs son nəfəsəcən yazır, bu kəmiyyət həvəsinin keyfiyyət marağına çevrilməməyinin əsas səbəbi nədir?

– Deyim ki, bu ciddi sosial-pisixoloji problemdir və insan təbiəti ilə bağlıdır. Əslində, yazıçı da, alim də o vaxt yazmalıdır ki, yazmağa ehtiyac var və bu ehtiyac təkcə yaradıcı insanın daxil ehtiyacı ilə yox, həm də ictimai tələb kimi meydana çıxmalıdır. Bizim yazıçılar az oxuduqlarına görə çox yazırlar. Ona görə də ədəbiyyatda da, elmdə də təkrarlar çox olur. Məsələn, elə mövzular olub ki, yazmaq istəmişəm, ancaq görmüşəm ki, artıq onu Rüstəm Kamal məndən yaxşı yazıb. Bəzi vaxt heç yaxşı da yazmayıb, ancaq yazıb, görmüşəm ki, bu mövzu artıq var. Belə olanda yazmıram. Düşünməliyik ki, Elçinin yazdığı həm də bizim yazımızdır, həmin mövzunu solğun şəkildə təkrarlamamalıyıq, başqa məsələlərdən yazmalıyıq. Hər gün yazmaq axırda ölü mətnlərin meydana gəlməsinə gətirib çıxarır. Bugünkü dünya çox da yazı tələb eləmir, gərək həm də danışasan, görünəsən. İnformasiya çox sürətlə yayılır, olub ki, 3-5 yazı ilə hanısa fikrimi eşitdirmək istəmişəm, xalqa çatmayıb, ancaq bir televiziya verilişində çıxış eləyib fikirlərimi demişəm, insanlar məni anlayıb. 

– Siz müxtəlif məqalələrinizdə etnik kökə qayıtmaq məsələsini vurğulayırsınız və qeyd edirsiniz ki, yeni dövrdə bizim Çingiz Aytmatov kimi yazıçılarımız yoxdur. Müasir dövrdə etnik kökə qayıtmaq hansı formada olmalıdır?

– Düşünürəm ki, istənilən yazı adamı müəyyən vərdişlər sisteminə aiddir, ona görə də kökdən gəlməyi və ya kökə qayıtmağı bacarmaq lazımdır. Milli ədəbiyyatımızsa inkişaf etdikcə öz kökündən qopub. Ancaq bu gün qırğız, qazax, türkmənlər öz köklərinə daha bağlıdırlar, baxmayaraq ki, bizim ədəbiyyatımız onlarla müqayisədə daha güclüdür. Biz “Dədə Qorqud”u kitabdan oxuyub mənimsəyirik, bugünkü həyatımızla onun az əlaqəsi var, nə geyimdə, nə güzəranda xas ənənələr qalıb. Bu, bizim həm modernistliyimizdir, həm də kökdən uzaqlaşmağımız. Son vaxtlar Zəlimxan Yaqubun yaradıcılığında kökə qayıdış və müxtəlif bədii formalardan istifadə edərək yeniliklər görürəm. Kökə qayıtmaq deyəndə söhbət ibtidaiyə, primitivliyə qayıtmaqdan getmir. Söhbət ən modernist səviyyədə də millətin ruhunu, mənəviyyatının intonasiyasını əks etdirməkdən gedir.

– “Azərbaycan intibahı: problemlər, mülahizələr” adlı elmi məqalənizdə qeyd edirsiniz ki, intibah romantik yox, realist dövrdə üzə çıxır, ona görə də XII-XIII-XIV əsrləri intibah adlandırmaq olmaz, çünki yazılan əsərlərin heç birini tam realist əsər hesab etmək olmaz. İstərdim ki, intibahın məhz realist dövrdə üzə çıxmasından danışaq.

– Romantizm intibahdan sonra yaranıb. Nizami Gəncəvi, Nəsimi, Füzuli gerçəkliyə nə qədər əsaslansalar da, onların əsərlərində ədəbiyyatın ilahi bir funksiyası var. İnsan da, idarəçilik də, dünya da ilahiləşdirilir, o dövrdə həyatı gerçək görmək bir növ vulqar hesab olunurdu. İntibahın birinci şərti isə insanı necə varsa elə göstərməkdir. Bu məqamda artıq ədəbiyyat göydən enir, insanı, onun yaşamını, güzəranını, reallığını təhlil edir, insanı mütləqləşdirmir. Əgər ədəbiyyat reallığı ifadə etmirsə intibahdan da söhbət gedə bilməz. Adam Metsin “Müsəlman intibahı” adlı əsəri var, bu əsərdə həm də XI-XII əsr intibahı haqda yazılsa da tədqiqatda “intibah” sözünün özü belə romantik mənada işlədilib. XII əsrdə ümummüsəlman mədəniyyəti var idi, o mədəniyyətsə təkcə Azərbaycana aid deyildi. XII əsr intibah adlandırmaq olmaz, o dövr sadəcə mədəniyyətin dirçəlişi dövrüdür. Fars-ərəb dilləri vasitəsiylə intibah ola bilməz, intibah xalqın anlayacağı dildə olmalıdır.

XIV əsrdə İtaliyada başlayan intibah bütün sahələrdə özünü göstərmişdi və Avropaya yayılmışdı. İnsan və həyat gerçəkliyi, həyat reallığı hər sahədə ifadəsini tapırdı. Azərbaycanda belə dövr məhz XVII-XVIII əsrə uyğun gəlir. 

– Mətbuatda sizin müxtəlif vaxtlarda açıq məktublarınız çap olunur. Bu janra demək olar ki, az yaradıcı şəxs müraciət edir. Sizin bu janra müraciətiniz hansı ehtiyacdan yaranır?

– Açıq məktub yazıya bir səmimiyyət gətirir, şəxsi səviyyədə üslub dialoqu verir. Yaradıcı şəxslərin ünsiyyətcilliyi üçün də əhəmiyyətlidir. Mənim yazdığım açıq məktublarda ünvanlanan kəsə həm tənqidi münasibət olur, həm də müsbət fikirlər.

– Müasir tənqiddə deyilir ki, əsas müəllif deyil, mətndir. Ancaq sizin Hüseyn Arif, İsmayıl Şıxlı, Nəriman Həsənzadə, Anar və s. haqqında yazdığınız məqalələrdə birinci olaraq onların şəxsiyyətinin müsbət tərəfləri əks etdirir, daha sonra yaratdığınız şəxsi portret əsasında onların yaratdıqları ədəbi-bədii nümunələr arasındakı məntiq tapılaraq şərh olunur. Məhz bu üslubu seçməyinizə səbəb nədir?

– Tamamilə doğru müşahidədir, görünür ki, diqqətlə oxumusan yazdıqlarımı. Deməli, Fərid, əgər mən yazanda haqqında bəhs etdiyim şəxsi tanıyıramsa, çalışıram ki, onun kimliyi, şəxsiyyəti kənarda qalmasın. Mənim üçün yaradıcı insanın şəxsiyyəti də yaradıcılıqdır, mətndir. Sən təsəvvür elə ki, bu gün mənimçün Anar, Elçin, Nəriman Həsənzadə təkcə yazdıqları ilə deyil, həm də yaza biləcəkləriylə maraqlıdır. Ona görə də müəlliflərə təkcə mətnlər yox, həm də şəxsiyyət səviyyəsində analiz edirəm, onların portretini yaradıram. Düşünürəm ki, bu yaxşı haldır, istər-istəməz hər bir yaradıcı insanın mətni, onun şəxsiyyətinin təzahürüdür. Etiraf edim ki, Tolstoyun, Dostoyevsknin heç də bütün əsərlərini oxumamışam, ancaq nə oxumuşamsa oxuduqlarım məndə onların şəxsiyyəti barədə fikir yaradıb. Eləcə də Nizaminin “Xəmsə”sini tam oxumamışam, ancaq oxuduqlarım mənim Nizami haqqında təsəvvürümü formalaşdırıb. Bu mənada yaradıcı insanların kimliyi mənim üçün önəmlidir.

– Müasir ədəbiyyatımızda yaradılan obrazlar bizə yox, dünya vətəndaşına oxşayır, yəni onlara tam mənada azərbaycanlı demək olmaz. İstərdim söhbətimiz bu məsələlərə sarı yön alsın.

– Bu tendensiya dünya ədəbiyyatında da gedir, indi qloballaşan dünya tələb edir ki, bəşəri insanının problemləri yazılsın. Millətlər, xalqlar arasından ümummilli hadisələrə reaksiya eynidir. Bugünkü dünya böyük bir kənd halına gəlib. Bu amil istər-istəməz ədəbiyyatda da təzahür edir. Ancaq onu da deyim ki, etnoqrafik təyinatı olmayan ədəbiyyat böyük ədəbiyyat deyil. 

– Nəyə görə ədəbiyyatın dövlət ideologiyasına xidmət etməsinin tərəfdarısınız?

– Ədəbiyyat istəsə də, istəməsə də ideologiyanın təsiri altındadır. Bax bir misal deyim, ədəbiyyat ideologiyadan çəkiləndə də təsir altından çəkilir və neytrallaşır, ideologiyaya qarşı amansız olanda da mübarizə aparmalı olur. Ədəbiyyat ideya verirsə, deməli, ideologiyadan qurtula bilməz. Yəni xilas yoxdur. Ona görə də xalqının düşüncəsinə əsaslanan ideologiyanı ifadə etmək lazımdır. 

– Sizcə, bizdə nəsr əsərlərinin tam mənada qəbul edilməməyinin səbəbi nədir?

– Xalqımızda şairlik bir stixiyadır. Bizim ədəbiyyatımızı orta əsrlərdə demək olar yalnız poeziya təmsil edib. Romanlar daha çox XX əsrdə yazılmağa başlayıb. Ancaq onu da deyim ki, ötən əsrin 30-40-50-ci illərində yazılan romanların əksəriyyəti roman təfəkkürünün məhsulu deyil. O dövrdə sadəcə olaraq süjet qurmaq və onu uzatmaq ənənəsi vardı. Romansa modeldir. Model qurmaqsa asan məsələ deyil. Həm də xalq olaraq biz poeziyanı daha yaxşı dərk edirik deyə, şairləri xalq daha tez qəbul edir. Bizdə təkcə yazıçıların yox, oxucuların da təfəkkürü poetik təfəkkürdür.

– Müsahibələrinizin birində deyirsiniz ki, “əsər həddindən artıq düşüncə əsasında yaranırsa, mütləq saxta olacaq”. Belə düşünməyinizə əsas verən amil nədir?

– Əgər əsər qurulubsa, doğulmayıbsa mütləq saxta olur. Yazıçı gərək süni istehsalçı olmaya. Süni əsərləri həyat diktə eləmədiyinə görə tez unudulur. Əgər yazıçı həyatı ifadə edə bilmirsə, həyatı quraşdırırsa oxucu həmin əsərdə insanı görmürsə inanmır, insanın da təbiətinə bir qızıl qayda hakimdir: insan inanmadığını sevə bilmir. 

– Niyə ədəbiyyatımızda yazıçı obrazı var, ancaq tənqidçi obrazı yoxdur?

– Vaxtı ilə Məmməd Cəfər, Məmməd Arif, Akif Hüseynov, Yaşar Qarayev və s. kimi tənqidçilərimiz öz obrazını yaratmışdılar. O tənqidçilər yaşadılar ki, onlar yalnız mətnlə işləyirdilər, onları mətnin forması, estetikası düşündürürdü. Eyni zamanda onlar ədəbiyyatın ideoloji əsasını da nəzərə alırdılar. Bizim nəslin ədəbi tənqidçiləri isə ideologiya ilə yox, poetik məsələlərin şərhi ilə məşğul oldu. Ancaq ideya və məzmun məsələsinə münasibət zəif idi. Ədəbi tənqidçinin mövqeyi o vaxt üzə çıxır ki, o yazıçı ilə eyni həddə olsun. Bu gün isə cəmiyyətdə tənqidçilərin nüfuzu yazıçılar qədər deyil. 

– Rusiyada, Türkiyədə çıxan kitablara nadir hallarda ön söz yazılır. Ancaq sizin 5 cildlik seçilmiş əsərlərinizin 1 cildi ancaq ön sözlərdən ibarətdir. Sizcə, bu qədər insanı təqdim etməyə ehtiyac vardımı və niyə görə bizim fikir adamları öz əsərlərini başqasının təqdimatında görməyə ehtiyac duyurlar?

– Əsərinə ön söz yazmaq üçün müraciət edən adam bilir ki, orda yazılacaq fikirlər müsbət olacaq. Əks təqdirdə kim öz kitabını verər ki, buyur kitabım haqda tənqidi fikirlərini yaz. Bu hal isə işin konyunktura tərəfidir. Ön söz yazmaq artıq formal bir şeydir, cəmiyyət ona reaksiya vermir. Əslində, bu gün yazıçı ilə oxucu arasında əlavə fikrə ehtiyac yoxdur. Müzakirə edilməyən heç bir hadisə bugünkü dünyada var sayılmır. Əgər sənin kitabın təbii şəkildə müzakirəyə cəlb olunmursa, əvvəldə 100 səhifəlik ön söz yazılması mənasızdır.

– Məqalələrinizin çoxunda əsas mövzudan əvvəl həmin mövzuda olan tarixi faktlar sadalanır, tarixə bir ekskurs edilir. Mətni bu cür şərh etməyinizin səbəbi nədir?

– Tarixə ekskurs etməyi sevirəm, bunun səbəbi odur ki, məndə özümdən asılı olmayan bir tarixilik duyğusu var. Mətnə özündən əvvəlki mətnin davamı kimi baxıram, axı heç nə birdən-birə yaranmır. Heç bir şey köksüz inkişaf etmir, mənə maraqlıdır ki, haqqında yazdığım məsələ dünən bizə nə verib, bu gün nə verir və sabah nə verəcək.

– Haqqında yazdığınız ədəbi simaların çoxunun Qazaxda doğulması təsadüfdürmü, yoxsa sadəcə bir regionda doğulmusunuz deyə təfəkkür yaxınlığınız var?

– İstər-istəməz doğulduğun regionun həyat tərzi, doğma insanların təfəkkürünün də rolu var. Mən o mətnlərə başqalarından bir addım daha yaxınam, sözün yaxşı mənasında dilini bilirəm, daha yaxşı dərk edirəm. Ancaq təkcə Qazaxda doğulanlardan yox, çoxlu yazıçılardan yazmışam, o cümlədən qədim türklərdən. Ancaq bu o demək deyil ki, qədim türklər Qazaxda meydana çıxıb (gülür). Təfəkkür yaxınlığınısa inkar eləmirəm. Bir misal çəkim: Cəlil Məmmədquluzadə barədə ən dərindən yazan İsa Həbibbəylidir, çünki hər ikisi Naxçıvanda anadan olub. Mirzə Cəlildə elə dil və yumor qatı var ki, onu bilmək üçün naxçıvanlı olmalısan İsa müəllim kimi. 

– Mirzə Cəlildən söz düşmüşkən, tənqidi realizmdən danışaq. Tənqidi realizmin anlamağın ən yaxşı yolu o janrda yazanların personajına çevrilməməkdir, ancaq bəzən bizim ədəbiyyatda tərsinə olur, Sabirin, Mirzə Cəlilin yüz ilə əvvəl tənqid elədiyi adamlar onlar haqqında araşdırmalar yazır. Bu incə məqama fikir vermisinizmi?

– Hansı ədəbiyyatla məşğul olursansa onun xüsusiyyətləri sənə də çökür. Elə bil tədqiq elədikcə obrazlar səni əhatələyir və təsir altına salır. Məsələn, ruhi xəstələrlə məşğul olan həkimdə get-gedə ruhu xəstələrin bir sıra xüsusiyyətləri əmələ gəlir. Halbuki həkim, onun müalicəsi ilə məşğul olur. Məsələnin dərininə getmək üçün dərək işin özünəməxsusluqlarını da daşımağı bacarasan (gülür)... /Fərid Hüseyn, kaspi.az/

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.