Ziqfrid Lenz: "Enerjimdən və beynimin gücündən asılı olaraq yazı yazmaq saatlarım dəyişir"
03.02.14

Yalnız itaət etməyi bacaranlar əmr verdirə bilər” - müasir alman ədəbiyyatının ən məşhur roman müəllifi Ziqfrid Lenz (Siegfried Lenz) bu fikri “Alman dili dərsi” əsərinin qayəsi edib. O, dövrünü qabaqlamış bir çox alman yazıçısı kimi, müharibənin gətirdiyi fəlakətləri roman və hekayələrinə ən təsirli və fərqli yolla ifadə etmiş bir yazıçıdır. Dalia Karpelin alman yazıçı Ziqfrid Lenzlə görüşü və söhbəti, “HAARETZ” qəzetində dərc olunub.


Hazırda ikinci həyat yoldaşı ilə Danimarkada yaşayan 85 yaşlı alman yazıçı Sayqfrayd Lenz. Yaşlılıq bir çox şeydən imtina edildiyi dövrdür deyirlər, lakin onun yazmaqdan da, sevməkdən imtina etmək fikri yoxdur.

Danimarkada və həyat dolu


Ziqfrid Lenzlə Yeni il ərəfəsi görüşdüm. Deyir ki, “Bir dəqiqəlik sükut” təpədən-dırnağa ədəbi bir hekayədir.
- Bu hekayə şəxsi bir əhvalat deyil və özündə heç bir bioqrafik detal əks etdirmir – deyə o xüsusilə vurğulayır – O, tamamilə təxəyyüldən süzülüb və beynimdə döyülüb, qəlibləşib. Mənim bütün qısa hekayələrim belə yaranıb. Hər bir hekayə üçün başlanğıc, ya bir düşüncə dilemması olur, ya da mövzu. Bir dəfə özümə təlqin etdim ki, məsələ mənim düşüncələrimin pozucu, dağıdıcı olmasındadır və yavaş-yavaş bu düşüncələri əks etdirə biləcək qəhrəmanlar axtarmağa başladım. “Bir dəqiqəlik sükut”-un mövzusu itkinin xatırlanmasıdır, bir insan itirdiyini necə yeniləyə və bərpa edə bilər. Bizim hamımızın içimizə qazılmış şeylər var, amma bəzən biz şüurlu şəkildə bir şeyləri itiririk.

Soruşuram ki, onun hansı hekayəsinin, novellasının qəhrəmanı ilk dəfə dəb halına gəlib. Cavab verir:
- Bu əlbəttə ki, kifayət qədər açıqdır - müəllimə, Stella Pitersen. Mən onu ona görə seçmişdim ki, onun həyat təcrübəsi və məğlub olmasına səbəb olan keçmişi var idi.
- Gəncliklə birgə xoşbəxt anlar yaşamağa başlayan kimi onu öldürdünüz. Niyə?
- Çox vaxt birmənalı şəkildə belə olur, olduqca xoşbəxt yaşadığınız bir anda özünüzü qəfil, gözlənilməz bir təhlükənin içində tapırsınız. Əslində xoşbəxt olmaq budur, incimək, yaralanmaq üzrə olduğunuzu hiss etmək, təhlükəni görə bilmək. Mənim o sətirlərdə göstərmək, çatdırmaq istədiyim bu idi.

“Mənim üçün yazmaq hadisələri, insanları və konfliktləri açmaq üçün ən yaxşı imkandır”
Yaşlı yazıçı kitablardan birini 2010-cu ildə evləndiyi 74 yaşlı həyat yoldaşı Ulla Raymerə ithaf edib. O, itkinin nə olduğunu yaxşı bilir və insana ən əziz bir insanın yanında qəfildən ölməsinin bədəlini də yaxşı bələddir. 1949-cu ildə Hamburqun yerli qəzetlərinin birində gənc redaktor olan Lenz həyatının eşqi Lisolet ilə evlənir. Qəzetin məsul redaktorunun katibəsi olan Lisolet Lenzdən səkkiz yaş böyük olub. 2006-cı ildə Lizoletin qəfil ölümü Lenzi həyatdan küsdürür. 
- Mən Hamburqdakı o mənzildə tamamilə tək qaldım, hər şey çox ağır idi. Mənəvi olaraq çökmüşdüm. Onunla birgə mən çox şeyi itirdim, xəyal gücümü, təxəyyülümü, yazmaq qabiliyyətimi. Tez-tez ruhi olaraq yoxsullaşır, şüurumu itirirdim. Artıq əmin idim ki, mən sona yaxınlaşıram və bu vəziyyət axıra kimi məni izləyəcək.
(Onun çürüdüyünü, çökdüyünü hamıdan tez sezən isə Lizoletin rəfiqəsi, psixoterapevt, iki uşaqlı boşanmış ana Raymer idi. O, Lenzin Hamburqdakı evinə yaxın yaşayırdı). 
- Ulla mənim əlimdən tutdu. O, inandırdı ki, mən bu cür əzablar içində yaşamamalıyam. O qorxurdu ki, mən günahkarlıq hissindən öləcəm və mənə birgə Faburqda, Danimarkada yaşamağı təklif etdi. Mən həmin evi yaxşı tanıyırdım, çünki Lizoletlə bütün yayımızı Faburqda keçirirdik. O məni qorudu, qurtardı, mən yenidən yazmaq qabiliyyətimi ona borcluyam, ona minnətdaram. O vaxtdan burda, fermerlərlə qonşu olduğumuz bu evdəyəm, onlar hər səhər pəncərədən məni salamlayıb keçirlər. Otağımda oturur, gözlərimi həyətə, pəncərənin o tərəfindəki dünyaya zilləyirəm, süjetlərin, hekayələrin gəlməsini, sakitcə süzülüb beynimə dolmasını gözləyirəm.

Lenzin otağı sarı kərpicli, evin ikinci mərtəbəsində yerləşir. Pəncərələri ağ rəngli çərçivələrlə hörülmüş otaq kitab rəfləri olan bağı xatırladır. Rəflərdə özünün dünyanın otuz dilinə tərcümə olunmuş əsərləri xüsusi bir cərgə ilə düzülüb. Lenz məni yüksək əhval ruhiyyə və səmimiyyətlə qarşıladı. Əlağacını stuluna söykəyib, oturdu. Çöldə hər şey ağappaq qarla örtülmüşdü, sakit-sakit çılpaq ağacların budaqlarına əyləşən dənələr insanı susmağa çağırırdı. Kolların üstünü bəzəyən Yeni İl işıqlarının rəngləri qarın bəyazlığına, sakitliyinə meydan oxuyurdu. Bu yenilənmə möhtəşəm idi. Lenz 1968-ci ildə nəşr olunmuş, “Alman dili dərsi” əsərini oxuyub-oxumadığımı soruşdu. Gəlməzdən əvvəl bir daha oxuduğumu dedim, güldü. Yenə xırda bir hekayə üzərində işləyir).

- Qələmlə və xətlənməmiş ağ vərəqə yazıram - əl yazısı xırdadır və sətirlər arasında çox az məsafə qoyur – Olduqca qarışıq yazmaq rejimim var, amma adətən səhər yeməyindən sonra yazmağa başlayıram. Enerjimdən və beynimin gücündən asılı olaraq yazma saatlarım dəyişir. Səhərlər işləməyi xoşlayıram, Ulla aşağıdan “qəlyanaltı” deyə çağırana kimi işləyirəm. Günorta otağıma qayıdıram və iş saatım davam edə bildiyi qədər davam edir. 
- Yazmaq hələ də əyləncəli işdir?
- Əlbəttə. Yazdıqlarımı dəfələrlə, dönə-dönə oxuyuram, düzəlişlər, dəqiqləşdirmələr aparıram, ta ki nəticədən razı qalana kimi, əmin oluram ki, artıq mətn öz ayaqları üstündə dura bilir. Əgər testi keçirəmsə, yüksək səslə özümü təbrik edirəm. Əgər alınmırsa, özümlə aramda problem çıxartmıram buna görə. Yenidən başlayıram, düz başdan. Öz-özümə deyirəm ki, nədən qorxursan, bunda qorxulası bir şey yoxdur. Ulla əlyazmalarımı yığır, bu vəziyyətdə onu saatlarla seyr edə bilərəm, bunu sevirəm.

“Dünya gücün və təxəyyülün üstündə qurulur” 
O, xanımını Ulshen deyə çağırır. Şəhər gəzintisindən sonra yazıçının səsində xırıltı hiss olunur. Xanımına ilıq və qayğı istəyən baxışla:
- Ulşen, deyəsən, yüngülcə soyuqladım.
- Aha – Ulla dillənir və yaxınlaşıb, onun paltosunu çıxarır. 
- Mən çox erkən yaşlarımda öyrəndim hər insanın özünü mühakimə və müdafiə etməli olduğunu. Mən öz həyatımı yazılarımla həm təmizə çəkməyə, həm də mühakimə etməyə çalışdım. Mənim kitablarım arzularımdan və düşüncələrimdən qopdu...
- Yazıçı olmaq qərarı şüurlu alınmış bir qərar idi?
- Tamamilə şüurlu. Mən başa düşdüm ki, araşdırmağa və sosial-siyasi fenomeni öyrənməyə məcburam. Yazmaq isə həyati problemləri və dilemmanı müşahidə etməyin ən yaxşı yoludur. Qərar aldım ki, necə yazıçı olmağı öyrənim - bu mütəmadilik, prinsipiallıq tələb edirdi, fantaziya qurmaq, olmayanı düşünə bilmək tələb edirdi, bu isə məndə var idi. Bu asan qərar deyildi, amma mən qorxmurdum da. Çünki mənim ilk hekayəm mükafata layiq görülmüşdü və oxuculardan çoxsaylı təbrik məktubu almışdım. Sonra bildim ki, bu təkcə yazıçı olmaq istəyi deyil, yazmaq mənim həyatımı tamamlayır. Mən həmişə arzulamışam ki, beynində nə yazmaq istədiyi konkret olan yazar olum. Amma yazanda naməlum bir adamla qarşılaşıram, onun gözlərinin içinə baxmağa məcbur edirəm. Orda dəqiqləşdirməliyəm ki, yazmaq istədiyim qəbul olunandır, ya rədd olunan. Eləcə də, oxucunu düşünməklə bağlı. Mən arzulayıram, lakin inanmıram ki, mən hiss etdiyim enerjini və ya ziddiyyətin dərinliyini oxucuya ötürə bilirəm. Kitabın oxucunu öyrətmək və aydınlatmaq imkanlarının genişliyini təsvir etmək imkansızdır. Yazmaq oxucunu hansısa məsləhətlə yönləndirməkdir: “Düşün, çalış bunun haqqında düşünəsən, bəlkə bu sənin həyatınla bağlıdır, bəlkə bu sənin dünyagörüşünü dəyişə bilər, bəlkə bu sənə aldığın qərara uyğun səni gözləyən nəticəni göstərir”. Yazıçının konkret məqsədinin, cəhdinin nə olduğunu demək çətindir. Amma əlbəttə ki, hamının yazarkən bir ümidi vardır. Məsələn, bugünlərdə yazdığım hər şeyi Ulşenə oxumağa səbirsizlənirəm, onun reaksiyasını görmək xoşuma gəlir.
- Yazarlığa yeni başlayanlara nə kimi məsləhətləriniz var?
- Oxuyun, davam edin, əsla mütaliəni dayandırmayın. Açığı, mən bütün günü oxumağı sevirəm. Məsələn, bu yaxınlarda Xaviyer Mariasın 1992-ci ildə nəşr olunmuş “Ürək ağdır” əsərini oxudum
- Qocalığın sizdə nə kimi təsirləri oldu?
- “Çünki kişi qocaldıqca böyüyür” adlı möhtəşəm bir hekayə yazılıb, 1898-ci ildə, onda niyə şikayət etməliyəm ki. Yaş özü ilə çoxlu yaxşı şeylər gətirir, keçmişə əsəbi, kinlə baxmaq mümkün olmur. Ən böyük problem ağ vərəqlərlə bağlıdır, beynim nəyi istehsal etmək qabiliyyətindədir, nə qədər istehsal edə bilir, amma nə olursa-olsun, dayandırmıram yazmağı. Həmişə gözləntilərinə uyğun bir şeyin çıxmasını səbrlə gözləyirsən. Yaxşı oxunacaq kitablar, silkələyəcək bir neçə cümlə. Ümumilikdə, mən məqsədyönlü deyiləm, yazmağı çıxmaq şərti ilə. Yazmaq mənim bütün həyatımdır. Mən fəlsəfə oxumuşam və bir şeyin mənasını bilirəm, dünya gücün və təxəyyülün üstündə qurulur. 
- Bəs, qorxmursunuz?
- Ölümdən? Yox. Mən həqiqətən də ölümsüzlüklə bağlı heç düşünmürəm də, bu mənimçün problem deyil. Mən emosional olaraq, olduqca sakitəm. “Bir dəqiqəlik sükut” təsadüfən yaranmamışdı. Ümumilikdə mən heç sevgiyə də inanmıram, amma bəzən bu olur… Gedək, deyəsən Ulla bizi gözləyir…

Lenzin romanlarını daha güclü hesab edənlər çoxdur. Amma onun dünyada ən çox satılan və maraqla qarşılanan əsərləri hekayə və novellalarıdır. Güclü yumor hissi və dərin fəlsəfi yanaşması ilə oxucunu ağılasığmaz yekunlarla üz-üzə qoyan yazar kitabları dünyanın müxtəlif dillərində dəfələrlə nəşr olunub. Lenzin Maykl Hofmanın tərcümə etdiyi “Qamburqerlər” hekayəsini oxuyan Umberto Eko yazırdı: “Bəşəriyyəti sevənlərin missiyası bəlkə də insanları həqiqətə güldürməkdir, onlar üçün həqiqəti gülməli etməkdir, çünki gerçək özümüzü həqiqətə olan dəli ehtirasımızdan xilas etməyi öyrənməklə başlayır”. Müəllifin ən sevilən romanlarından biri “Alman dili dərsi” romanıdır. Henzin əsərləri və yaradıcılığı Azərbaycan oxucusuna o qədər də tanış deyil. Adıçəkilən roman haqqında Ernst Pavel yazır: “Onun yazılarında həmişə ikili uğur var. Bütün yazılar ilk səhifədən oxumaq şövqü yaradır, dərin bir parıltı var orda. İkinci uğur isə odur ki, hansı dilə tərcümə olunursa-olunsun, tərcümə oxucuda orijinalından oxunurmuş kimi qüvvətli təsir qoyur. Bu isə yazıçının yazı dilini mükəmməl bilməsi və ondan peşəkar istifadə edə bilməsi ilə bağlıdır”. /kaspi.az/

Yenililklər
05.12.23
Dünya şöhrətli rumın şairəsi Ana Blandiana Bakıya gələcək
05.12.23
Kənan Hacının hekayəsi - Cin qapını bağlayır
05.12.23
Elçin Hüseynbəylinin hekayəsi - Dərs
05.12.23
Yevgeni Rezniçenko - Çağdaş rus poeziyası
30.11.23
Anar Məcidzadə - Canına dərd düşsün, ayrılıq salan
29.11.23
Həmin işıqlı günlər - Cavid Zeynallının yeni hekayəsi
29.11.23
Musiqili Teatr dekabr repertuarını təqdim edib
29.11.23
Pyes müsabiqəsi qaliblərinə mükafatlar təqdim olunub
29.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna yeni prezident təyin olunub
28.11.23
Xuana İnes de la Krus - Günah keçisi kimi görürsünüz qadını
28.11.23
Mahir N. Qarayevdən iki şeir
23.11.23
Fəxri Uğurlu - Uzaqda təkbaşına dolaşan qəhrəmanlar
22.11.23
Kanadada “Yeddi gözəl” musiqi qrupunun konserti keçirilib
22.11.23
Fərid Hüseyn XIV İstanbul Beynəlxalq Ədəbiyyat və Şeir Festivalında iştirak edir
22.11.23
Bakıda Mədəniyyət və Yaradıcı Sənayelər Forumu keçiriləcək
22.11.23
Vaqif Sultanlının “İnsan dənizi” və “Ölüm yuxusu” romanları İngiltərədə yayımlanıb
22.11.23
Elnarə Qaragözova - Ali diqqət və rəğbətin dəyişməz ünvanı: Yusif Səmədoğlu
22.11.23
"Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar" beynəlxalq elmi konfrans keçirilib
22.11.23
Fərid Hüseynlə kürdəmirli oxucuların görüşü olub
06.11.23
"Mədəni diplomatiya vasitəsilə əlaqələr quraraq müxtəlif sivilizasiyaları bir araya gətirdik"
04.11.23
Astanada “Yıldız Sarayı Foto Kolleksiyasında XIX Əsr Türk Dünyasının Mədəni İrsi” adlı sərgi təşkil olunub
04.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Türk Akademiyasının rəhbərliyi Qazaxıstanın Xarici İşlər naziri ilə görüşüb
01.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Bern şəhərində qədim türk yazılarına həsr olunmuş sərgi açıb
31.10.23
Türkiyə Respublikasının 100 illiyi İsveçrənin Bern şəhərində qeyd olunub
27.10.23
“Netflix” “The Crown” serialının son sezonunun ilk treylerini yayımlayıb
27.10.23
Özbəkistanda Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı Mərkəzi açılıb
27.10.23
Bədirxan Əhmədli - Akademik Kamal Talıbzadənin portret cizgiləri üzərinə
27.10.23
Türkiyədə XX əsr Cənubi Azərbaycanda ədəbi prosesin önündə gedən şəxsiyyətlərdən bəhs edən kitab çap olunub
27.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Haaqada yubiley tədbirləri keçirib
26.10.23
Varşavada “Polşa və Türk Dünyası” mövzusunda konfrans keçirilib
25.10.23
Elman Cıvıroğlu - İbranice ve Ortak Türk Dili
25.10.23
İstanbulda görkəmli xanəndə Məşədi Məhəmməd Fərzəliyev haqqında kitabın təqdimatı olub
25.10.23
“Ulduz” jurnalının 650-ci yubiley nömrəsi işıq üzü görüb
25.10.23
Yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı Qazaxıstanın “Dostluq” ordeni ilə təltif olunub
25.10.23
Osip Mandelştamın yaradıcılığına həsr olunmuş poeziya gecəsi keçirilib
25.10.23
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
20.10.23
Qars Kafkas Universitetində “Heydər Əliyev və Türkiyə” adlı multidisiplinar beynəlxalq elmi konfrans keçirilib
19.10.23
Elman Cıvıroğlu - Xudu Məmmədov və Ziya Gökalp
19.10.23
Akademik Kamal Talıbzadənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
16.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Qazax-Türk Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.